Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Qələbəni xalq, Lider və ordu birliyi qazandı

Qələbəni xalq, Lider və ordu birliyi qazandı

19.11.2021 [10:32]

YENİ AZƏRBAYCAN PARTİYASININ YOLU HEYDƏR ƏLİYEV YOLUDUR

Yeni Azərbaycan Partiyasının hər ildönümü xalqımız, dövlətimiz üçün tarixi hadisədir. Xoşbəxtik ki, 29 il öncə xalqımızın ən ağır günlərində Ümummilli Lider Heydər Əliyev dövlətin xilası üçün belə bir partiyanı yaratdı. Partiyanın hakimiyyətdə olduğu dövrdə keçdiyi inkişaf yolu, Azərbaycana beynəlxalq aləmdə sarsılmaz mövqe və nüfuz qazandırması, həmçinin xalqın rifahına yönəlmiş islahatlara imza atması ilə bağlı YAP-ın İdarə Heyətinin üzvü, deputat Musa Quliyev ilə həmsöhbət olduq.

MÜSTƏQİLLİK DÖVRÜNÜN ƏN BÖYÜK BÜDCƏSİ PARTİYANIN ZƏFƏR İLİNƏ TÖHFƏSİDİR

- Musa bəy, 1990-cı illərdə Azərbaycanda yeni partiyanın yaradılmasını zəruri edən əsas amillər nə idi?

- Həmin dövrdə partiyanın yaranması üçün tarixi zərurət var idi. Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyini elan etsə də, hələ biz dövlətimizi qura bilməmişdik. Hakimiyyətdə hərc-mərclik var idi. İlkin dövrlərdə Ayaz Mütəllibov Moskvanın diktəsi altında hərəkət edirdi və müstəqil dövlət siyasətini apara bilmirdi. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra dövlətçilik və siyasi təcrübəsi olmadığına görə romantik, fəlsəfi düşüncələrlə hakimiyyətin başında dayanmağa çalışırdı. Belə bir halda da dövlət qurmaq mümkün deyildi. Eyni zamanda, Dağlıq Qarabağda 1988-ci ildən başlayan erməni separatizmi, hadisələrin müharibə sferasına keçməsi və torpaqlarımızın işğal altına düşməsi bizim həm iqtisadi-sosial vəziyyətimizi, həm də dövlət quruculuğu proseslərimizi xeyli zəiflətmiş oldu.

Ziyalılar yeni partiya yaratmaq üçün Heydər Əliyevə müraciət edirdi

Belə bir halda Azərbaycan xalqı tanıdığı və gücünə bələd olduğu lider kimi Heydər Əliyevi görürdü. Çünki Heydər Əliyev Sovet dönəmində 14 il Azərbaycana rəhbərlik etmişdi, Sovet Azərbaycanını demək olar ki, yenidən qurmuşdu və ədalətli bir rəhbər olmuşdu. Ona görə də, xalq düşdüyü bəlalardan xilas olmaq üçün Heydər Əliyevə müraciət edirdi. Azərbaycan ziyalılarının da bir çoxu Heydər Əliyevi yeni qurulan partiyanın rəhbəri kimi görmək istəyirdi və o partiyanın xətti ilə Azərbaycanın yeni iqtidarını formalaşdırmaq barədə düşünürdülər. Heydər Əliyev həmin vaxt Naxçıvanın müstəqilliyini qoruyurdu. Bu dövr ərzində həm Naxçıvan Muxtar Respublikası, həm də Azərbaycanın özü böyük təhlükə qarşısında idi. Bu təhlükələri önləməkdən ötrü bizim bir qrup ziyalımız Heydər Əliyevlə görüşüb məsləhətlər alırdı. Hətta bu dövrdə məşhur “91-lər”in Heydər Əliyevə müraciəti olmuşdu. Bu hadisələrin fonunda nəhayət, Yeni Azərbaycan Partiyasının qurulması ilə bağlı bir təşəbbüs qrupu formalaşdı.

- Heydər Əliyev partiya qurub, ölkəni burulğandan xilas etməyə razı olsa da, ona qarşı çoxsaylı təzyiqlər var idi. Kimlər hakimiyyəti təhvil verməkdən qaçırdı?

- Həmin dövrdəki iqtidar 121-ci maddənin 2-ci bəndini tətbiq edərək bildirirdi ki, 65 yaşından yuxarı insanlar prezident seçilə bilməzlər. Ancaq 1992-ci ilin aprel-may aylarında yaş senzinin aradan götürülməsi ilə bağlı mitinqlər təşkil olundu. O zaman hakimiyyətdə olan Yaqub Məmmədov ikili bir oyun oynadı. Mitinq iştirakçılarına mitinqi dayandırmağı təklif etdi və Ali Sovetin sessiyasını çağırıb bu qərarın ləğv ediləcəyi ilə bağlı vəd verdi. Ancaq daxildə bu m?hdudiyyətin aradan qaldırılmaması ilə bağlı təkliflər irəli sürülürdü. O vaxt mitinqlərdə iştirak edən Əlincə cəmiyyətinin içərilərindən yeni partiyanın yaradılması ilə bağlı ideyalar ortaya çıxdı. Yeni yaradılan partiya Azərbaycanın xilasına və dövlətçiliyinə xidmət etməli idi. Nəhayət xalqın iradəsi və əzmi öz nəticəsini göstərdi. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Partiyanın birinci nizamnaməsi Heydər Əliyev tərəfindən yazılmışdı. Partiyanın əsas proqramı dövlətçilik, ölkənin ərazi bütövlüyü, milli həmrəylik, tərəqqi və inkişaf idi.

Xalq öz xilaskarını Heydər Əliyevin şəxsində görürdü

- Partiya yaranandan sonra ilk dəyişikliklər özünü hansı proseslərdə göstərdi?

- Partiya yaranandan qısa müddət sonra təşkilatlanma prosesi getdi. O zaman hakimiyyətdə olan Xalq Cəbhəsi və Müsavat cütlüyü hər cür maneələr törədirdi. Ancaq bu axının qarşısında dayanmaq mümkün deyildi. Xalq öz xilaskarını yalnız Heydər Əliyevin şəxsində görürdü. Bu dövrdə Azərbaycanda çox ciddi hakimiyyət böhranı baş verdi. Xalq cəbhəsi ilə Sürət Hüseynov arasında fikir ayrılıqları yarandı. Hətta Gəncədə vətəndaş m?haribəsinin başlamasına şərait yarandı. Hakimiyyətdə olan qüvvələr, Ali Sovetin o zamankı sədri, Prezident Əbülfəz Elçibəy özü şəxsən Heydər Əliyevə müraciət etdilər. Müraciətlərdən sonra Heydər Əliyev Milli Məclisdə çıxış edərək fikirlərini bildirdi. Hətta çaxnaşmaların yaşandığı Gəncəyə də getdi.

Bu proseslərdən sonra hakimiyyət böhranı aradan qaldırıldı, bir neçə dəfə baş verən dövlət çevrilişlərinin də qarşısı alındı. Nahayət, 1995-ci ildə Yeni Azərbaycan Partiyası böyük səs çoxluğu ilə qalib gələrək iqtidara keçdi. Yeni Azərbaycan Partiyası yarandığı dövrdən bu yana bütün seçkilərdə qalib gəlmiş partiyadır. Bu da xalqın partiyaya sonsuz inamının bir ifadəsidir. Yeni Azərbaycan Partiyasının bugünkü yolu Heydər Əliyev yoludur.

- Prezident İlham Əliyevin partiyaya sədrliyi dövründə hansı dəyişikliklər olub?

- 2001-ci ildə qurultayda prezident İlham Əliyevin sədrin birinci müavini seçilməsindən sonra gənclərin partiyaya axını baş verdi, növbəti qurultayda Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsindən sonra qadınlarımızın da partiyaya inamı artmağa başladı. Ümummilli Lider haqq dünyasına qovuşandan sonra partiyaya sədrlik edən İlham Əliyevin rəhbərliyi altında beynəlxalq əlaqələrin güclənməsi, müasirləşməsi, aparıcı partiyalar ilə əməkdaşlıq məsələsi YAP-ın beynəlmiləl aləmdə nüfuzlu bir partiya olaraq tanınmasını şərtləndirdi. Sonuncu qurultayda təsisat dəyişikliyi, idarəetmənin müasir sistemə keçməsi ilə bağlı ciddi qərarlar qəbul olundu. Yarandığı gündən xalqın sevgisini qazanması və bu etibarı itirməməsi Yeni Azərbaycan Partiyasının ən böyük uğurudur. Bu, partiyamızın yenilikçiliyindən, xalq və partiya birliyindən irəli gəlir. Hesab edirəm ki, YAP hələ uzun illər xalqımıza xidmət edəcək.

Heydər Əliyev olmasaydı...

- Ölkədə daxili və xarici çaxnaşmaların olduğu dövrdə Yeni Azərbaycan Partiyası yaradılmasaydı, hadisələr necə cərəyan edərdi?

- Əvvəla onu qeyd edim ki, Heydər Əliyev faktoru olmasaydı, belə bir partiya da olmazdı. Əgər Heydər Əliyev və İlham Əliyev faktoru olmasaydı, biz yəqin ki, bugünk? Azərbaycanda yaşamırdıq. İndiki bütöv ərazilərimiz də yox idi. Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında olacağını da bilmək olmazdı. Əgər partiya yaradılmasaydı, bugünkü sivil, güclü Azərbaycandan danışa bilməzdik. Çünki həmin illərdə ölkənin bölünmə təhlükəsi var idi. Bu partiyanın qurulması ölkəyə siyasi mübarizə mədəniyyətini də gətirdi. Ondan əvvəl partiyalar arasında sivil mübarizə üsulu yox idi. Bu gün isə ölkədə müxtəlif siyasi yönümlü partiyalar fəaliyyət göstərir, dövlət onlara şərait yaradır və maliyyə dəstəyi verir.

- Hazırda siyasi baxışı fərqli olan insanlar da düşünürlər ki, ölkədə YAP-la rəqabətə girə biləcək qədər nüfuzlu partiya yoxdur. Bunun əsas səbəbini nə ilə əlaqələndirirsiniz?

- Bu əvvəlcə İlham Əliyev faktoru ilə bağlıdır. Azərbaycan YAP-ın iqtidarda olduğu dövrdə tarixən keçmədiyi uğurlu bir yol keçdi. Dövlət quruldu, iqtisadiyyat bərpa olundu, müharibə dayandırıldı. Əsrin müqaviləsinin imzalanması ilə neft dünya bazarlarına nəql olunmağa başladı və iqtisadiyyat onun üzərində quruldu. İlham Əliyevin rəhbərliyi altında ümumdaxili məhsul, dövlət büdcəsi və əhalinin pul gəlirləri artmağa başladı. 2004-cü il fevralın 11-də cənab Prezidentin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında fərmanı rayonların mənzərəsini dəyişdi. Biz 2011-ci ildə BMT kimi təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildik. Bu, Azərbaycanın dünyada qazandığı müsbət imicinin göstəricisi idi. Biz, öz hərbi sənayemizi yaratmaqla keçən il torpaqlarımızı işğaldan azad etdik. Bunları görən xalq başqa bir partiyanı iqtidarda görə bilmir. Xalq kimin populist, kimin realist olduğunu yaxşı bilir. Xalq bilir ki, 30 ildə Azərbaycanda olan bütün inkişaf Yeni Azərbaycan Partiyasının sayəsində olub.

Heydər Əliyev yolu isə Şuşaya gedən yoldur

- Vətən müharibəsindən sonra xalqın öz başçısına olan sevgisinin ikiqat artmasıyla yanaşı, müxalifət tərəfdən də iqtidarı dəstəkləyənlər çoxaldı...

- 2003-cü ildə Heydər Əliyev səhhəti ilə əlaqədar öz namizədliyini geri götürdü. Dedi ki, onun yarımçıq qalan bütün işlərini İlham Əliyev başa çatdıracaq. Xalq isə Heydər Əliyevə inandığı qədər onun inandığı İlham Əliyevə də etimad edirdi. O vaxt Prezident seçkiləri zamanı partiyadan məsul şəxs kimi Ağsu rayonuna təhkim olunmuşdum. O zaman yeni əlifbaya keçdiyimiz üçün çox adam latın qrafikasını bilmirdi. Məndən soruşurdular ki, bu siyahıda Heydər Əliyevin oğlu hansıdır? Bu zaman xalq İlham Əliyevə Heydər Əliyevin oğlu olduğu üçün səs vermişdi. Ancaq 5 il sonra xalq İlham Əliyevə onun xalq qarşısında etimadını doğrultmasına, ölkədəki inkişafa görə səs verdi. İlham Əliyevin yolu Heydər Əliyev yoludur, Heydər Əliyev yolu isə Şuşaya gedən yoldur. Torpaqlar işğaldan azad olunanda İlham Əliyev demişdi ki, Qarabağı işğaldan azad edən gənclərin çoxu mənim ölkəyə rəhbərlik etdiyim dövrdə yetişən gənclərdir. İlham Əliyevin hakimiyyəti dövründə torpaqların işğaldan azad olunması onun adının tarixə həm Ali Baş Komandan kimi, həm də siyasi rəhbər kimi qızıl hərflərlə yazılmasına səbəb oldu. Bu müharibə 44 gündə olmadı, müharibəyə 27 il hazırlıq getdi. Qələbəni xalq, lider və ordu birliyi bəxş etdi. Bu dövrdə xalqın hər bir nümayəndəsi Orduya öz qatqısını verdi. Prezident müharibənin ən qızğın vaxtlarında siyasi arenalarda bir orduya bərabər çıxışlar edirdi, xarici mediaya müsahibələr verirdi. O müsahibələrdə isə saysız-hesabsız qərəzli suallar var idi. İndi seçki keçirilərsə, bütün müxalifət namizədləri də İlham Əliyevə səs verər. Çünki xalq üçün onun arzu və istəklərini təmin edən lider ucalardadır. Azərbaycanın bugünkü inkişafı Partiyamızın Sədri İlham Əliyevin partiya və xalq qarşısındakı misilsiz xidmətlərinin təcəssümüdür.

- Bu yaxınlarda Müstəqillik dövrünün ən böyük büdcəsi təsdiqləndi. Bunu həm də partiyanın Zəfər ilinə bir töhfəsi adlandırmaq olarmı?

- Bu büdcə ilk Zəfər ili büdcəsidir. Büdcənin xərcləri 28 974 milyon manat, gəlirləri isə 26 milyard 407 milyon manat proqnozlaşdırılıb. Büdcənin əsas gəlir və xərclərinin sosial xərclərə yönəlməsi cənab Prezidentin daxili siyasətində sosial rifaha önəm verdiyinin göstəricisidir. Gələn il əməkhaqlarının artması da inflyasiyanı üstələyir. Bu o deməkdir ki, biz gələn il bundan da yaxşı yaşayacağıq. Təbii ki, bu, Yeni Azərbaycan Partiyasının xalqa yeni töhfəsidir. Büdcədə sevindirici bir hal da odur ki, 2.2 milyard manat Qarabağın və Şərqi Zəngəzurun bərpa və quruculuq işlərinə ayrılıb. Bu il müdafiə və təhlükəsizlik xərcləri də xeyli artıb. Şübhəsiz, erməni təxribatı dayanmır, biz Ordumuzun gücləndirilməsi üçün daimi şəkildə büdcədən maliyyə ayıracağıq. Gələn il yaşayış minimumu və ehtiyac meyarı da artacaq. Hesab edirəm ki, gələn ilin büdcəsi investisiya tutumlu büdcədir.

Günel Abbas

 

 

 

Paylaş
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30