Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Heç kimin şübhəsi olmasın - Xankəndiyə qayıdacağıq!

Heç kimin şübhəsi olmasın - Xankəndiyə qayıdacağıq!

03.12.2021 [10:32]

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

 “Yeni Azərbaycan” qəzeti yeni layihə ilə oxucularının qarşısındadır. Yeni rubrikamız çərçivəsində Parlament üzvləri ilə “Məclisdən kənar” söhbətlər aparacağıq. Müsahibələrimizdə təkcə siyasətdən yox, özümüzü və vətəndaşları maraqlandıran digər məsələlərdən də danışacağıq. Layihədə görmək istədiyiniz deputatları, cavablarını axtardığınız sualları isə qəzetimizə ünvanlaya bilərsiniz.

Layihəmizin ilk qonağı Parlamentin gənc deputatlarından Tural Gəncəliyevdir. Azərbaycan Milli Məclisində 122 saylı Xankəndi Seçki dairəsini təmsil edən Tural Gəncəliyev uzun illər diplomatik vəzifələrdə çalışıb. 2020-ci ildə növbədənkənar parlament seçkilərində Qarabağın ən dilbər guşələrindən biri olan Xankəndi seçicilərinin etimadını qazanıb. Parlamentari ilə söhbətimizə də elə Milli Məclisdəki yeniliklərdən, ölkəmizdəki yeni siyasi konfiqurasiyadan və bir az da deputatlarımızın fəaliyyətinin təftişi ilə başladıq:

 - “Yeni Azərbaycan” qəzetinə bu gözəl layihəyə görə minnətdarlığımı bildirirəm. İnanıram ki, bu layihə qısa zamanda geniş oxucu kütləsinin marağını özünə cəlb edəcək. Sualınıza gəlincə isə, həqiqətən də 2020-ci ildə keçirilmiş sonuncu parlament seçkisi Azərbaycanda yeni siyasi dönəmin başlanğıcı sayıla bilər. Yeni formalaşan parlamentin ilk iclasında çıxış edən cənab Prezident İlham Əliyev də bildirdi ki, ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşır. Bu isə özlüyündə həm siyasi yanaşmaların, həm siyasi münasibətlərin yeni formada tənzimlənməsinə zəmin yaradır. Məsələn, müstəqil Azərbaycan tarixində ilk dəfə Milli Məclisə qadın deputatın sədr seçilməsi çox böyük dəyişiklik idi. Ötən dövrdə Azərbaycanın Milli Məclisi ölkədə parlamentarizmin inkişafı üçün mühüm işlər görüb. Bu gün parlament kürsüsündə seçicilərin problemləri qaldırılır, onlara diqqət göstərilir. Millət vəkillərimiz beynəlxalq müstəvidə keçirilən tədbirlərdə aktiv iştirak edirlər. Ölkə xaricində Azərbaycanın milli maraqlarının müdafiəsinə söykənən xarici siyasət kursumuza uyğun fəaliyyət nümayiş etdirilir. Bir sözlə, hər bir Milli Məclis üzvü üzərinə düşən vəzifəni uğurla yerinə yetirməyə çalışır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi deyə bilərəm ki, Avropa Şurası, ATƏT, Avropa İttifaqı Parlament Assambleyası kimi beynəlxalq təsisatlarda uğurlu fəaliyyətimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət daşıyır. Təbii ki, bunun da əsası cənab Prezidentimizin parlamentin ilk iclasındakı proqram xarakterli çıxışından qaynaqlanır. Dövlət başçımız həmin çıxışında mühüm prioritetləri sadaladı və biz həmin tezisləri rəhbər tutaraq bu gün öz fəaliyyətimizi qururuq.

“Hər bir millət vəkilinin də sosial şəbəkələrdə aktiv fəaliyyəti labüddür”

- 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlindən başlayan siyasi islahatlar müharibə dövründə təbii olaraq bir az yavaşladı. Sizcə siyasi islahatların yenidən davam etməsinə ehtiyac varmı? 

- Son illər ölkəmizdə aparılan islahatlar, əsasən də siyasi islahatlar mühüm nəticələrə yol açıb. Yeni seçilmiş parlamentdə yeni simaların təmsil olunması, nazirliklərdə aparılan islahatlar bunu deməyə əsas verir. Azərbaycan hər zaman islahatlara və yeniliyə açıqdır. Qarşıda bizi mühüm çağırışlar gözləyir. Azərbaycanın gələcək illər üçün mühüm strateji milli fəaliyyət proqramları mövcuddur. Bunu həyata keçirmək üçün isə güclü, intellektual, müasir biliklərə və informasiya texnologiyalarına yiyələnmiş insan resurslarına, kadrlara böyük ehtiyac var. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi bu məsələləri effektiv və professional şəkildə həyata keçirir. Bildiyimiz kimi müxtəlif qurumlara, nazirliklərə gənc peşəkarların gətirilməsi və onlara çox ciddi vəzifələrin həvalə edilməsi siyasi islahatların gündəmdə olduğunu təsdiqləyir. Ordumuz da günü-gündən güclənir. Bir fakta nəzər salaq ki, ermənilərin 16 noyabr təxribatı zamanı düşmənin cavabının çevik və operativ şəkildə verilməsi güc strukturlarının öz işini düzgün qurmasının sübutu idi. Parlamentə gəldikdə isə, bu, artıq seçicilərin iradəsindən asılıdır.

- Orduya adekvat parlamentimiz varmı?

- Kifayət qədər peşəkar parlament rəhbərliyi və öz işlərinin öhdəsindən gələn parlamentarilərimiz var. Hər bir deputat öz üzərinə düşən işi daha məsuliyyətlə, daha vicdanla yerinə yetirməlidir. Daim seçicilərlə iş aparmaq, onların problemlərinin həlli istiqamətində işlər görmək lazımdır.

- Parlamentin yeni üzvləri sosial şəbəkələrdə daha aktiv görünürlər. Bunu nə ilə əlaqələndirmək olar: bu, daha rahatdır, yoxsa oxucu çoxluğu öz sözünü deyir?

- Sosial şəbəkələr yeni dövrün reallığıdır. Bu platformada aktivlik olduqca vacibdir. 30 ilə yaxın müharibə vəziyyətində yaşamış, 44 günlük müharibə nəticəsində torpaqlarını azad etmiş, ən əsası tarixi həqiqətləri dünya ictimaiyyətinə təqdim etməyə çalışan bir ölkə üçün isə ən vacib şərtdir. Müasir dünyamızda hərb meydanı ilə yanaşı, sosial mediada da müharibələr gedir. Burada gedən döyüş daha çətindir. Çünki bu döyüş həm də intellekt tələb edir. 44 günlük müharibə dövründə cənab Prezidentimizin xarici mətbuata müsahibələri bunun ən gözəl misalıdır. Cənab İlham Əliyevin informasiya mübarizəsindəki qələbəsi hərb meydanında qazanılan zəfərin ən böyük təminatçısı oldu. Qələbə xəbərlərini sosial şəbəkələr vasitəsilə xalqımıza, bütün dünyaya çatdıran ölkə başçımız bununla həm də Azərbaycanın yeni informasiya məkanına inteqrasiyada əldə etdiyi uğuru nümayiş etdirmiş oldu. Müharibə dövründə Azərbaycan xalqı olaraq bütövlükdə sosial şəbəkələrdə çox böyük müvəffəqiyyətə imza atdıq. “Qarabağ Azərbaycandır” və digər həştəqlər altında yüz minlərlə dünya trendinə düşən çağırışlarımız oldu. Hazırda da bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Bir an belə bu işlərə ara verməməliyik. Bu baxımdan, hər bir millət vəkilinin də sosial şəbəkələrdə aktiv fəaliyyəti labüddür.

Xankəndidə olan erməni əsilli vətəndaşlarımız da mənə müraciətlər edirlər

- Maraqlıdır, 122 saylı Xankəndi seçki dairəsinin deputatı olaraq həmin ərazinin erməni seçiciləriniz ilə münasibət qurursunuzmu?

- 2020-ci il 10 noyabr Bəyanatına əsasən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə, xüsusilə də Xankəndi şəhərində erməni sakinlər yaşayır. Mənim isə hələlik əsas fəaliyyətim Xankəndi şəhərindən vaxtilə qovulmuş azərbaycanlıların bütün qayğılarını, problemlərini parlament qarşısında qaldırmaq, onların mülkiyyət hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərmək və kömək etməkdir. Təbii ki, Xankəndi şəhərinə döndükdən, orada fəaliyyətimi bərpa etdikdən sonra şəhərin erməni sakinlərinin problemləri ilə də yaxından tanış olacam. Qeyd edim ki, artıq sosial şəbəkələr, elektron poçt vasitəsilə bizim Xankəndidə olan erməni əsilli vətəndaşlarımız da mənə müraciətlər edirlər və bu müraciətlərinin sayı heç də az deyil. Müraciətlərin əsas motivi isə Azərbaycan vətəndaşlığını qəbul etmək üçün prosedurların öyrənilməsindən və mülkiyyət hüququ ilə bağlı suallardan ibarət olur.  Sosial problemlər, hətta işsizliklə bağlı suallar da verilir. Hazırda Qarabağda, xüsusilə də Xankəndidə qaz, işıq və su problemi mövcuddur. Xankəndinin erməni əhalisi anlayır ki, bu problemlər Azərbaycan Respublikasının qanunları çərçivəsində öz həllini tapmalıdır. Çünki onlar Azərbaycan Respublikasının suveren ərazilərində yaşayırlar və bizim vətəndaşlarımızdırlar. Mən də onların suallarına, müraciətlərinə cavab verirəm.

- Xankəndidə yaşayan erməni vətəndaşlarımıza pasport verilməsi məsələsi nə yerdədir? Bunun mexanizmi necə müəyyənləşəcək?

- Mənə müraciət edən Xankəndinin erməni sakinlərinə Azərbaycan Respublikası vətəndaşının pasportunu alma qaydalarını, bununla bağlı qanunvericiliyi izah edirəm. Müvafiq şəkildə ünvanlanan bütün suallar cavablandırılır. Yəqin ki, diplomatik masa arxasında bütün məsələlər həll ediləcək və Azərbaycan ərazisində yaşayan erməni sakinlərinin Azərbaycan qanunları çərçivəsində şəxsiyyət vəsiqəsi və pasportlarla təmini də təəccüb doğurmayacaq. Çünki biz onları öz vətəndaşımız kimi qəbul ediriksə, onların vəsiqəsi də olmalıdır. Bu məsələnin həlli mexanizmi ilə bağlı məsələlər yaxın gələcəkdə öz həllini tapacaq.

- Xankəndi şəhərinin azərbaycanlı əhalisinin öz doğma yurdlarına qayıdışı ilə bağlı məsələ nə yerdədir?

- İşğaldan azad edilmiş bütün regionlarımız kimi Xankəndi sakinləri də öz doğma yurdlarına qayıdacaqlar. Noyabrın 26-da keçirilən Soçi görüşü və görüşün nəticəsi olaraq imzalanan Bəyanat sərhədlərin müəy­yənləşdirilməsi ilə bağlı problemin həllində mühüm irəliləyişdir. Keçmiş məcburi köçkünlər olaraq biz bu görüşün nəticələrini çox yüksək dəyərləndiririk. Soçidə imzalanan üçtərəfli Bəyanat Prezident İlham Əliyevin Ermənistan üzərindəki növbəti qələbəsi idi. Bəyanatda yer alan müddəalar birmənalı şəkildə Azərbaycanın maraqlarına uyğun idi. Hesab edirəm ki, bütün problemlər danışıqlar masası ətrafında öz həllini tapacaq, Azərbaycan-Ermənistan dövlət sərhəddinin demarkasiya və delimitasiya məsələləri həll ediləcək. Məcburi köçkünlərimiz də yaxın zamanda öz torpaqlarına geri dönəcəklər. Mən və məndən sonra seçiləcək deputatlar da öz fəaliyyətimizi Xankəndi şəhərində davam etdirəcəyik. Dövlətimiz həmin regionları yenidən tikib, qurub sakinlərə təqdim edəcək. Biz o torpaqlara ləyaqətli qayıdış həyata keçirəcəyik. İnsanlar orada rahat, problemsiz və müasir tələblər çərçivəsində yaşamalıdır. Əminəm ki, bunlar hamısı qısa zamanda baş tutacaq.

- Bu gün Qarabağda ən böyük problemlərdən biri də mina xəritələridir. Dəqiq xəritələri hələ də Azərbaycana verməkdən boyun qaçıran Ermənistanı buna razı salmaq üçün nələr edilməlidir?

- Xüsusilə dəqiq xəritələrin verilməsi Ermənistan rəhbərliyinin öhdəliyindədir. Təəssüf ki, mütəmadi olaraq vətəndaşlarımız həmin ərazilərdə minaya düşürlər. Bu, çox ağrılı bir məsələdir. Fikrimcə, Ermənistan Soçi görüşündən sonra heç olmasa konstruktivlik göstərib mina xəritələrini təqdim etməlidir. Bu, Ermənistanın özü üçün də vacibdir. Çünki özləri konstruktivlik göstərmirsə, qarşı tərəfdən də eyni addımı gözləməməlidir.

- Sosial şəbəkələrdə ən çox maraq kəsb edən suallardan biri Tural Gəncəliyevin ofisinin nə zaman Xankəndidə fəaliyyətə başlayacağıdır...

- Xankəndiyə qayıdacağımıza heç kimin şübhəsi olmasın. Dediyimiz kimi yaxın gələcəkdə bütün Qarabağa böyük qayıdış reallaşanda, Xankəndiyə dönən azərbaycanlılar orada məskunlaşmağa başlayanda biz də öz fəaliyyətimizi doğma şəhərimizdə davam etdirəcəyik. Konkret vaxt demək doğru olmaz. Amma biz çox yaxın vaxtda ora dönəcəyik.

Brüsseldə hansısa bir konseptual məsələnin gündəmdə olacağına inanmıram

- Soçi görüşündən danışdınız. Qarşıda isə Brüssel görüşü var. Bu görüşün konturlarını necə görürsünüz?

- Qeyd etdiyim kimi, Azərbaycan-Rusiya-Ermənistan liderlərinin iştirakı ilə keçirilən Soçi görüşünün əhəmiyyəti böyük idi. İstər bəyanatda, istərsə də prosesdə vasitəçi qismində iştirak edən Rusiyanın prezidentinin nitqində dəhlizlə bağlı konkret ifadələr işləndi. Dekabrın 15-də Brüsseldə keçiriləcək görüşün Soçi görüşü qədər əhəmiyyətli olacağını düşünmürəm. Görünür, Ermənistanın, dolayısı ilə baş nazir Paşinyanın bağlı olduğu bəzi Qərb dövlətləri və dairələri yenidən prosesə daxil olmaq niyyətindədirlər. Amma artıq müzakirə ediləcək əsas məsələlər öz həllini tapır. Bu baxımdan, Brüssel görüşündə hansısa bir konseptual məsələnin gündəmdə olacağına inanmıram. Konkret, Fransanın Ermənistanın əsas havadarı qismində Cənubi Qafqazda itirilmiş nüfuzunu bərpa etməkdən ötrü müxtəlif platformalardan istifadə etmək cəhdlərinə rast gələ bilərik. Hər bir halda Brüssel görüşü bir nəzakət görüşü olaraq nəzərdən keçirilməlidir.

- Siz həm də Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvüsünüz. Qarabağda aparılan yenidənqurma işlərinə toxundunuz. Üzvü olduğunuz Fond Qarabağın dirçəlişi ilə bağlı hansı layihələrin hazırlanmasında iştirak edib?

- Fond olaraq bizim əsas işimiz Qarabağın dirçəldilməsi istiqamətində həyata keçirilən işlərdə yaxından iştirak etməkdən ibarətdir. Öz fikirlərimizi irəli sürürük. Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev daim Müşahidə Şurasının üzvləri ilə görüşür, müzakirələr aparılır. Artıq Qarabağda dağıdılmış abidələrimizin bəzilərinin bərpası istiqamətində işlər görülür. Elə Şuşa şəhərində hazırda bir neçə abidənin bərpası prosesi davam edir. Məscidlər, tarixi abidələr, ev muzeylərinin bərpası ilə bağlı müvafiq layihələr hazırlanır. Fond hazırda Bakıda yerləşir. Gələcəkdə Fondun inzibati binasının Şuşaya və ya işğaldan azad edilmiş başqa bir regiona köçürülməsi də aktual ola bilər.

Ardı növbəti sayımızda…

 

 

 

 

 

Paylaş
Baxılıb: 319 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31