Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Mənə Bakı ilə rabitə yaratmasa, bunu buradan buraxmayın”

“Mənə Bakı ilə rabitə yaratmasa, bunu buradan buraxmayın”

10.12.2021 [11:07]

Heydər Əliyevin stolunun üstünə telefon qoyduq - lazım olanda Heydər Əliyev həmin telefonla birbaşa Bakıya zəng edir, lazım olmayanda isə düyməni basırdı və Naxçıvan əhalisi o xətdən istifadə edirdi...

“Yeni Azərbaycan” qəzetinin bugünkü qonağı keçmiş rabitə naziri Siruz Abbasbəylidir.

- Uzun müddət rabitə sahəsində çalışmısınız. O zamanlarla müqayisədə bugünkü rabitəni necə qiymətləndirirsiniz?

- Rabitə sahəsində 1965-ci ildən çalışmağa başlamışam. Sadəcə mantyor vəzifəsində. Rabitəyə gəlməyim təsadüfi olmayıb. Çünki hələ uşaq vaxtlarımdan texniki sahəyə marağım çox olub, 4-5-ci siniflərdən radio dərnəklərində iştirak etmişəm. Rabitənin bugünkü vəziyyətinə gəldikdə isə, ölçüyəgəlməz dərəcədə fərq var. Yeniliklər həddindən artıq çoxdur. Tək rabitə sahəsində deyil, ümumən texnika sahəsində irəliləyiş demək olar ki, hər ay baş verir. Məsələn, bircə ay heç nə ilə məşğul olmasan, bir ay öz üzərində işləməsən, sən çatdıra bilməyəcəksən. Bugünkü rabitə mühəndisləri mütəmadi olaraq öz üzərlərində işləyirlər və işləməlidirlər də. Bizim işlədiyimiz dövrdə texniki avadanlıq mexaniki avadanlıq idi. Yəni onları hərəkət etdirmək, fırlatmaq lazım idi, tez-tez sıradan çıxırdılar, onları təmir e?mək lazım olurdu. Cihaz xarab olanda sökürdük, düzəldirdik, ehtiyat hissələrini tapırdıq. Bugünkü texnologiyanı isə təmir etməyə ehtiyac yoxdur.  Hazır bloklardır. Xarab oldusa, çıxarıb atırlar, yenisi ilə əvəz edirlər. Yəni bu gün mühəndis işləmək o qədər asanlaşıb ki, bəlkə elə orta məktəbi qurtaran da gəlib mühəndislik edə bilər. Əlbəttə ki, texniki tərəfinə baxanda, o sistemin üzərində işləyən konstruktorlar, mühəndislər tam başqa formada təhsil alırlar. Elektron, rəqəmsal texnologiya son illərin məhsuludur və bunları heç cür müqayisə etmək olmaz. Misal üçün, azad olunmuş torpaqlarımızda yenidənqurma işləri başlayıb, cənab Prezident göstəriş verib, texnologiyanın ən son nailiyyətlərindən istifadə edərək ağıllı kəndlər, ağıllı şəhərlər, ağıllı evlər yaradılır.

- Əllidən çox ixtiranız var. İndiki dövrdə onların aktuallığı varmı? Rəqəmsal zaman axarı belə ixtiraları lüzumsuz saya bilərmi?

- Rəqəmsal transformasiya biznesin hər bir sahəsinə daxil olub. Bu transformasiya əsasən proqramlaşdırma üzərində qurulubdur. Hər hansı bir sahədə iş görürsənsə, onu rəqəmsal proqramlaşdırarkən onun üzərində mütləq yeni proqramlar işləmək lazımdır. Dünənki texnologiya ilə işləmək, quraşdırmaq olmaz. Misal üçün, 20-30 il bundan qabaqkı on min nömrəli telefon stansiyası beş mərtəbəli böyük bir binanı əhatə edirdi. Bu gün yüz min nömrəli telefon stansiyası bir otağın yarısına da yerləşə bilər. Yaxud, hamımızın istifadə etdiyi mobil telefonu götürək. O, telefon deyil, o, telefon stansiyasıdır.  Əgər evinizdə sadə telefon varsa, o sadə telefonun zəng çalması, qidalanması və s. ATS-dən gəlir. Yəni sizə zəng edən adam nömrəni yığır, bütün bu prosedur telefon stansiyasına gedir və oradan da sizə siqnal gəlir ki, dəstəyi götürəsiniz. Dəstəyi qaldıranda bu telefonun bütün sistemi ATS-dən gələn cərəyanla qidalanır və danışıq baş tutur. Bugünkü mobil telefonlar isə özləri hazır telefon stansiyasıdır. Zəngi də özü verir, danışığı da, birləşməni də özü təşkil edir, qidalanmanı da. Texnika o qədər irəli gedib ki, balaca bir qutunun içərisində on min nömrəlik bir stansiyanın avadanlığı yerləşir. Biz 1995-96-cı illərdə Azərbaycanda yeni mobil telefon stansiyasını tətbiq edəndə mən bir müsahibəmdə demişdim ki, bir müddət keçəcək və telefonların özləri də bizə lazım olmayacaq. Biz saatla danışacağıq. Baxın, bu gün mənim qolumdakı bu saatla mən zəng də edə bilirəm, danışa da bilirəm. Texnologiyanın inkişafı o qədər sürətlidir ki, vaxtında qavramasan, öyrənməsən, bu sahədə işləməyin mümkün olmayacaq. İndi bu sahədə əsasən proqramçılar işləyirlər, mühəndislər isə, sadəcə işlənmiş avadanlığı dəyişməklə məşğuldurlar.

- Texnologiyanın inkişafı həm də əvvəlki ixtisas və mütəxəssisləri sıradan çıxarır. 20-30 il əvvəl fantastik əsərlərdə oxuyurduq ki, zaman gələcək, insan əməyinə ehtiyac qalmayacaq. İndi həmin zamandayıq. Rabitə sahəsində çalışanlara bunun ziyanı barədə nə deyə bilərsiniz?

- Əlbəttə, indi istifadə etdiyimiz mobil telefonların əksəriyyəti robotdur. Orada insan əməyi yoxdur. Haqlısınız, dünən min və yaxud on min nömrəli bir telefon stansiyasında 30 nəfər çalışırdısa, bu gün cəmi 2 nəfər çalışır. Yüz min nəfərlik telefon stansiyasında fərz edək ki, 200 nəfər çalışmalıydısa, bu gün həmin stansiyada maksimum 2, ya 3 nəfər çalışır və bu bəs edir. Bu gün dünənki mühəndislərə artıq ehtiyac yoxdur. Amma onlara da bir iş tapılır. Bu gün yüksək səviyyədə texnologiya üzrə universiteti bitirən mühəndislər bizə gəlirsə, əlbəttə ki, 30 il bundan qabaqkı mühəndislər onlarla ayaqlaşa bilmir, proqramı qəbul edə bilmirlər, yaxud çox çətinliklə qəbul edirlər. Onların da öz vaxtı vardı, bunlarında.  Amma nə qədər də texnologiya dəyişsə, köhnə işçilərə həmişə yer var.

- Bu, ümidvericidir. Çünki bəzən yeni dövrdə sanki köhnə dövrün insanlarına yer yoxmuş kimi görünür. Amma əslində elə deyil.

- Düzdür, müəyyən ixtisarlar gedir, onsuz mümkün deyil. Əgər mühəndisin 70 yaşı varsa və bu gün universiteti bitirmiş, yeni texnologiyadan xəbəri olan 25 yaşlı bir mühəndis gəlibsə, o 70 yaşlı mühəndis vunderkind olsa belə, o, cavan mühəndisə öz yerini güzəştə getməlidir. Söz yox ki, onun özünə də yer tapılacaq. Məsələn, bu gün xətt, kabel sahəsində işləyən köhnə mühəndislər, texniklər, mantyorlar və s. heç də yeni gələnlərdən az bilmirlər. Mütəxəssislərdən istifadə etmək imkanı hər zaman var.

- Bir az məmur obrazı barədə danışmağınızı istərdik. Cəmiyyətdə formalaşmış, özü ilə sadə insanlar arasında bir görünməyən divar hörmüş ümumi bir məmur obrazı var. Siz sevilən məmurlardan olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

- Sovetlər dövründə hər sahənin nazirinin o sahədən mütləq xəbəri olmalıydı. Mən bir neçə nazirin adını çəkə bilərəm ki, onlar öz sahələrini həmin sahənin peşəkarlarından da yaxşı bilirlər. Fərz edək ki, tamam başqa bir sahədə işləyən ağıllı, savadlı bir şəxsi gətirib qoydular nəqliyyat, yaxud tikinti naziri. O adamın bu sahədən xəbəri yoxdur. Amma iclas keçirir. O iclasda oturub mühəndislər, həyatlarını o sahəyə verən, o işi gözəl bilən, belə deyək, canavarlar. Bu nazir durub orada elə çıxış edir ki, elə bil bu adamların hamısına o dərs deyir. Bu cür nazirlərimiz olub. Yaxud, olub ki, hər hansı bir sahədə işini yaxşı bilən bir mütəxəssisi gətirib icra başçısı qoyublar. O da icra başçısı olan kimi kənd təsərrüfatını da, taxılçılığı da, heyvandarlığı da bildiyini elə danışır ki, sanki hər şeyin akademikidir.  Bir az təmkinli olmaq lazımdır. Yaxud vətəndaşlarla görüşdə məmur özünü sadə aparmalıdır. Bugünkü insanların səviyyəsi əlli il qabaqkı səviyyə deyil. İndi hamı savadlıdır, hamı ağıllıdır, öz hüquqlarını bilir. Nəyə qadirdir, nəyi tələb edə bilər, nəyi ondan tələb edə bilərlər... qanunlardan xəbəri olan insanlardır. Onlarla davranış səviyyəsi də başqa cür olmalıdır. Hər hansı bir məmur, ilk növbədə, sadə olmalıdır. İstər Mİİ müdiri olsun, istər xəstəxanada şöbə müdiri və s. İnsanlarla görüşməyə, söhbət etməyə, onların problemlərini həll etməyə qadir olmayan rəhbərlərin haqqında cənab Prezidentə xəbər çatırsa, dərhal ölçü götürülür. Elə rəhbərlərimiz var ki, 20-30 ildir kresloda oturub, onları bundan sonra heç cür tərbiyə edə bilməzsən, o, dəyişməyəcək.

- Heydər Əliyevlə bağlı xatirələrinizi dinləmək istərdik. Necə xatırlayırsınız?

- Allah Ulu Öndərimizə rəhmət eləsin. Mənim Heydər Əliyevlə şəxsən tanışlığım 1979-cu ildə olub. Mühəndis işlədiyim dövrdə bizim rabitə nazirimiz general-leytenant Hüseyn Rəsulbəyov idi. O, yeganə nazir idi ki, rabitə naziri təyin olunan kimi cavan kadrları irəli çəkməyə başladı. 30, 35, 40 il boyu işləyən mühəndislər, texniklər, mantyorlar vardı, institut, texnikum bitirən gənclər gedib-gəlirdilər, amma yer boşalana kimi, 5, 6, 7 il mantyor kimi işləyirdilər. Sonra texnik yeri boşalırdısa, onu texnik qoyurdular və s. Cavan kadrları irəli çəkmək Rəsulbəyovun vaxtında başladı. Rəsulbəyov nazirliyə gələn kimi içi mən daxil, bütün kadrları irəli çəkməyə başladı. O vaxtlar Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə bütün kollegiya üzvlərinin sənədləri göndərilirdi və onları Mərkəzi Komitəyə dəvət edirdilər, durub suallarına cavab verirdin, xoşları gəlirdisə, təsdiq edirdilər, savadsızsansa, yox.  Məni də 79-cu ildə, kollegiya üzvü kimi təsdiq olunmağım üçün Rəsulbəyov Mərkəzi Komitənin bürosuna göndərmişdi. Orada mən Heydər Əliyevi ilk dəfə gördüm. Ondan sonra ikinci dəfə 1982-ci ilin sonunda Hüseyn Rəsulbəyov məni Mərkəzi Komitəyə göndərdi və Heydər Əliyev məni qəbul etdi. Suallar verdi, sonra dedi, sənə böyük etimad göstərdik, sən Mərkəzi Komitəyə gəlirsən, burada tam başqa səviyyədir. Təsdiq olundum. Heydər Əliyevlə növbəti görüşüm isə on ildən sonra, yəni 1992-ci ildə oldu. Nazir təyin olunduğum gün VK telefonu ilə Heydər Əliyevə zəng etdim, adımı, soyadımı dedim və nazir təyin olunduğumu söyləyib soruşdum ki, sizə Naxçıvana nə kömək lazımdır. Məni xatırladı və dedi: “Lap yaxşı. Amma mənə telefonla zəng edib kömək təklif etmək lazım deyil. Azərbaycanın Bakı şəhərindən Naxçıvan şəhərinə bu günə kimi bir nazir gəlib maraqlanmayıb ki, bizdə nə var, nə yox. Əgər kömək eləmək istəyirsiniz, Naxçıvana gəlin”. Dəstəyi qoydu. Heç “sağ olun” deməyə də qoymadı. Mən də narahat oldum. Axşamüstü gəldim Prezident Aparatına, məlumat verdim ki, Naxçıvanın rabitəsi pis vəziyyətdədir, əlaqə saxlaya bilmirik, ora getmək lazımdır. İcazə verildi, getdim. Məni Naxçıvanın baş naziri Şəmdsəddin müəllim qarşıladı və birlikdə getdik Heydər Əliyevin yanına. Mən əvvəlcə Naxçıvanın rabitə naziri Zeynal müəllimlə görüşdüm ki, ümumi vəziyyət haqqında az da olsa məlumatım olsun, çünki bilirdim ki, Heydər Əliyevin sualları çox olacaq. Təqribən bildim ki, Naxçıvanın vəziyyəti nə yerdədir. Sonra Heydər Əliyevin yanına keçdik və mən məruzə etdim ki, Naxçıvanın bütün telefon dirəkləri kəsilib, yerin altındakı kabellər də çıxarılıb satılıb, vəziyyət çox pisdir. Hələ də o söhbət yadıma düşəndə həyəcanlanıram. Dedi ki, mən bəyəm bilmirəm ki, Naxçıvanda bu dəqiqə vəziyyət nə yerdədir? Bilirəm, kabelləri də satıblar, şalbanları da kəsiblər. O şalbanları kəsiblər, bu soyuqda, şaxtada uşaqlarını donmağa qoymayıblar. O kabelləri kəsiblər, aparıb İranda satıblar, çörək alıb gətiriblər, balalarını acından ölməyə qoymayıblar. Səni nazir təyin ediblər, kabel də taparsan, şalban da taparsan, rabitəni bərpa edərsən. Və Şəmsəddin müəllimə göstəriş verdi: “Bu nazir mənə burada Bakı ilə rabitə yaratmasa, bunu buradan buraxmayın”. Həmin gün də cümə idi və İranda istirahət günüdür, bilirsiniz. Şəmsəddin müəllimin xahişi ilə məni İrana buraxdılar. Culfaya getdim, oradan Təbrizə, oradan da Tehrana... Nazirlə görüşdüm və vəziyyəti başa saldım. Anladılar. Şərt qoydular ki, biz sizə rabitə üçün kanal verərik, əvəzində siz gərək Azərbaycan Astarasından İran Astarasına mazut verəsiniz. Şərait yaratdılar, bizim rəhbərliyə zəng etdim. Beləcə, bizə Culfa, İran Astarası, Azərbaycan Astarası və Bakını birləşdirən bir xətt verdilər. Heydər Əliyevin stolunun üstünə telefon qoyduq. Artıq lazım olanda Heydər Əliyev həmin telefonla birbaşa Bakıya zəng edə bilirdi, lazım olmayanda isə düyməni basırdı və Naxçıvan əhalisi o xətdən istifadə edirdi. Sonralar mənim bir kitabım çıxdı: “O, Azərbaycana gəlib Azərbaycanı xilas etdi”. Amma Heydər Əliyev geciksəydi, indi Azərbaycan artıq yox idi. Çünki ölkə dağılmışdı, nə rəhbərlik var idi, nə ordu. Bir tərəfdən müharibə, bir tərəfdən Xalq Cəbhəsi ilə digərləri arasında davalar... hərc-mərlik dövrü idi.

Ondan müdafiə naziri olmazdı axı...

- Əslində bayaq dediyiniz o şalbanların kəsilməsi, kabellərin satılması halları o vaxt bütün Azərbaycan boyu baş verirdi. Əhali ac və çarəsiz idi.

- Elədir, çətin vaxt idi. Çünki dövlətçiliyi bacaran adam yox idi. Vəzifəyə gəlib oturanların heç biri dövlətçiliyin nə olduğunu bilmirdi. Heydər Əliyev gəlməsəydi, Azərbaycan məhv olardı, bu, birmənalıdır. Bunu hamı, o cümlədən o vaxt rəhbərlikdə olanlar da indi etiraf edirlər. Daha bundan artıq nə olmalıydı? 20 faiz torpaqlar əldən getmişdi, dalınca Gəncə də gedəcəkdi, hələ fikirləri vardı ki, Bakıya gəlsinlər. Gələ də bilərdilər. Çünki ordu yox idi. Rəhim Qazıyev müəllim adam idi. Ondan müdafiə naziri olmazdı axı. Müdafiə naziri heç olmasa, ən azı əsgərlikdə olmalıdır axı.

- Sizin Heydər Əliyevlə bir xatirəniz də olmalıdır, qələmlə bağlı olan maraqlı tarixçəni bizimlə bölüşsəniz, şad olardıq.

(Əziz oxucular, həmin xatirəni qəzetimizin 9 dekabr sayında “Rabitə naziri Heydər Əliyevin qələmini oğurlamışdı” adlı ayrıca yazı kimi sizə təqdim etmişik)

- Bir az da yaradıcılığınız barədə danışaq bəlkə.

- İncəsənəti çox sevirəm. Uşaq vaxtından musiqi ilə, rəqslə məşğul olmuşam, müxtəlif dərnəklərə getmişəm. İndiki uşaqlara baxanda fikirləşirəm ki, onların vaxtları necə də tez keçir. Biz səhər məktəbə gedirdik, saat 1-də dərs qurtarırdı, 1-dən sonra pionerlər evinə gedirdik, mədəniyyət sarayına, dərnəklərə... Hamısını da çatdırırdıq. Demək olar ki, bütün musiqi alətlərində ifa edə bilirdim. Vəzifədən gedəndən sonra darıxmamaq üçün onları yadıma saldım, başladım mahnılar yazmağa. Mahnılarımı rəhmətlik İlhamə Quliyeva, Səməd Səmədov, Flora Kərimova, Elza Seyidcahan, Nadir Qafarzadə, Rəşad İlyasov,  Aybəniz Haşımova, Firuzə İbadova oxuyublar. Son yazdığım, 44 günlük müharibəmizə həsr etdiyim “Qələbə” mahnısının sözlərini Baba Vəziroğlu yazıb. Çox istərdim ki, Vahid Əzizin sözlərinə mahnı yazım. Bundan başqa, yazdığım kitablar da var. Qudam Qəzənfər Paşayev deyir ki, kitab yazmaq üçün gərək oturmağı bacarasan. Mən də bunu bacarmıram. Amma buna baxmayaraq kitablarım var. İkisi Heydər Əliyevə həsr olunub, biri rabitəmizin inkişafına, biri də şəkillərdən və müəyyən müsahibələrdən ibarət albom kimi tərtib olunub. İndi də kompüterimdə yazmağa başladığım kitablar var, amma mən hərəkəti sevən adamam, oturmağı bacarmıram deyə, yarımçıq qalıb. Deyirəm ki, vaxt gələr, qocalıb, əllərim əsə-əsə onları yazaram...

 

 

Paylaş
Baxılıb: 264 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31