Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Kəndimizdəki qəbiristanlıqları da dəfn etmişdilər

Kəndimizdəki qəbiristanlıqları da dəfn etmişdilər

11.12.2021 [11:18]

Zəngəzurun Ermənistana bağışlanması böyük ədalətsizliyin başlanğıcı idi

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

 “Məclisdən kənar” rubrikasının növbəti - ikinci qonağı Milli Məclisdə Gəncə şəhəri 40 saylı seçki dairəsini təmsil edən Musa Quliyevdir. İlk ali təhsilini tibb üzrə alan və uzun illər bu sahədə çalışan Musa Quliyev hazırda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Deputatla müsahibəmizə doğulub boya-başa çatdığı Zəngəzur eli ilə bağlı soruşmaqla başladıq. Həmsöhbətimiz deyir ki, Zəngəzur təkcə şairlər üçün deyil, bütün Azərbaycan üçün əvəzsizdir. O, bu yerləri şərəfli qəhrəmanlıq tariximizin məskəni kimi qiymətləndirir. Qalanını müsahibimizin öz sözlərindən eşidək...

Arxivlərimizdə Zəngəzurla bağlı sovet dönəmindən heç nə qalmayıb

- Zəngəzur qədim dövrlərdən bu yana Azərbaycanın təkcə yaşayış məskəni yox, həm də dövlət idarəçilik paytaxtlarından biri olub. 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun Ermənistana bağışlanması böyük ədalətsizliyin başlanğıcı idi. Bununla yalnız Azərbaycanın ərazisi itirilmədi, bütün Türk Dünyası arasında coğrafi bağlantı pozuldu. Təəssüf ki, sovet dönəmində nəinki Zəngəzuru geri qaytarmaq barədə söhbət var idi, hətta o yerləri getdikcə bizdən uzaqlaşdıraraq yaddaşımızdan silmək siyasəti hökm sürürdü.

Ümummilli Lider Heydər Əliyevin tövsiyəsi ilə 2001-ci ildə “Zəngəzur” əsərini yazarkən araşdırma apardım. Araşdırmalarımın sonunda belə bir nəticəyə gəldim ki, bizim arxivlərimizdə Zəngəzurla bağlı sovet dönəmindən heç nə qalmayıb. Heydər Əliyev deyirdi ki, tarix hər şeyi öz yerinə qoyur. Söz adamlarına da Qərbi Azərbaycanı nəzərdə tutaraq daim öz əsərlərində o torpaqların bizim olduğunu sübut etmələrini və gələcək nəsillərə çatdırmalarını tövsiyə edirdi. İndi Qarabağ münaqişəsi bitib. Zəngəzur dəhlizinin açılması da reallıqdır. Bu dəhlizin açılması bütövlükdə Türk Dünyasının tarixində mühüm bir hadisə olacaq. Cənab Prezident qarşıya çox vacib bir məsələ qoyub.  Biz 30 il davam edən konfliktə Vətən müharibəsində son qoyduq. Ancaq bu, müharibənin məhz 44 gündə baş tutduğuna əsas gətirmir. Bu mübarizə 1993-cü ilin 15 iyunundan başladı. Heydər Əliyev o zaman ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdanda düzgün strategiya müəyyənləşdirdi. Ümummilli Lider ölkədəki vəziyyəti nəzərə alaraq həmin illərdə müharibəni aparmağın Azərbaycan üçün perspektivsiz olduğunu görürdü. Ona görə də ölkədə ictimai-siyasi sabitliyin, asayişin, güclü ordu quruculuğunun, iqtisadi inkişafın və həmrəyliyin təmin olunmasını qarşıya məqsəd qoydu. Bundan ötrü bizə 27 il vaxt lazım oldu. Prezident İlham Əliyevin rəhbərliyi dövründə güclü ordu quruldu və həmin ordunun sıralarında cəngavər hərbçilər yetişdi. İndi isə bizim qarşımızda daha böyük bir məqsəd var: Zəngəzur dəhlizinin açılması və dəhliz üzərindən gediş-gəlişin bərpa olunması. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər ortaya çıxaracaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı Qərbi Zəngəzurla, oradan da Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.

Fürsətdən istifadə etdim, gedib Urudu da gördüm

- Zəngəzurun verilməsindən sonra iki dəfə Uruda gedibsiniz. İllər sonra doğma torpağınıza bir “yad” kimi qədəm qoymaq sizdə hansı təəssüratları yaratdı?

- Sonuncu dəfə 1988-ci il avqustun 31-də Urudda olmuşam. Düz 18 ildən sonra - 2006-cı il iyunun 6-da kəndimizə getdim. İrəvanda keçirilən bir beynəlxalq tədbirdə iştirak edirdim. Tədbir iştirakçılarını Cermuxa ekskursiyaya aparırdılar. Ora da düz Sisyan rayonu (Zəngəzur) ilə sərhəddədir. Fürsətdən istifadə etdim, gedib Urudu da gördüm. Bəzi kədərli görüntüləri videokameranın yaddaşına aldım. Bu təəssüratlar “Uruda iki səfər” kitabında da əksini tapıb.

Gizli çəkdiyim görüntüləri Avropa Şurasında göstərdim

- Urudda sizi ən çox təsirləndirən məqam nə oldu?

- Uruddan, demək olar ki, heç nə qalmamışdı, yalnız bir neçə uçuq-sökük ev var idi. Urud əvvəl 120 evlik çox abad bir kənd idi. Azərbaycanın ictimai-siyasi həyatında iştirak edən çox önəmli insanların Urud kəndi ilə bağlılığı var. Urud kəndinin qədim türklərə məxsus olduğunu sübut edən orta əsr qəbiristanlığı var idi. Ərəb əlifbası ilə təmiz Azərbaycan dilində yazılmış 14-16-cı əsrlərə aid sanduqələr və qoç daşlardan ibarət qəbiristanlıq idi. Qəbir daşları üzərindəki bayatılarda əsl türk ruhu aydın sezilirdi. O qəbiristanlığı dəfn olunmuş vəziyyətdə gördüm. Həmin videogörüntülərdə əks olunan erməni vandalizminin növbəti nümunəsini də Avropa Şurasında deputatlara göstərdim. O təəssüratlar çox ağır idi. Uruda gedəndən sonra gəldiyim qənaət budur ki, torpağı var edən, ona nəfəs verən oradakı insanlar imiş. Ancaq mənim ümidim var ki, biz o torpaqlara yenidən qayıdacağıq. Bu gün cənab Prezidentin apardığı siyasətin uğurlu nəticəsi gələcəkdə bütün Türk Dünyasını birləşdirəcək.

- Vətəndaşlardan gələn sualların biri belədir: Bu gün Azərbaycanda səhiyyə sistemi niyə bərbad vəziyyətdədir? Həkim kimi fikir bildirməyinizi xahiş edirəm... 

- Hazırda ölkəmizdə səhiyyə sistemi bərpa olunur, yeni nəfəs alır, yeni idarəetmə sisteminə keçir. İndiyə qədər sovet dönəmindən qalma mərkəzdən idarə olunan sistemdən imtina edərək müasir dünyanın perspektivli və ən doğru sistem saydığı icbari tibbi sığorta sisteminə keçdik. Bir sistemdən digərinə keçəndə adətən köhnə zəncir sındırılmalıdır ki, yeni təməl qurulsun. Bu sahədə keçid dövründə olduğumuza görə indi həmin böhranı yaşayırıq.

Yaxın vaxtlarda səhiyyədə olan böhran dövrü aşılacaq və gözəl bir sistem qurulacaq

- İcbari tibbi sığorta sisteminə keçidi nə dərəcə uğurlu hesab etmək olar?

- İcbari tibbi sığortaya keçid pandemiya ilə üst-üstə düşdü. Bununla da səhiyyənin əsas resursları koronavirusla mübarizəyə yönəldi. Ancaq yaxın vaxtlarda səhiyyədə olan böhran dövrü aşılacaq və gözəl bir sistem qurulacaq. Buna baxmayaraq, sığorta xidmətləri indiki dövrdə çətin vəziyyətə düşmüş vətəndaşlara yardım etmək iqtidarındadır.

Koronavirusun konkret müalicəsi yoxdur

- Pandemiyadan söz düşmüşkən, yeni növ koronavirus infeksiyasına yoluxan xəstələr TƏBİB-in izolyasiya dövründə onlara göndərdiyi dərmanların təsirsizliyindən şikayət edirlər...

- COVID-19-un diaqnostikası və müalicəsi istiqamətində dünyada vahid bir yanaşma yoxdur. İlk vaxtlarda ümumi qripin müalicə praktikası, vitaminlərin və bol mayenin qəbulu tövsiyə olunurdu. Ancaq hər bir xəstəliyin simptomatik və patogenetik (xəstəliyə birbaşa yönələn) müalicəsi var. Xəstəliyə birbaşa təsir göstərə biləcək əsas dərman vasitələri yoxdur. İlk vaxtlar bir sıra bahalı dərmanlardan istifadə olundu. Ancaq sonradan məlum oldu ki, bu dərmanlar o qədər də effektiv deyil. Bu səbəbdən, xəstəliyin ən doğru müalicəsi profilaktikadır, yəni xəstəliyə yoluxmamaqdır. Profilaktik addımları kifayət qədər gücləndirməliyik. Müalicəyə tez başlamaq lazımdır. Bu gün ən uğurlu addımlardan biri də vaksinasiya prosesidir. Azərbaycan koronavirusla mübarizəni dövlət siyasəti səviyyəsinə qaldırmış ölkələrdən biridir. COVID-19 pandemiya elan olunan gündən cəmi 8-9 gün sonra cənab Prezidentin Sərəncamı ilə Operativ Qərargah yaradıldı. Qısa müddətdə böyük işlər görüldü, 50-yə yaxın klinika xəstəliklə mübarizə üçün ayrıldı, dərman təchizatı həyata keçirilməyə başlandı. İlk dövrdə bizdə maska və qoruyucu kombinizonlar yox idi, bir ayın içərisində bunların istehsalı təşkil olundu. Bu zaman ərzində ÜST-lə əməkdaşlıq əsasında on milyon dollar ianə etdik, halbuki özümüzün də ciddi ehtiyaclarımız var idi. 50-dən çox dövlətə humanitar yardımlar göstərdik. Həmçinin BMT-nin Baş Assambleyasında Prezident İlham Əliyev cəsarətli çıxışında inkişaf etmiş ölkələri həddən artıq vaksin istehsal edərək kasıb ölkələri peyvənd çatışmazlığına sürüklədiyinə görə tənqid etdi. Məhz bu çıxışdan sonra “vaksin millətçiliyi” termini yarandı. Hesab edirəm ki, dövlət tərəfindən görülən işlərlə yanaşı, vətəndaşlarımız da öz üzər?lərinə düşən məsuliyyəti dərk etməlidirlər. Hazırda ölkəmizdə epidemioloji vəziyyət bir qədər sabitdir. Ancaq biz özümüzü qorumalıyıq, çünki vətəndaşla dövlətin apardığı siyasət üst-üstə düşəndə proseslər daha uğurlu olur.

Ölkəmizdə dərman istehsalı yox səviyyəsindədir

- Apteklərdə satılan yerli və xarici dərmanların qiymətində uçurum var. Bu, nə ilə əlaqədardır?

- Ölkəmizdə dərman istehsalı yox səviyyəsindədir. Bu barədə Milli Məclisin payız sessiyasında  keçirilən iclasda öz narahatlığımı bildirdim və təkliflərimi də verdim. Əfsus ki, o təkliflər adekvat qarşılanmadı. Neçə illərdir, Pirallahı sənaye parkında iki dərman zavodunun tikilməsi ilə bağlı xəbərlər eşidirik. Hökumətin də bu barədə qərarı var. Bəs o zavodların axırı nə oldu?! Biri tikilib işləmir, o birinin tikintisinə əngəllər törədilir. Əgər biz milli dərman istehsalımıza başlasaq, keyfiyyətinə və qiymətinə də özümüz nəzarət edərik. Vətəndaşlar da həm münasib qiymətə, həm də keyfiyyətli dərman əldə edə bilərlər.

Dərman monopolistlərindən başqa heç kimə...

- Bizim istehsal etdiyimiz preparatlar xaricdəki qədər keyfiyyətli ola bilərmi?

- Həmin iclasda mən başqa bir təklif də irəli sürdüm. Diqqətə çatdırdım ki, biz Türkiyə ilə strateji müttəfiqlikdən də yüksək əlaqələr qurmuşuq. Türkiyənin dərman sənayesi dünyanın ən qabaqcılları sırasındadır. Türkiyə həm öz daxilində keyfiyyətli dərmanlar istehsal edir, həm də böyük sifarişçi olduğuna görə iri firmalarla daha uyğun qiymətə müqavilə bağlayıb dərman əldə edə bilir. Türkiyə ilə dərman sənayemizi birləşdirsəydik, ölkəmizdə Türkiyədəki qiymət və keyfiyyətlə eyni olan dərman təminatı əldə edərdik. Məncə, bu məsələnin reallaşması dərman monopolistlərindən başqa heç kimə mane olmayacaq.

Dərman şirkətləri Azərbaycanda öz ofislərini bağlayır

- Bəs Azərbaycanda niyə böyük dərman şirkətləri fəaliyyət göstərmir? 

- Böyük dərman şirkətləri Azərbaycanda öz ofislərini bağlayır. Deməli, qeydiyyat şərtlərini yumşaltmalıyıq. Mən demirəm, ölkəyə buraxılan preparatlar yoxlanışdan keçməsin. Sadəcə, qeydiyyat prosesini sadələşdirmək lazımdır. Qeydiyyat sənədləri 300 səhifədən çox qeydiyyat şərtlərindən ibarətdir. Böyük dərman şirkətlərinə hansısa bir ölkənin yüz milyon dərman alması maraqlı deyil. Bu rəqəm onların qazancının çox cüzi bir hissəsidir. Ona görə də özləri istədiyi kimi qayda qoyurlar. Ölkəyə dərman idxalını asanlaşdıran yollara keçməliyik. Dərmanların idxalı məsələsi bizim üçün problemdir və həll olunmasını istəyiriksə, gizlətmək lazım deyil. Bu gün 10 milyon vətəndaşın hər birinin marağında olan problemlərdən biridir.

Normal ailələrdə büdcəni qadın idarə edir

- Evdar xanımlara maaş verilməsi məsələsini qaldırmışdınız. Bu təklifiniz hələ də qüvvədədir?

- Qadınlara qarşı zorakılığın bir neçə növü var. Qadınlara gördükləri işlərin qarşılığının verilməməsi və onların öz tələbatlarını ödəyə bilməməsi iqtisadi zorakılığa daxildir. Azərbaycanda bəzi ailələrdə qadınlar bu zorakılığa məruz qalır. Söhbət normal ailələrdən getmir. Elə ailələr var ki, onlar qadına ali təhsil almaq imkanı yaratmır, işləməyə icazə vermir. Lakin hər bir fərdin özünün şəxsi tələbatı var. Qadın işləmirsə, həyat yoldaşı ona tələbatını ödəməkdən ötrü pul vermirsə, bu insan qul hesab olunur. İctimai nəqliyyatdan istifadə etmək, öz yaxınlarının doğum gününə hədiyyə ala bilmək üçün qadının əlində vəsait olmalıdır. Əgər işləməyən qadına həyat yoldaşı bunu təmin etmirsə, iqtisadi zorakılıq hesab olunur. Mənim çıxışım da kişilərə qarşı yönəlmişdi, demək istədiyim odur ki, qadın kişinin qulu deyil. Əvvəla qadına işləməyi üçün şərait yaradılmalıdır, əgər işləmək imkanı yoxdursa, bu halda onun tələbatını ödəmək üçün həyat yoldaşı tərəfindən pul ödənilməlidir. Azərbaycanda normal ailələrdə büdcəni qadın idarə edir. Statistika aparılmayıb, lakin bunun əksini yaşayan ailələr də az deyil.

Əgər kişi həyat yoldaşının maddi tələbatını ödəmirsə...

- Hətta bununla bağlı qanun da var...

- Bəli, qaldırdığım məsələ yeni bir qanun deyildi. Məişət zorakılığının qarşısının alınması haqqında qanun layihəsinin bir hissəsi idi. Ancaq ilk səsləndirən şəxs olduğuma görə orada iştirak edən jurnalistlər bunu yeni bir fikir kimi ortaya çıxardı. Həmin qanunda qeyd olunur ki, əgər kişi həyat yoldaşının maddi tələbatını ödəmirsə, qadın yaşadığı rayonun icra hakimiyyəti orqanlarına müraciət edə bilər. Bu müraciətdən sonra müvafiq qurumlar qanunla müəyyən olunmuş qaydada nəzərdə tutulan məvacibin verilməsini təşkil edəcək.

(Ardı növbəti sayımızda...)

 

Paylaş
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

21 Yanvar 10:00

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31