Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Saxta gündəmin gerçək təfərrüatları

Saxta gündəmin gerçək təfərrüatları

05.07.2024 [10:47]

Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi zəruridirmi?

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə artan etirazları müəyyən qədər səngitmək və öz hakimiyyətinin ömrünü uzatmaq üçün manipulyasiyalar edərək tez-tez absurd açıqlamalar verir. O, bu günlərdə ölkəsi üçün yeni sayıla biləcək bir məsələni gündəmə gətirib. Söhbət Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı Ermənistanda referendum keçirilib-keçirilməməsindən gedir. O, belə bir referendumun keçirilməsinin məqsədəuyğun olmadığını söyləyib.

Gözlənildiyi kimi, Paşinyanın referendum mövzusunda saxta gündəm düzəltmək cəhdi Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Bu günlərdə Ermənistan mətbuatında konstitusiya hüququ üzrə ekspert Vardan Poqosyanın və digərlərinin məsələ ilə bağlı fikirlərinin yer aldığı çoxsaylı məqalələr dərc olunur. Münasibət birmənalı olaraq mənfidir. Ümumi qənaət belədir ki, mövcud konstitusiyaya əsasən, Ermənistanda Avropa İttifaqına daxil olmaq məsələsi ilə bağlı referendum keçirilə bilməz. “Ermənistan Konstitusiyası respublikada referendumun hansı hallarda keçirildiyini aydın şəkildə müəyyən edir. Konstitusiyada konkret hansı məsələlərin referenduma çıxarıla biləcəyi ilə bağlı hərtərəfli ifadələr var. Əgər söhbət Ermənistanın Aİ-yə daxil olması məsələsinin referenduma çıxarılmasından gedirsə, o zaman bunu etmək olmaz, çünki Ermənistan müvafiq danışıqlar aparmayıb, Avropa İttifaqına daxil olmaq ilə bağlı heç bir sənəd imzalamayıb.  Bütün bu prosedurlardan əvvəl bu məsələ ilə bağlı referendum keçirilə bilməz”, - deyə Vardan Poqosyan yerli mətbuata açıqlamasında  bildirib. Eyni zamanda, Poqosyan vurğulayıb ki, bütün danışıqlar, üzvlük prosedurları və müvafiq saziş imzalandıqdan sonra referendum nəinki keçirilə bilər, həm də keçirilməlidir, çünki üzvlük (və ya çıxma) haqqında sazişlər müstəsna olaraq referendum yolu ilə ratifikasiya oluna bilər. O izah edib ki, əsas qanuna uyğun olaraq, referenduma çıxarılan məsələ qəbul olunarsa, hüquqi akt, məsələn, Aİ-yə qoşulma haqqında müqavilənin ratifikasiyası ilə nəticələnməlidir. Referendumun yalnız qoşulmaq üçün müvafiq ərizə vermək məqsədi ilə keçirilməsi konstitusiyada nəzərdə tutulmayıb. Əsas qanun baxımından bunun nə hüququ əsası var, nə də zərurət. Ekspert əlavə edib ki, əgər ölkə hakimiyyəti proseslərə başlamazdan və üzvlük üçün ərizə təqdim etməzdən əvvəl Ermənistan vətəndaşlarının mövqeyini birmənalı şəkildə aydınlaşdırmaq istəyirsə, o zaman ümummilli sorğu keçirməyi nəzərdə tutan qanunvericilik islahatlarını həyata keçirmək lazımdır ki, bu da hakimiyyətə vətəndaşların  mövqeyini qiymətləndirməyə imkan verəcək.

Bu, bütövlükdə Ermənistan cəmiyyətinin mövqeyini ifadə edən ekspert rəyidir. Elə Paşinyanın özü də referendumla bağlı net mövqe ifadə etməyib. O qeyd edib ki, bizə deyirlər xalqın Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Mən özüm demişəm ki, Ermənistan Aİ bunu mümkün hesab etdiyi qədər ittifaqa yaxın olmağa hazırdır. Ermənistan xalqının bu ideyanı dəstəklədiyini düşünməsəydim, belə bir açıqlama verməzdim. Əgər biz referendum keçiririksə, kampaniya təşkil etməliyik. Bu halda insanlar suallar verməyə başlayacaq: necə, nə zaman, Aİ bunu istəyir, ya yox? İnsanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaq. Mən bu suala cavab verə bilmərəm, çünki Aİ daxilində də seçkilərin yekunu ilə bağlı suallar doğuran proseslər baş verir.

 Belə qənaətə gəlmək olar ki, Paşinyanın özü və bütövlükdə Ermənistan cəmiyyəti Aİ-yə üzvlüklə bağlı ölkədə referendum keçirilməsini ciddiyə almır. Belə olan halda sual yaranır: Ermənistan liderinin düzəltdiyi saxta gündəmin gerçək təfərrüatları nədən ibarətdir?  Bu sualın cavabı Ermənistan üçün çox ciddi, bəlkə də, taleyüklüdür. Söhbət ondan gedir ki, hakimiyyət və hakimiyyətin yedəyində gedən ideoloqlar erməni xalqını onilliklər boyunca saxta ideyalarla yükləyiblər. Bu saxta ideyalardan biri də “dənizdən dənizə böyük Ermənistan” xülyasıdır. O cümlədən qonşu ölkə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından çıxış edir və çox qəribədir ki, bu iddialar Ermənistan konstitusiyasında hüquqi müstəvidə təsbit olunub. Bax, elə Paşinyanı çıxılmaza salan və onun referendum keçirilib-keçirilməməsindən saxta gündəm düzəltməsinin gerçək səbəbi də məhz bu məqamla bağlıdır. Məsələ burasındadır ki, indi məğlub ölkə seçim qarşısındadır. Qalib Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların çıxarılmasını şərt kimi irəli sürüb. Konstitusiyanı dəyişmək üçün Ermənistanda referendum keçirilməlidir. Paşinyan indiki həssas dönəmdə Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh sazişinin imzalanmasına hüquqi əsaslar yaratmaq üçün referendum keçirilməsini hakimiyyəti üçün təhlükə sanır. Belə bir addımın atılması cəmiyyətdə qıcıq yarada, hakimiyyətin Azərbaycanın tələbləri qarşısında növbəti dəfə geri çəkilməsi anlamında qəbul oluna bilər. Bu kimi reallıqlar fonunda ölkədə referendumun Aİ-yə üzvlüklə bağlı  keçirilməsi ən ideal variant olardı. Təbii ki, referenduma Aİ-yə üzvlüklə bağlı məsələ ilə yanaşı, konstitusiya dəyişikliyi ilə bağlı sual da yerləşdiriləcək. Paşinyan düşünür ki, belə olan halda Ermənistan cəmiyyətinin diqqəti yayınacaq və o, növbəti dəfə cəmiyyətin qəzəbinə tuş gəlməyəcək...

MÜBARİZ

Paylaş:
Baxılıb: 224 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31