Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülh prosesinə növbəti zərbə

Sülh prosesinə növbəti zərbə

17.07.2024 [10:37]

ABŞ ilə birlikdə “Eagle Partner 2024” adlı hərbi təlimlərə başlayan Ermənistan plasdarma çevrilir

Ermənistanda “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri başlayıb. Ermənistanın Müdafiə Nazirliyinin yaydığı  məlumatda bildirilir ki, təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuin və başqaları iştirak ediblər. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

Təlimlərin gerçək məqsədi nədir?

Xatırladaq ki, ötən ilin sentyabrında “Eagle Partner” təlimlərinin birincisi keçirilmişdi. Doqquz gün davam edən həmin təlimlərə 85 ABŞ, 175 Ermənistan  hərbçisi qatılmışdı. Startı verilən budəfəki təlimlər sayca ikincidir. Təlimlərin məqsədləri barədə danışan S.Papikyan bildirib: “Sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirirəm”.

Ancaq S.Papikyanın söylədiklərini heç bir halda artıq ikinci dəfədir ki, keçirilən ABŞ-Ermənistan hərbi təlimlərinin gerçək məqsədi kimi qəbul etmək mümkün deyil. Verilən rəsmi məlumat iz azdırmaqdan, diqqəti “Eagle Partner 2024”-ün əsl mahiyyətindən yayındırmaq cəhdindən başqa bir şey deyil. Burada niyyətin yalnız Ermənistan hərbiçilərinə yeni vərdişlər aşılanmasından, sülhməramlılara konkret situasiyalarda hansısa davranış qaydalarının öyrədilməsindən ibarət olduğunu, ümumiyyətlə təlimlərin yalnız hərbi məqsədlərə hədəfləndiyini düşünmək sadəlövhlük olardı.  Amerika Birləşmiş Ştatları ilə Ermənistanın müqayisəsini aparaq. Onlardan birincisi dünyanın  supergüc dövləti, ikincisi isə fərari ordusu ilə kapitulyasiyaya məruz qalmış ölkədir. Belə bir ölkə ilə hərbi əməkdaşlığın ABŞ-a hansısa dividentlər gətirəcəyini təsəvvür etmək belə mümkün deyil. Elə Ermənistan hərbiçilərinin ABŞ hərbiçiləri ilə ayaqlaşa biləcəyi ehtimalı da çox aşağıdır. Ümumiyyətlə, bütün parametrlər baxımından ABŞ-Ermənistan hərbi əməkdaşlığı  absurd görünür və heç bir perspektivi yoxdur.

Bəs onda ABŞ-nin okeanın o tayından gəlib Ermənistanda hərbi təlimlər keçirməsini şərtləndirən amillər hansılardır? Burada təlimlərin hərbi əhəmiyyətindən yox, ancaq siyasi çalarlarından söhbət aça bilərik. Görünən dağa bələdçi lazım deyil. İkinci dəfə startı verilən hərbi təlimlər Ermənistanın indiki hakimiyyətinin ölkənin siyasi oriyentasiyasını dəyişmək, Şimal qonşumuzdan qopub Qərbə istiqamətlənmək və ABŞ-ın regionda mövcudluğunu təmin etmək planlarının tərkib hissəsidir. Son vaxtlarda Nikol Paşinyan öz hakimiyyətini qorumaq naminə Ermənistanın bir sıra parametrlər üzrə bilavasitə asılı olduğu Rusiya ilə körpüləri yandırmaq istiqamətində addımlar atır. Artıq bu ölkə Rusiyanın drayver funksiyasını yerinə yetirdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini faktiki olaraq dayandırıb. Bundan başqa, Ermənistanda Rusiya hərbiçilərinin, o cümlədən də 102-ci bazanın ölkədən çıxarılması ilə bağlı müzakirələr intensivləşib. ABŞ-ın regionla bağlı planları da bəllidir. Vaşinqton ənənəvi olaraq Rusiyaya və İrana qarşı siyasi kurs həyata keçirir. Ermənistanda Rusiyanı əvəzləməklə və dislokasiya olunmaqla bu siyasəti həyata keçirmək xeyli dərəcədə asanlaşacaq. Bu halda Ermənistan Rusiyanın və İranın mənafeyinə zidd siyasət yürüdən  ABŞ üçün plasdarma çevriləcək.

Ermənistanın yeni hərbi kampaniyaya həvəsləndirilməsi

“Eagle Partner 2024” hərbi təlimlərinin keçirilməsini həm də Azərbaycan-Ermənistan münasibətləri kontekstində dəyərləndirmək lazımdır. Ermənistan 2020-ci ildə baş verən 44 günlük müharibənin və 2023-cü il sentyabrın 19-20-də keçilən lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq Azərbaycan Ordusu tərəfindən məğlub duruma salınıb. Azərbaycan əldə etdiyi möhtəşəm qələbələr sayəsində ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla tam təmin edib. Bu məğlubiyyətlərdən sonra Ermənistanın kapitulyasiyaya uğramış ordusunu yaxın perspektivdə bərpa edəcəyi mümkünsüz görünür - ölkənin buna potensialı yoxdur. Bununla belə Ermənistanda müharibənin və lokal xarakterli antiterror tədbirlərinin nəticələri ilə barışmaq istəməyən revanşist qüvvələr var. Onlar “bəlkə də, qaytardılar” xülyası ilə yaşayırlar və hər vəchlə postmüharibə mərhələsində başlayan sülhyaratma prosesini əngəlləməyə çalışırlar. Burada əlbəttə ki, Fransa kimi ölkələrdən gələn siyasi-hərbi dəstəyin rolunu ayrıca qeyd etmək lazımdır. Əldə olunan razılaşmaya əsasən Fransa yaxın zamanlarda Ermənistana hücum silahlarının tədarükünə başlamağı planlaşdırır.

Bu bədnam xorda həmçinin ABŞ da yer alır. Elə birgə hərbi təlimlərin keçirilməsinin əsas məqsədlərindən biri də Ermənistanı militarizasiya, yeni hərbi kampaniyaya həvəsləndirməkdən, bu ölkədə revanşist meylləri gücləndirməkdən ibarətdir. “Eagle Partner 2024” hərbi təlimlərinin başlaması ABŞ-ın sülhyaratma prosesində iştirak etmək istəyinə kölgə salır. Vaşinqtondan sülhə dair gələn mesajlarla bu ölkənin praktiki müstəvidə davranışları ziddiyyət təşkil edir. “ABŞ Azərbaycan və Ermənistanın sülh sazişi məsələsindəki nailiyyətlərini davam etdirməsi üçün əlindən gələni əsirgəməyəcək”. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi brifinqdə deyib. Fikirlərinə davam edən M.Miller vurğulayıb: “Onu deyə bilərəm ki, tərəflər sülh sazişinin əldə olunması istiqamətində uzun yol qət ediblər. Biz isə bundan sonra da bu müzakirələrin davamını təşviq edəcəyik. Hər iki dövlətin imzalayacağı sülh müqaviləsi həm onların özünə, həm də regionda təhlükəsizliyə fayda verə bilər. Biz hesab edirik ki, sülh razılaşmasının imzalanması üçün tərəflər çətin seçim etməli, əsaslı kompromislərə gedilməlidir. Buna görə də biz onlar arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və sülh razılaşmasının əldə olunması istiqamətində çalışacağıq. Vaşinqton görüşündə biz irəliləyiş əldə etsək də, mən təfərrüatları açıqlamaq istəmirəm. Lakin hələlik sülh müqaviləsi imzalanmayıb və biz buna nail olanadək həmin istiqamətdə çalışmağa davam edəcəyik”.

İndiki həssas dönəmdə ABŞ-ın tərəflərdən biri ilə hərbi təlimlərə başlaması M.Millerin və Ağ Evin digər rəsmilərinin sülh prosesi ilə bağlı açıqlamalarında səmimi olmadıqlarını bir daha təsdiqləyir. Bir tərəfdən sülh çağırışı edən Amerika o biri tərəfdən belə addımlar atmaqla nə demək istəyir? Belə ziddiyyətli davranışların hansısa bir sağlam məntiqi əsası varmı? Burada cari il aprelin beşində baş tutan ABŞ-Aİ-Ermənistan görüşünü xatırlamamaq mümkün deyil. Həmin görüşdə Azərbaycanın iştirak etməməsi Qərbin sülh prosesinə qoşulmaq niyyətinin xoş məramdan uzaq olduğunu əyani şəkildə göstərdi. “Eagle Partner 2024” hərbi təlimləri 5 aprel ABŞ-Aİ-Ermənistan tamaşasının davamıdır.

Başqa bir məsələni də xatırlatmaq yerinə düşər. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər. Ancaq ABŞ və Fransa bu məsələ ətrafında siyasi şou düzəltməkdə davam edirlər. Belə ki, Ermənistanın özü susduğu və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı olaraq gündəmə gətirməyə çalışırlar. Necə deyərlər, onlar qaşınmayan yerdən qan çıxarmaq istəyirlər. Sülhyaratma prosesində ardıcıl və qətiyyətli mövqedən çıxış edən Azərbaycan Fransanın və ABŞ-ın belə ikibaşlı davranışlarını nəzərə almaya bilməz.

ABŞ-ın regionda daha bir təhlükəli oyunu

ABŞ-ın Ermənistanda bütün region dövlətləri üçün təhdidlər yaradan təhlükəli oyunları yalnız birgə hərbi təlimlərin keçirilməsi ilə yekunlaşmır. Bu ölkənin regionda daha bir təhlükəli oyunu nüvə proqramı ilə bağlıdır. Vaşinqton Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuz da bütün region üçün böyük təhlükə kəsb edən Metsamoru daha da gücləndirir. Xatırladaq ki, 1976-cı ildə istismara verilən bu stansiyanın istismar müddəti 30 il nəzərdə tutulmuşdu. Aradan 47 il ötür. AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il - 2026-cı ilədək artırılması qərara alınıb.  Artırılmış müddətin sonu yaxınlaşdıqca, AES-nın gələcək taleyi ilə bağlı müzakirələr də intensivləşir. Ermənistanın özündə də qəbul olunur ki, Metsamor artıq ömrünü başa vurub və köhnə texnologiyalar əsasında qurulan bu stansiyanın istismarı çox təhlükəlidir.  Bundan əvvəl Ermənistanda Metsamorun əvəzinə, yeni AES-in inşası barədə danışılırdı. Ancaq buna lazım olan vəsait Ermənistanda yoxdur. Yeni AES-in tikintisinə investorlar tapmaq da müşkülə çevrilib. Bu kimi amilləri nəzərə alan Ermənistan rəhbərliyi çıxış yolunu Metsamorun istismar müddətini yenidən uzatmaqda görür. Qeyd edək ki, bu ölkədə istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür. Ermənistan hökumətinin Metsamorun istismar müddətini daha 10 il uzatmaqla bağlı qərar verməsi o anlama gəlir ki, bu ölkə regionun təhlükəsizliyini özünün iqtisadi maraqlarına qurban verir. Çünki bir sıra fundamental amillərə görə, o cümlədən də təhlükəsizlik nöqteyi-nəzərindən Metsamorun fəaliyyətinin davam etdirilməsi mümkünsüzdür.

O qənaət hasil olur ki, regionun təhlükəsizliyi ABŞ üçün də heç bir önəm daşımır. Çünki Vaşinqtonun planlarında  nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problenlər nəzərə alınmır. Halbuki bütün bu kimi ciddi məsələləri diqqət mərkəzində saxlamaq lazımdır.

Bəs İran, Rusiya təlimlərin keçirilməsinə necə baxırlar?

Ermənistanda ABŞ hərbiçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi o anlama gəlir ki, artıq NATO qüvvələri Rusiya və İran sərhədlərinin lap yaxınlığındadırlar. Bəs qonşu dövlətlər buna necə baxırlar? Sualın cavabı olaraq bildirək ki, hələlik Tehran susur və təlimlərlə bağlı hər hansı bir açıqlama vermir.

Rusiyaya gəldikdə isə, Kreml NATO əsgərlərinin onun cənub sərhədlərinə yaxınlaşmasına soyuqqanlı yanaşmayıb. “Amerikalıların Cənubi Qafqazda peyda olması regionda qalan münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-ABŞ birgə hərbi təlimlərinə münasibət bildirərkən deyib. “Bu təlimlər təəssüfdən başqa heç nəyə səbəb olmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı açıq şəkildə mənfi bəyanatları fonunda keçiriləcək. Qərb ölkələri sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsə də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır”, - deyə M.Zaxarova vurğulayıb. Onun sözlərinə görə, Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir. M.Zaxarova fikirlərinin davamı olaraq deyib: “Bunlar ilk növbədə Rusiya və İrana qarşı yönəlib”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30