Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndərin işğaldan azad etdiyi ərazilərdə intensiv quruculuq işləri həyata keçirilir

Ulu öndərin işğaldan azad etdiyi ərazilərdə intensiv quruculuq işləri həyata keçirilir

19.12.2012 [02:17]

Prezident İlham Əliyev: Füzulinin bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı, burada görülən işlər Azərbaycan dövlətinin gücünü göstərir
Məlum olduğu kimi, Azərbaycanın bütün regionlarında abadlıq və yenidənqurma işləri aparılır, sosial-iqtisadi inkişaf istiqamətində mühüm layihələr həyata keçirilir. Şəhərsalma və quruculuq işləri cəbhə xəttinə yaxın bölgələri, o cümlədən, işğaldan azad olunmuş əraziləri də əhatə edir. Bu baxımdan, Füzuli rayonunda görülən işlər təqdirəlayiqdir.
AZAD OLUNAN ƏRAZİLƏRİN ABADLAŞDIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR
Qeyd edək ki, Füzuli şəhəri hazırda işğal altındadır, lakin rayonun bir hissəsi Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Prezidenti olduğu dövrdə həyata keçirilən uğurlu əməliyyat nəticəsində ermənilərdən azad edilib. Belə ki, 1993-cü ilin dekabrından yanvarın 6-dək davam etmiş Horadiz əməliyyatı zamanı erməni hərbçilərinin hücumunun qarşısı alınıb, Milli Ordumuz əks-hücuma keçərək, qısa müddətdə Füzuli rayonunun böyük hissəni azad edib. Nəticədə, Horadiz qəsəbəsi və Füzulinin 20 Arazboyu kəndi, o cümlədən, Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edilib, rayonun 1382 kvadratkilometr ərazisinin 600 kvadratkilometri düşmən tapdağından xilas olunub. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü ildə keçirdiyi ən uğurlu əməliyyat olub.
Dekabrın 15-də Füzuli rayonuna səfəri zamanı yerli ictimaiyyətin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev bu məqamı vurğulayaraq, bölgənin inkişaf etdiyini söyləyib: “Ulu öndər Heydər Əliyev Füzuliyə daim böyük diqqət göstərmişdir - həm 1970-ci illərdə Azərbaycanda rəhbərlik edəndə, eyni zamanda, müstəqillik dövründə. Məhz Onun rəhbərliyi ilə Füzulinin 22 kəndi işğalçılardan azad edilmişdir. Bu gün bu ərazilərdə həyat qaynayır, inkişaf edir”.
Əslində, rayonda quruculuq işlərinin əsası hələ 90-cı illərin ortalarında qoyulub. Müharibədən sonrakı ilk illərdə ölkənin maliyyə durumunun və iqtisadiyyatının kifayət qədər çətin vəziyyətdə olmasına baxmayaraq, Ulu öndər Azərbaycanın hər bir yerində olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə də bərpa və quruculuq işlərinə önəm verib. 1996-cı ildən başlayaraq rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun, ictimai obyektlərin bərpasına başlanılıb. 1995-1997-ci illərdə 40 min nəfər sakin rayon ərazisinə qayıdıb.
TƏMƏLİ QOYULAN İŞLƏR UĞURLA DAVAM ETDİRİLİR
Ulu önərin əsasını qoyduğu quruculuq-abadlıq işləri Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Belə ki, məcburi köçkünlər üçün qəsəbələr salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Prezident İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Fərmanı ilə Horadiz qəsəbəsinə şəhər statusu verilib. İşğal nəticəsində dağıdılmış 4 mindən artıq ev bərpa olunub. Hazırda rayonda geniş tikinti-quruculuq və bərpa işləri davam etdirilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, 8 yaşayış məntəqəsini birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolu, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər yolu yenidən qurulub. Ötən dövrdə Füzuli rayonunda Muğam Mərkəzi, Olimpiya İdman Kompleksi, Diaqnostika Mərkəzi istifadəyə verilib.
Rayonun kəndlərində də abadlıq, tikinti işləri aparılır. Horadiz şəhəri, Mollaməhərrəmli, Arayatlı, Babı, Kərimbəyli, Şükürbəyli, Böyük Bəhmənli, Əhmədalılar kəndləri qazlaşdırılıb. Ümumilikdə, görülən işlərin nəticəsidir ki, rayonun 115 min nəfər əhalisinin 70 minə qədəri rayon ərazisinə qayıdıb.
Füzuli rayonunda abadlaşdırma işləri 2012-ci ildə də sürətlə davam etdirilir. Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri çərçivəsində rayonda soyuducu anbar kompleksi, 240 şagird yerlik 3 nömrəli Horadiz şəhər tam orta məktəbi, Heydər Parkı, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının inzibati binası açılıb, dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalının binası əsaslı təmir olunub, Horadiz Şəhər Mədəniyyət Sarayı, Horadiz Şahmat Məktəbi yenidənqurmadan sonra istifadəyə verilib.
Dövlətin özəl sektorun, sahibkarlığın inkişafına göstərdiyi dəstəkdən Füzuli rayonu da yararlanır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 627 sahibkarlıq subyektinə 16,2 milyon manat, o cümlədən, yeni texnologiyalara əsaslanan 5 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,8 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 1600-dək yeni iş yerinin açılmasına imkan yaradacaq. Bundan başqa, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə Füzulidə Fondun vəsaitləri hesabına yeni texnologiyalara əsaslanan, illik istehsal gücü 2,1 min ton quş əti olan fabrikə 5 milyon manat güzəştli kredit verilib.
Həmçinin, 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi ərazidə - Füzuli rayonunun Qarabağ kəndində yerləşən və yararsız vəziyyətdə olan heyvandarlıq kompleksinin bazasında “Qarabağ Broyler” fabriki yaradılıb. Dövlətin ayırdığı güzəştli kreditlərdən istifadə olunmaqla tikilən fabrikdə ildə 2,1 min ton müxtəlif çeşiddə quş əti məhsulları istehsalı nəzərdə tutulur. Fabrikdə Füzuli və ətraf rayonlardan 120 nəfər məcburi köçkün yeni iş yeri ilə təmin olunub.
AZƏRBAYCAN ENERJİ TƏHLÜKƏSİZLİYİNİ TAM TƏMİN EDİB
Dövlət başçısının səfəri çərçvəsində Füzuli Su Elektrik Stansiyasının açılışı da baş tutub. Ümumi gücü 25,2 meqavat olan stansiyanın tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən həyata keçirilib. Stansiyanın təməlini 2008-ci ildə Füzuliyə səfəri çərçivəsində Prezident İlham Əliyev qoyub.
Bildiyimiz kimi, enerji təhlükəsizliyi dövlətin böyük diqqət ayırdığı sahələrdəndir. Respublikanın bütün bölgələrində əhalinin enerjiyə olan tələbatı ödənilir, bu məqsədlə, ekoloji cəhətdən təmiz texnologiyalar əsasında fəaliyyət göstərən elektrik stansiyalarının tikintisi həyata keçirilir. Hazırda “Şimal-2” və “Cənub” elektrik stansiyalarının tikintisi davam etdirilir. Enerji hasilatının artması həm əhalinin gündəlik rahat yaşayışını, həm də iqtisadiyyatın sürətli inkişafını təmin edir. Həmçinin, Azərbaycan enerjiyə olan daxili tələbatı tam ödəməklə yanaşı, elektrk enerjisinin ixracını da həyata keçirir. Artıq işğalçı Ermənistan istisna olmaqla, digər qonşu dövlətlər Azərbaycanla bu sahədə əməkdaşlıqdan faydalanırlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan enerji idxalçısından ixracatçısına çevrilib: “Əvvəllər biz elektrik enerjisini idxal edirdik. İndi isə biz qonşu ölkələrə – Türkiyəyə, Gürcüstana, İrana, Rusiyaya elektrik enerjisini ixrac edirik”.
Bununla yanaşı, Azərbycan su ilə yanaşı, digər bərpa olunan enerji mənbələri olan günəş və külək elektrik stansiyalarının da tikintisinə hazırlaşır.
FÜZULİDƏN XANKƏNDİYƏ
Rayona səfəri zamanı yerli ictimaiyyətin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev Füzuli rayonunun inkişafı ilə bağlı gələcək planlardan danışaraq, növbəti illərdə ermənilər tərəfindən dağılmış evlərin bərpası, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlərin görüləcəyini bildirib.
Bildiyimiz kimi, Azərbaycanda böyük sosial və iqtisadi layihələr həyata keçirilir, regionların inkişafı tədbirləri müvafiq dövlət proqramı çərçivəsində sistemli və ardıcıl şəkildə icra edilir. Nəticədə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilər deyil, bütün regionlar inkişaf edir, əhalinin həyat şəraiti yüksəlir. Regionlar üzrə olduğu kimi, iqtisadiyyat sahələrinin inkişafında da balanslaşdırma həyata keçirilir. Belə ki, son dövrlərdə qeyri-neft sektorunda müşahidə olunan ciddi yüksəliş, 2012-ci il ərzində qeyri-neft iqtisadiyyatının 10 faiz artması bunu təsdiq edir. Dövlət başçısının sözlərindən də göründüyü kimi, iqtisadiyyatın hərtərəfli və balanslı inkişafı Azərbaycanın yaxın gələcəkdə inkişaf etmiş ölkələr sırasına qatılacağına inam yaradır: “Növbəti illərdə bu gün icra edilən layihələrin başa çatması və yeni layihələrin icra edilməsi nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir”.
Dövlət başçısının da söylədiyi kimi, işğaldan azad edilən ərazilərdə həyata keçirilən yenidənqurma və abadlıq işləri Azərbaycanın imkanlarından, gücündən xəbər verir: “Bu gün bu ərazilərdə həyat qaynayır, inkişaf edir. Füzulinin bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı, burada görülən işlər Azərbaycan dövlətinin gücünü göstərir”.
Dövlət başçısının sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra hazırda işğal altında olan ərazilər də bu cür abadlaşacaq: “Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yeniən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar”.
Bir sözlə, bu gün həm dövlət başçısı, həm də Azərbaycan xalqı ərazilərin işğaldan azad ediləcəyinə inanır. Cəmiyyətimizdə mövcud olan yüksək əhval-ruhiyyə, özünə inam, ölkə vətəndaşlarının Prezidentin ətrafında birləşməsi, həmçinin, dövlətin iqtisadi imkanlarının, beynəlxalq nüfuzunun və ordunun gücünün artması, dövlət başçısının sözlərinin yaxın gələcəkdə gerçəkliyə çevriləcəyinə əminlik yaradır: “Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1189 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30