Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Region yeni yolun astanasında...

Region yeni yolun astanasında...

28.09.2024 [10:12]

Strateji müttəfiq olduqlarını Şuşa Bəyannaməsi ilə rəsmən təsdiqləyən qardaş Türkiyə və Azərbaycan daim uzlaşdırılmış və bir-birinin mənafeyinə uyğun gələn, eyni zamanda, regional və qlobal əməkdaşlığa töhfə verən siyasət həyata keçirirlər. Qardaş ölkə, həmçinin Azərbaycanla Ermənistan arasında postmüharibə dövründə başlayan tənzimləmə prosesinin irəliləməsinə, regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasına güclü siyasi iradə ortaya qoyur. Regional və qlobal güc olan, öz siyasətində bir qayda olaraq xoş məramdan, yaxın qonşuluq prinsipindən çıxış edən Türkiyə bu prosesdə həqiqətən də müsbət rol oynaya bilər. Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün səy göstərir. O, Türkiyənin qonşu ölkələr arasında sabitlik və mehriban qonşuluq mühitinin tezliklə təmin edilməsinin tərəfdarı olduğunu deyib. Türkiyə Lideri fikirlərinin davamı olaraq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda keçirilən görüş zamanı Ankaranın Azərbaycanla sülh sazişinin tezliklə bağlanmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. “Türkiyə onsuz da bunun üçün çalışır. Ümid edirik ki, məsələləri həll etməklə və Azərbaycanla Ermənistan arasında olan çətinlikləri aradan qaldırmaqla biz yeni yola qədəm qoyacağıq”, - deyə siyasətçi vurğulayıb.

Ankara Azərbaycanın sülh gündəliyini dəstəkləyir

Qardaş ölkənin dövlət başçısı jurnalistlərlə söhbətində Ankaranın Azərbaycanın sülh gündəmini dəstəklədiyini xüsusi vurğulayıb ki, bu da Türkiyənin artıq tarixdə qalan Qarabağ probleminin beynəlxalq hüquq, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipi əsasında həllində lap əvvəldən nümayiş etdirdiyi ədalətli yanaşmanın davamı anlamında qəbul olunur. Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Eyni zamanda, Türkiyə 1993-cü ildən etibarən işğalçı ölkə ilə sərhədlərini bağlayıb. Türkiyə daim o mövqedən çıxış edib ki, keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində və suveren dövlətin ərazi bütövlüyünə hörmət prinsipi əsasında həllini tapmalıdır. Qardaş ölkə rəsmiləri hər zaman bildirirdilər ki,  BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, AŞPA, Qoşulmama Hərəkatı, İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul ediblər və bu sənədlərin icrası təmin olunmalıdır.

Ümumiyyətlə, Dağlıq Qarabağ məsələsinin həllində həm regional, həm də qlobal səviyyədə Türkiyə qədər Azərbaycanın haqlı mövqeyinə siyasi və mənəvi dəstək verən ikinci ölkə olmayıb. Bu güclü dəstək 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal xarakterli antiterror tədbirləri zamanı da davam edib. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladıqdan sonra elə ilk saatlardaca rəsmi Ankaradan ölkəmizə dəstək mesajları gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyənin digər yüksək səviyyəli rəsmiləri Prezident İlham Əliyevə ünvanladıqları müraciətlərdə Türkiyənin Azərbaycanın haqq mübarizəsində ölkəmizin, xalqımızın yanında olduqlarını bildirdilər. Bu siyasi-mənəvi dəstək həm də Fransa kimi erməni separatizmini dəstəkləyən, işğalçı dövlətə hərtərəfli yardımlar göstərən dövlətlərə bir mesaj idi. Türkiyədən gələn qardaşlıq dəstəyi Azərbaycanın özünəinam hissini artırdı və biz ərazi bütövlüyümüz uğrunda daha qətiyyətlə və inamla mübarizə apararaq buna nail olduq, işğalçı Ermənistan kapitulyasiyaya məruz qaldı. Əslində, Azərbaycanı dəstəkləməklə Türkiyə haqsızlığa yol vermirdi. Türkiyənin prinsipial mövqeyi tarixi ədaləti, beynəlxalq hüququ müdafiə etmək yanaşması idi. Əgər keçmiş Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmasa idi, region yenə də təhdid, müharibə riskləri ilə üz-üzə qalmaqda davam edəcəkdi. Bu kimə, hansı qonşu dövlətə fayda gətirəcəkdi? Təbii ki, heç bir dövlətə.

Türkiyə postmüharibə dövründə də eyni prinsipial yanaşmadan çıxış edir. Məlumdur ki, bir sıra regiondankənar dövlətlər yaranan geosiyasi reallıqları fürsət kimi dəyərləndirərək - Fransa, ABŞ bu sırada yer alırlar - bölgədə mövcudluqlarını təmin etmək uğrunda sanki marafon yarışına çıxıblar. Onlar bədnam planlarını fürsətcil dövlət olan, daim xoşbəxtliyini başqalarının çətiri altında axtaran Ermənistan üzərindən reallaşdırmaq istəyirlər. Məhz rəsmi İrəvanın razılığı əsasında Ermənistanda Avropa İttifaqının sülhməramlı missiyası yerləşdirilib. Başlanğıcda bu missiyanın regiona müvəqqəti qaydada ayaq açdığı və mülki xarakter daşıdığı bildirilsə də, artıq o, Ermənistanda daimi olaraq “lövbər” salıb. Digər tərəfdən, mülki adlandırılan missiyanın tərkibində Fransanın, Almaniyanın, Kanadanın hərbiləşdirilmiş qurumlarının təmsilçiləri də yer alırlar. Bu faktiki olaraq NATO qüvvələrinin Ermənistanda yerləşdirilməsi anlamına gəlir. Digər vacib məqam: Yuxarıda adları çəkilən dövlətlər Ermənistanda revanşizmi alovlandırır və işğalçı ölkəni yeni müharibəyə təhrik edirlər. Son vaxtlarda ABŞ-dən, Fransadan, Hindistandan Ermənistana öldürücü silahlar tədarük olunub. Təzada baxın: İşğalçı ölkə cəzalandırılmaq, sanksiyalara məruz qalmaq əvəzinə, sürətlə silahlandırılır ki, bu da regionun təhlükəsizliyinə ciddi təhdidlər yaradır.

Azərbaycan və Türkiyə proseslərin belə təhlükəli ssenariləri əsasında inkişafına qarşı çıxırlar. Buna görə də hər iki ölkənin dövlət başçıları 3+3 formatını irəli sürüblər. Region məsələləri bölgə dövlətlərinin birgə iştirakı və həmrəyliyi şəraitində həllini tapmalıdır. Regiondankənar güclərin burada mövcudluqlarını təmin etmək cəhdləri tənzimləmə prosesinin irəli getməsinə açıq-aşkar mane olur. Çünki həmin güclər xoş niyyətdən çıxış etmirlər. Onlar özlərinin siyasi və iqtisadi dvidentləri naminə bölgədə münaqişə ocağının daimi olaraq qalmasında maraqlıdırlar. Yeri gəlmişkən, qeyd edək ki, artıq 3+3 formatı çərçivəsində müntəzəm görüşlər keçirilir və müzakirələr aparılır.

Qardaş Türkiyə postmüharibə dövründə Azərbaycanın sülh gündəmini dəstəklədiyini bəyan etməklə hansısa bir subyektivliyə yol vermir, yenə də ədalət mövqeyindən çıxış edir. Azərbaycan qalib statusuna rəğmən, sülhyaratma prosesində hansısa bir qeyri-adi təkliflə çıxış etmir. Ölkəmiz müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Buna görə də qarşı tərəfə sülh paketi təqdim edib. Bu sənəddə də sırf beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanan müddəalar yer alır. BMT tribunasından sülhdən danışan Ermənistanın baş naziri isə əslində, prosesləri manipulyasiya predmetinə çevirib. O, BMT tribunasından ölkəsinin Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bildirməklə növbəti dəfə yalan danışaraq beynəlxalq ictimaiyyəti aldadıb. Ermənistan sülh istəyən dövlətdirsə, ilk növbədə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli və belə məzmunlu müddəaların yer aldığı konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. İmzalanan sülh sazişinin hüquqi əsasları olmalıdır. İndiki halda Ermənistan konstitusiyasındakı müvafiq maddələr bunu mümkünsüz edir. Türkiyə Lideri ölkəsinin mövqeyini nəzərə çatdıraraq bildirib ki, sülh mühiti Bakı və İrəvan üçün yeni imkanlar pəncərəsi açaraq, bütün tərəflərin maraqlarına cavab verəcək.

Sülh prosesinin müsbət yekunlaşması Türkiyə-Ermənistan münasibətlərinin də normallaşmasına təkan verəcək

Qardaş ölkənin dövlət başçısı jurnalistlərlə söhbətində başqa bir məqama da diqqət çəkib. Belə ki, o, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət yekunlaşmasının Türkiyə-Ermənistan münasibətlərinin də normallaşmasına təkan olacağına əminliyini ifadə edib. Bu da Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi və sülhyaratma prosesinin irəliləməsi baxımından çox mühüm bir məqamdır. Tarix boyunca iki xalqın həmrəyliyinin hədəfə alınması dövrləri çox olub. Məkrli qüvvələr dostluğumuza hansı yollarlasa xələl gətirməkdən ötrü müxtəlif ssenarilər qurublar, hiylələr işlədiblər. Ancaq bütün bu cəhdlər sonda iflasa uğrayıb.

Belə cəhdlərə bizim dövrümüzdə də, həmçinin sülhyaratma prosesi kontekstində də  şahidlik edirik. Götürək elə son prosesləri. Bir qədər bundan əvvəl Ermənistan və onun Qərb müttəfiqləri fəallaşmışdılar. Onlar məqsədli şəkildə dövriyyəyə Azərbaycanla Türkiyə arasında soyuqluq yarandığı barədə feyk xəbərlər buraxırdılar. Bədxahlarımız hətta Prezident Rəcəb Tayyib Ərdoğanın  Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada baş tutan qeyri-formal Zirvə görüşünə obyektiv səbəblər üzündən qatılmamasını belə Türkiyənin Azərbaycana olan incikliyi müstəvisində təqdim edirdilər. Bundan sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi aktuallaşdırıldı. Elə təsəvvür formalaşdırmağa çalışırdılar ki, guya rəsmi Ankara cəmi bir neçə gün ərzində öz sərhədlərini ermənilərin üzünə taybatay açacaq. Məkrli hiylə ortadadır. Ermənilər və bəlli mərkəzlər yaxşı anlayırlar ki, nə qədər ki, Azərbaycan və Türkiyə bir yerdədirlər, onlar heç bir məqsədlərinə çatmayacaqlar. Buna görə də ortaya şübhə toxumları səpmək, inamsızlıq yaratmaq istəyirlər. Onlar hər vəchlə sərhədlərin açılması məsələsini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən ayırmağa nail olmaq istəyirlər. Bu, Azərbaycanın və Türkiyənin mövqelərini zəiflədər, ermənilərin əlini gücləndirərdi. Ancaq qardaş ölkənin yüksək səviyyəli rəsmiləri, o cümlədən də  xarici işlər naziri Hakan Fidan sərhədlərin açılmasının Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesindən kənarda mümkün olmayacağı məzmunlu açıqlama verməklə bədxahlarımızın xəyallarını yenidən sulara qərq etdi. Həmin tezisi Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Ermənistanın və bu ölkənin havadarlarının diqqətinə çatdırıb. Rəsmi İrəvan Türkiyə ilə sərhədlərinin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla sülhyaratma prosesində səmimi mövqedən çıxış etməli və ölkəmizin şərtlərini yerinə yetirməlidir. N.Paşinyan və onun komandası anlamalıdır ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından bilavasitə asılıdır.

BRICS və ASEAN-a gedən yol...

Jurnalistlərlə söhbətində Ərdoğan daha sonra Ankaranın BRICS və ASEAN kimi təşkilatlara ölkəsinin mümkün daxil olması mövzusunu şərh edib. Türkiyə liderinin sözlərinə görə, BRICS və ASEAN platformaları Türkiyəyə iqtisadi əməkdaşlığı gücləndirmək üçün imkanlar açır.

Məlumdur ki, Türkiyə qeyd olunan platformalarla əməkdaşlığı genişləndirmək niyyətindədir. Uzun illər ərzində Avropa İttifaqının qapıları üzünə bağlı saxlanılan Türkiyə BRICS-a üzvlüklə bağlı müraciət ünvanlayıb. BRICS  (BRICS - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının baş hərflərinin abreviaturasıdır) dövlətlərarası assosiasiya kimi qurulub. Təşkilat sürətlə inkişaf edən ölkələr qrupu kimi səciyyələndirilir. Tərkibində doqquz dövləti - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, BƏƏ, İran, Misir və Efiopiyanı birləşdirən təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan, Çin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb.

BRICS ölkələri arasında ikitərəfli münasibətlər siyasi kurslara qarışmamaq şərti ilə bərabərlik və qarşılıqlı fayda əsasında qurulub. Təşkilatın təsisçilərindən olan Rusiya, Çin, Hindistan və Braziliya əhali, ərazi və ÜDM baxımından dünyanın on ən böyük ölkəsi sırasındadır. BRİCS ölkələrinin ümumi sahəsi 45,726,508 km və ümumi əhalisi təqribən 3,41 milyard nəfər təşkil edir - bu isə dünya quru səthinin təxminən 26,7 faizidir. Təşkilatın genişlənmə siyasəti açıqdır. O cümlədən qurumun Türkiyənin müraciətinə “hə” cavabı verəcəyinə böyük əminlik var.  “Ankaranın bu cür strukturlara daxil olması NATO-dan imtina demək deyil”, - deyə Türkiyənin dövlət başçısı əmin edib və vurğulayıb ki, Ankaranın yeni beynəlxalq təşkilatlarla dialoqundan bütün region faydalanacaq”

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31