Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb

31.05.2025 [10:56]

85 deputatın müraciəti əsasında növbədənkənar sessiya keçiriləcək

Mayın 30-da Milli Məclisin yaz sessiyasının son  iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib. Spiker Sahibə Qafarova çıxış edərək 28 May Müstəqillik Günündə Laçın şəhərində keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır: “Hesab edirəm ki, strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini göstərən son dərəcə önəmli hadisədir”.

Spiker: Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu

Onun sözlərinə görə, hava limanının açılışında qardaş Türkiyə Cümhuriyyətinin rəhbərinin iştirakı Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji müttəfiqlik əlaqələrinin sarsılmazlığını bir daha nümayiş etdirdi. “Müstəqillik Günündə Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü də keçirildi. Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu. İnamla söyləmək olar ki, Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaq”, - deyə S.Qafarova vurğulayıb.

Millət vəkilləri cari məsələlərlə bağlı çıxış etdikdən sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı” dinlənilib. Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. Bildirib ki, məlumat 3 bölmədən, 240 səhifədən ibarət olmaqla 62 dövlət orqanı, 76 yerli icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyaları əhatə etməklə Dövlət Statistika Komitəsinin və digər dövlət orqanlarının məlumatlarına əsaslanıb. Hər il müvafiq dövlət qurumlarının fəaliyyətinin genişləndiyi və hesabatlılıq səviyyəsinin  artması səbəbindən 2024-cü il üzrə nəticələr daha əhatəli və geniş tərtib olunub. 2023-cü ildən fərqli olaraq məlumata gender büdcəsi, gender bərabərliyinin tədrisi, COP29, gender məsələləri üzrə məsul şəxlərin fəaliyyətləri, qızların təhsilinə dəstək layihələri və azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı yeni hissələr daxil edilib.

Bahar Muradova: Nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyib

B.Muradova qeyd edib ki, erkən evlilik və məişət zorakılığı ilə bağlı cinayət və inzibati məsuliyyəti nəzərdə tutulan subyektlərin dairəsi genişləndirilib. Ümumi bioloji baba və nənəsi olan qohumlar arasında nikahın bağlanması qadağan edilib, qısamüddətli mühafizə orderinin müddəti artırılıb və onun verilməsi icbari  olub. Zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın göstərilməsi qaydası təsdiq edilib, məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə mexanizmi yaradılıb. Məlumatda gender bərabərliyi mədəniyyətinin təbliği sahəsində əlaqədar dövlət orqanları, müvafiq institusional mexanizmlər, QHT və media qurumlarının ilbəil genişlənən və sistemli xarakter alan fəaliyyəti də əksini tapır.

Vurğulanıb ki, Daxili İşlər Nazirliyinə məişət zəminində baş verən insidentlərə dair daxil olmuş müraciətlərin, o cümlədən  cinayət hadisələrinin sayı azalıb: “Bu isə ilk növbədə müdafiə mexanizmlərinin fəaliyyətinin koordinasiya edilməsi və  güclənməsindən xəbər verir. Ötən il zərər çəkmiş şəxslərə 325-i qısamüddətli, 34-ü uzunmüddətli olmaqla ümumilikdə 359 mühafizə orderi icraatda olub. Onlardan 338-i qadınlara, 21-i isə kişilərə verilib. Bundan əlavə, 2023-cü illə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb. Belə ki,  nikaha daxilolma 49 min 508,  boşanma isə 21 min 384 olub”.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, illik məlumatda idarəetmə və qərar qəbuletmə sahəsində qadınların iştirakçılığının artması ilə bağlı göstəricilər əks olunub. O, ölkədə əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işlərin görüldüyünü, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edildiyini, həmçinin gender əsaslı və məişət zorakılığının aradan qaldırılması, zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsi üçün lazımi normativ-hüquqi aktların qəbul olunduğunu qeyd edib.

İclasda “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq olunması məsələsinə baxılıb və müzakirələrdən sonra sənəd təsdiqlənib.

Yaz sessiyasında 14 iclas keçirilib, 65 qanun qəbul olunub

Yaz sessiyasına yekun vuran spiker  Sahibə Qafarova bildirib ki, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 85 deputat növbədənkənar sessiyanın çağırılması üçün müraciət edib. Müraciətə əsasən iyun ayında növbədənkənar sessiya keçiriləcək.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Sosial

“Tanrı adam”lar

13 İyun 08:14  

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Qurtuluş tariximiz

12 İyun 15:44

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30