Tarixdən gələcəyə
23.10.2025 [11:20]
5-ci Tbilisi İpək Yolu Forumunda Azərbaycanın regional kommunikasiyaların inkişafında mühüm rolu xüsusi vurğulanıb
Hazırkı mürəkkəb geosiyasi və geoiqtisadi reallıqlar fonunda Azərbaycan Avrasiyada mühüm nəqliyyat-logistika hablarından biri qismində çıxış edir. Ölkəmizə üstünlük qazandıran çoxsaylı amillər sadalamaq mümkündür. Burada respublikamızdakı uzunmüddətli möhkəm daxili sabitliyi, cəmiyyətin tolerantlığını, beynəlxalq standartlara uyğun hüquqi bazanın formalaşdırılmasını, tranzit daşımaları baxımından ölkənin əlverişli coğrafi mövqeyini və əlbəttə ki, aparılan məqsədyönlü siyasəti xüsusi qeyd edə bilərik. Azərbaycan davamlı olaraq öz ərazisindən keçən Şimal-Cənub, Şərq-Qərb marşrutlarının, Orta Dəhlizin inkişafına töhfələr verir, ikitərəfli və çoxtərəfli platformalarda yüksək fəaallıq göstərməklə iştirakçı dövlətlərlə əməkdaşlıq əlaqələrini genişləndirir. Elə bu günlərdə Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın ev sahibliyi ilə “Bağlantıya sərmayə qoyun - sabitlikdə böyümək” mövzusunda keçirilən V Tbilisi İpək Yolu Forumuna qatılıb. Baş nazir tədbirdəki çıxışında regional kommunikasiyaların inkişaf prespektivlərindən bəhs etməklə ölkəmizin bu sahədəki roluna diqqət çəkib.
Tarixi İpək Yolunun bərpasına Azərbaycanın həssas yanaşması
Forumda bildirildiyi kimi, Tarixi İpək Yolu qitələr arasında ticarət və mədəni əlaqələrin formalaşmasında böyük rol oynayıb. Bu gün Orta Dəhliz həmin marşrutun müasir davamı olaraq Avropa ilə Asiyanı etibarlı və səmərəli əlaqə ilə birləşdirir.
Tarixi İpək Yolunun üstündə yerləşən Azərbaycan müstəqilliyinin ilk illərindən bu marşrutun bərpasına həssas yanaşma sərgiləyir. Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının (Aİ) TRASEKA proqramı əsasında “Avropa - Qafqaz - Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı baş tutub.
Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Respublikamız Orta Dəhlizin təşviqi məqsədi ilə dəhliz boyu ölkələrlə sıx əməkdaşlıq həyata keçirir. Qeyd edək ki, 2022-ci il noyabrın 22-də Azərbaycan, Qazaxıstan və Türkiyə arasında “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illəri əhatə edən Yol Xəritəsi imzalanıb. 2024-cü il iyulun 3-də qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu sənəd hər iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığını dərinləşdirərək Orta Dəhliz üzrə ticarət axınlarının artırılmasına, infrastruktur layihələrinin reallaşdırılmasına və iqtisadi əlaqələrin gücləndirilməsinə şərait yaradır.
Respublikamızın yaratdığı vacib nəqliyyat infrastrukturu
Tarixi İpək Yolunun davamı olan Transxəzər marşrutu (Orta Dəhliz) Çin Xalq Respublikasını Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə vasitəsilə Avropa İttifaqı ilə birləşdirən və Şimal marşrutuna (Çin-Qazaxıstan-Rusiya-Belarus-Avropa), eləcə də Süveyş Kanalı vasitəsilə dəniz yoluna alternativ olan multimodal nəqliyyat dəhlizidir. Orta Dəhliz əsas etibarilə dəmir yolundan (4256 km) və dənizdən keçən hissədən (508 km) ibarətdir və Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstandan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstanadək davam edir. Gürcüstandan isə bu dəhliz iki istiqamətdə Türkiyə vasitəsilə Avropaya, Qara dəniz vasitəsilə isə Ukrayna, Rumıniya və Bolqarıstana uzanır.
Məhz respublikamızın fəallığının, davamlı təşviq siyasətinin nəticəsidir ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər dövlətlər Orta Dəhlizin inkişafını hədəfləyən platformalarda birləşiblər. Bu platformalar çərçivəsində uzlaşdırılmış fəaliyyətlər Orta Dəhlizin cəlbediciliyinin artmasına güclü impuls verir. 2023-cü il noyabrın 23-də təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Plan”ı ölkəmizin tranzit potensialından daha səmərəli istifadəyə imkanlar yaradır. Orta Dəhliz üzrə yükdaşımaların artması məqsədilə yüklərin həm dəmir yolları, həm də avtomobil yolları ilə sürətli və səmərəli şəkildə daşınması təmin edilir.
Azərbaycanın Orta Dəhlizin inkişaf etdirlməsinə verdiyi töhfələrdən bəhs edərkən iki layihənin önəmini ayrıca qeyd etmək lazımdır. Bunlardan biri 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn BTQ region ölkələrinin tranzit potensialının artmasına yeni imkanlar yaradıb. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirlməsi layihəsi ötən il tamamlanıb. Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Güclü dövlət olan Azərbaycan həmçinin liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Bu liman hazırda dünyada mövcud olan ən yüksək standartlar səviyyəsində inşa olunub. Yeni liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Hazırda Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır.
Azərbaycan Transxəzər marşrrutunun inkişaf etdirlməsi məqsədilə, həmçinin qonşu dövləttlərlə, o cümlədən də Gürcüstanla sıx əməkdaşlıq şəraitində birgə layihələrin həyata keçirlməsində fəal iştirak edir. Əli Əsədov bildirib ki, bu istiqamətdə səylərimizi birləşdirərək, dəhliz boyunca infrastrukturun genişləndirilməsi, keçid proseslərinin sadələşdirilməsi və tranzit imkanlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atırıq. Baş nazirinn sözlərinə görə, liman və logistika mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqi kimi layihələr bu əməkdaşlığın bariz nümunələridir. “Görülən tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90 faiz artıb ki, bu da onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti 15 günə enməklə əhəmiyyətli dərəcədə azalıb”, - deyə Əli Əsədov vurğulayıb.
Yeni layihələrin icrası
Azərbaycanın Transxəzər marşrutunun perspektiv inkişafı ilə bağlı planları da böyükdür. Bu məqsədlə həm ölkə ərazisində, həm də qonşu dövlətlərlə əməkdaşlıq şəraitində yeni layihələr həyata keçirilir. Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılan Ələt Azad İqtisadi Zonası (AFEZ) belə layihələrdən biridir.
AFEZ Azərbaycanın Avropa-Asiya logistika zəncirlərində aparıcı rolunu gücləndirir. Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu əsasda milli iqtisadiyyatın dayanıqlı inkişafına və ölkədə məşğulluğun artmasına töhfə verməkdir. Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməllərindəndir. Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. 2023-cü il iyunun 9-da isə dövlətimizin başçısının iştirakı ilə Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılışı baş tutub.
Azərbaycan daim nəqliyyat bağlantılarının şaxələndirlməsi mövqeyindən çıxış edir. Bunun təsdiqi olaraq Prezident İlham Əliyevin təşəbbüsləri və səyləri sayəsində Orta Dəhlizin qolları yaradılır. Transxəzər marşrutunun Bakı-Tbilisi istiqaməti funksionaldır və daşımalar getdikcə artır. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində Transxəzər marşrutunun yeni qolu olacaq Zəngəzur Dəhlizi (Tramp marşrutu) yaradılacaq. Daha bir istiqamət isə İran ərazisindən keçməklə Naxçıvana uzanan Araz Dəhlizi olacaq. Yeni marşrrutun yaradılması ilə əlaqədar 2022-ci il martın 11-də “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. Həmin Anlaşma Memorandumu çərçivəsində 2023-cü il oktyabrın 6-da Zəngilanda avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.
Eyni zamanda, Orta Dəhlizin yeni bir qolu olan Bakı-Naxçıvan-Qars dəmir yolu etibarlı ticarət marşrutu kimi regional əməkdaşlığın dərinləşməsinə və həyat şəraitinin yüksəlməsinə xidmət edəcək. 2023-cü il sentyabrın 25-də Azərbaycan Respublikası və Türkiyə Respublikası dövlət başçılarının iştirakı ilə keçirilən görüş zamanı Qars-Naxçıvan yeni dəmir yolu xəttinin tikintisinə dair Niyyət Protokolu imzalanıb. Tikilməsi nəzərdə tutulan 224 kilometr uzunluqda dəmir yolu xəttinin Türkiyə tərəfindən 5 il ərzində istifadəyə verilməsi planlaşdırılır. Həmin dəmir yolu xətti həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantı, həm də yüklərin Avropaya daşınması istiqamətində tarixi əhəmiyyətli infrastruktur olacaq.
Tranzit daşımaları üçün vahid tarif tətbiq ediləcək
Transxəzər marşrutunun inkişafı və cəlbediciliyinin artırılması üçün iştirakçı dövlətlərin fəaliyyətlərinin uzlaşdırılması çox vacibdir. Baş naziriin sözlərinə görə, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində vahid tarif siyasətinin formalaşdırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, multimodal daşımaların təşviqi istiqamətində mühüm addımlar atılır: “Bunun təsdiqi olaraq bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarifin tətbiqinə dair razılıq əldə ediblər”, - deyə Əli Əsədov bildirib. O qeyd edib ki, tərəflər liman, dəmir yolu və logistika infrastrukturunun təkmilləşdirilməsi, mövcud darboğazların aradan qaldırılması, rəqəmsallaşdırmanın genişləndirilməsi və dəhlizin ötürücülük qabiliyyətinin artırılması üçün birgə addımlar atmağa razılaşıblar. “Əminik ki, birgə səylərimiz regionun nəqliyyat və logistika potensialının tam reallaşdırılmasına, ticarət dövriyyəsinin və investisiya axınının artmasına, habelə Avrasiya məkanında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək”, - deyə Baş nazir əlavə edib.
Yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək
Cari il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında mühüm razılaşmalar əldə olunub. Bu razılaşmaların mühüm müddəalarından biri Zəngəzur Dəhlizinin (Tramp marşrutunun) yaraddılmasını və ölkəmizin əsas hissəsi ilə blokada şəraaitində olan Naxçıvan arasında maneəsiz bağlantı yaradılmasını əhatə edir. Baş nazir Forumdakı çıxışında Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilmiş razılaşmaların regionda davamlı əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.
Baş nazir əminliklə bildirib ki, avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək. Azərbaycanın regionda əməkdaşlığın və etimad mühitinin bərpasına sadiqliyini diqqətə çatdıran Baş nazir vurğulayıb: “Azərbaycan tərəfi Ermənistan istiqamətində yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırmaqla bu istiqamətdə mühüm töhfə verib. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bu baxımdan atılmış ilk praktiki addımdır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu, sülhün artıq yalnız sənədlərdə deyil, real həyatda da tətbiq olunduğunu göstərir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 23:30

YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15
