Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır

Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır

25.10.2013 [11:53]

Prezident İlham Əliyev: Hesab edirəm ki, növbəti illərdə biz ordu quruculuğu istiqamətində daha da böyük addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik
Oktyabrın 9-da keçirilən prezident seçkilərində xalqımız növbəti dəfə dövlət başçısı İlham Əliyevə səs verdi. Əlbəttə ki, Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə inamlı qələbəsinin kökündə məhz ötən 10 ildə Azərbaycanda həyata keçirilən siyasət, görülən işlər və əzəmətli nailiyyətlər dayanır. Və xalqımız növbəti dəfə dövlət başçısı İlham Əliyevə səs verməklə, özünün işıqlı gələcəyinin təminatına səs verdi. Bu, eyni zamanda, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyilə qarşıdakı dövrdə də ötən illərdə həyata keçirilən siyasət davam etdiriləcək və həmin siyasət ölkəmizə daha böyük uğurlar qazandıracaq. Bunu oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqində də aydın görmək olar. Xatırladaq ki, dövlət başçısı xalqa müraciətində Ona etimad göstərərək yenidən Prezident vəzifəsinə seçən vətəndaşlara minnətdarlığını bildirib və bundan sonra da xalqına ləyaqətlə xidmət edəcəyinə, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyinə söz verib, həmçinin, konkret hədəflərini açıqlayıb. Azərbaycanın xarici siyasətinin prioritet istiqamətinin sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan nə qədər güclü olarsa, bu məsələ bir o qədər də tez öz həllini tapar: “Bu məqsədlə, Azərbaycanda həm iqtisadi islahatlar, eyni zamanda, ordu quruculuğu son 10 il ərzində böyük templərlə aparılmışdır. Hərbi büdcəmiz 20 dəfədən çox artmışdır. Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır. Son on il ərzində alınmış silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasındakı hərbi balansı artıq pozmuşdur. Bizim üstünlüyümüz dəfələrlə ölçülür. Eyni zamanda, Azərbaycanda son 10 il ərzində əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradılmışdır. Bu gün onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbitəyinatlı məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı azaldırıq. Hesab edirəm ki, növbəti illərdə biz ordu quruculuğu istiqamətində daha da böyük addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Əminəm ki, bu amillər, diplomatik səylər və ümid edirəm ki, böyük dövlətlərin bu məsələyə münasibəti problemin həllinə gətirib çıxaracaqdır. Bir daha demək istəyirəm, məndə zərrə qədər şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məsələ ondadır ki, biz bunu tezliklə həll etmək istəyirik. Əlbəttə ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri üzərində öz həllini tapmalıdır”.
Məlum olduğu kimi, bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın artan iqtisadi imkanları ölkəmizdə ordu quruculuğu istiqamətində və müdafiə sənayesi sektorunda davamlı layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli baza formalaşdırıb. Bu isə son illərdə hərbi və müdafiə sənayesi sektorunda genişmiqyaslı kompleks islahatların həyata keçirilməsi, sahənin dinamik inkişafı üçün əlverişli imkanlar yaradıb.
Xüsusilə, torpaqlarımızın 20 faizinin işğal altında olması faktı ölkəmizin təhlükəsizliyinin təminatı kimi güclü milli ordunun mövcudluğunu zəruri edir. Beləliklə, ordu quruculuğu prosesinin dövlət başçısı səviyyəsində prioritet məsələ elan olunması ölkənin milli maraqlarının təmin edilməsi baxımından, kifayət qədər önəmli əhəmiyyət daşıyır. Qeyd edək ki, Azərbaycanın güclü silahlı qüvvələrə malik olması öz növbəsində ölkənin ərazi bütövlüyünün dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün də mühüm amildir.
Təbii ki, istənilən ölkədə milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi ilk növbədə Milli Ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Və müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin, həmçinin, əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Bu məqamda vurğulamaq yerinə düşər ki, məhz müstəqillik dövründə hərbi sahədə həyata keçirilən köklü islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Respublikamızda bu il və ondan öncə baş tutan hərbi paradlar da bir daha bunu sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Təsadüfi deyil ki, bu gün beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və ən müasir strukturu sayılır.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycanın iqtisadi imkanları artdıqca, onun hərbi sistemi də paralel surətdə güclənir. Yəni, ilbəil dövlətin ölkədə hərbi sahənin inkişafına ayırdığı vəsaitin həcmi də artırılır. Belə ki, son 8 ildə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcmi 25 dəfəyə yaxın artırılıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə hərbi sahəyə büdcədən 135 milyon dollar ayrıldığı halda, 2011-ci ildə bu rəqəm 3 milyar 413 milyon olub. 2012-ci ildə orduya aid xərclərin əvvəlki illə müqayisədə bir qədər də artırılması, daha dəqiq desək, 3 milyard 474 milyon dollara çatdırılması müvafiq istiqamətdə əldə olunan uğurların miqyasını, heç şübhəsiz, daha da genişləndirib. Cari ildə hərbi sahəyə ayrılan vəsaitin həcmi isə 4 milyard manata yaxındır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev daha öncə bəyan etmişdi ki, Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsindən daha artıq olması təmin ediləcək və artıq buna nail olunub. Məsələn, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın hərbi xərcləri ölkəmizin 2013-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 4,3 dəfə azdır. Bu il Ermənistanın hərbi büdcəsi 451 milyon dollar civarında nəzərdə tutulub. Azərbaycanın 2013-cü il dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə Silahlı Qüvvələrə, təhlükəsizlik qüvvələrinə və hərbi sənaye sahəsinə bilavasitə 1 milyard 528 milyon 582 min manat (1 milyard 947 milyon 238 min dollar) vəsait ayrılıb. Bundan başqa, Azərbaycanda minalanmış ərazilərin təmizlənməsi üçünsə büdcədən 8180600 manat (10432572 dollar) ayrılması müəyyənləşdirilib.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti dövlət büdcəsindən bu il ümumilikdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, imkanlarının artırılması üçün 2 milyard 910 milyon 656 min manat (3,7 milyard dollar) ayırıb. Bura əlavə investisiyalar, Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidmətinə (XDMX) ayrılan vəsaitlər də daxildir.
Məlum olduğu kimi, son illər dövlət büdcəsindən orduya ayrılan vəsaitin davamlı şəkildə artırılması hərbi qulluqçuların sosial problemlərinin həllinə də müsbət təsir göstərib. Məsələn, 2010-cu ildə ölkə başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” imzaladığı Sərəncama əsasən, xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikintisinə 5 milyon manat vəsait ayrılıb. Dövlət başçısının həmin il imzaladığı digər Sərəncamla isə Müdafiə Nazirliyi, o cümlədən, digər güc strukturlarında çalışan hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb. Sadalanan məsələlər dövlət rəhbərliyi səviyyəsində təkcə 1 il ərzində ordu quruculuğu ilə bağlı həyata keçirilən mühüm tədbirlərin yalnız müəyyən hissəsidir. Onu da qeyd edək ki, dövlət başçısının şəxsi tapşırığı ilə 2011-ci ildə milli ordunun 43 hərbi şəhərciyində tikinti-bərpa və yenidənqurma işləri aparılıb, müxtəlif hərbi şəhərciklərdə xidməti yaşayış binaları tikilərək zabit və gizirlərin ailələrinə paylanılıb.
Sadalanan məsələlərə paralel olaraq milli ordunun maddi-texniki bazasının yerli məhsul hesabına genişləndirilməsi də daim diqqət mərkəzindədir. Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi Azərbaycanda güclü hərbi sənaye kompleksinin bazasının daha da möhkəmlənməsinə səbəb olub. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ilin 16 dekabrında yaradılan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən qısa müddət ərzində ölkədə 42 istehsal sahəsi yaradılıb. 2013-cü ilin birinci yarısında isə nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86,4 faizini müdafiə və xüsusi təyinatlı, 13,6 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb.
2013-cü ilin İstehsal Proqramına uyğun olaraq, nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılıb. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 11 mövzu üzrə elmi tədqiqat və və təcrübi konstruktor işləri uğurla davam etdirilir.
Cari ildə Prezident İlham Əliyevin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2 yeni istehsal sahəsinin - “Şərq” İstehsalat Birliyinin “Telemexanika” zavodunda iriçaplı patronların istehsalı və “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzlərinin açılışları olub. 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan digər yeni istehsal sahələrində isə son tamamlanma işləri aparılır.
Vurğulamaq lazımdır ki, ilk dəfə 2009-cu ildə beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirlyi cari ilin may ayında Türkiyədə keçirilən “İDEF-2013” sərgisində 130 adda məmulatla təmsil olunub. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahları, mühəndis texnikasının və s. adını çəkmək olar. Ötən sərgilərdə olduğu kimi, “İDEF-2013” sərgisində də nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.
Eyni zamanda, Azərbaycanda silah və texnikaları sınaqdan keçirmək üçün Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ən müasir Sınaq Mərkəzi yaradılır. Sınaq-test mərkəzində yerli istehsal olan silahlar, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar yoxlamalardan keçiriləcək, Mərkəzin ən müasir texnologiyalarla təchiz olunmuş laboratoriyasında dəqiq diaqnozlar qoyulacaq. Digər mühüm məqam isə ondan ibarətdir ki, NATO standartlarına cavab verən mərkəzdə gələcəkdə müraciət əsasında digər dövlətlərə məxsus şirkətlər də öz məhsullarının testlərini apara biləcəklər.
Beynəlxalq əməkdaşlığa önəm verilən ordumuzda tədrisin NATO standartları səviyyəsinə çatdırılması da artıq öz bəhrəsini verir. Azərbaycan dünyanın ən böyük hərbi strukturu sayılan NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi kimi 2 böyük proqram üzrə ciddi əməkdaşlıq edir. Dövlət tərəfindən 30-dan çox ölkə ilə hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş və memorondumlar, o cümlədən, müxtəlif əsas sənədlər imzalanıb, bir o qədər də ölkə ilə analoji sazişin imzalanması istiqamətində layihələrin müzakirəsi aparılır.
Beləliklə, deyilənlər, eləcə də, Bakıda Azadlıq Meydanında keçirilən Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad bir daha təsdiq etdi ki, Azərbaycan Silahlı Qüvvələri son 10 ildə inkişaf edib və göstəricilərinə görə keçmiş Sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordularından biridir.
SEVİNC

Paylaş:
Baxılıb: 1153 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31