Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Ceyms Uorlik problemin mahiyyətinə uyğun açıqlamalar verməlidir”

“Ceyms Uorlik problemin mahiyyətinə uyğun açıqlamalar verməlidir”

02.05.2014 [09:21]

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi - ABŞ, Fransa və Rusiyanın razılığa gəlməsi çox vacibdir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Urolikin şəxsi “Twitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı twittlər atmasına münasibət bildirərkən deyib.
YAP İcra katibinin müavini deyib ki, münaqişənin həll olunması üçün işğalçı Ermənistana beynəlxalq təşkilatlar kollektiv şəkildə basqı etməlidirlər: “Eyni zamanda, fərdi qaydada ayrı-ayrı ölkələr də Ermənistana qarşı sanksiyalar tətbiq etməlidirlər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dəfələrlə münaqişə ilə bağlı müxtəlif açıqlamalar verib. O, açıqlamaları ilə belə təəssürat yaratmaq istəyir ki, münaqişənin həlli üçün ABŞ, xüsusilə Ceyms Uorlik çox böyük işlər görmək istəyir. Əlbəttə, böyük işlər görmək istəyirlərsə, biz bunu alqışlayırıq. Biz işğal olunmuş ərazilərimizin azad edilməsi üçün atılan hər addımı dəstəkləyir və buna görə də, həmin ölkələrə, onların diplomatlarına həmişə öz xoş münasibətimizi bildiririk”.
M.Qurbanlı əlavə edib ki, bəzən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirilən fikirlər ümumi mənzərəni əhatə etmir: “ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ və onun bu məsələ üzrə səlahiyyətli nümayəndəsi Ceyms Uorlik problemlə əlaqədar məsələləri dərinliyinə qədər mənimsəməli və bu problemin mahiyyətinə uyğun açıqlamalar verməlidirlər. Mən onun bəzi açıqlamalarına xüsusi diqqət yetirmişəm. Bəzən Ceyms Uorlik Dağlıq Qarabağ problemini başqa münaqişələrlə ya müqayisə edib, ya da həlli yolunu digər münaqişələrin həlli istiqamətində göstərməyə çalışıb. Təbii ki, biz bəzən müqayisələrin qüsurlu olduğunu nəzərə alaraq razılaşmamışıq. İndiki şəraitdə onun twitində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ABŞ-ın fəallığı ilə bağlı söylədiyi fikirlər praktikada özünü göstərmir. Bizə nəzəriyyə yox, praktika, əməli addım lazımdır. Əməli addım isə ABŞ-ın Ermənistana açıq sanksiyalarının tətbiq olunmasıdır. Necə ki bu gün ABŞ Ukrayna hadisələri ilə bağlı addımlar atır, həmin addımları Ermənistana qarşı da atmalı idi, atmayıbsa da, indi atmalıdır. Çünki ortada təcavüz, ərazi işğalı var. ABŞ-ın bu cür ikili yanaşması bəzən onların diplomatlarının dediklərinin səmimiliyinə də şübhə yaradır və ictimai rəydə suallar doğurur. Hətta sosial şəbəkələrdə onların açıqlamaları ilə bağlı gənclərimizin haqlı suallarına da rast gəlirik”.
YAP İcra katibinin müavini hesab edir ki, diplomat olaraq Ceyms Uorlik problemi daha dərindən mənimsəyərək real addımlar atılması istiqamətində fəallığını gücləndirsə, məqsədəuyğun olardı.

Paylaş:
Baxılıb: 718 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31