Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezidentin çıxışı: sülh və ədalətə növbəti çağırış

Prezidentin çıxışı: sülh və ədalətə növbəti çağırış

08.07.2014 [10:31]

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Azərbaycanın dövlət başçısı İlham Əliyev nitq söyləyib. Prezident çıxışında regional və qlobal geosiyasət üçün aktual olan bir sıra məqamlara toxunub. O cümlədən, beynəlxalq hüququn normaları və prinsiplərinə əməl edilməsi zərurətini bir daha ortaya qoyub. Münaqişələrin həllinə məhz bu aspektdə yanaşmağı doğru hesab edən İlham Əliyev dünya ictimaiyyətinin diqqətini BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin indiyə qədər həyata keçirilməməsinə yönəldib. Azərbaycan rəhbəri yaranmış vəziyyətdən çıxış yollarını da göstərib. Dövlət başçısı böyük diqqətlə dinlənilən nitqində Azərbaycanda demokratik təsisatların fəaliyyəti, dini etiqad azadlığının təmin edilməsi sahəsində görülən işlər, tolerantlıq haqqında fikirlər söyləyib, prezident seçkisinin nəticəsinin obyektivliyinə şübhə edənlərə qarşı tutarlı arqumentlər gətirib.
Diplomatiyanın uğuru: Avropa Şurası fəallaşmalıdır
Prezident İlham Əliyevin mötəbər beynəlxalq təşkilatda təmkinli, məntiqli, sakit və inamlı çıxışı iştirakçıların diqqətini çəkib. Hətta iclas zalına Azərbaycandan olan kiçik bir anti-azərbaycançı qrupun qəsdən gətirilməsi də dövlət başçısını özündən çıxarmayıb. AŞPA-nın sədri “xırda təxribatçı”ların zaldan çıxarılmasını tələb edəndə, İlham Əliyev sakitliyini pozmayıb. Bununla cənab Prezident sözün əsl mənasında demokratik siyasətçi, uzaqgörən dövlət başçısı və mahir diplomat olduğunu nümayiş etdirib.
Əslində, həmin gün AŞPA-nın gündəmində Azərbaycanın xarici siyasətdə növbəti uğurunu ifadə edən bir hadisə - Avropa Şurası Nazirlər Komitəsində sədrliyin Azərbaycana keçməsi yer almışdı. Bu, sıradan olan hadisə deyil. Çünki uzun illərdir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış problemləri ədalətli həll etmək istiqamətində beynəlxalq təşkilatlar lazımi qətiyyət nümayiş etdirmirlər. ATƏT-in Minsk qrupu zahirən fəallıq nümayiş etdirsə də, reallıqda heç bir konkret nəticə yoxdur. Həmsədrlər dəfələrlə regiona səfərlər edib, Azərbaycan və Ermənistan rəhbərliyi ilə müzakirələr aparıblar, lakin əldə edilən razılıqlar üzrə konkret addım atılmayıb. Beynəlxalq təşkilatlar (BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və s.) işğalçı ordunun Azərbaycan torpaqlarından çəkilməsi haqqında bir neçə sənəd qəbul ediblər, ancaq onların da heç birinə əməl olunmayıb.
Prezident İlham Əliyev bu reallıqlar haqqında sessiyada iştirak edənlərə açıq deyib. Dövlət başçısı ona verilən suala cavabında bildirib: “Onlar (erməni tərəfi nəzərdə tutulur - Newtimes.az) düşünürlər ki, bu məsələdə Minsk qrupunun formatı kifayətdir və onların fikrincə, bu vasitəçilik missiyasına alternativ yoxdur. Amma bu format hələlik heç bir nəticə vermir və Avropa Şurası bu məsələ ilə bağlı daha fəal işlər görməlidir”.
Azərbaycan rəhbərinin bu fikirlərinə beynəlxalq ictimaiyyət böyük diqqət yetirməlidir. Çünki danışıqların perspektivi ilə bağlı nikbinliyin yüksək olmaması qənaəti konkret faktlara əsaslanır. Deyək ki, BMT TŞ münaqişənin həlli haqqında 4 qətnamə çıxarıb, ancaq onların heç biri yerinə yetirilməyib. ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları bir neçə dəfə problemin həlli prinsiplərinə və yollarına aid bəyanatlar verib, lakin onlara Ermənistan tərəfi əməl etməyib, əməl etmək niyyəti də yoxdur.
Rəsmi İrəvanın şıltaqlığı isə hələ də davam edir. Ermənistan irəli sürülən heç bir konstruktiv təklifə ciddi yanaşmır. Dövlət başçısı İlham Əliyev son olaraq Özünün S.Sarkisyanla Vyanada görüşünü xatırladıb. Orada əldə edilən razılıq elementlərindən də indi İrəvan yayınır. Bu, nə deməkdir? İlham Əliyevin bu kontekstdə söylədiyi fikirlər beynəlxalq təşkilatlar üçün bir örnək olmalıdır.
Cənab Prezident AŞPA-nın sessiyasında deyib: “...biz yenə də Ermənistan prezidenti ilə ikitərəfli görüşlər aparırıq və son dəfə ötən ilin noyabrında Vyanada görüşmüşük. Bu görüşdən sonra hansısa optimist fikirlərə yol açılmışdı, biz də bu haqda Öz fikirlərimizi bildirirdik və bu istiqamətdə işlər aparırdıq. Lakin bu istiqamətdə o qədər də böyük addımlar atılmadı, sonra isə prosesin təxirə salınması baş verir. Beynəlxalq ictimaiyyətin fəal iştirakı olmadan hesab edirəm ki, Ermənistan yenə də indi etdiyi hərəkətləri davam etdirməyə cəhd göstərəcək”.
Problemin kökü buradadır. Ermənistan dəfələrlə sınaqdan keçirdiyi üsuldan indi də istifadə edir. İrəvan bilir ki, onun bu cür davranmasına beynəlxalq aləmdən elə bir etiraz olmayacaq. Bu səbəbdən İlham Əliyev xəbərdarlıq edir. Şübhə yoxdur ki, Azərbaycan AŞPA-nın Nazirlər Komitəsində sədrliyi dövründə həmin istiqamətdə fəaliyyətini daha da gücləndirəcək.
Dövlət başçısının ermənilərin işğal etdikləri ərazilərdə vəhşilik törətdiklərini və tarixi-mədəni abidələri məhv etdiklərini sessiya iştirakçılarının diqqətinə çatdırması bu mənada xüsusi əhəmiyyət kəsb edir. XX əsrin əvvəllərində tarixi Azərbaycan torpağı olan İrəvanın “Ermənistana paytaxt kimi verildiyini” ölkə Prezidenti vurğulayıb. Konkret deyilsə, işğal aktı o zamandan başlayıb. Əgər XX əsrin əvvəllərində Azərbaycanın tarixi torpaqlarında qondarma erməni dövləti yaranmasaydı, indi dünya Qarabağda erməni vəhşiliyinin şahidi olmazdı. “İkili standart” siyasətinin təməli həmin mərhələdə qoyulub.
İlham Əliyev: beynəlxalq hüquqa əməl edilməlidir
AŞPA-nın son sessiyasında da bu məqam özünü göstərib. Azərbaycan Prezidentinə “siyasi məhbuslarla” bağlı sual verilib. Dövlət başçısı dəqiq və arqumentli cavabı ilə bu cür sualların hansı məqsədə qulluq etdiyini deyib. İllərdir ki, Ermənistana qarşı heç bir tədbir görməyənlər Azərbaycanda hər addımda problem axtarmağa çalışır, o cümlədən, “siyasi məhbus” anlayışını istismar edirlər. Bunları Azərbaycan tərəfi yaxşı başa düşür.
İlham Əliyev bütün bunların arxasında hansı məqsədlərin durduğunu belə ifadə edib: “Bizim ölkəmizdə siyasi məhbus yoxdur. Sizin dedikləriniz yalan və əsassız məlumatlar üzərində qurulub, ya da bizim ölkəmizə qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Siz yenə də Azərbaycanı təhqir etmək niyyətindəsiniz, amma bu, uğursuz cəhddir... Bir daha təkrar edirəm, bizim ölkəmizə qarşı yönəlmiş həmlələr heç bir nəticə verməyəcək”.
Bütün bu ziddiyyətlər, ümumiyyətlə, münaqişələrin həllini, dövlətlərarası münasibətlərin inkişafını çətinliyə salır. Lakin vəziyyət heç də çıxılmaz deyil. Azərbaycan rəhbəri bununla bağlı konkret təklif də irəli sürüb. İlham Əliyev beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin yerinə yetirilməsi mexanizminin işlənib hazırlanmasının vacibliyini vurğulayıb. Burada xarici siyasətin mahiyyəti aspektində incə bir məqam vardır.
Azərbaycan sivil, demokratik qaydalara uyğun norma və prinsiplərə üstünlük verir. O, torpaqlarının beynəlxalq hüquq çərçivəsində işğaldan azad edilməsinə çalışır. Bu, Azərbaycanın sülhpərvər və ədalətli dövlət olduğunu bir daha təsdiqləyir. Məsələnin Ermənistan prezidentinin münaqişə haqqında yanlış təsəvvür yaratmaq cəhdi kontekstində də əhəmiyyəti çoxdur. S.Sarkisyan çıxışlarında bir tərəfdən, Azərbaycanın qeyri-sivil dövlət obrazını yaratmağa çalışır, digər tərəfdən isə, öz işğalçılıq siyasətini dini ziddiyyətlərlə əsaslandırmağa cəhd edir.
Guya müsəlmanlar xristian erməniləri sıxışdırır, onların hüquqlarını pozur, hətta onlara qarşı terror törədirlər. Burada Qərbdə bəzi dairələrin İslamın düşmən obrazını yaratmaq cəhdlərindən Ermənistan siyasətçilərinin faydalandığını unutmaq olmaz. Ermənilərin regionda vandalizminə qol-qanad verən məhz “ikili standart”lardır.
Bunların qarşılığında Azərbaycan beynəlxalq hüquq normaları və prinsiplərini önə çəkir. Həmin məqam Azərbaycanın daxili və xarici siyasətinin məzmununa tam uyğundur. Ölkədə demokratik təsisatlar tam gücü ilə fəaliyyət göstərir. Prezident İlham Əliyev AŞPA-da bu haqda geniş danışıb. İnsan hüquqlarının təmin edilməsi həyata keçirilir. Söz və mətbuat azadlığında heç bir problem yoxdur. Dövlət başçısı KİV-ə hansısa qadağaların tətbiq edilməsi barədə söhbətlərin absurd olduğunu bildirib. Çünki Azərbaycanda senzura çoxdan ləğv edilib.
Ölkədə hər bir vətəndaş mənsub olduğu dinə sərbəst qulluq edə bilir. Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar və digər ibadət yerləri də fəaliyyətdədir. Onlara daim dövlət qayğısı göstərilir. Hamıya Azərbaycanda yüksək səviyyədə tolerantlığın mövcud olduğu məlumdur. Burada heç kəs dini mənsubluğuna görə təqib edilə bilməz, sıxışdırılmaz. Ölkədə onminlərlə erməni sərbəst yaşayır.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycanda insanların sərbəst toplaşmaq hüququna tam əməl edilir. Prezident seçkisindən dərhal sonra müxalifətin mitinq keçirməsinə şəhərin mərkəzində icazə verildi. Orada çox az sayda insanların toplaşması seçkinin obyektivliyinin göstəricilərindən biri idi. İndi kimlərinsə AŞPA-da Azərbaycanda prezident seçkisində saxtalığa yol verilməsindən danışması tam əsassızdır. Çünki Avropa Şurası təmsilçilərinin özləri də həmin prosesin şəffaf, demokratik və ədalətli keçirildiyini verdikləri bəyanatda göstərmişdirlər.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidentinin AŞPA-nın son sessiyasındakı çıxışı tarixi xarakter daşıyır. Xarici siyasətdə irəliyə doğru növbəti iri addım atılıb. Bakı Avropa miqyasında sivil dövlət olduğunu sübut edir. Avropa İttifaqı ilə strateji tərəfdaşlıqla əlaqədar yeni saziş imzalayan Azərbaycan sistemli və düşünülmüş xarici siyasət yeritdiyini nümayiş etdirir. Cənubi Qafqaz dövlətlərinin geosiyasətdəki mövqelərinə nəzər saldıqda, yalnız Azərbaycanın mövqeyinin müasir tələblərə tam cavab verdiyini görə bilərik.
AŞPA-nın son sessiyasında ölkə Prezidentinin irəli sürdüyü fikirlər böyük dövlətlərin diqqətini cəlb edib. Rusiya Prezidenti V.Putin Avstriya səfəri öncəsi bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün çalışmağa hazırdır. Təbii ki, Avropa Şurası və Avropa İttifaqı ilə yanaşı, Rusiya kimi qüdrətli bir dövlətin də Azərbaycanla əməkdaşlığa bu cür maraq göstərməsi ciddi hadisədir. Məsələ bundadır ki, indi geosiyasi güclərin maraqlarını uyğunlaşdırmaq çox çətin məsələyə çevrilib. Rəsmi Bakının yeritdiyi xarici siyasət isə bu məqsədə nail olmağa imkan yaradıb.
Ölkə rəhbərliyinin Strasburqda əldə etdiyi diplomatik uğuru xalq, təbii ki, yüksək qiymətləndirir. AŞPA Nazirlər Komitəsində sədrliyi müddətində Azərbaycan atdığı addımlarla beynəlxalq nüfuzunu daha da yüksəldəcək. Eyni zamanda, Ermənistanın əsl simasını dünya ictimaiyyətinə növbəti dəfə açıb göstərəcək. Bunlar qələbəni addım-addım yaxınlaşdıran amillərdəndir.
Newtimes.az

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31