Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır

Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır

16.01.2020 [10:05]

Faktlar və reallıqlar ölkəmizin qüdrətini, işğalçı Ermənistanın isə acizliyini göstərir
Azərbaycan son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, milli gücünün artmasını təmin edib. Müasir çağırışlara və milli maraqlara cavab verən strateji kursun qanunauyğun nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib, Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib. Bütün bunlar yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Təsadüfi deyil ki, ABŞ-ın “U. S. News & World Report” jurnalının 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycan 45-ci yerdə qərarlaşıb.
Bütövlükdə, Azərbaycanın regionun lider ölkəsi kimi dayanıqlı və dinamik inkişafı beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əksini tapır və olduqca yüksək qiymətləndirilir. Ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan isə Azərbaycandan fərqli olaraq xaos və böhran məngənəsində olmaqla bütün sahələrdə tənəzzülə uğrayır. Eyni zamanda, işğalçı ölkənin regionda təcrid vəziyyəti daha da dərinləşir. Amma buna baxmayaraq, işğalçı ölkə rəhbərliyi belə bir absurd və gülünc iddia irəli sürür ki, guya Ermənistan Azərbaycanı bir çox göstəricilər üzrə qabaqlayır. Yeri gəlmişkən, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu məsələlər diqqət mərkəzində olub. Müşavirədəki nitqində “Son vaxtlar siz də bunu görürsünüz, Ermənistanın baş naziri öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə edir. Onun gəldiyi qənaətə görə, Ermənistan Azərbaycanı bir çox parametrlər üzrə qabaqlayır. Bəri başdan bildirirəm və bunu heç sübut etməyə ehtiyac yoxdur ki, belə bir fərziyyənin heç bir əsası yoxdur. Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır”, - deyən dövlətimizin başçısı İlham Əliyev konkret faktlar və reallıqları diqqətə çatdırıb.
Azərbaycan müstəqil siyasət yeridən güclü və nüfuzlu dövlət, Ermənistan isə forpost və işğalçı ölkədir
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu aktor, etibarlı tərəfdaş kimi tanınır. Ermənistan isə işğalçı - təcavüzkar siyasət yeridən, forpost dövlətdir. Təkcə bir nüansa diqqət yetirək: Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eləcə də 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Dövlətimizin başçısı sözügedən müşavirədəki nitqində bu məqamlarla bağlı bir sıra həqiqətləri ifadə edərək deyib: “...2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, bu, 9 il bundan əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi”.
Digər tərəfdən, Azərbaycan Ordusunun işğalçı ölkənin silahlı qüvvələrinin təxribat cəhdlərinin qarşısını alması, həmçinin işğalçılara layiqli zərbə vurması ölkəmizin üstünlüyünü göstərən növbəti faktdır. Bəllidir ki, 2016-cı ildə Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törətməsi nəticəsində vətəndaşlarımız, o cümlədən uşaqlar həlak olmuşdu. Buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirən Azərbaycan Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu, Azərbaycanın hərbi qələbəsi idi. 2018-ci ildə isə uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndi. Azad edilmiş bir neçə önəmli strateji yüksəklik imkan verir ki, Azərbaycan Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilsin. Bütün bu faktlar bir daha Azərbaycanın qüdrətini, Ermənistanın isə acizliyini göstərir. Yeri gəlmişkən, “Global Firepower 2019” hesabatına əsasən, dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdə qərarlaşıb.
İqtisadi, sosial və digər sahələrdə göstəricilər Azərbaycanın Ermənistan üzərində aşkar üstünlüyünü nümayiş etdirir
Bunlarla yanaşı, Azərbaycan sosial-iqtisadi inkişaf nəticələrinə, makroiqtisadi göstəricilərə görə də işğalçı Ermənistanı dəfələrlə üstələyir. Bəhs olunan müşavirədəki nitqində Prezident İlham Əliyevin açıqladığı konkret faktlar da bu reallığı ifadə edir. Belə ki, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard, Ermənistanda isə cəmi 13 milyarddır. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır.
Bunlarla yanaşı, valyuta ehtiyatlarına nəzər saldıqda da Azərbaycanın aşkar üstünlüyü nəzərə çarpır. Belə ki, bu göstərici Azərbaycanda 51 milyard dollar, Ermənistanda isə cəmi 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsində isə fərq 4,5 dəfədir. Belə ki, xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır. İxraca nəzər salaq: bu göstərici ölkəmizdə 19,6 milyard, Ermənistanda 2,4 milyarddır. Yəni fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır. Bunlarla yanaşı, ötən il Azərbaycana 13,5 milyard dollar sərmayə qoyulub, Ermənistana 900 milyon. Göründüyü kimi, fərq 15 dəfədir. Xarici dövlət borcuna gəldikdə isə bu göstərici Azərbaycanda 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.
Əməkhaqları və pensiyalara dair məlumatlar da Azərbaycanla Ermənistan arasında ölkəmizin lehinə olan böyük fərqi nümayiş etdirir. Təkcə bir faktı qeyd edək ki, 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat (425 dollar) Ermənistanda isə 369 dollar olub. Bununla yanaşı, minimum pensiyaya, minimum pensiyanın alıcılıq qabiliyyətinə, orta pensiyaya, orta pensiyanın alıcılıq qabiliyyətinə görə, eləcə də alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə göstəricilər Azərbaycanın üstünlüyünü əks etdirir. Bunlarla yanaşı, digər bir sıra faktlar da Azərbaycanın sosial-iqtisadi siyasətinin səmərəliliyini əks etdirir. Nəzər saldıqda bəlli olur ki, yoxsulluq səviyyəsi Azərbaycanda 4,8, Ermənistanda 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verildiyi halda, bu göstərici Ermənistanda sıfırdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır”.
Eyni zamanda, beynəlxalq hesabatlarda əks olunan məqamlar - konkret göstəricilər Ermənistanın Azərbaycanla rəqabət aparmaq iqtidarında olmadığını göstərir. Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına nəzər saldıqda iqtidarın uzunmüddətli strategiyasına, iqtidarın siyasi sabitliyi təmin etməsinə, məhkəmə azadlığına, polis orqanlarına etimada, yolların keyfiyyətinə, dəmir yolu xidmətlərinin səmərəliliyinə, hava yolları xidmətlərinin səmərəliliyinə, internet istifadəçilərinin sayına, yəni əhali üzrə payına görə əhali arasında rəqəmsal biliklər, eləcə də ümumi daxili məhsul, alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycanın aşkar üstünlüyü nəzərə çarpır.
Bunlarla yanaşı, Azərbaycan Avrasiyanın yeni nəqliyyat-kommunikasiya, enerji xəritəsini yaradır, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə regional, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə, əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən strateji layihələr reallaşdırılır. Ermənistanın isə regionda təcrid vəziyyəti dərinləşir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək”.
Bütövlükdə, sadalananlar dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanın yüksək nüfuzunu, sarsılmaz qüdrətini əks etdirir, eyni zamanda, Ermənistanın heç bir sahədə ölkəmizlə rəqabət aparmaq qabiliyyəti və imkanına malik olmadığını göstərir. Respublikamız möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir, işğalçı, forpost Ermənistan isə böhran və tənəzzül içində - çıxılmaz vəziyyətdədir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31