Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Brüssel səfərinin görünməyən tərəfləri

Brüssel səfərinin görünməyən tərəfləri

16.12.2021 [10:43]

Azərbaycanın növbəti nailiyyəti, Rusiyaya arxa çevirən Paşinyanın əli Qərbdən də üzüldü

Pərviz Sadayoğlu

Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr Azərbaycanın növbəti diplomatik nailiyyəti kimi yadda qaldı. Bununla yanaşı, səfərin görünən və görünməyən tərəfləri ekspertlər tərəfindən müzakirə predmetinə çevrilib.

Soçinin ardınca Brüsseldə də...

Səfərin birinci günündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə baş tutan görüş zamanı və görüşdən öncə Azərbaycanın dövlət başçısının qarşılanma mərasimi bir çox mətləblərdən xəbər verir. Bu gün Avropa İttifaqı Azərbaycana münasibətdə fərqli bir davranış sərgiləyir - Cənubi Qafqazda yeni siyasi reallıq yaradan dövlətlə kifayət qədər ehtiramla və ehtiyatla davranılır. Bunun təbii səbəbləri mövcuddur. Milli maraqlara hesablanmış siyasət yürüdən, hər hansı bir siyasi qarşıdurmada tərəf kimi çıxış etməyən, əksinə barışdırıcı mövqe tutaraq problemlərin həllinə əsaslı töhfələr verən Azərbaycan dövləti müsbət imicə malikdir. Avropa məkanı, beynəlxalq aləm ölkəmizi Cənubi Qafqazın lideri kimi qəbul edir. Aİ Şurasının Prezidenti Şarl Mişelin, NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana münasibəti bu ştrixləri özündə açıq şəkildə nümayiş etdirdi. Eləcə də NATO-nun Şimali Atlantika Şurasının iclasında Azərbaycan-NATO əlaqələri və praktiki müstəvidə əməkdaşlığın inkişafı ilə bağlı səslənən fikirlər ölkəmizin yeni dönəmdə beynəlxalq müstəvidə tutduğu yeri, nüfuzu göstərir.

Toxunulması vacib olan məsələlərdən biri NATO Baş katibinin Azərbaycan Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransı idi. Prezident İlham Əliyev bu dəfə NATO kürsüsündən Azərbaycanın şərtlərini bəyan və diktə etdi. Bütün Avropa qalib dövlətin başçısının fikirlərini maraqla dinlədi. NATO-nun Baş katibinin hər bir ifadəsində, fikrində Azərbaycanla əməkdaşlığın qurum üçün vacibliyi vurğulandı. Azərbaycan Soçinin ardınca Brüsseldə də qələbə triumfunun növbəti zəngini səsləndirdi.

Paşinyanın kartları açıldı

Brüssel görüşü bir maraqlı məqamı ilə də yadda qaldı. Bir müddət öncə Rusiya ilə Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə baş tutan üçtərəfli Soçi görüşündə Nikol Paşinyan yalnız məhdud, müzakirə mövzusu olmayan, bəyanatda yer almayan məsələlərlə bağlı qeyri-adekvat fikirləri ilə yadda qalmışdı. Bu, hətta Ermənistanın siyasi dairələrində belə ciddi şəkildə tənqid olunmuşdu. Bildirilmişdi ki, Ermənistanın baş naziri Soçi görüşü zamanı özünü “zəif tələbə” kimi aparıb və “imtahandan kəsilib”.

Paşinyanın budəfəki davranışı daha “maraqlı” oldu - Brüsseldə keçirilən üçtərəfli görüşün ardından erməni baş nazir sosial şəbəkələrdə “qarşılıqlılıq prinsip əsasında beynəlxalq sərhəd və gömrük qaydalarına uyğun fəaliyyət göstərəcək dəmir yolunun ölkələrin suverenliyi və yurisdiksiyası altında açılmasına dair razılaşmanı təsdiqlədik” yazır. Bu, olduqca maraqlı məqamdır. Hər yerdə Rusiyanı özünün müttəfiqi kimi qələmə verən Ermənistan yolların açılacağı xəbərini öz ictimaiyyətinə Avropadan bəyan edir. Bunun səbəbi isə bəllidir. Erməni baş nazir artıq Rusiya ilə “üzülüşdüyünü” deməyə çalışır. Başqa sözlə, artıq Qərbin diktəsi ilə oturub-duran Paşinyan Moskvaya kürəyini çevirir. Bu, bir faktı yenidən təsdiqləyir - 44 günlük Vətən müharibəsindən sonra İrəvanda Rusiya əleyhinə yönələn şüarlar məhz Paşinyanın ssenarisi əsasında səsləndirilirdi. Brüsseldə kartlarını açan erməni baş nazir artıq Rusiyaya qarşı olduğunu bütün çılpaqlığı ilə nümayiş etdirir.

Azərbaycan diqqət mərkəzində, bəs Ermənistan?

Azərbaycan isə hər zaman müstəqil siyasəti ilə fərqlənib. Bu, Soçidə də belə idi, Brüsseldə də belə oldu. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə, NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşlərində, NATO-nun Şimali Atlantika Şurasının iclasında bu fakt tam əyani formada öz təsdiqini tapdı. İclasda Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı vacib rol vurğulandı. Ölkəmizin sülhyaratma proseslərində iştirakı qabardıldı. Maraqlıdır ki, bu səpkidə Ermənistan haqqında bir cümlə belə deyilməyib. Ən azından, nə sosial şəbəkələrin Ermənistan seqmentində, nə də Ermənistan KİV-lərində bununla bağlı bir cümləyə belə rast gəlinmir. Ekspertlərin qənaətinə əsasən, Rusiyaya arxa çevirən Ermənistana nəinki qoltuğuna sığınmağa çalışdığı Qərb tərəfindən qucaq açıldı, tam əksinə, “arzuolunmaz qonaq” statusunda qəbul olundu. Bu fakt isə işğalçı dövlətin işini lap çətinə saldı - artıq hansı qapıda boynubükük siyasi sədəqə gözləyəcəyini belə bilmir...

 

Paylaş
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31