Rəsmi Ankara NATO-nun istəyinə qətiyyətlə "yox" deməlidir
25.08.2010 [10:23]
Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının böyük tarixi keçmişinin olduğu kimsəyə sirr deyil. Əsrlər boyu dostluq-qardaşlıq şəraitində yaşayan xalqlarımız eyni zamanda, hər zaman bir-birinə dəstək olublar. Təbii ki, xalqlarımızın tarixi-mənəvi bağlılığından güc alan Türkiyə-Azərbaycan əlaqələri bu gün dünyaya nümunə olacaq bir səviyyəyə çatıb. Hazırda bütün sahələri əhatə edən əlaqələrin yaxın gələcəkdə daha da inkişaf edəcəyi isə kimsədə şübhə doğurmur. Ən azı ona görə ki, Türkiyə Prezidenti Abdullah Gülün ötən həftə Azərbaycana baş tutan rəsmi səfəri iki qardaş ölkə arasında bütün sahələr üzrə əlaqələrin sürətlə inkişaf etdiyini və strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha göstərdi.
Türkiyənin dövlət başçısının Azərbaycana səfəri zamanı müzakirə edilən məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin olması da təsadüfi deyil. Məsələ burasındadır ki, hazırda Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar edilməsinə əngəl törədən əsas amillərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Eyni zamanda, sözügedən münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında təxirəsalınmadan həll edilməsi zəruridir. Başda Prezident İlham Əliyev olmaqla Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər və bunun başqa yolu yoxdur. Lakin Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəməməsi hələlik ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nəticəsiz tamamlanmasına səbəb olur. Bütün bunlar, yəni, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi isə qəbuledilməzdir. Təbii ki, münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edən Azərbaycan, həmçinin, ölkəmizin ərazi bütövlüyünün istənilən yolla həllinə nail olunacağını da dəfələrlə bildirib.
Onu da qeyd etmək yerinə düşər ki, ölkəmiz artıq 20 ildən artıqdır ki, davam edən bu münaqişənin sülh yolu ilə və ədalətli şəkildə həlli istiqamətində müxtəlif qurum və dövlətlərdən, o cümlədən, qardaş Türkiyədən dəstək almaqdadır. Münaqişənin alovlanmağa başladığı ilk illərdən bu günədək Azərbaycan Türkiyənin dəstəyini hər zaman hiss edib. Məsələn, Azərbaycan torpaqlarının işğalına cavab olaraq Türkiyə işğalçı Ermənistanla sərhədlərini bağlayıb. Rəsmi Ankara sərhədlərin bağlanmasına səbəb olan amilin, yəni, Azərbaycan torpaqlarının işğalı faktı aradan qalxmayınca sərhədlərin açılmayacağını da bəyan edib.
Sürix sindromu, yaxud, sərhədaçılma kampaniyasının birinci mərhələsi uğursuzluğa düçar oldu
Bununla belə, 2009-cu ildən etibarən Türkiyə-Ermənistan sərhədlərinin açılması və iki ölkə arasında diplomatik əlaqələrin qurulması ilə bağlı aparılan danışıqlar Azərbaycan ictimaiyyəti tərəfindən böyük narahatlıq və haqlı narazılıqla qarşılandı. çünki ötən il Ermənistanla Türkiyə arasında gedən danışıqlar prosesi sonda Sürixdə müvafiq sənədlərin imzalanması ilə nəticələndi və sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması istiqamətində real addımlar atılmağa başladı.
Həmin vaxt sərhədlərin açılmasının işğalçı Ermənistana əlavə dəstək rolunu oynayacağını bəyan edən Azərbaycan xalqına Türkiyə ictimaiyyətindən də önəmli dəstək gəldi. Qardaş ölkənin ziyalıları, siyasi partiya təmsilçiləri, millət vəkilləri bizlərə dəstək olmaqla yanaşı, işğal faktının aradan qalxmadığı təqdirdə sərhədlərin açılmasının Türkiyənin nüfuzlu və güclü dövlət imicinə də ciddi zərbə vuracağını bildirdilər. Bir sözlə, həmin vaxt Azərbaycan və Türkiyə ictimaiyyətinin ciddi narazılığı, həmçinin, Azərbaycan iqtidarının qətiyyətli mövqeyi milli maraqlarımıza zidd prosesin qarşısını aldı.
Sözügedən proseslərdən sonra Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və digər Türkiyə rəsmiləri Azərbaycan əraziləri işğaldan azad olunmayacağı təqdirdə Ermənistanla əlaqələrin qurulmayacağını, sərhədlərin açılmayacağını bəyan etdilər. Xüsusilə, Türkiyənin baş naziri, Rəcəb Tayyib Ərdoğanın “Təbii ki, ikitərəfli əlqələrimizin təməlində bizim “bir millət, iki dövlət” anlayışımız eynilə davam etməkdədir. Xüsusilə, Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin, bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm” sözləri bizlərdə bir təskinlik yaratdı.
Bunun ardınca Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun müsahibələrinin birində dilə gətirdiyi aşağıdakı fikirlər isə “Türkiyə bundan sonra da Azərbaycanı tək qoymayacaq və işğal davam etdiyi müddətdə Ermənistanla sərhədlərini açmayacaq” qənaətimizi daha da gücləndirdi: “Biz dəfələrlə bəyan etmişik ki, bölgədə sülhə və sabitliyə nail olmaq üçün Türkiyə-Ermənistan əlaqələrinin normallaşması kifayət deyil. Ermənistan-Azərbaycan münaqişəsinin həllində də konkret nəticələr əldə olunmalıdır. Bu iki proses paralel olaraq davam etməlidir”.
İkinci mərhələdə baş rolun ifaçısı NATO-dur?
Yuxarıda misal gətirdiyimiz açıqlamalar bizə nə qədər təsəlli versə də, NATO-nun Ermənistanda təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti açılması məsələsinin gündəmə gəlməsi, xüsusilə də, rəsmi Ankara tərəfindən bu məsələnin nəzərdən keçirilməsi bizləri xeyli dərəcədə məyus edib. Bu da səbəbsiz deyil. Azərbaycanlı siyasi təhlilçilərin də qeyd etdikləri kimi, əslində, NATO-nun təlimləri bir bəhanədir. Yəni, bu, bəzi güclərin Türkiyə-Ermənistan sərhədlərinin açılmasını reallaşdırmaq planının ikinci mərhələsidir. Birinci mərhələdə Sürix protokolunun işə yaramadığını görən həmin güclər indi də NATO qalxanından istifadə etməyə qərar veriblər. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın mətbuata açıqlamasında qeyd etdiyi aşağıdakı məqamlar da deyilənləri təsdiqləyir: “Bəhs etdiyiniz təlim təbii fəlakətlərə qarşı mübarizə məqsədi daşıyır və humanitar mahiyyətdədir. Təlimin bu mahiyyəti diqqətə alınaraq və təlimdə istifadə ediləcək avadanlığın Ermənistana ölkəmiz üzərindən quru yolu ilə nəql edilməsi istiqamətində bir tələb olacağı təqdirdə hazırlıqlı olmaq məqsədilə Türkiyə-Ermənistan sərhədinin, sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir”.
Siyasi təhlilçilərin qənaətinə görə, təlim avadanlığını daşıyan maşınların Türkiyə-Ermənistan sərhədindən keçməsi arzuolunmaz halın inkişafını stimullaşdıra və bu hal sərhədlərin ümumiyyətlə açılmasının başlanğıcı ola bilər. Yəni, deyək ki, “NATO variantı”nın baş tutduğunu görən həmin qüvvələr sabah da dövriyyəyə ATƏT, Avropa İttifaqı, Avropa Şurasını buraxa, bununla da, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Azərbaycan və Türkiyədə mövcud olan etirazları “zərərsizləşdirə” bilərlər. Məsələn, deyək ki, sabah ATƏT, yaxud da Avropa Şurasının “könlünə” “İnsanlar sərhədlərə yox deyir” adlı hansısa aksiyanı keçirmək düşə bilər. Heç şübhəsiz ki, həmin vaxt Avropadakı ermənisevərlər bu aksiyanın məhz Türkiyə-Ermənistan sərhədində keçirməyi məsləhət görə bilərlər. Lakin bizlər Türkiyənin bu oyunlar qarşısında geri çəkiləcəyinə inanmırıq.
Sərhədlərin açılması yolverilməzdir!
Düzdür, inanmırıq. Amma bununla belə başda dövlət başçısı Abdullah Gül olmaqla, qardaş ölkə təçmsilçilərinin bəzi tərəddüdlü davranışlarından da narahat olmaya bilmirik. Məlumat üçün deyək ki, bir müddət əvvəl Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdullah Gül mətbuat konfransında 2010-cu il sentyabrın 11-17-də NATO çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə bağlı Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı barədə mətbuatda gedən məlumatla bağlı sualı konkret cavablandırmaqdan yayındı. Əksər ekspertlərin də qeyd etdikləri kimi cənab Gülün bu suala konkret cavab verməkdən yayınması bəzi məsələlərin hələ də açıq qaldığını göstərir. Bu, eyni zamanda, ortaya müəyyən sualların çıxmasına da yol açır. Məsələn, “Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı son zamanlar çoxsaylı bəyanatlar vermiş Türkiyə rəsmiləri konkret cavabdan niyə yayınırlar?”, “Azərbaycanın maraqları nəzərə alınmadan Türkiyə ilə Ermənistan arasında məxfi danışıqların yeni mərhələsinin başlandığını ehtimal etmək olarmı?”, “Rəsmi Ankaranın “səssiz diplomatiyasında” Azərbaycanın maraqları nəzərə alınırmı?” və s.
Heç şübhəsiz ki, bu suallara son qoyulmasının yeganə yolu Türkiyə rəsmilərinin təlimlər zamanı sərhədin açılıb-açılmayacağı məsələsinə konkret münasibət bildirmələrindən keçir. çünki həmin suallar ölkəmizdə yaranmış haqlı narahatlıqdan irəli gəlib və sözügedən məsələ Azərbaycan ictimaiyyəti, həmçinin, KİV-ləri tərəfindən geniş müzakirə edilməkdədir.
İstər ölkə ziyalıları, istərsə də politoloqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməmiş istənilən səbəbdən, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlmiş səylərin Azərbaycanın milli maraqlarına zidd olduğunu bildirir, Türkiyə rəhbərliyinin öz vədlərinə sadiq qalacağına ümid edirlər. Məlumat üçün deyək ki, eyni mövqe Türkiyə ictimaiyyəti və qardaş ölkənin tanınmış ziyalıları tərəfindən də nümayiş etdirilməkdədir. ümumi qənaət ondan ibarətdir ki məqsədindən asılı olmayaraq sərhədlərin açılması yolverilməzdir.
Və sonda, ümid edirik ki, Türkiyənin mövcud hakimiyyəti bütün xarici təzyiq və təsirlərə baxmayaraq qardaşlığımızın Qərbin “sərhəd oynunu”na qurban verilməsinə imkan verməyəcək. Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarından güc alan Türkiyə-Azərbaycan qardaşlığı bütün qaranlıq planların qarşısını kəsəcək və Türkiyə dövlətçiliyi heç bir zaman işğalçı Ermənistan qarşısında geri çəkilməyəcək!!!
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

