Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni sazişin tezliklə yekunlaşması...

Yeni sazişin tezliklə yekunlaşması...

29.04.2022 [10:00]

Azərbaycan-Aİ münasibətlərinin inkişafına təkan verəcək

Nardar BAYRAMLI

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər davamlı olaraq inkişaf edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi dövlətlərin, beynəlxalq təşklilatların, güc mərkəzlərinin regiona diqqətini və marağını daha da artırıb. Bu baxımdan, Avropa İttifaqı da istisna deyil. Regionda bundan sonrakı proseslərdə fəal iştirak etmək üçün Azərbaycanla əməkdaşlıq zəruri və həlledici amildir. Bu məqam Aİ-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi üçün əhəmiyyət kəsb edir. Qeyd edək ki, aprelin 26-da xarici işlər naziri Ceyhun Bayramovla Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksin görüşündə bu məsələlər də müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə əhəmiyyət verdiyini qeyd edib və tərəflər arasında yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına dair ümid ifadə edib.

Məsələ  ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ceyhun Əhmədli  bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında geniş əlaqələr mövcuddur və davamlı olaraq inkişaf edir. Onun sözlərinə görə, yeni əməkdaşlıq platformasında Avropa İttifaqı münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətindədir: “Məlumdur ki, Avropa İttifaqı bölgədə sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün fəallıq göstərir. Aİ Şurasının Prezidenti  Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ilin dekabrında və bu il aprelin 6-da Brüsseldə görüşü keçirilib. Bundan əlavə, Aİ-nin rəsmiləri mütəmadi olaraq iki ölkənin rəhbərləri ilə telefon danışığı aparırlar. Bu o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə töhfələrini verməyə hazırdır. Bütün bunlar həm də onu göstərir ki, Aİ Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edir”.

Politoloq qeyd edib ki, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir: “Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Eləcə də tərəflər arasında yeni saziş üzrə danışıqların da başa çatdırılması gözlənilir. Bir müddət öncə rəsmi səviyyədə bildirilmişdi ki, yeni sazişin böyük hissəsi razılaşdırılıb. Həmin sənəd imzalandıqdan sonra tərəflər arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq”.

C.Əhmədli deyib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir: “Bir neçə il əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Sənəddə əksini tapan mühüm məqam ondan ibarətdir ki, hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü bərpa edib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə gücünü daha da artıran amillərdən biridir. Fikrimcə, Avropa İttifaqı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında da fəal iştirak edə bilər.  İnanıram ki, bölgədəki yeni reallıqlar Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında öz əksini tapacaq, ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artacaq. Bu baxımdan, enerji sahəsində də fəal əməkdaşlıq daim gündəlikdədir. Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkə statusunu qoruyub saxlayacaq”.

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31