Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda konfrans keçirilib

“Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda konfrans keçirilib

24.12.2022 [17:15]

Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda konfrans keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. O bildirib ki, çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq yeni reallıqlar yaratdı: “Tarixi ədalətin, respublikamızın ərazi bütövlüyünün və xalqımızın milli ləyaqətinin bərpasını təmin edən şanlı Zəfər istər ölkəmizdə, istərsə də bütövlükdə Cənubi Qafqaz regionunda yeni siyasi, sosial-iqtisadi, mədəni-humanitar və hərbi-strateji çağırışların meydana çıxmasını şərtləndirdi. Əvvəla, Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal faktının, separatizmin hökm sürdüyü, toqquşma və qarşıdurmaların intensiv xarakter daşıdığı bölgədə yeni əməkdaşlıq imkanlarının və təhlükəsizlik mühitinin formalaşdırılması üçün əlverişli şərait yaratdı. Bu imkanlardan səmərəli istifadə Cənubi Qafqazın uzunmüddətli perspektivdə həm region dövlətlərinin, həm də güc mərkəzlərinin maraqlarının uzlaşdığı çoxşaxəli tərəfdaşlıq məkanına çevrilməsini mümkün edir. Bu isə geosiyasi və hərbi-strateji baxımdan mühüm əhəmiyyətə malik olmaqla yanaşı, iqtisadi cəhətdən də faydalı və perspektivlidir. Digər tərəfdən, postmüharibə dönəmində yeni hədəflər müəyyənləşdirən Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sistemli fəaliyyət həyata keçirməklə həm mütərəqqi quruculuq və regional inkişaf modeli, həm də bölgədə yeni tərəfdaşlıq platforması yaradır. Belə ki, müəyyən olunmuş strateji prioritetlərə uyğun olaraq Azərbaycan öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan istifadə edərək və innovasiyalar tətbiq etməklə bərpa-quruculuq işləri aparır. Bu proses çərçivəsində xarici tərəfdaşlarla da səmərəli əməkdaşlıq əlaqələri qurulub və birgə təşəbbüslər əsasında mühüm layihələr reallaşdırılır. Tərəfdaşlıq zəminində ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələrinin müasir konsepsiyalar əsasında qurulması, nəhəng infrastrukturun yaradılması, iqtisadi fəaliyyətin bərpası və digər addımlar Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın təmin olunmasına əlverişli şərait yaradır”.

YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndə əksini tapan vəzifələrin ardıcıl olaraq yerinə yetirilməsi bu istiqamətdə qarşıda duran hədəflərə çatmağa imkan verəcək: “Böyük Qayıdış proqramı çərçivəsində görüləcək işlər həmin ərazilərdə iqtisadi fəallığın təmin olunması və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, sosialyönümlü iqtisadiyyatın inkişafına, o cümlədən məşğulluğun artmasına, əhalinin rifahının yüksəlməsinə əlavə təkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası da quruculuq və Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni quruculuq tədbirləri də istər Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə və intibahına, istərsə də milli yaddaşımızın bərpasına, Azərbaycanın zəngin tarixi ənənələrinin və milli-mənəvi dəyərlərimizin dünyaya təqdim olunmasına müstəsna töhfədir”.

“İnkaredilməz həqiqətdir ki, Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün iftixarla qeyd edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir. Artıq Böyük Qayıdış prosesinə start verilib və Azərbaycan tarixi Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirir. Bu, istər ölkədə, istərsə də regional miqyasda keyfiyyətcə yeni mərhələnin başlanğıcı və yeni perspektivlər deməkdir. Əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və hazırda Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “… necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik!”. Heç şübhəsiz, Heydər Əliyev ideyalarının təntənəsi və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin real nəticəsi olan Böyük Qayıdış çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevriləcək və daha güclü Azərbaycanın etibarlı bünövrəsini təşkil edəcək”,- deyə YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb.

Sonra  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təqdimatı ilə çıxış edib. V.Qasımlı bildirib ki, proqram çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə Dövlət Proqramında 2022-2026-cı illər üçün 6 prioritet istiqamət müəyyənləşdirilib.  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası bərpa və quruculuq işlərinə böyük təkan verəcək. Onun sözlərinə görə, Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Dövlət Proqramının əhatə dairəsini isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

Vüsal Qasımlı qeyd edib ki, proqramın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.  İnstitusional mexanizmlər isə postmüharibə dövrünün ilk günlərində yaradılıb. Belə ki, Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb.

Vurğulanıb  ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır. 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıb. Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

İcraçı direktor söyləyib ki, Dövlət Proqramına uyğun olaraq görülən işlər əsasən “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyası əsasında həyata keçiriləcək. Artıq bu istiqamətdə ilk təcrübə mövcuddur. Belə ki, Zəngilan rayonunun Ağalı kəndi “ağıllı kənd” konsepsiyası əsasında qurulub. Azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 20 milyard manat civarında maliyyə resursuna ehtiyac var. O qeyd edib ki, növbəti beş ildə minalardan təmizləmə işləri 280 min hektar ərazini əhatə edəcək. V.Qasımlı vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə dair 240 yeni xəritənin hazırlanması, torpaqların bələdiyyə, dövlət, özəl torpaqlara bölüşdürülməsi işləri aparılacaq. Dövlət Proqramının Tədbirlər Planı bölməsində 25 fəaliyyət istiqaməti üzrə görüləcək 188 tədbirin icrası nəticəsində 237 ilkin, 238 aralıq və 163 yekun nəticə indikatorları olmaqla toplam 638 indikator müəyyənləşdirilib.

Konfransda “Böyük Qayıdışın ekoloji aspektləri” mövzusunda çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın əsas prioritetlərindən biri ətraf mühitlə bağlı problemlərin həlli, dinamik iqtisadi inkişaf fonunda ekoloji təhlükəsizliyin təmin olunması, ən müasir – aztullantılı texnologiyaların tətbiqi və təmiz ekoloji mühitin yaradılmasıdır. Hər iki sənəddə “işğaldan azad olunmuş ərazilərə böyük qayıdış”, “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetləri arasında tam sinerji təmin edilib. Belə ki, strateji sənədlərdə meşə fondunun, flora və faunanın bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, su resursları və mineral xammal ehtiyatlarından səmərəli istifadə və s. məsələlər əsas prioritetlər kimi göstərilib. Proqramda qeyd olunan istiqamətlərə uyğun olaraq bu ərazilərdə ekoloji mühitin bərpası üçün mərhələli şəkildə işlərə başlanılıb. Orta və uzunmüddətli perspektivdə meşələrin bərpa edilməsi və əvvəlki vəziyyətə qaytarılması üçün meşə əkini işləri aparılır. Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə terraslar və yaşıl dəhlizlərdən ibarət meşə-parkların salınmasına başlanılıb. Türkiyə Respublikası ilə birlikdə Cəbrayıl rayonu ərazisində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinə başlanılmışdır. Buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcək.

Nazir qeyd edib ki, bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində də tədbirlər görülür. IDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu ilə birgə bəzi heyvan növlərinin, ilkin mərhələdə ceyran və bezoar keçisinin öz tarixi areallarına reintroduksiyası layihələrinə başlanılıb, cari ildə artıq Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılıb. Regionda su bioresurslarının bərpası və artırılması məqsədilə Bəsitçay, Köndələnçay, Bərgüşadçay və Həkəri çaylarına, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına davamlı olaraq müxtəlif növ balıq körpələri buraxılır. Tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurularaq modernləşdirilir. Hazırda Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji stansiya quraşdırılır. Dövlət Su Komissiyasının əlaqələndirməsi ilə Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından səmərəli istifadə ilə bağlı mühüm su təsərrüfatı infrastruktur layihələri icra olunur.

M.Babayev təəssüflə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji terror bu gün də davam edir. Buna nümunə olaraq Ermənistan ərazisindən daxil olan transsərhəd çayların, xüsusilə Oxçuçayın ciddi çirklənməyə məruz qalmasını göstərmək olar. Beynəlxalq laboratoriyaların da cəlb olunduğu monitorinqlər nəticəsində Oxçuçayda ağır metallar və digər çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olduğu qeydə alınmışdır. Məsələ ilə bağlı beynəlxalq təşkilatlara və bir sıra dövlətlərin müvafiq qurumlarına müraciət olunmuşdur. Hazırda Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət yaradılmış İşçi Qrupu tərəfindən monitorinq nəticələri təhlil edilərək Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır. Ekoloji terrorun digər bariz nümunəsi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarının davam etməsidir. İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb.

“Dekabr ayının əvvəlindən başlayaraq Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti ilə onların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təbii ehtiyatların qanunsuz istismarının dayandırılması, monitorinq və inventarlaşmanın aparılması, ətraf mühitə zərər və risklərin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edir. Sözsüz ki, bu vəziyyət cəmiyyətimiz tərəfindən normal qarşılana bilməz. Biz ictimaiyyətin narahatlığını başa düşürük. Bildiyiniz kimi, şaxtalı havaya baxmayaraq, vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloji fəallar Laçın-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Aksiyanın məqsədi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarının dayandırılmasıdır” ,-deyən nazir əminliyini ifadə edib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi son nəticədə bu ərazilərdə təbiətin dirçəlməsinə gətirib çıxaracaq.

Nazir, həmçinin 2023-cü il - “Heydər Əliyev ili” çərçivəsində ETSN-nin Yeni Azərbaycan Partiyası və tərəfdaş təşkilatlarla birgə ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı ekoloji tədbirlər həyata keçirəcəyini diqqətə çatdırıb.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev “Böyük Qayıdışda insan kapitalının rolu” mövzusunda çıxış edib. Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi təhsil sahəsində də yeni bir səhifə açıb. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun qurulması ilə yanaşı, tarixi hadisənin Azərbaycanda ümumtəhsil sisteminin daha da təkmilləşməsində rolu olacaq: “Hər bir sistemi irəliyə aparan lokomotiv olmalıdır. Vaxtilə işğal altında olan ərazilərimizdə təhsil infrastrukturu da tamamilə dağıdılıb. Ona görə də qarşıda bizi ciddi quruculuq işləri gözləyir. Qarabağda yaradılacaq məktəblər, yəqin ki, Azərbaycan təhsilinin məzmununda və mahiyyətində dəyişikliklər etməyə imkan verəcək. Bütün bu məktəblər mahiyyətinə, dizaynına görə ən müasir infrastruktura malik olacaq. Zaman sürətlə dəyişdiyindən təhsilin də məzmununun dəyişməsinə ehtiyac var. Bu mənada, azad edilmiş ərazilərə Böyük Qayıdışın başlaması fonunda təhsildə də yeni yanaşmaların həmin məktəblərdə bərqərar olması qarşıda duran əsas hədəflərdəndir. Həmin məktəblərdə şagirdlərə yeni məzmunlu müasir təhsilin verilməsinə imkan yaranacaq. Digər bir məsələ odur ki, işğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur, tikinti, quruculuq işləri əmək bazarında ciddi aktivlik yaradacaq. Görülən işlərin səmərəliliyini artırmaq üçün ixtisaslı kadrların olması vacibdir”.

Hazırda məcburi köçkün ümumtəhsil məktəblərinin köçürülməsi üçün bəlli planlama işlərinin aparıldığını deyən nazir qeyd edib ki, 30 il ərzində çox mühüm dəyişikliklər olub və həmin insanların qayıtması ilə bağlı planlama işi mütləq aparılmalıdır. “Həmin əraziyə qayıdan insanların əmək bacarıqları ilə bağlı məsələ də araşdırılmalıdır. Bu, çox vacibdir”, - deyə nazir əlavə edib.

Suqovuşanda artıq məktəbin tikintisinin başa çatdığını vurğulayan nazir söyləyib ki, azad edilən ərazilərdə 197 məktəbəqədər təhsil müəssisəsi tikiləcək: "Məcburi köçkün məktəblərinin həmin bölgələrə köçürülməsi istiqamətində planlı işlər aparılır. 5-7 il ərzində Azərbaycanda standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq. Bu prosesdə yeni bacarıqlar olduqca vacibdir".

Nazir bildirib ki, növbəti tədris ilinin əvvəlində Şuşa şəhərində inşa edilən məktəb təhvil veriləcək. Onun sözlərinə görə, müəllimlərin işğaldan azad edilmiş ərazilərdə işləməyə həvəsi böyükdür. Artıq 800-ə qədər müəllim işləmək arzusunu ifadə edib. Amma ilk növbədə həmin ərazilərin sakini olan müəllimlərə üstünlük veriləcək. “Zəngilan, Kəlbəcər, Füzuli şəhərlərində peşə liseylərinin layihələndirilməsinə başlanılıb”, - deyə E.Əmrullayev əlavə edib.

Tədbirdə “Böyük Qayıdış: Şəhərsalma siyasətinin hədəfləri” mövzusunda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tərtibatı zamanı mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf tendensiyaları nəzərə alınmaqla 6 prioritet məqsəd müəyyən edilib ki, bunlardan biri də “Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini”dir. Proqrama əsasən aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işlərinin qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə reallaşdırılması əsas götürülüb. Yaşayış məntəqələrində iqtisadi məhsuldarlığın artırılması, həyat səviyyəsinin yüksəldilməsi və dayanıqlılığın möhkəmləndirilməsi üçün bütün infrastrukturun sistemli planlanması istiqamətində hədəflər müəyyən olunub.

Onun sözlərinə görə,  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Strateji Fəaliyyət Planı”na müvafiq olaraq Komitə tərəfindən həyata keçirilən işlər çərçivəsində birinci addım olaraq “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”nın – təməl şəhərsalma sənədinin hazırlanması təmin edilib. Ümumi plan Qarabağ və Şərqi Zəngəzurun işğal altında olmuş Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının və Xankəndi şəhərinin ümumi ərazisini əhatə edir. Layihənin istinad ili 2020-ci il götürülməklə hesabat müddətinin son tarixi kimi 2040-cı il qəbul edilib. Ümumi Plan bu müddət üçün ərazinin inkişaf strategiyası və siyasətinin əsas istiqamətlərini müəyyən edərək, yaşayış məskənlərinin əlaqələndirilmiş inkişafını təmin edəcək, dayanıqlı, rasional və rəqabət qabiliyyətli ərazi inkişafına xidmət edəcək. Ümumi planda ərazilərin inkişafı sosial-iqtisadi inkişafla vəhdətdə nəzərdən keçirilib, məskunlaşmada nizamlamanın bərpası və əhalinin geri qayıdışının təşviqi üçün vacib olan tələbatlar nəzərə alınıb.

Qeyd edilib ki, cari ildə regionun mərkəzi və ən iri şəhəri olan Ağdam şəhərinin Baş planının hazırlanması tam başa çatdırılıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib. Füzuli şəhərinin Baş planı üzrə də layihə işləri tam başa çatıb və hazırda sənədin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması prosesi bitmək üzrədir. Digər şəhərlərin Baş planlarının konsepsiyalarının və əsas cizgilərinin hazırlanması başa çatdırılıb, müfəssəl planlaşdırma işləri davam etdirilir və növbəti ilin 1-ci yarısında başa çatması nəzərdə tutulur. Ümumi planın həllərinə uyğun olaraq cari ilin aprel-may aylarından başlayaraq azad edilmiş 9 rayon üzrə 40-a yaxın qəsəbə və kənd yaşayış məntəqələrinin də ərazi planlaşdırılması sənədlərinin hazırlanması aparılır, bəziləri üzərində işlər artıq başa çatdırılıb.

A.Quliyev vurğulayıb ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən (8 şəhər, 8 qəsəbə və 84 kənd) 7 şəhər və 36 qəsəbə və kənd olmaqla – ümumilikdə 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanmaqdadır. Həmin kəndlərdən üçünün – Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin cənab Prezident tərəfindən 4 oktyabr 2022-ci il tarixində təməli qoyulub. Qalan 57 yaşayış məntəqəsi üzrə isə 2023-cü ildə 38 yaşayış məntəqəsinin, o cümlədən Laçın şəhərinin, eləcə də 37 qəsəbə və kəndin, 2024-cü ildə isə 19 yaşayış məntəqəsinin layihələndirilməsi, ikinci mərhələdə bərpası nəzərdə tutulan yaşayış məntəqələrindən isə 37 ədədinin 2025-2026-cı illərdə layihələndirilməsi planlaşdırılır. Ümumilikdə Dövlət Proqramı ilə 2022-2026-cı illər ərzində yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi və 34500 ailənin doğma torpaqlarına köçməsi nəzərdə tutulur.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət qəbul olunub.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28