Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-İtaliya: əməkdaşlığın yeni səhifəsi

Azərbaycan-İtaliya: əməkdaşlığın yeni səhifəsi

13.01.2023 [10:16]

Yaxın əlaqələr bir sıra sahələr üzrə daha geniş şəkildə inkişaf etdiriləcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu ordu quruculuğu siyasəti 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizi şərtləndirdi. Müasir texnikalarla təchiz olunan Azərbaycan Ordusu bu gün dünyanın aparıcı silahlı qüvvələrindən sayılır. Vurğulamaq lazımdır ki, ordunun komplektləşdirilməsi, operativliyinin və çevikliyinin artırılması, hərbi təchizatının modernləşdirilməsi istiqamətində bu gün də uğurlu addımlar atılmaqdadır. Ölkəmizin hərbi müdafiə potensialının inkişaf etdirilməsi daima prioritet istiqamətlərdən biri  kimi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, müharibədən sonra ölkə başçısının əmri ilə yeni hərbi birliklərin yaradılması, onların təchizatı məsələsi gündəmə gətirildi. Eyni zamanda, ölkəmizin hərbi müdafiə gücünün artırılması üçün bir sıra xarici şirkətlərlə əməkdaşlıqlar formalaşdırıldı. Bu fəaliyyət hazırda uğurla davam etdirilməkdədir. Qeyd edilməlidir ki, son dövrlərdə dünyada kataklizmlərin artması, sabitliyin kövrək hal alması hərbi sənayenin inkişafı məsələsini yenidən aktuallaşdırıb - Azərbaycan isə artıq bir neçə ildir ki, hərbi sənayenin inkişafına xüsusi diqqət göstərir. Yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu məsələyə də toxunan Prezident İlham Əliyev vurğulayıb ki, hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin: “Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək. Amma Rusiya-Ukrayna müharibəsindən sonra görün, indi hər kəs bunu edir, hər kəs. Avropanın ən böyük ölkələri, hansılar ki, ordu quruculuğuna ümumiyyətlə fikir vermirdilər, indi ordularını yaradırlar. İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik”.

Azərbaycan beynəlxalq əməkdaşlığa yüksək önəm verir

Bəli, ölkəmiz yerli hərbi sənayenin inkişafı ilə bağlı mühüm addımlar atmaqla yanaşı, beynəlxalq əlaqələrindən də yüksək səviyyədə istifadə edir. Məsələn, Avropa kontingentinin aparıcı silah ixracatçısı olan bəzi dövlətlərlə əməkdaşlıqlarımız daha da möhkəmləndirilir. Məsələn, bu istiqamətdə İtaliya ilə əlaqələrin inkişafını xüsusi vurğulamaq olar. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edib. Prezident İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını ifadə edib. Söhbət zamanı energetika, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Qeyd edilməlidir ki, Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya səfəri Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətə malik olub. Səfər çərçivəsində səmərəli görüş keçirilib, bu görüşlərdə müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin strateji mahiyyətini təsdiqləyib. Dövlət səfəri çərçivəsində 20-dən çox sənəd imzalanıb ki, onların sırasında Azərbaycan və İtaliya arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi olaraq qeyd edilməlidir. Bu sənəd iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün mühüm təkan rolunu oynayıb. “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyiblər.

Yeni əməkdaşlıq sahəsi - hərbi sənayenin inkişafı

Eyni zamanda, səfər çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə” də imzalanıb. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumonun imzaladığı bu sənəd  isə olduqca mühüm dəyərə malikdir. Səfər çərçivəsində keçirilən Azərbaycan-İtaliya biznes forumunda çıxış edən Prezident İlham Əliyev bu sənədi xüsusi qeyd edib: “İmzalanmış sənədlər arasında birini də xüsusi qeyd etmək istərdim. Bu, hərbi sənaye kompleksinə aiddir. Bu da bir başlanğıcdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlıq olmayıb. Ancaq imzalanmış memorandum əsasında bu əməkdaşlığa start verilir. Əminəm ki, bu ilin sonuna qədər bütün lazımi texniki və kommersiya şərtləri razılaşdırılacaq və beləliklə, biz hərbi sənaye sahəsində uğurla əməkdaşlıq edəcəyik”.

Beləliklə, bu əlaqələr artıq bir neçə ildir ki, uğurla inkişaf etdirilir. İki ölkə arasında mühüm mübadilələr, müzakirələr yeni əməkdaşlıqlar üçün də zəmin formalaşdırır.

Yerli hərbi sənayenin yeni dövrü başlayır

Vətən müharibəsindəki qələbəmiz ölkəmizin inkişafında yeni mərhələ yaradıb. Bu mərhələ qalib Azərbaycanın dünyaya yeni açılımını, yeni şərtlərlə inteqrasiyasını özündə ehtiva etməkdədir. Qeyd edilməlidir ki, yeni dünya nizamında özünəməxsus geosiyasi yer tutan Azərbaycan bölgənin aparıcı hərbi-siyasi aktoru olmaqla yanaşı, mühüm bir coğrafiyanın güc mərkəzinə çevrilir. Bu isə, yeni dövrdə Azərbaycan üçün yeni imkanlar açır. Ölkəmizin ixracyönümlü siyasətə üstünlük verməsi isə bütün sahələrdə olduğu kimi müdafiə sənayesində də özünü əks etdirəcək. Bu gün qlobal səviyyədə baş verən bir sıra proseslər də bunun reallaşmasında mühüm rol oynayır. Regional qarşıdurmalar, qütblərarası çəkişmələr müdafiə sənayesi məhsulları bazarında ölkəmiz üçün münbit zəmin formalaşdırıb - Azərbaycan bu yaranan şərtləndən milli maraqları çərçivəsində maksimum yararlanmağa çalışacaq. Yerli televiziya kanallarına müsahibəsində də Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır: “Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik”.

Qeyd edək ki, dünən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İtaliyanın müdafiə naziri Quido Krosetto təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28