Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Berbokun yalanları

Berbokun yalanları

07.11.2023 [10:13]

Bu yalanlarla Almaniya necə   tərəfsiz vasitəçilik edə bilər?

Cənubi Qafqazda sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Mövcud platformalarla yanaşı, bəzi ölkələr Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində öz vasitəçiliyini təklif edirlər. Belə ölkələrdən biri də Almaniyadır. Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok bu məqsədlə ötən həftənin sonunda regionumuzda səfərdə oldu.

Almaniya mina porbleminin həllinə kömək etmək istəyir

Azərbaycan bölgədə  sülhün bərqərar olması naminə irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Lakin bu təşəbbüslər birtərəfli olmamalı, beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə əsaslanmalıdır. Bəs, Almaniyanın regiondakı proseslərlə bağlı mövqeyi obyektivdirmi? Əvvəlcə qeyd edək ki, almaniyalı nazir ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb. Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Annalena Berbok azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşüb və görüşdə regiondakı vəziyyət xüsusi diqqət mərkəzində olub. keçirilən birgə mətbuat konfransında almaniyalı həmkarı ilə bölgədə olan son vəziyyət barədə ətraflı fikir mübadiləsi apardıqlarını vurğulayan Ceyhun Bayramov qeyd edib: “Həmkarıma Azərbaycan torpaqlarının 30 illik işğalı, işğalın ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad olunması, eyni zamanda, postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin regionun gələcək inkişafı baxımından Azərbaycanın baxışını bir daha çatdırdım”. Nazir deyib ki, eyni zamanda, görüşdə son üç il ərzində ölkəmiz tərəfindən Ermənistan-Azərbaycan postmünaqişə normallaşması kontekstində həm sülh müqaviləsinin irəli aparılması, eyni zamanda, kommunikasiyaların açılması, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.

Almaniyanın xarici işlər naziri isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, azərbaycanlıların öz torpaqlarına qayıtmalı olduğunu deyib. Xanım Berbok həmçinin Azərbaycanın üzləşdiyi humanitar mina probleminin aradan qaldırılmasına Almaniyanın kömək göstərməyə hazır olduğunu bildirib.

Arazdəyənə gedən, Qarabağ erməniləri ilə görüşən Berbok niyə azad olunmuş ərazilərimizə getmədi?

Bəs almaniyalı nazir həqiqətənmi problemə yanaşmada obyektivdir? Görünən odur ki, belə deyil. Çünki Ermənistanda səfərdə olarkən xanım Berbok rəsmi şəxslərlə keçirdiyi görüşlərlə yanaşı, Azərbaycanla sərhəddə yerləşən Arazdəyən kəndinə gedib, eləcə də Qarabağdan Ermənistana könüllü surətdə köçmüş ermənilərlə görüşüb. O, hətta Bakıda keçirilən birgə mətbuat konfransında Qarabağdakı bəzi şəhərlərimizin adlarını vaxtilə qanunsuz rejimin adlandırdığı formada səsləndirib. Bu da haqlı olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun etirazına səbəb olub. C.Bayramov cavab olaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, ərazi adlarına beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir. Onun sözlərinə görə, Azərbaycan 30 il işğaldan əziyyət çəkib, insanlar evlərindən ən ağır şəraitdə didərgin salınıblar: “Vaxtilə buna heç kəsin reaksiyası olmadığı halda, indi sakit, dinc şəraitdə, həm də özlərinin istəyi ilə Qarabağı tərk edən ermənilərə daha çox can yandırılır”. “Azərbaycan sülh sazişinin bağlanması istiqamətində bütün formatda danışıqlara hazırdır və bu istiqamətdə səylərini davam etdirir”, - deyə nazir vurğulayıb.

Almaniyanın xarici işlər naziri Annalena Berbok mətbuat konfransında yalan açıqlama ilə də çıxış edib. Belə ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə jurnalistlərin sualına yanlış və yalan dolu cavab verməklə kifayətlənib. Belə ki, alman nazir əvvəlcə suala cavab verərkən özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra bildirib ki, o, Bakıda Ermənistandan köçmüş şəxslərlə də görüş keçirib.

“Mənzərə restoranı”, yaxud Berbokun yalanı ifşa olundu

Etibarlı mənbələrdən əldə olunmuş məlumata əsasən, əslində, Almaniyanın xarici işlər naziri Bakının “Mənzərə” restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş. Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə görüş üçün təklifi verilsə də, onun bu görüşdən imtina etdiyi məlumdur.

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması da Almaniya xarici işlər nazirinin bu açıqlamasına münasibət bildirib: “Almaniyanın xarici işlər naziri Annalena Berbokun noyabrın 4-də Bakıda keçirdiyi mətbuat konfransında həmin gün Azərbaycana səfəri zamanı Ermənistandan qovulmuş azərbaycanlılarla görüş keçirdiyini bildirib. Bununla əlaqədar olaraq, İcma bəyan edir ki, Almaniya tərəfindən belə bir görüş ilə bağlı İcmaya heç bir sorğu gəlməyib və görüşün baş tutması haqqında İcmada heç bir məlumat yoxdur”. İcmanın açıqlamasında qeyd olunur ki, bu görüş barədə nazirin mətbuat konfransında dediklərindən başqa heç bir məlumat yayılmayıb. Almaniyalı nazirin görüş keçirdiyi bildirilən şəxslər və aparılmış fikir mübadiləsinin məzmunu haqqında heç bir məlumatın yayılmaması ciddi suallar doğurur. Bu həm də ona görə sual doğurur ki, xanım Berbokun bir gün əvvəl Ermənistana səfəri zamanı Azərbaycandan köçmüş ermənilərlə keçirdiyi görüş barədə həm Almaniya tərəfi, həm də Ermənistan mətbuatı videogörüntülər daxil olmaqla, geniş reportajlar yaymışdı.

Qərbi Azərbaycan İcmasının alman nazirdən tələbi

“Bütün bunlar ondan xəbər verir ki, xanım Berbok ya yalan danışır, ya da hansısa çirkin məqsədli əməlinin üstünü örtməyə çalışır. Ermənistandan qovulmuş azərbaycanlıların qanuni və mötəbər təmsilçisi olan Qərbi Azərbaycan İcması Almaniya tərəfindən şəffaflıq prinsiplərinə hörmət etməyi və sözügedən görüş barədə geniş məlumat yaymağı tələb edir.

Bundan əlavə, xanım Berbok Azərbaycan ərazisində olan yerlərin xəyali adlarını işlətməklə beynəlxalq hüququ pozmuşdur. Xatırladaq ki, almaniyalı nazirin işlətdiyi saxta adlar, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası çərçivəsində uydurduğu, heç bir tarixi və hüquqi əsası olmayan quramalar idi. Almaniyalı nazir toponimlər məsələsində tarixi həqiqətlərə çox önəm verirsə, onda həmin qurama adları deyil, Ermənistana səfəri zamanı ziyarət etdiyi yerlərin, o cümlədən İrəvanın, Keşişkəndin, Arazdəyənin həqiqi, tarixi adlarını istifadə etməli idi”, - deyə İcmanın məlumatında qeyd olunub.

Göründüyü kimi, alman nazirin bu davranışı onun təmsil etdiyi ölkənin regionumzda baş verən proseslərə yanaşmada obyektiv mövqe tutmadığını təsdiqləyir. Almaniya naziri anlamalıdır ki, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir. Xanım Berbokun davranışları Almaniyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində tərəfsiz vasitəçiliyinə də  əsaslı  şübhələr yaradır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 293 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31