Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Erməni saxtakarlığı ifşa edilir

Erməni saxtakarlığı ifşa edilir

23.04.2025 [09:49]

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda konfrans keçirilib. Konfrans Ümumdünya Kitab və Müəlliflik Gününə həsr edilib.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, bu tədbirin keçirilməsində məqsəd xüsusən əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir. K.İmanov çıxışında müasir dünyada əqli mülkiyyətin əhəmiyyətinin və rolunun artmasına da diqqət çəkib. Qeyd edib ki, son 15 ildə əsasını əqli mülkiyyət təşkil edən qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıq böyüyüb: “Nəticədə 2024-cü il üçün 7 trilyon ABŞ dollarına çatıb. Dünya üzrə verilən patentlərin üçdəbir hissəsi rəqəmsal texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım göstərir. Bununla belə, kitablara və müəlliflik hüququna olan hörmət azalmır. Belə ki, dərc olunan və milli depozitariyalarda deponə olunan kitabların dünya miqyasında sayı 2,5 milyon ədədə yaxındır. 2021-ci ildə 2,41 milyon ədəd kitabdan Avropanın payı 53,5 faiz, Asiya 35 faiz, Şimali Amerika 8,8 faiz, Latın Amerika, Karib hövzəsi və Okeaniya - 2,7 faiz olub. Ən çox kitabların sayı Çin, Almaniya, ABŞ, Britaniya, Yaponiya və Koreya ölkələrindədir”.

Aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, aprelin 26-nın Beynəlxalq Əqli Mülkiyyət Günü olduğunu deyən K.İmanov müvafiq olaraq 1997-ci ildən və 2001-ci ildən bu əlamətdar günlərin ölkəmizdə qeyd olunduğunu bildirib. O, bu əlamətdar günlərin ikinci ildir ki, tam suverenliyini bərpa etmiş ölkəmizin hər bir guşəsində qeyd olunduğunu vurğulayıb.

Agentliyin rəhbəri  vurğulayıb ki, 30 il ədalətin bərpasına gücünü əsirgəməyən, 44 gündə bizə qürur bəxş edən və 23 saatda şərəf və sevinc gətirən Ali Baş Komandan xalqımızın səadətini qurdu. Prezident İlham Əliyev sabahın memarı olaraq hər bir ötən günü gələcək naminə qura bilib. Azərbaycan dövləti qalib olmasına baxmayaraq, Ermənistan ilə sülh sazişi bağlamağın təşəbbüskarıdır. K.İmanov çıxışında Prezident İlham Əliyevin bu il aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda söylədiyi fikirlərin əhəmiyyətini də qeyd edib.

Daha sonra agentliyin rəhbəri ermənilərin səmimiyyətdən uzaq olduqlarını, ikiüzlü davranışlarını və revanşizm istəklərini qeyd edərək bildirib: “Ötən ilin aprelində və sonra fikrini təkrarlayan Paşinyan parlamentdə çıxış edərək, qonşularla münasibətdə Ermənistanın keçmişini yenidən dərk etmək çağırışı edib və qeyd etdiyinə əsasən, “tarixi Ermənistan” və “real Ermənistan” bir-biri ilə ziddiyyətdə olduğuna görə, təhlükələr yaradır. Onun sözlərinə əsasən, dünyaya Van çarlığının mövqeyindən yox, bugünkü Ermənistan dövlətinin mövqeyindən baxılmalıdır, əks halda dövlətçiliyimizin qurulmasına zərər gətiriləcək. Yaxud bu yaxınlarda Gümrü şəhərində partiya soydaşları qarşısında aşağıdakı etirafla çıxış edib: “Tarixi Ermənistandan real Ermənistana keçməliyik, əks halda real Ermənistan tarixi Ermənistana çevrilə bilər”. Lakin bunlar yalnız sözlər idi, hərəkətlər isə əksini göstərir. Paşinyanın dedikləri ilə əməli düz gəlmir: bir tərəfdən sərhəddə atəş açılır, digər tərəfdən sülh sazişinin perspektivindən danışır. Əgər bu etiraflar səmimidirsə, bəs real Ermənistan hansı səbəbdən sülh sazişinin dövlətimizin təbii olan şərtlərini həll etmir və sazişin bağlanmasını uzadır?”.

Onun sözlərinə görə, dünyanın ən zəngin arxivlərindən biri sayılan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin əlyazmalarının tapılması müşkül bir işdir: “2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş “Sokrovişa akademiçeskix sobraniy Sankt-Peterburqa” kitabı çapdan çıxmışdı. Kitabın tərtibatçı kollektivinin rəhbəri, milliyyətcə erməni olan professor Yuriy Petrosyan yazırdı ki, arxivdə qorunub saxlanan erməni əlyazmaları qismində orijinal nümunə yoxdur, əksəriyyəti - 80 faizə qədəri XVII-XVIII əsrlərə aid köçürmələrdir, bir neçəsi XIV-XV əsrlərdə köçürülənlərdir. Erməni aliminin digər etirafına əsasən, bu arxivdə VII-XI əsrlərə aid olan türk orijinallarının sayı isə minlərlədir”.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili  Əziz Ələkbərli bildirib ki, Əqli Mülkiyyət Agentliyinin çoxşaxəli fəaliyyətində erməni saxtakarlıqlarının ifşası mühüm yer tutur. Agentliyin bu istiqamətdə gördüyü işlərin böyük əhəmiyyəti var. Bu baxımdan Qərbi Azərbaycan İcması ilə Əqli Mülkiyyət Agentliyinin fəaliyyət maraqları üst-üstə düşür. “Bu konfrans Qərbi Azərbaycan İcmasının Əqli Mülkiyyət Agentliyi ilə keçirdiyi ikinci tədbirdir. Bu tədbirlər erməni saxtakarlıqlarının dünyada ifşa edilməsində mühüm rol oynayacaq”, - deyə İcmanın rəhbəri qeyd edib.

Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev və başqaları çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildiriblər.

Nardar  BAYRAMLI

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31