Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qeyri-zorakılıq zəiflik yox, emosiyalara qalib gəlməkdir...

Qeyri-zorakılıq zəiflik yox, emosiyalara qalib gəlməkdir...

02.10.2026 [08:50]

Bəzən dünyanı dəyişmək üçün güc nümayiş etdirmək deyil, gücdən imtina etmək lazımdır. Bir sözün qarşıdurmanı səngitdiyi, bir addımın münaqişəni dayandırdığı, bir insanın səbir və anlayışla böyük gərginliyi aradan qaldırdığı məqamlar düşündüyümüzdən də çoxdur. Məhz bu həqiqət hər il 2 oktyabr - Beynəlxalq Qeyri-Zorakılıq Günündə bir daha xatırlanır.

Bu tarix təsadüfi deyil. Oktyabrın 2-si Hindistanın müstəqillik hərəkatının lideri, qeyri-zorakı müqavimət ideyasının ən tanınmış simalarından biri olan Mahatma Qandinin doğum günüdür. Birləşmiş Millətlər Təşkilatı (BMT) 15 iyun 2007-ci ildə 2 oktyabrı Beynəlxalq Qeyri-Zorakılıq Günü elan edib. Məqsəd zorakılıqdan imtina ideyasını, sülh və tolerantlıq mədəniyyətini, qarşılıqlı hörmət və anlaşmanı təşviq etməkdir.

Zorakılıq yalnız fiziki olmur...

Zorakılıq dedikdə yalnız əl qaldırmaq, döymək və ya başqa fiziki xəsarətləri yetirmək başa düşülməməlidir. Çünki zorakılıq bir davranış forması olaraq həm də cəmiyyətin üzərinə qoyduğu mənəvi, psixoloji və sosial təzyiqləri əhatə edir. Məsələn, evdə, məktəbdə və ya iş yerində baş verən psixoloji zorakılıq çox vaxt fiziki zorakılıq qədər ciddi zərər verə bilər. Təhqir, böhtan, hədə-qorxu və digər mənfi davranışlar da zorakılığın bir növüdür.

Təəssüf ki, cinsindən və yaşından asılı olmayaraq, insanlar müxtəlif zorakılığın qurbanı olurlar. İllər ötdükcə isə müasir dünyamızda bu problem daha qabarıq şəkildə müzakirə olunur. Zorakılığa məruz qalan şəxslərlə bağlı aidiyyəti orqanlar, həmçinin media qurumları mütəmadi informasiyaları cəmiyyətə ötürürlər.

Ancaq etiraf edək ki, adətən zorakılıqla bağlı yayılan informasiyalar əks reaksiyalara səbəb ola bilər. Belə ki, hər hansı bir zorakılıq hadisəsi müzakirə edildikdə və davamlı olaraq mediada dərc olunduqda ertəsi gün başqa bir zorakılığın şahidi oluruq. Bu, daha çox psixoloji amillərlə bağlıdır. Belə xəbərlər mütəmadi olaraq mediada yer alan zaman eyni və oxşar olan xoşagəlməz hallar yaşanır.

Zorakılığın ilk izi harada olub?

Bu suala dəqiq cavab vermək çətindir. Arxeoloji tapıntılar qədim insan cəmiyyətlərində də xəsarət və qarşıdurmaların mövcud olduğunu göstərir. Lakin tarix boyu zorakılığın forması cəmiyyətin quruluşu ilə birlikdə dəyişib. Qəbilələ?arası toqquşmalar, işğallar, dini və siyasi qarşıdurmalar, köləlik, ayrı-seçkilik və müharibələr insan tarixinin ağır səhifələrini yaradıb.

İnsan özünü qorumaq üçün silah düzəltdi, sonra həmin silahı üstünlük əldə etmək üçün istifadə etdi. Sadə daş alətindən qılınca, qılıncdan odlu silaha, oradan da dağıdıcı müasir texnologiyalara qədər uzanan bu xətt göstərir ki, texniki tərəqqi hər zaman mənəvi tərəqqi demək deyil.

Tarixin paradokslarından biri də budur: insan bir tərəfdən daha təhlükəsiz və rahat həyat qurmaq üçün yeni vasitələr yaradıb, digər tərəfdən həmin vasitələrin bir qismini məhv etmək üçün istifadə edib.

Mediada zorakılığın işıqlandırılması

Mövcud media məişət zorakılığı və qətl xəbərlərinə sanki o qədər maraqlıdır ki, bəzən oxunaqlı olsun deyə, peşəkarlıqdan uzaq olan başlıqlarla çoxsaylı xəbərlər yazılır. Ekspertlərin fikrincə, təəssüf ki, bəzi jurnalistlər zorakılığa dəstək verdiklərinin fərqində belə deyillər. Onların sözünə görə, məişət zorakılığı və gender məsələlərində məqsəd İP yığmağa, sensasiya yaratmağa, diqqəti cəlb etməyə yönəlir. Xüsusilə, məişət zorakılığının daha çox qadınlara yönəlik olduğu vurğulanır.

Dünyada məişət zəminində öldürülənlərin 79 faizi...

Mübahisəli sual hələ də aktualdır. Nə üçün qadın hüququ, qadın qətlindən daha çox danışılır, bəs kişilər zorakılığa məruz qalmır? Statistik göstəricilərə görə, dünyada məişət zəminində öldürülənlərin 79 faizi qadınlardır. Orta rəqəmlə hər gün dünyada 130-dan çox qadın qətlə yetirilir. Belə ki, qadınların böyük əksəriyyəti həyat yoldaşları, keçmiş partnyorları tərəfindən zorakılıq nəticəsində öldürülür.

Nə edə bilərik?

Məsələn, postsovet ölkəsi olan Litvada məişət zorakılığı ilə mübarizə modelində cəmiyyət üzvlərinin birgə iştirakı üçün maraqlı təşəbbüs həyata keçirilir. Belə ki, ərazi üzrə bələdiyyələrdə qara qutular yerləşdirilir, həmin qutulara hansısa zorakılıq görən və ya şahidlik edənlər anonim şəkildə məktub atırlar.

Alman fiziki Albert Eynşteynin belə bir fikri var: “Zorakılıq əxlaq səviyyəsi aşağı olan kişilər üçün həmişə cazibəli gəlib”.

Beynəlxalq təcrübə artıq Eynşteynin bu fikrinin əksinə yeni model təqdim edir. Belə ki, tək zorakılıq qurbanına deyil, zorakılığa qarşı da dəstək praktikası formalaşıb. Praktika göstərir ki, belə şəxslər 3-6 aylıq təlim keçdikdən sonra onların 45 faizi davranışını dəyişə bilər.

Ölkəmizdə məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında Qanun qəbul edilib. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaq və qadınların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirilir. Səhiyyə Nazirliyi, digər mərkəzi və yerli dövlət orqanları həmin işlərin təşkili və aparılmasında bilavasitə iştirak edirlər. Bu sahədə kadr potensialının gücləndirilməsi, məişət zorakılığının qarşısının alınması və zorakılıqdan zərər çəkmişlərin reabilitasiyasının aparılması ilə bağlı uşaq və qadınlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilir.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31