/ / Azərbaycan dövləti şəhid ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır
Azərbaycan dövləti şəhid ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır
21.12.2018 [09:36]
Dövlət başçısının müvafiq Fərmanı ilə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Vətənin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının ailə üzvlərinin rifahının yaxşılaşdırılması, sosial ədalətin təmin olunması istiqamətində atılan növbəti humanist addımdır
Ölkəmizdə həyata keçirilən dövlət siyasəti vətəndaşların sosial təminatının yüksəldilməsinə xidmət edir. Xüsusilə, son 15 ildə davamlı olaraq atılan addımlar, görülən tədbirlər aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və əlilliyi olan şəxslərin sosial rifahının yüksəldilməsində əsaslı rol oynayıb. Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial təminatının gücləndirilməsi məqsədilə imzaladığı Fərman və sərəncamlar sosial dövlət olan Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir. Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, eləcə də müharibə əlillərinə təqaüdlər verilir, həmin ailələr evlə, maşınla təmin edilir, onların sosial rifah halının yüksəldilməsi üçün davamlı tədbirlər görülür.
Şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür
Qeyd edilməlidir ki, bu gün ölkəmizdə qayğıya ehtiyacı olan vətəndaşlara dövlətin göstərdiyi dəstək çoxşaxəli xarakter daşıyır. İstər qaçqın və məcburi köçkünlər, istərsə də şəhid ailələri və müharibə əlilliyi olan vətəndaşlar bir sıra imtiyazlardan yararlanır, onların mənzil şəraiti yaxşılaşdırılır. Yeri gəlmişkən, bu günə qədər 290 minədək köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bu il 20 min məcburi köçkünə (5800 ailə), ötən il isə 12 min məcburi köçkünə yeni mənzillər verilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər ötən il mənzil və fərdi evlə təmin olunub. Eləcə də Prezident İlham Əliyevin 2018-ci il 2 avqust tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına imkan yaradıb. Bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcək.
Bundan başqa, Qarabağ müharibəsi əlilləri dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. 2018-ci ilin noyabrına qədər ümumilikdə müharibə əlillərinə 6144, o cümlədən cari ildə 265 avtomobil verilib. 2017-ci ildə əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib. İl ərzində dövlət vəsaiti hesabına 1800-2000 nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir.
Bununla yanaşı, ölkəmizdə şəhid ailələrinə 242 manat məbləğində aylıq Prezident təqaüdü verilir. Eyni zamanda, Milli Qəhrəmanlara və ya həlak olanların ailələrinə aylıq 1500 manat Prezident təqaüdü ödənilir. Milli Qəhrəman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 AZN əlavə edilir. Müvafiq kateqoriyadan olan insanların əmək pensiyasına hər ay müəyyən həcmdə vəsait əlavə olunur. Eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Bundan başqa, şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət ödənilir. Eləcə də şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da dövlətimizin bu qəbildən olan insanlara, ailələrə diqqət və qayğısının bariz nümunəsidir. Xatırladaq ki, Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Müvafiq sənədlər əsasında hazırlanan siyahılar üzrə vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 10 minə yaxındır. Yuxarıda qeyd olunan kateqoriyadan olan hərbi qulluqçuların vərəsələrinə ödənilməkdən ötrü cari il üçün 58 milyon, 2019-cu il üçün isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb. Yeri gəlmişkən, dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, builki prezident seçkilərindən dərhal sonra imzalanan birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub: “Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır”.
Şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəmə verilməsi prosesinin şəffaf şəkildə həyata keçirilməsindən razılıqlarını bildirirlər
Qeyd edək ki, şəhid ailələri dövlətin diqqət və qayğısını yüksək qiymətləndirirlər. Bizimlə söhbətində şəhid hərbi qulluqçuların vərəsələri onlara dövlət başçısının müvafiq Fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsindən razılıqlarını bildirir, prosesin şəffaflığının təmin olunduğunu deyirlər. Şəhid hərbi qulluqçu Vasif Rəhimovun həyat yoldaşı Yazgül Rəhimova deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı çox yüksək qiymətə layiqdir: “Həyat yoldaşım Vasif Rəhimov Azərbaycanın çətin dövrlərində vətən torpağı uğrunda döyüşlərdə həlak olub. Könüllü olaraq cəbhəyə yollanan Vasif Rəhimov 1994-cü ilin aprelində Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun vətən qarşısında xidmətlərinə görə ailəsinə, vərəsələrinə diqqət göstərilməsi bizi qürurlandırır. Ölkəmizdə şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.
Y.Rəhimova şəhid hərbi qulluqçuların vərəsələri üçün nəzərdə tutulan on bir min manat məbləğindəki birdəfəlik ödəməni heç bir çətinlik çəkmədən aldığını bildirib: “Birdəfəlik ödəmə alan vərəsələr siyahısında olduğumuzu dəqiqləşdirdikdən sonra sənədləri hazırladım və müvafiq olaraq təqdim etdim. Qısa zamanda heç bir maneə ilə üzləşmədən həmin yardımı aldım”.
Birdəfəlik ödəmə alan digər bir şəhid vərəsəsi - Eldar Kazımov da Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətini yüksək qiymətləndirərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğıdan razılığını ifadə edib. Qardaşı şəhid Elxan Kazımovun vərəsəsi kimi tanınan Eldar Kazımov bildirib ki, qardaşı 1965-ci ildə Bakı şəhərində anadan olub və müharibə başlayanda cəbhəyə yollanıb, 1994-cü ildə Goranboy rayonunda şəhid olub. Eldar Kazımov deyib ki, dövlətin və Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi bu qayğı və diqqətdən razıdırlar. O qeyd edib ki, birdəfəlik ödəmənin alınması üçün müvafiq sənədləri təqdim edərək həmin ödənişi almaq hüququ qazanıb. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı addımları yüksək qiymətləndirən E.Kazımov diqqət və qayğıya, həyata keçirilən humanist siyasətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Dövlət başçısının müvafiq Fərmanı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır
Dövlət başçısının növbəti mühüm humanist addımı kimi şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Vətənin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının ailə üzvlərinin rifahının yaxşılaşdırılması, sosial ədalətin təmin olunması istiqamətində daha bir əhəmiyyətli addım kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Məsələ ilə bağl fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının bariz təzahürüdür. Millət vəkili vurğulayıb ki, bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən olan Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması məsələsi ilə bağlı davamlı işlər görülür. Millət vəkili qeyd edib ki, birdəfəlik ödəmələrin verilməsi prosesi şəffaf şəkildə aparılır: “Bu proses olduqca şəffaf həyata keçirilir və şəhid ailələri, vərəsələr rahat şəkildə bu ödəmələri alırlar. Proses elektronlaşdırılıb, siyahıda olan şəxslərin hər birinə SMS vasitəsilə pulun hesaba köçürüldüyü bildirilir. Möhtərəm Prezidentimizin bu Fərmanı cəmiyyətimiz tərəfindən çox yüksək qiymətləndirilir”.
A.Badamov qeyd edib ki, qarşıdan gələn 2019-cu ildə də bu proses davam edəcək və bununla bağlı artıq vəsait də ayrılıb. Onun sözlərinə görə, şəhid ailələrinə mənzillərin verilməsi, xüsusi təqaüdlərin təyin edilməsi, o cümlədən birdəfəlik ödəmələrin verilməsi vətəndaş-dövlət münasibətlərinin daha da möhkəmlənməsinə müsbət təsir göstərir. Bu inam, bu birlik isə Azərbaycan dövlətinin daha yüksək nailiyyətlərə imza atmasında ən əsas rola malikdir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

