Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan korrupsiya hallarına qarşı ciddi mübarizə tədbirləri davam etdirilir

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan korrupsiya hallarına qarşı ciddi mübarizə tədbirləri davam etdirilir

16.01.2020 [09:45]

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən strateji dövlət kursunun tətbiqinin ardıcıl tarixi sınaqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də milli maraq və mənafelərimizin qarantı olduğunu bildirib.
Vurğulanıb ki, dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübə və amillər fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə - iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnib, vətəndaş rifahının daha da yüksəldilməsinə hesablanmış bu siyasət ölkəmizin beynəlxalq arenadakı fəal və nüfuzlu mövqeyi ilə uğurlu vəhdət təşkil edib.
İqtisadi sferada sistemli olaraq gerçəkləşdirilən vergi və gömrük siyasətinin optimallaşdırılması, insan kapitalının inkişafı, kiçik və orta sahibkarlığın maliyyə resurslarına əlçatanlığı, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirlər bir tərəfdən makro-iqtisadi mühitin dayaqlarını daha da möhkəmləndirib, digər tərəfdən isə kölgə iqtisadiyyatının əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Qeyd olunub ki, iqtisadi səmərəlilik göstəricilərinin artan tempi ötən il öz müsbət nəticələrini əhalinin sosial müdafiəsi sahəsində də göstərib, bu istiqamətdə həyata keçirilmiş islahatlar paketi vasitəsi ilə vətəndaş rifahı naminə əhəmiyyətli addımlar atılıb. Belə ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının 2 dəfə, müavinətlərin orta hesabla 50 faiz və ya 2 dəfə, pensiyaların 70 faizdən çox artırılması, problemli kreditlərin həlli, o cümlədən qeyri-rəsmi məşğulluğa cəlb edilmiş 153 min vətəndaşla rəsmi əmək müqavilələrinin bağlanmasının təmin edilməsi kimi kölgə iqtisadiyyatına qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb edən tədbirlər və digər oxşar məsələlərlə bağlı görülmüş sistemli fəaliyyət həyata keçirilən dövlət siyasətinin təməlində vətəndaş amilinin durmasına bir daha dəlalət edir.
Xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud vətəndaşların qayğı ilə əhatə olunması və onların reabilitasiya imkanlarının genişləndirilməsi ilə cəmiyyətin həssas təbəqəsinə ünvanlanan nəcib layihə və təşəbbüsləri bu sahədə görülən işlərin keyfiyyətcə yeni mərhələyə keçid almasına etibarlı zəmin yaradıb.
Eyni zamanda, dövlətimizin başçısının imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə yeni müstəviyə keçən məhkəmə-hüquq islahatları mövcud sosial-iqtisadi tendensiyanı tamamlamaqla ona paralel aparılan və azad bazar iqtisadiyyatı prinsiplərinin təbiətinə uyğun olan bir konsepsiya şəklində reallaşdırılmaqdadır. Həmin aktın qəbulu digər ali məqsədlərlə yanaşı, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkilini, mübahisələrin alternativ həllini, beynəlxalq arbitraj prosedurlarının, habelə vahid məhkəmə təcrübəsinin tətbiqini şərtləndirib.
Hesabat ilində dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter alıb. Ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və korrupsiyaya qarşı digər bu kimi mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunub. Aparılan genişmiqyaslı islahatların digər istiqaməti milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 16 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddətdə bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihənin - DOST mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara töhfəsini verib, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb.
Bütün bu müsbət göstəricilər öz növbəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən üzərinə qoyulmuş vəzifələrin uğurla və daha səmərəli icra edilməsində mühüm rol oynayıb.
Bildirilib ki, ötən il ərzində ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar və əldə edilən nailiyyətlər bu sahədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar - Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.
Bununla yanaşı, mətbuat konfransında qeyd olunub ki, hesabat ilində Baş İdarə tərəfindən vətəndaşların 8447 müraciətinə baxılıb, həmçinin 317 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 231-i (72,90 faiz) üzrə cinayət işi başlanıb, 86 (27,10 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilib.
Dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla, fəaliyyətə başladığı ilk dövrlərdən Baş İdarə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət verib. Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının monitorinq mexanizmi çərçivəsində IV Dəyərləndirmə Raundu uğurla başa çatdırılıb. Təşkilatın 20-ci monitorinq görüşü zamanı ölkəmiz üzrə İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı tərəqqi hesabatı müzakirə edilərək qəbul olunub. Qeyd edilməlidir ki, IV Monitorinq Raund hesabatı üzrə ölkəmizə ünvanlanmış 31 tövsiyədən 21-i uğurla icra edilib.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib. Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin olunub, dövri mətbuatda korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə dair məqalələrlə çıxışlar edilib.
Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Ceyhun Kazımov Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq 2019-cu ildə də korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlərin uğurla davam etdirildiyini bildirib.
Ceyhun Kazımov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzləri və DOST mərkəzlərinin sayının və fəaliyyət coğrafiyasının genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə Azərbaycan Prezidentinin 2019-cu ilin yekunları ilə bağlı müşavirədəki çıxışında qeyd olunan xüsusatları diqqətə çatdırıb və bu prosesə digər dövlət orqanları ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə fəaliyyətinin də əhəmiyyətli təsiri olduğunu bildirib. Bununla yanaşı, dövlətimizin başçısının həmin müşavirədə bu istiqamətdə verdiyi tapşırıqların gələcək fəaliyyətdə də rəhbər tutulmalı olduğu və kölgə iqtisadiyyatından çıxmaqla bağlı digər qurumlarla da koordinasiya işlərinin zəruriliyi qeyd edilib.
Prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi, 2019-cu ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizənin uğurla davam etdirildiyini, müsbət nəticələr əldə olunduğunu bildirən C.Kazımov Prezident İlham Əliyevin dekabrın 23-də ilin yekunları ilə bağlı geniş müsahibəsində və yanvarın 13-də ilin yekunlarına həsr olunmuş müşavirədə yerli icra orqanlarının yüksəkvəzifəli məmurlarının işsizliyin qarşısının alınması üçün ödənişli ictimai iş yerinin yaradılması ilə bağlı proqramın icrasında yol verdiyi pozuntular və digər neqativ hallarla mübarizəni xüsusilə vurğuladığını qeyd edib, vəzifəli şəxslər tərəfindən törədilmiş digər qanunsuz əməllərə qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyinə dair dövlətimizin başçısının proqram xarakterli qətiyyətli mövqeyinin gələcək fəaliyyətdə də daim rəhbər tutulmalı olduğunu bildirib.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2019-cu ildə gördüyü işləri müsbət dəyərləndiriblər.
Mətbuat konfransında Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində tövsiyə və göstərişlərinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyənləşdirilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin ediləcəyi xüsusi vurğulanıb.
Tədbirin sonunda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ictimaiyyətin maarifləndirilməsi sahəsində görülən işlər çərçivəsində yeni nəşr edilmiş və özündə bu sahənin nəzəri və praktiki aspektlərini, istiqamətlərini ehtiva edən “Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri və hədəflər” adlı məqalələr toplusunun təqdimatı keçirilib.

Paylaş:
Baxılıb: 423 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31