Düşmən hücumlarına mərdliklə sinə gərən Tərtər
16.10.2020 [09:05]
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar, işğal altında olan yaşayış məntəqələrimizin azad edilməsi bütün xalqımız kimi, tərtərlilərdə də böyük ruh yüksəkliyi yaradıb
Artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu gün də öz cinayətkar, faşist xislətli və təcavüzkar əməllərindən əl çəkmir. Məlum olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmayan işğalçı Ermənistan mövcud status-kvonu saxlamaq üçün zaman-zaman müxtəlif təxribatlara əl atıb. Düşmən ölkə tərəfindən növbəti təcavüzkar addım isə sentyabrın 27-də atılıb. Belə ki, həmin gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Ermənistanın həm mülki əhalini və yaşayış məntəqələrini, həm də hərbçilərimizi hədəfə alan bu cinayətkar əməlinə cavab olaraq düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu ötən müddət ərzində 40-dan çox kəndi, bir qəsəbəni və bir şəhəri işğaldan azad edib. Bu müddət ərzində düşmənin ordusu canlı qüvvə və silah-sursat baxımından da sarsıdıcı məğlubiyyətə uğrayıb.
İşğalçı Ermənistan hər zaman olduğu kimi, bu dəfə də öz yırtıcı, insanlıq əleyhinə cinayətlərini davam etdirir. Düşmən ölkənin silahlı qüvvələri həm cəbhə bölgəsinə yaxın, həm də cəbhə bölgəsindən uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Erməni faşizminin növbəti təzahürü olan bu cinayətkar əməldən ən çox zərər görən rayonlardan biri də Tərtər rayonudur.
Sentyabrın 27-dən bu günədək düşmən tərəfindən Tərtərə 12500-dən çox mərmi atılıb
Bununla bağlı faktlara keçməzdən öncə bildirək ki, Qarabağın səfalı guşələrindən olan və 1934-cü il yanvarın 27-dən rayon statusu alan Tərtər ən qədim yaşayış məskəni olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir. Ərazisi 960 min kv.km, əhalisi 102400 nəfər olan rayonun 2 şəhəri (Tərtər, Ağdərə), 1 qəsəbəsi (Şıxarx), 74 kəndi var. Kiçik Qafqaz sıra dağlarının şimal-şərqində yerləşən Tərtər rayonu Qərbdən Şərqə doğru meyillidir, dəniz səviyyəsindən 227,1 metr hündürlükdə yerləşir. Tərtərin yerləşdiyi coğrafi mövqe onun inkişafında mühüm rol oynamış, əhalisi əkinçiliklə, maldarlıqla yanaşı ticarətlə də məşğul olmuşdur. Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan Tərtər rayonu Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşir. Rayonun ərazisi Ağdam, Ağdərə, Goranboy, Yevlax və Bərdə rayonları ilə həmsərhəddir.
“Son təxribatlardan sonra Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbə alan düşmən ölkənin silahlı qüvvələri hazırda müxtəlif şəhər və rayonlardakı, o cümlədən Tərtərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini ağır artilleriya atəşinə tutur. Tərtər sakinləri isə hər zaman olduğu kimi bu dəfə də düşmənə mərdliklə sinə gərir”. Bunu qəzetimizə açıqlamasında Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov deyib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri müharibə cinayəti törədərək Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə də mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur, infrastruktur sıradan çıxarılır. Ramiz Şabanov bildirib ki, cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtər rayonunda da yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananlar olub, evlərə, infrastruktura ciddi ziyan dəyib: “Sentyabrın 27-dən etibarən düşmən tərəfindən rayon mərkəzi və kəndlər də daxil olmaqla Tərtərə ümumilikdə 12500-dən çox mərmi atılıb. Bu hücumlar nəticəsində 14 mülki vətəndaş həlak olub, 53 mülki vətəndaş isə yaralanıb. Bundan başqa ağır artilleriya hücumları nəticəsində Tərtərdə 130-dan çox yaşayış evi və 120-dən çox yardımçı tikililər tamamilə dağılıb. O cümlədən, 560-dan cox fərdi yaşayış evinə, 57 çoxmənzill yaşayış binasına, 45 yardımçı tikiliyə, 20-dən çox sosial obyektə, 8 istehsal obyektinə, 37 ticarət obyektinə, 17 inzibati binaya, 13 məktəbə, 3 səhiyyə müəssisəsinə və 3 baxçaya ziyan dəyib. Bu hücumlar zamanı, eyni zamanda, kəndlərdə kənd təsərrüfatına da ziyan dəyib və çoxsaylı mal-qara tələf olub”.
“Azğınlaşmış düşmən qəbiristanlıqda dəfn mərasimində iştirak edənləri, orta məktəbləri və jurnalistləri belə hədəfə alır”
Müsahibimiz onu da xüsusi olaraq qeyd edib ki, azğınlaşmış düşmən məcburi köçkünlərin məskunlaşdığı əraziləri, qəbiristanlıqda dəfn mərasimində iştirak edənləri, orta məktəbləri və jurnalistləri belə hədəfə alır: “Belə ki, oktyabrın 14-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub. Hadisə rayonumuzun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobilin atəşə tutulması nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib. Bundan bir neçə gün öncə isə Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksinə də düşmənin artilleriya atəşi nəticəsində böyük ziyan vurulub. Yaşayış kompleksində olan 34 yaşayış binasından 29-u, eləcə də uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, qazanxana, həkim məntəqəsi, musiqi məktəbi, orta məktəb yararsız hala düşüb.
Amma bu da son deyil. Belə ki, oktyabrın 15-i düşmən növbəti dəfə məqsədli şəkildə rayonda dinc sakinləri hədəfə alıb.Ermənistan ordusu Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə 4 mülki şəxs həlak olub, 4 nəfər isə yaralanıb.
Bu isə, bir daha göstərir ki, Azərbaycan əsgəri ilə üz-üzə döyüşməkdən qaçan düşmən bütün müharibə qanunlarını pozur və bu, vandalizmin açıq-aşkar sübutudur. Amma başqa vaxtı “insan haqları” deyib hay-küy salan bir sıra beynəlxalq qurumlar və bəzi xarici ölkələr nədəncə ermənilərin dinc əhaliyə qarşı həyata keçirdikləri bu vəhşilikləri, vandalizmi görməzdən gəlirlər”.
“YAP Tərtər rayon təşkilatı hadisələrin ilk günündən gücləndirilmiş iş rejimində çalışır”
Ramiz Şabanovun sözlərinə görə, düşmənin bu mənfur əməlləri tərtərliləri daha da mətinləşdirir: “Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar, işğal altında olan yaşayış məntəqələrinin azad edilməsi bütün xalqımız kimi, tərtərlilərdə də böyük ruh yüksəkliyi yaradıb. Bu gün Tərtər və tərtərlilər düşmənin hücumlarına mərdliklə sinə gərərək öz yurd-yuvalarından bir an belə ayrılmaq niyyətində deyillər”.
Ramiz Şabanov onu da qeyd edib ki, YAP Tərtər rayon təşkilatı hadisələrin ilk günündən gücləndirilmiş iş rejimində çalışır. Rayon təşkilatının əməkdaşları və fəalları daim insanlarla ünsiyyətdədirlər, fəal təbliğat işləri həyata keçirirlər: “Onu da deyim ki, rayon təşkilatının üzvləri erməni hücumu nəticəsində şəhid olanların ailələrinə və yaralılara mütəmadi olaraq baş çəkir, maddi və mənəvi dəstək göstərirlər”.
Hər bir tərtərli bir əsgər kimi düşmənə qarşı döyüşməyə hazırdır
Beləliklə, hazırda rayonun istər yaşlı, istərsə də gənc nəslinin nümayəndələri düşmənə qarşı mübarizədə daha da əzmkarlıq göstərirlər. Öz növbəsində bu məqama toxunan Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin oktyabrın 9-da Azərbaycan xalqına müraciətini bütün tərtərli gənclər qürur hissi ilə dinləyiblər: “Dövlət başçısının həmin müraciəti cəmiyyətimizdə, o cümlədən tərtərlilərdə olan ruh yüksəkliyini daha da artırıb, qələbəyə böyük inam, əminlik yaradıb. Onu da deyim ki, tərtərli gənclər hər zaman olduğu kimi ordumuza dəstək nümayiş etdirərək döyüşçülərimizin arxasında dayanıb və Ali Baş Komandanın əsgərləri kimi dövlətimizin sərhədlərinin bərpa olunması üçün silaha sarılmağa hazırdır”.
Qeyd etdiyimiz kimi düşmənin ağır artilleriya hücumu nəticəsində istər kəndlərdə, istərsə də şəhər mərkəzində ümumilikdə 130-dan çox yaşayış evi, o cümlədən Tərtər şəhər sakini, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərovun da evi tamamilə dağılıb. Lakin şəhid atası deyib ki, düşmənin bu vandal hərəkətləri sakinləri qorxutmur: “Bu hücumlar biz tərtərliləri düşmənə qarşı daha da gücləndirir. İnşallah müharibə qələbəmizlə başa çatacaq və bu ziyanlar aradan qaldırılacaq, dağılan evlər əvvəlkindən yaxşı bərpa ediləcək. Hazırda isə, yalnız bir istəyimiz var: torpaqlarımız düşmən işğalından azad olunsun. Bu yolda hər birimiz bir əsgər kimi döyüşməyə də hazırıq”.
Rayonun Hüsənli kənd sakini Faiq Abbasov da düşmənin tezliklə tamamilə məğlub olacağına əmindir. Hücumlar nəticəsində onun da evinə ziyan dəyməsinə baxmayaraq, Faiq Abbasov bir anlıq olsa belə öz ata-baba yurdunu tərk etmək barədə düşünmür: “Bizi bu cür güclü edən Ali Baş Komandanımız və rəşadətli ordumuzdur. Əminik ki, ordumuz tezliklə düşməni məğlub edərək torpaqlarımızın işğalına son qoyacaq”.
“Düşmən bu cinayətkar əməlləri ilə tərtərliləri qorxuda bilməz”
Qaynaq kənd sakini Nadir Mahmudov isə deyib ki, cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında aciz qalan Ermənistan ordusu və hakimiyyəti humanitar atəşkəs rejiminə əməl etmir, dinc sakinlərin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq mülki əhalini hədəfə alır, qadın və uşaqları qətlə yetirir, çoxsaylı ev və təsərrüfatlara böyük ziyan vurur: “Bütün bunlar Ermənistan ordusunun faşist, terrorçu mahiyyətini bir daha sübut etməklə, düşmənin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə əməl etmədiyini göstərir. Amma biz öz doğma ocağımızdayıq və sonuna qədər də torpağımızı qoruyacağıq”.
Səhlabad kənd sakini Alidə Ağayeva isə deyib ki, işğalçı Ermənistan ordusunun dinc sakinləri və yaşayış binalarını atəşə tutması düşmənimizin necə yırtıcı xislətə malik olduğunu bir daha nümayiş etdirir: “Bütün dünya bir daha gördü ki, biz necə bir düşmənlə mübarizə aparırıq. Əliyalın insanlara, uşaqların olduğu məktəblərə atəş açan mənfur qonşularımız bununla faşistlərdən fərqlənmədiklərini bir daha təsdiqlədilər. Amma düşmən bilsin ki, bu cinayətkar əməlləri ilə tərtərliləri qorxuda bilməz. Biz öz doğma yurdumuzdayıq”.
“Biz Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna inanırıq. Əminik ki, tezliklə işğal altındakı bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq”, - deyən Yuxarı Qaradağlı kənd sakini Məcnun Həmidov da düşmənin atəşlərinə baxmayaraq öz ata-baba ocaqlarını tərk etmək fikrində olmadıqlarını bildirib.
Tərtərdə yeni “İlham və Fərizə dastanı” yazıldı
Yeri gəlmişkən, ordumuzun düşmənə sarsıdıcı zərbə vurduğu bu günlər Tərtərdə baş verən bir hadisə bizi xəyalən yenidən otuz il əvvələ götürdü. Bəlli oldu ki, 1990-cı illərdə olduğu kimi bu günlər də xalqımızn tarixinə qəhrəmanlıq və fədakarlıq salnaməsi kimi yazılacaq. Söhbət qanlı 20 Yanvar faciəsindən 30 il sonra yeni bir “İlham və Fərizə dastanı”nın yazılmasından gedir.
Bu barədə məlumat verən Ramiz Şabanovun sözlərinə görə, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş 1995-ci il təvəllüdlü Məmmədov Mehdi Elçin oğlunun oktyabrın 13-də səhər saatlarında Sarıcalı kəndində dəfn mərasimi keçirilib. Mərasim başa çatmamış isə xəbər gəlib ki, şəhidimizin nişanlısı Səfərova Mələk Valeh qızı da Mehdinin yoxluğu ilə barışa bilməyərək özünə qəsd edib.
Sonda onu da qeyd edək ki, bu gün düşmənin ağır artilleriya atəşlərinə, çoxsaylı dağıntılara baxmayaraq, qəhrəman tərtərlilər nəinki ordumuza güvənərək öz doğma torpaqlarını tərk etmir, hətta təsərrüfat işlərini davam etdirirlər. Beləliklə, bütün bunlar bir daha onu təsdiqləyir ki, həm ötən illərdə, həm də hazırda düşmənlərimizin hədəfi olan Tərtər keçən müddət ərzində işğalçılara qarşı mərdliklə sinə gərərək müasir qəhrəmanlıq tariximizdə özünəməxsus yer turur.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09

