Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 44 günlük müharibənin qəhrəmanları: “Ruhu mələk kimi evimizin başına dolanır”

44 günlük müharibənin qəhrəmanları: “Ruhu mələk kimi evimizin başına dolanır”

28.10.2021 [11:02]

O, iki qardaşın bir bacısı olaraq doğuldu, 3000 şəhid qardaşın bacısı kimi dəfn edildi, sadə bir ailədə dünyaya göz açdı, milyonlarla insanın ürəyində taxt qurdu. Söhbət 44 günlük müharibənin yeganə şəhid xanımından gedir-Arəstə Baxışovadan.

Bu dünyada özündən sonra iki gözəl övlad qoyub gedib. Uşaqlar Arəstənin anası Məktubə xanımın himayəsində böyüyürlər. Arəstənin ailə həyatı uğurlu alınmamışdı. 2013-cü ildən anasının evinə dönmüş, 2016-cı ildə həyat yoldaşı ilə rəsmən ayrılmışdılar. Nə 11 yaşlı Mərdan, nə 10 yaşlı Zəhra ata qayğısı görməyiblər. Məktubə xanımın sözlərinə görə, ataları ikinci dəfə ailə qurub və ümumiyyətlə, uşaqların taleyi ilə maraqlanmır. Onların anası da, atası da Arəstəydi.

“Qızım uşaqlarının dərsləri ilə çox maraqlanırdı. Təsəvvür edirsinizmi, şəhid olanda qanlı buşlatının cibindən uşaqların dərs cədvəlləri tapılmışdı. Pandemiya idi deyə evdən onlayn dərs keçilirdi. Hansının dərsinin hansı saatda başlayıb, haçan bitdiyini qeyd eləmişdi. İşdə olanda hər saatda zəng edirdi. Döyüşlərdə olanda da maraqlanırdı. Uşaqların təhsil almalarına çox önəm verirdi. Mərdana üzərinə “Oksford” yazılmış məktəbli çantası alıb gətirmişdi, deyirdi, siz Oksfordda oxuyacaqsınız. O, bu günləri görmədi. Bakıdakı Oksford məktəbi Arəstənin uşaqlarını himayəyə alıb, uşaqlar indi həmin məktəbdə oxuyurlar. Buna çox sevinirəm”, - deyir Məktubə xanım.

Şəhidlər ölməzlər. Ruhları bu dünyada aramızda dolaşar, biz onları görməsək də. İnancımız belə deyir. Məktubə xanımın sözlərinə görə, qızı tez-tez yuxularına gəlir, hər dəfə də ancaq “ana, balalarıma yaxşı bax” deyir. “Uşaqlardan hansısa xəstələnəndə, yaxud xoş bir hadisə olanda Arəstəni mütləq yuxuda görürəm. Mələk kimi evimizin başında hərlənir ruhu. Yenə bir yerdə böyüdürük uşaqları. Bizə ev verilməmişdən öncə yuxuma gəldi. İyulun 13-ü idi. Gülürdü. Dedi, elə xoşbəxtəm, elə arxayınam. Üzündən nur yağırdı. Ertəsi gün dedilər, bizə ev verilib. 2 otaqlı mənzildir. İndi uşaqlarla həmin evdə yaşayırıq”, - deyir Məktubə xanım. İyulun 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən Xocəsən yaşayış kompleksində mənzillə təmin olunanların arasında Vətən ?üharibəsinin qadın şəhidi Arəstə Baxışovanın ailəsi də var idi.

“Çatışmayan heç nəyimiz yoxdur, bircə Arəstənin yeri görünür həyatımızda. Mən uşaqlara nə qədər yaxşı baxsam da, ana istiliyinin, ana qucağının yeri başqadır. Zəhranın gecələr gizli-gizli ağladığını görürəm. Mərdanın gözlərindən nisgili çəkilmir. Anasının hərbi papağı ilə gəzir. İyini ondan alır”.

Arəstə müəllim təhsili almışdı. Amma hərbiyə olan istəyi onu dartıb bu sahəyə gətirmişdi. O, Çernobıl faciəsi zamanı yardıma getmiş və bunun nəticəsində əlil olmuş atanın övladıydı. Fövqəladə Hallar Nazirliyində çalışan atası baş leytenant Kərim Baxışov Çernobıl faciəsi zamanı xilasetmə əməliyyatlarında ağır radiasiyaya məruz qalıb. Daha sonra elə bu səbəbdən həyatını itirib. O zaman Arəstənin 4 yaşı var idi. O da Mərdan kimi atasının hərbi paltarlarını, papağını qoxlayaraq böyümüşdü. Anası deyir, çox dəcəl qız idi. “Oğlanlar onunla bacara bilmirdilər. Özü də xaraktercə oğlan kimiydi. Uşaqlıqdan “hərbçi olacağam” deyib durmuşdu. Ailəsindən ayrılandan sonra öz istəyinin arxasınca getdi. Vətən ona hamımızdan şirin gəldi. Müharibə başlayan kimi könüllü oldu. Heç demirdi cəbhədəyəm, deyirdi arxa cəbhədə kömək edirəm. Yaralıları daşıyırmış. Oktyabrın 23-də Qubadlıda gedən döyüşlər zamanı yaralı əsgərlərimizi atışma bölgəsindən çıxaranda aldığı güllə yarasından şəhid oldu”.

Nə qədər özünü toxtaq tutmağa çalışsa da, kövrəlir, ağlayır Məktubə xanım. Deyir, güclü olmalıyam, başqa yolum yoxdur. Arəstənin əmanətləri məndədir, onları sağ-salamat böyütmək mənim vəzifəmdir.

Arəstə Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuşdu. 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil almışdı. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İngilis dili” ixtisasını bitirmişdi. Hərbiyə olan həvəsi onu Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist işləməyə gətirib çıxarır. 12 iyul 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə operator vəzifəsində işləyir. Daha sonra tibbi kurs keçir və Beyləqandakı hərbi hissədə tibb bacısı işləməyə başlayır. 1 il keçmədən müharibə başlayır və Arəstənin 31 illik ömür yolu şəhidliklə sonlanır. O, bu yolu bilərək seçdi, ölümü görərək, onunla üz-üzə görüşə getdi. Vətən sevgisi o qədər böyük oldu ki, iki balasını, anasını geridə buraxaraq, ona qurban olmaq yolunu seçdi. Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri olmuş Arəstə Baxışova Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bu gün onun adıyla bütün Azərbaycan qadınları qürur duyur. Ana kimi mübarək bir adın yanına şəhid, döyüşçü, qəhrəman adlarını da yazmış biridir Arəstə. Özü olmasa da, qazandığı müqəddəs ad balalarının üzərində mələk qanadları kimi gərilib, onları hər bəladan qoruyacaq. Arəstə bunu bilirdi. Bir də onu bilirdi ki, gələcək nəsillərin dilində Tomris, Nüşabə, Həcər kimi bir Arəstə dastanı da olacaq. İllər keçəcək, tarixdə 44 günlük Milli Qürur Savaşı uğruna canını fəda edən qadın əfsanəsi yaşayacaq.

İlhamə Rəsulova

Paylaş
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31