Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Minaaxtaran itlər iş başında

Minaaxtaran itlər iş başında

28.12.2021 [10:48]

Müşfiqə BAYRAMLI

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və UNEC Tədqiqat Fondunun iştirakı ilə “Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” mövzusunda təlim keçirilib. Məqsəd media nümayəndələrini və ictimaiyyəti maarifləndirməkdir.

Tədbiri giriş sözü ilə açan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəis müavini, general-mayor Məhərrəm Həsənov Azərbaycanın tarixi Zəfərindən danışıb. Bildirib ki, hazırda əsas məqsəd işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və yurdlarından didərgin düşən əhalinin geri qaytarılmasıdır. Dövlət qurumları əlaqəli şəkildə bu işlə məşğuldurlar. 2021-ci ilin yanvar ayından bəri Ağdam və Füzuli istiqamətlərində böyük ərazilər minadan təmizlənib.

İxtisaslı pirotexniki istehkam qrupu çalışır

Mina təmizləmə işlərindən bəhs edən general-mayor Məhərrəm Həsənov bu işlərin həyata keçirilməsində ixtisaslı pirotexniki istehkam qrupunun çalışdığını söyləyib. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi prosesində kinoloji taborun xüsusi təlim keçmiş 10 iti iştirak edir.

Vurğulanıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində gücünü dünyaya göstərdi. İndi cəmiyyəti maarifləndirmək lazımdır ki, minalarla bağlı daha ehtiyatlı olsunlar.

Mina xəritələrinin dəqiqəlik faizi çox aşağı olduğu üçün...

Daha sonra FHN-?in mətbuat xidmətinin rəisi, mayor Gülçin Mehdiyeva, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli və UNEC Tədqiqat Fondunun media və dövlət qurumları ilə iş üzrə departament rəhbəri Ellada Əliyeva keçirilən təlimin önəmindən bəhs ediblər. Qeyd olunub ki, düşmən tərəfindən təqdim edilən mina xəritələrinin dəqiqəlik faizi çox aşağı olduğu üçün işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlər təhlükəli hesab olunur. Ona görə də indi əsas işlərdən biri media vasitəsilə insanları ya yazılı, ya da vizual formada məlumatlandırmaqdır.

İlk növbədə, mütəxəssislərin hazırlığı lazımdır

Daha sonra XRXX-nin şöbə rəisi, kapitan Süleyman Heydərov mina təhlükəsizliyi və davranış qaydaları ilə bağlı geniş təqdimatla çıxış edib. Şöbə rəisi bildirib ki, təmizləmə tapşırıqlarını icra etmək üçün, ilk növbədə, mütəxəssislərin hazırlığı lazımdır: “XRXX-nin əməkdaşları müvafiq ilkin hazırlıq kurslarını bitirərək sertifikatlarla təmin olunur. Daha sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən akkreditə olunaraq işlərə buraxılırlar. Həmçinin, mina axtaran şəxslər qoruyucu geyim vasitələri ilə və müvafiq zəruri kiçik əl alətləri ilə komplektləşdirilmiş fərdi çantalarla təmin olunurlar”.

Süleyman Heydərovun sözlərinə görə, minatəmizləmə işləri aparılan yerlərdə ən əsas məsələ tibbi təminatın təşkil olunmasıdır. İlkin tibbi yardımı istehkamçı apardığı üçün hər bir tibbi ləvazimatla təmin olunur. İlkin tibbi yardım aparıldıqdan sonra ərazidə xidmət aparan tibb işçisinə təhvil verilir.

“Ərazidə təmizləmə işlərinin böyük bir qismi əl ilə təmizləmə üsulu ilə həyata keçirilir. Minaaxtaran itlər, sadəcə vasitədir. Ərazilərin minadan təmizlənməsi işlərində üçüncü vasitə kimi mexaniki üsuldan istifadə olunur. Günün sonunda ərazilərin təhvil-təslimində başqa bir minaaxtaran itlər qrupu cəlb olunur və yenidən yoxlanılır. Hər hansı bir boşluğun olması mümkünsüzdür”,- deyə kapitan vurğulayıb.

Minaaxtaran itlərin minaya düşmə təhlükəsi

Minaaxtarma üsulları əl ilə yanaşı, minaaxtaran itlər vasitəsilə də həyata keçirilir. XRXX-nin Kinoloji taborunun şöbə rəisi, baş leytenant Elvin Qocayev kinoloji xidmətin xüsusi təlim keçmiş itlərlə minatəmizləmə fəaliyyəti barədə jurnalistləri məlumatlandırıb. Bildirib ki, xüsusi təlimli itlər işğaldan azad edilmiş ərazilərdə insan, cəsəd və partlayıcı maddələrin axtarışında istifadə olunur. Onun sözlərinə görə, ANAMA ilə ikitərəfli əməkdaşlıq çərçivəsində akkreditasiyadan keçirildikdən sonra xidməti itlər axtarışa buraxılıb: “Mina axtarışlarında xidməti itlərin rolu çox böyükdür. Belə ki, insanın burnunda 5 milyon iy reseptoru olduğu halda, itdə bu 300 milyona bərabərdir. Partlayıcıların hamısının tərkibində oxşar komponentlər var. Laboratoriya şəraitində hazırlanmış xüsusi imitatorlar vasitəsilə itlərə təlim keçilir. İtlərin də minaya düşmə təhlükəsi var. Xoşbəxtlikdən işğaldan azad olunmuş ərazilərdə aparılan axtarışlar zamanı belə hal baş verməyib”.

Axtarışda alman, belçika çoban itlərindən və labrador itindən istifadə olunur

Mütəxəssis deyir ki, təmizləmə tapşırıqları icra olunarkən itlərin fəaliyyətinə hava şəraiti təsir edir. Onların rahat işləməsi üçün əlverişli hava şəraiti olmalıdır: “Buna görə də 20 dəqiqədən bir dəyişdirilərək xidmətə cəlb edilir. Axtarışda alman, belçika çoban itlərindən və labrador itindən istifadə olunur. Bu itlərin köməkliyi ilə gün ərzində 1000 kv-a yaxın ərazini təmizləmək mümkündür. Taborun tərkibində itlərin qulluğu üçün baytarlıq şöbəsi fəaliyyət göstərir. Vaksinasiyalar olunur və yemlə təmin edilir”,-deyə o bildirib.

Hər it mina axtara bilər?

E.Qocayev deyib ki, itlər 3 ayından etibarən təlimlərə cəlb olunur. “Ümumilikdə, 8 ay təlim keçirilir. Hər itdən minaaxtaran kimi istifadə etmək olmaz. İt seçərkən xüsusi psixoloji durumu qiymətləndirilir. Çılğın itlər bu işə cəlb edilmir. İtlərin hamısı bizim taborda yetişdirilir. Kənardan alınmır. Minaaxtaran itlərin nəslini artırmaq üçün əvvəllər yaxşı nəticə göstərmiş itlərdən damazlıq kimi istifadə olunur”,- deyə Kinoloji taborunun şöbə rəisi vurğulayıb.

Sonda təlimdə vətəndaşların hər hansı səbəbdən şübhəli əraziyə keçdiklərini yəqin etdiklərində hərəkət etməmələri və dərhal “112” və “102” mərkəzlərinə zəng edərək olduqları yer barəsində ətraflı məlumat vermələri bir daha diqqətə çatdırılıb.

Təlimin sonunda media nümayəndələrinə sertifikatlar təqdim olunub.

 

 

Paylaş
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31