Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milyonçu xeyriyyəçinin xatirə günüdür...

Milyonçu xeyriyyəçinin xatirə günüdür...

01.09.2022 [11:05]

Yeganə BAYRAMOVA

“Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız,bir qıza təhsil verməklə isə təhsilli bir ailə”.

H.Z.Tağıyev

Sentyabrın 1-i Azərbaycanın görkəmli ictimai xadimi, Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə günüdür. H.Z.Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə silinməz izlər qoyan Tağıyevin vəfatından artıq 98 il ötür. Kiçik yaşlarında fəhləlik etmiş, 15 yaşından bənnalığa başlamışdır. 1873-cü ildə neftçıxarma işinə sərmayə qoymuş, sahibkarlıq fəaliyyətinə başlamışdır. 1878-ci ildə Tağıyevin mədənində baş verən neft fontanı onu Bakının zəngin sahibkarlarından birinə çevirmişdir. 70-ci illərin sonunda o, artıq 3 neft zavodunun sahibi idi.

Bakıda ilk teatr binası, müsəlman qızlar üçün ilk məktəb onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları (“Müsəlman xeyriyyə cəmiyyəti”, “Nəşr və maarif”, “Nicat” və s.) Tağıyevin yardımı sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.

Tağıyev müsəlmanların mənafeyi ilə ictimai-siyası məsələlərdə daim fəallıq göstərib, onun vəsaiti hesabına Ə.Axundzadənin, S.M.Qənizadənin, N.Nərimanovun və başqalarının kitabları çap olunub. Onun himayə etdiyi, təqaüd verdiyi şəxslər sonradan öz ölkələrinin, xalqlarının görkəmli nümayəndələri olublar. N.Nərimanov, M.Əzizbəyov, Ə.Topçubaşov, N.Yusifbəyli, L.Behbudov, Q.Qarabəyli, B.Cavanşir, M.D.Hüseynov, M.H.Vəzirov, Ş.Məmmədova və b. H.Z.Tağıyevin köməyi sayəsində təhsil alıblar.

H.Z.Tağıyevin bir sıra qəzet və jurnalların nəşrində (“Kaspi”, “Həyat”, “Tazə Həyat”, “Füyuzat” və.s ), mədəni-maarif cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində böyük əməyi olub. Onun 1880-ci ildə Bakıda tikdirdiyi ilk teatr binası xalq arasında “Tağıyev teatrı” adlanırdı.

O, 1900-cü ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda Qızlar məktəbi tikdirir. Bu, Cənubi Qafqazda müsəlman qızlar üçün yeganə məktəb idi. Böyük xeyriyyəçinin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri qızları təhsilə cəlb etməsidir.

Qızlar məktəbinin açılmasına mane olanlarla mübarizə

Qızlar məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar. Köhnə fikirli ruhanilər məktəb açmaq təklifini bəyənmiş qazi Mir Məhəmməd Kərimi qapısına ağ neft töküb yandırmaqla hədələyirdilər. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə, H.Z.Tağıyevi də öldürmək istəyirdilər. Lakin Hacının xalq arasında olan nüfuzu və ətrafındakı adamların onu mühafizə etməsi bu bədxahlığın baş tutmasına imkan vermirdi. Müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə - Məkkəyə, Mədinəyə, Kərb?laya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı möhtəbər, rəsmi din xadimlərindən mücdəhidlərindən hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər. Bu müqəddəs işdə şəriətə zidd heç nə yoxdur. Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görə də o, məcbur olub məsciddə ruhanilər qarşısında çıxış etməli oldu: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar. İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gün gecə 20 yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər zənən xeylağı olacaq!”.

Vəfatı

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat edib, sentyabrın 4-də dəfn olunub. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər. Nəriman Nərimanovun köməkliyi ilə Bakının “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərində onunla bağlı nekroloq çap edildi.

Xeyriyyəçi milyonçunun xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır. 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edir. Heykəlinin hazırlanması ilə bağlı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə keçirdiyi açıq müsabiqənin qalibi Xalq rəssamı, tanınmış heykəltəraş Xanlar Əhmədov oldu. Onun təklif etdiyi layihə müsabiqəyə təqdim olunan 26 əsər arasından seçildi.

Bu il yanvarın 18-də isə Prezidenti İlham Əliyev metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılan Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib. Qeyd edək ki, ölkə başçısının Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Cənab Prezidentin Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan H.Z.Tağıyevin abidəsinin ucaldılması ilə bağlı göstəriş verməsi, abidənin açılışında iştirakı ölkə başçısının dəyərli xeyriyyəçimizə göstərdiyi diqqətin nümunəsi, mesenatlara isə bir mesaj oldu.

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabah yağış yağacaq

06 Oktyabr 12:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31