Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əsrin bəlası: Narkomaniya...

Əsrin bəlası: Narkomaniya...

27.09.2022 [10:40]

“Ağ ölüm”lə necə mübarizə aparmalıyıq?

Yeganə BAYRAMOVA

21-ci əsrin bəlası olan, “ağ ölüm” adlandırılan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycandan da yan keçməyib. Ölkəmizdə bununla bağlı görülən tədbirlərə baxmayaraq, problemin qarşısını hələ də tam almaq mümkün olmayıb. Narkomaniya qlobal sosial problem, milyonlarla insanın həyatına son qoyan dəhşətli müharibədir. Bu müharibə başqa amansız müharibələr kimi, xalqların genofondunu məhv edir. Narkomaniya, heç də bəzilərinin dediyi kimi, xəstəlik deyil, bir insanın məğlubiyyəti və onun sağlamlığının amansız cəlladıdır.

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) “Narkotiklər haqqında ümumdünya hesabatı - 2021” məruzəsində qeyd edilib ki, ötən il dünyada təxminən 275 milyon insan narkotik vasitələrdən istifadə edib. 36 milyon insan isə narkomaniyanın törətdiyi fəsadlardan əziyyət çəkib. Onlardan 13 milyonu narkotikdən asılı olan insanlardır. Bu siyahıya əsasən ağır sintetik maddələrdən istifadə edən insanlar daxildir. Onların da yarısı gənclərdir. Təkcə 2019-cu ildə narkotiklərdən istifadə edən 494 min insan bu səbəbdən səhhətində yaranan xəstəliklərdən dünyasını dəyişib.

Beynəlxalq konvensiyalar

1992-ci ildə Azərbaycan BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulub. Bundan başqa, Azərbaycan 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulub. Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə mübarizə ilə əlaqədar konvensiyalara qoşulduqdan sonra da bu sahədə çoxsaylı qanunvericilik aktları qəbul olunub. Müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini görüb. Ulu Öndər narkomaniya və narkobizneslə mübarizənin hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizəsi olduğunu qeyd edirdi. Ulu Öndərin müdrik siyasətinin mərkəzində insan amili dayandığından vətəndaşların hüquqlarının təmin edilməsi, rifahının yaxşılaşdırılması və sağlamlıqlarının qorunması prioritet istiqamət idi. Ona görə də Ümummilli Lider narkomaniyaya qarşı mübarizənin vacibliyini hər zaman ön plana çəkirdi. Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkədə narkomaniya ilə mübarizəyə dair çoxsaylı fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramı tərtib olunur. Dövlət başçısı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı Sərəncam da mühüm əhəmiyyət daşıyır.

Daimi ünsiyyət vacibdir...

Psixoloq Elnur Rüstəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, narkotik vasitələrdən istifadənin son vaxtlar gündəmə gəlməsinin əsas səbəbi bu kimi maddələrdən zəhərlənmə hallarının çoxalmasıdır: “İnsanlarda bir-birini eşidə bilməmək, daxili aqressiya, öz mənliyini tapa bilməmək, cəmiyyətdə və ailədə özünü təsdiq edə bilməmək, valideyn və övlad arasında olan psixoloji alyansın qorunmaması insanlarda özgüvənsizlik, asosiallıq, eqoizmin yaranmasına gətirib çıxardır. Bunun nəticəsində də özlərini narkotikada, spirtli içkilərdə tapan insanlar artmağa başladı. Bütün bu asılılıqların başında insanın özünü tapmamağı dayanır. Hər şey insanın özünü ailəyə, cəmiyyətə və özünə yararsız olduğunu hiss etməsindən başlayır. Bunun iqtisadi vəziyyətlə, maddiyyatla heç bir əlaqəsi yoxdur. Ailələr övladları ilə psixoloji alyansı qoruduğu zaman övladları sağlam düşüncəli, ailəyə və cəmiyyətə faydalı şəxsiyyət kimi formalaşanda asılılıqları olmur”.

Necə mübarizə aparılmalıdır?

E.Rüstəmov qeyd edib ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir: “Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər - narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olurlar. İl əzində hər bir təcrübəli narkotik istifadəçisi 4 nəfəri narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Valideynlər və övladları arasındakı yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac var”.

Hər il narkomanların sayı artır...

Narkoloq-həkim Asif Kəngərlinin sözlərinə görə, “ağ ölüm” adlandırdığımız bəla cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun deqradasiyasına gətirib çıxarır:

“Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) və başqa sağalmaz və ya çətin müalicə olunan xəstəliklərə yoluxurlar. Narkotiklərin qanunsuz dövriyyəsi, eyni zamanda, cinayətkarlığın artmasına səbəb olur, terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi maneələr yaradır.

Problemin faciəvi tərəfi isə gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasıdır. Hər bir xalqın gənclərinin fiziki və mənəvi sağlamlığı dövlət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da dövlət tərəfindən gənclərə yetərincə qayğı göstərilir, gənc nəslin inkişafı, onların sağlam həyat tərzinin təşkili ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir. Narkotiklərə qoşulmağa başlamış yeniyetmə, öz əqli və idrak bacarıqlarını, maraqlarını itirməklə mənəvi tənəzzül edir. Çünki həmin yeniyetmələrdə müsbət maraqların və meyillərin əvəzinə yaranmış maraqlar bütün mənfi ifadələri ilə onların psixi proseslərini deqradasiyaya uğradır. Hesab edirəm ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür”.

A.Kəngərli narkomanlığın əlamətlərindən də söz açdı: “Solğun dəri, göz bəbəyinin genişlənməsi və ya daralması, gözlərin qızarması və ya tutqunlaşması, nitqin ləng olması, arıqlama, gözlərdə parıltı nakomanlığın əsas əlamətləridir. Maraq, stress, kənar təzyiq, psixoloji problemlər isə narkotik qəbulunun başlıca səbəbləridir. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata, proseslərə qarşı laqeydlik yaradır. Narkomanlıq sosial münasibətlərə də mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəhərlənməsi daxili, orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır”.

Narkoloqun sözlərinə görə, Azərbaycanda son illər ərzində rəsmi qeydiyyata alınan narkomanların sayında ancaq artım müşahidə edilir: “2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 28 555-ə, 2018-ci ildə 31 432-ə, 2019-cu ildə 32 921-ə yüksəlib. 2020-ci il 31 dekabr tarixinə respublika üzrə qeydiyyatda olan narkomanların sayı isə 33 788 nəfərə çatıb. Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən - tiryək, heroin və kokosdan istifadə edirlər. Ölkədə qeydiyyatda olan narkomanların da 23 537 nəfəri opiat, 10 251 nəfəri kannabinoid qrupuna aid narkotik istifadəçiləridir”.

Qanunvericilik nə deyir?

Hüquqşünas Adəm Məmmədov narkotik satışı ilə məşğul olan şəxsləri gözləyən cəzalar barədə danışıb. O, qeyd edib ki, narkotik və psixo­trop maddələri satış məqsədilə istehsal edənlər 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Son zamanlar Azərbaycanda metamfetamin adlı psixotrop maddə daha çox yayılıb. Patı deyilən bu psixotrop vasitə şəffaf rəngdə uzun düyüyə bənzəyir. Məhz bu səbəbdən ona şüşə də deyilir. Polis əməkdaşları metamfetaminin küçə adının “şüşə” olduğunu bildikdən sonra aludəçiləri onu “patpress” deyə adlandırdılar. Bu ad da hüquq-mühafizə orqanlarına bəlli olandan sonra artıq bu psixotrop maddəyə “patı” deyirlər.

Qanunsuz olaraq narkotik vasitələri hazırlama, satma, göndərmə, daşıma, əldəetmə cinayət məsuliyyətinə səbəb olur. Həmin şəxslər 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrum­etmə ilə cəzalandırılır. Satış məqsədilə bu vasitələri istehsal etmə olduqda isə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunur. Cinayət Məcəlləsinin 74.1-ci maddəsinə əsasən isə, şəxs narkotik vasitəni daşıma, göndərmə, çatdırma üzrə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinirsə, onun digər cinayət əməli yoxdursa və narkomaniya xəstəliyinə düçar olubsa, barəsində həbs qərarı seçilmir. Məhkəmə həmin şəxs haqqında stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər seçir. Yəni, məcburi müalicəyə cəlb edilir. Xəstəxanada müalicədən sonra məhkəmə onu cinayət məsuliyyətindən azad edə bilər”.

Paylaş:
Baxılıb: 290 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30