Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bizim sözümüz imzamız qədər dəyərlidir

Bizim sözümüz imzamız qədər dəyərlidir

07.06.2024 [12:03]

Regionun enerji sistemində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi iyunun 6-da başa çatdı. “Caspian Oil&Gas” və “Caspian Power” sərgilərini özündə birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirdi və bununla da diqqəti Azərbaycana cəmləşdirdi.  Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak etdi. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfə tədbirə qatıldılar.  Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yeniləndi. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılar idi. Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf etdi. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür.  1994-cü il 20 sentyabr tarixində imzalanan və Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası uğurla icra edilir. Dövlət başçısı İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında bu strategiyanın uğurla reallaşması fonunda Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan bəhs etdi. Sabitliyin, normal iqtisadi mühitin mövcudluğu ölkəmizə investisiya axınını sürətləndirir. Bir sözlə, beynəlxalq arenada Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi gündən-günə möhkəmlənir.

Əgər 1994-cü ildən indiyədək ölkəmizin neft-qaz sektorunda inkişafın xronologiyasına nəzər yetirsək    bunun yalnız uğurlar xronologiyası olduğunu görərik. Ümummilli Liderin adı ilə bağlı olan Azərbaycanın yeni neft strategiyasının uğurlu icrası qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır. 30 illik təcrübə göstərir ki, "Əsrin müqaviləsi" Azərbaycanın bugününü və gələcəyini təmin etməyə qadir olan yüksək potensiala malik layihədir. Cənab İlham Əliyev sözügedən çıxışında “Əsrin müqaviləsi”nin imzalandığı dövrün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Müstəqillik yolunda ilk addımlarını atırdı və bu, çətinliklər, çağırışlar, faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və ölkəmiz humanitar fəlakətlə üzləşdi. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi. Lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan deyil, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı. Bura iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.

Beləliklə, 1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkənin tarixində yeni səhifə açdı. Ümummilli Lider bu qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə uğurlu inkişafını təmin edən möhkəm təməl yaratdı. Onun iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər dünya təcrübəsinə əsasən belə bir çağırışı da etdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanmasından öncə ilk Xəzər Neft və Qaz Sərgisi keçirildi. Bu mühüm hadisə Azərbaycanın enerji resurslarının dünyaya təqdimatında öz sözünü dedi. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini şərtləndirdi. Yeni neft strategiyasının uğurları bu gün Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında özünün aydın ifadəsini tapır.

Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən Ümummilli Lider, yeni neft strategiyasının müəllifi Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini belə qeyd etmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.»

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan sabitlik diyarı, böyük investisiyalar məkanı, iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollara yaxındır ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.  Neft-qaz gəlirlərindən səmərəli istifadə son 20 ilə yaxın dövrdə cənab İlham əliyevin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışına uyğun olaraq bu sahənin inkişafında uğurlu nəticələrə yol açdı.

Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olduğunu təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələnin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır. Hazırda ölkəmiz etibarlı tərəfdaş kimi dünyanın diqqətindədir.

Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir. Ölkə Prezidenti bu mühüm reallığı da xüsusi qeyd etdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.”

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30