Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan və Gürcüstan regional sabitliyin təminatçılarıdır

Azərbaycan və Gürcüstan regional sabitliyin təminatçılarıdır

21.04.2025 [14:57]

Meydanəli Yolçiyev,

YAP Daşkəsən rayon təşkilatının sədri

Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilmiş görüşlər və səsləndirilən bəyanatlar Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı səviyyəsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bu strateji tərəfdaşlığın dərinliyini, ikitərəfli münasibətlərin çoxşaxəli xarakterini və regionda sülh, sabitlik, əməkdaşlıq məsələlərində Bakı ilə Tbilisinin ortaq mövqeyini açıq şəkildə ifadə etdi.

Əsrlər boyu mehriban qonşuluq və qarşılıqlı hörmət mühiti şəraitində yaşayan Azərbaycan və Gürcüstan xalqları bu ənənəni dövlətlərarası münasibətlər səviyyəsində uğurla davam etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Bu münasibətlər yalnız iki dövlətin milli maraqlarını deyil, həm də Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında sabitliyin və rifahın təmin edilməsini hədəfləyir.

Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji və nəqliyyat-logistika sahələrində həyata keçirilən nəhəng layihələrdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi bu sahədə uğurlu əməkdaşlığın konkret nəticələridir. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixracatın əhəmiyyətli hissəsi məhz Gürcüstan üzərindən həyata keçirilir.

Nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu, yeni liman infrastrukturu və dəhliz formatında əməkdaşlıq Orta Dəhliz layihəsinin əsas sütunlarına çevrilmişdir. Bu layihələr Şərq-Qərb istiqamətində yüklərin təhlükəsiz və sürətli daşınmasına imkan verir, Avrasiya məkanında ticarət dövriyyəsini və iqtisadi inteqrasiyanı gücləndirir.

Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycan və Gürcüstan üçün ümumi strateji məqsəddir. Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Lakin bu gün regionda sülhə nail olunması üçün real imkanlar yaranmış və bu istiqamətdə Bakı və Tbilisi birgə təşəbbüslərlə çıxış edir. Gürcüstanın post-seçki dövründə ilk səfərini Azərbaycana etməsi də rəmzi mənada bu yaxınlığı və ortaq məqsədləri əks etdirir.

İkitərəfli münasibətlərin inkişafında diplomatik platformalar da mühüm rol oynayır. Xarici İşlər nazirlikləri səviyyəsində aparılan siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyalar və parlamentlərarası dostluq qrupları bu münasibətlərin institusional əsaslarını formalaşdırır. İki ölkə arasında 119 sənəd imzalanmışdır ki, bu da əməkdaşlığın geniş hüquqi çərçivəyə malik olduğunu göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin indiyə qədər Gürcüstana etdiyi dövlət, rəsmi və işgüzar səfərlər də bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir. Sonuncu işgüzar səfər 2023-cü ilin oktyabrında baş tutmuşdur.

İki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətləri regionda sabitliyin, əməkdaşlığın və iqtisadi inkişafın təməlidir. Əminliklə söyləmək olar ki, bu münasibətlər gələcəkdə də yüksələn xətlə inkişaf edəcək və iki ölkə xalqlarının rifahına, Cənubi Qafqazda uzunmüddətli sülhə töhfə verməyə davam edəcəkdir.

Paylaş:
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31