Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tarix yazan rəşadətli Azərbaycan ordusu

Tarix yazan rəşadətli Azərbaycan ordusu

23.06.2026 [17:34]

Hər bir xalqın tarixində onun gücünü, iradəsini və mübarizə ruhunu təcəssüm etdirən məqamlar var. Azərbaycan xalqı üçün belə anlardan biri də 26 iyun – Silahlı Qüvvələr Günüdür. Bu gün, təkcə ordunun yaranma tarixi deyil, həm də bir millətin öz torpağını qorumaq, azad yaşamaq və gələcək nəsillərə başı uca bir vətən miras qoymaq iradəsinin simvoludur. 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli hərbi hissənin yaradılması, müasir Azərbaycan ordusunun tarixi təməllərindən biri hesab olunur. Bu mühüm hadisə, dövlətçiliyimizin yalnız siyasi deyil, hərbi təməllərlə də möhkəmləndirilməsinə yönəlmiş mühüm addım idi.  Məlum tarixi hadisələr nəticəsində, müəyyən transformasiyalardan keçən Azərbaycanın Silahlı Qüvvələri uzun illər sonra, yeni və müstəqil Azərbaycanın tarixində şərəfli yer tutdu.

Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində milli hərbi kadrların yetişdirilməsi üçün apardığı böyük işlər, eyni zamanda Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın silahlı qüvvələrinə göstərdiyi diqqət və qayğı bu günkü zəfərlərimizin ana xəttini təşkil edir. Çünki Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində sovetlər zamanı Bakıda Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması, eyni zamanda Azərbaycandan olan gənclərin təhsil almaq üçün keçmiş SSRİ-nin ən müxtəlif ali hərbi məktəblərinə göndərilməsi sonrakı illərdə müstəqil Azərbaycan Ordusunun formalaşması üçün mühüm baza oldu. Sözügedən məktəbin yaradılması yalnız azərbaycanlı zabitlərin yetişdirilməsi baxımından deyil, həm də bütövlükdə gələcək müstəqil Azərbaycan ordusunun formalaşması istiqamətində əvəzolunmaz tarixi hadisə idi. Təsadüfi deyil ki, 1991-ci ildə  müstəqil dövlət qursaq da, bu dövləti yox olmaqdan xilas etmiş böyük öndər müstəqil Azərbaycan ordusunun yaradılmasını da öz üzərinə götürdü, ölkəmizdə peşəkar və  nizami ordu qura bildi. 26 iyunu Silahlı Qüvvələr Günü elan edən Ümummilli lider tarixi ənələrə sadiq qalmaqla kifayətlənməyərək bu gün dünyanın ən qüdrətli orduları sırasında göstərilən Azərbaycan ordusunun əsasını qoydu.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı siyasət Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirərək ordunun müasir döyüş texnologiyaları ilə təchiz olunması, beynəlxalq təcrübəyə əsaslanan təlimlərin keçirilməsi, hərbçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdı. Bu islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və peşəkar hərbi qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun əsl gücü və xalq-iqtidar-ordu birliyi 2020-ci ilin payızında – 44 günlük Vətən Müharibəsində öz parlaq təcəssümünü tapdı. Ermənistanın növbəti təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan əsgəri, Ali Baş Komandanın rəhbərliyi ilə, tarix yazdı. Bu müharibədə hərbçilərimizin şücaəti, texnoloji üstünlük və xalqın vahid amalla səfərbərliyi Qələbənin təməlini qoydu. Şuşanın azadlığı ilə taclanan bu zəfər, eyni zamanda Azərbaycan Ordusunun regionda aparıcı gücə çevrildiyini təsdiqlədi. Qələbədən sonra Silahlı Qüvvələr daha da təkmilləşdirildi. Xüsusi Təyinatlı Qüvvələr, Quru Qoşunlar və digər hərbi birliklər yeni taktiki yanaşmalarla yenidən formalaşdırıldı, müasir texnologiyalarla təchiz olundu. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi çərçivəsində hərbi əməkdaşlıq daha yüksək səviyyəyə çatdı. 2023-cü ilin sentyabrında keçirilən cəmi 23 saatlıq antiterror əməliyyatı isə ordumuzun peşəkarlığının zirvəsi oldu. Bu əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini ölkənin bütün ərazilərində tam və qəti şəkildə bərpa etdi.

Silahlı Qüvvələrimizin gücü xalqın birliyindən, dövlətin siyasi iradəsindən və müasir ordu quruculuğu strategiyasından qaynaqlanır. Qazanılan hərbi uğurlar Azərbaycanın suverenliyinin təminatçısıdır. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü isə ordumuzun şərəfli yoluna, gücünə və tarixi zəfərlərinə verilən ən ali dəyərdir. Azərbaycan Ordusu – qürur mənbəyimiz, gücümüzün və əzmimizin təcəssümüdür. Onun tarixi yoluna nəzər salmaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qalib dövlətin vətəndaşı olmağın məsuliyyətini daşımaq hər birimizin borcudur.

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Azərbaycan Respublikası!

Əlisafa Qəmbərov

YAP Biləsuvar rayon təşkilatı 7 saylı şəhər ərazi partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30