Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Naxçıvan Azərbaycanın yeni inkişaf və nəqliyyat strategiyasının mühüm mərkəzinə çevrilir

Naxçıvan Azərbaycanın yeni inkişaf və nəqliyyat strategiyasının mühüm mərkəzinə çevrilir

12.08.2026 [15:41]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə ölkənin qarşıdakı dövr üçün strateji inkişaf prioritetlərini, Naxçıvanın yeni iqtisadi və geosiyasi imkanlarını, həmçinin regionda formalaşan yeni reallıqları geniş şəkildə əks etdirib. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvan artıq yalnız ölkənin ayrılmaz tərkib hissəsi kimi deyil, Azərbaycanın nəqliyyat, enerji, sənaye və regional əməkdaşlıq siyasətində mühüm mövqeyə malik strateji məkan kimi nəzərdən keçirilir.

Prezident İlham Əliyev müsahibədə Naxçıvana 17-ci səfərinin nəticələrini yüksək qiymətləndirərək vurğulayıb ki, son illər ərzində muxtar respublikanın hərtərəfli inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib və bu proses bundan sonra da davam etdiriləcək. Səfər çərçivəsində sənaye, enerji, nəqliyyat, sosial infrastruktur, kənd təsərrüfatı və tarixi-mədəni irsin qorunması ilə bağlı mühüm layihələrin təqdim olunması Naxçıvanın inkişafının sistemli xarakter daşıdığını göstərir.

Müsahibənin diqqətçəkən istiqamətlərindən biri Naxçıvanın enerji təhlükəsizliyi və yaşıl enerji potensialı ilə bağlı fikirlər olub. Dövlət başçısı qeyd edib ki, Naxçıvanda enerji təminatı artıq etibarlı şəkildə qurulub və qarşıdakı mərhələdə əsas məqsədlərdən biri enerji istehsalının artırılması və ixrac imkanlarının genişləndirilməsidir. Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması, eləcə də 50 meqavat gücündə günəş elektrik stansiyalarının inşası bu istiqamətdə atılan mühüm addımlardandır. Eyni zamanda, Naxçıvanın günəş enerjisi potensialının ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavata qədər ola biləcəyi bildirilib.

Bu yanaşma Azərbaycanın enerji siyasətinin yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də ölkənin regional enerji ixracatçısı kimi mövqeyinin daha da gücləndirilməsinə hesablandığını göstərir. Naxçıvanın Türkiyə və İranla enerji bağlantıları, gələcəkdə isə Avropa istiqamətində enerji ixracının mümkünlüyü Azərbaycanın enerji strategiyasına yeni imkanlar qazandırır. Dövlət başçısının sözlərindən də aydın olur ki, Naxçıvan gələcəkdə enerji idxal edən deyil, enerji ixrac edən regiona çevrilməlidir.

Müsahibədə xüsusi diqqət yetirilən məsələlərdən biri isə Zəngəzur dəhlizi və Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi olub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının strateji əhəmiyyətini qeyd edərək bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Naxçıvan dəmir yolunun yenidən qurulması istiqamətində işlər davam edir və yeni texniki-iqtisadi əsaslandırmaya əsasən dəmir yolunun Naxçıvan ərazisində uzunluğu 194 kilometr təşkil edəcək. Layihənin məqsədlərindən biri gələcəkdə yükdaşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqdır.

Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artıracaq. Prezidentin müsahibədə qeyd etdiyi kimi, bu marşrut yalnız Azərbaycanı Naxçıvanla birləşdirən yol olmayacaq. Dəhliz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm qollarından birinə çevrilə bilər. Bu isə Naxçıvanın beynəlxalq yükdaşımalar sistemində mövqeyinin möhkəmlənməsi, yeni investisiyaların cəlb olunması, iş yerlərinin yaradılması və iqtisadi fəallığın artması üçün geniş imkanlar yaradır.

Dövlət başçısının müsahibəsində diqqət çəkən digər mühüm məqam Naxçıvanın inkişafının Qarabağ və Şərqi Zəngəzurun inkişafı ilə vahid konsepsiya əsasında həyata keçirilməsidir. Prezident İlham Əliyev bu üç coğrafiyanın gələcəkdə vahid inkişaf məkanı kimi nəzərdə tutulduğunu bildirib. Bu yanaşma Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi quruculuq siyasətinin yalnız işğaldan azad edilmiş ərazilərlə məhdudlaşmadığını, ölkənin bütün strateji regionlarının kompleks və balanslı inkişafına yönəldiyini nümayiş etdirir.

Naxçıvanın sosial inkişafı da müsahibədə xüsusi yer tutub. Yeni sənaye müəssisələrinin yaradılması, sosial infrastrukturun yenilənməsi, uşaq bağçalarının tikintisi və təmiri, kənd yollarının bərpası, müasir nəqliyyat vasitələrinin istifadəyə verilməsi əhalinin rifahının yüksəldilməsinə xidmət edən əsas istiqamətlər kimi təqdim olunub. Muxtar respublikada 217 müasir rayonlararası avtobusun alınması və 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri ilə bağlı planlar Naxçıvanın yaşayış məntəqələri arasında əlaqələrin daha da yaxşılaşdırılmasına imkan verəcək.

Prezident İlham Əliyev Naxçıvanın tarixi-mədəni irsinin qorunmasını da mühüm prioritet kimi qeyd edib. Möminə xatun türbəsində aparılan bərpa işləri və digər tarixi-mədəni obyektlərin konservasiyası və yenidən bərpası Naxçıvanın zəngin tarixinin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, sosial-iqtisadi inkişafla yanaşı, milli kimlik, tarix, mədəniyyət, dil və milli ruh da dövlət siyasətinin əsas dayaqlarındandır.

Müsahibədə Naxçıvanın turizm potensialı da diqqət mərkəzində olub. Tarixi abidələri, zəngin təbiəti və əlverişli iqlimi ilə seçilən muxtar respublikada turizmin inkişafı üçün müasir infrastrukturun yaradılması qarşıda duran vəzifələr sırasında göstərilib. Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu mehmanxana kompleksinin təməlinin qoyulması da bu istiqamətdə atılan addımlardan biridir.

Beləliklə, Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə təkcə səfərin yekunlarına dair məlumat xarakterli çıxış deyil, həm də Naxçıvanın gələcək inkişaf modelinə dair aydın strateji baxışın təqdimatı kimi qiymətləndirilə bilər. Təhlükəsizliyin möhkəmləndirilməsi, enerji müstəqilliyinin daha da gücləndirilməsi, yaşıl enerjinin inkişafı, nəqliyyat bağlantılarının genişləndirilməsi, sənayeləşmə, sosial rifah və tarixi-mədəni irsin qorunması bir-birini tamamlayan vahid inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir.

Prezidentin səsləndirdiyi fikirlərdən görünür ki, Naxçıvan qarşıdakı illərdə Azərbaycanın regional və beynəlxalq layihələrində daha böyük rol oynayacaq. Zəngəzur dəhlizinin reallaşması, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi, sənaye potensialının artırılması və Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan xətti üzrə vahid inkişaf konsepsiyasının həyata keçirilməsi qədim diyarın yeni iqtisadi və strateji imkanlarını daha da artıracaq.

Bu baxımdan 11 avqust 2026-cı il tarixli müsahibə Azərbaycanın gələcəyə hesablanmış inkişaf siyasətinin mühüm istiqamətlərini özündə əks etdirən əhəmiyyətli siyasi mesaj kimi diqqəti cəlb edir. Naxçıvanın təhlükəsiz, müasir, dayanıqlı və yüksək inkişaf etmiş regiona çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın güclənən iqtisadi imkanları ilə yanaşı, dövlətin strateji hədəflərə çatmaq üçün nümayiş etdirdiyi siyasi iradəni də ortaya qoyur.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 37 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31