Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xalq birliyi – Azərbaycanın Zəfərinin əsas dayağı

Xalq birliyi – Azərbaycanın Zəfərinin əsas dayağı

16.09.2026 [15:25]

       Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız müəyyən bir dövrlə məhdudlaşmır, dövlətçilik tariximizin mühüm mərhələsi kimi gələcək nəsillərə də örnək olur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə və 2023-cü ildə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi də məhz belə tarixi hadisələrdəndir. Bu Zəfərin arxasında güclü dövlət, qətiyyətli siyasi iradə, qüdrətli Ordu və ən başlıcası, xalq-dövlət birliyi dayanır.

       Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Azərbaycanın keçdiyi tarixi yolu bir daha diqqətə çatdırıb. Dövlət başçısı çıxışında Azərbaycan xalqının bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etdiyini vurğulayıb.

        Bu fikir Azərbaycanın Zəfərinin mahiyyətini ifadə edən mühüm siyasi və mənəvi məqamlardan biridir. Çünki 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan xalqı öz tarixi torpaqlarının azad olunacağına olan inamını itirmədi. Ölkəmiz bütün çətinliklərə baxmayaraq, dövlətçiliyini möhkəmləndirdi, iqtisadi potensialını artırdı, Ordusunu gücləndirdi və beynəlxalq mövqelərini ardıcıl şəkildə möhkəmləndirdi. Bütün bu proseslərin mühüm dayaqlarından biri də xalqın vahid məqsəd ətrafında birləşməsi idi.

      Vətən müharibəsinin ilk günlərindən Azərbaycan cəmiyyətində nümayiş etdirilən həmrəylik xalqımızın milli iradəsinin gücünü göstərdi. Azərbaycanın bütün bölgələrində yaşayan insanlar, xaricdəki soydaşlarımız, müxtəlif sosial qrupların nümayəndələri vahid amal – işğal altında olan torpaqlarımızın azad edilməsi naminə birləşdilər. Şəhid ailələrinə, yaralılara və hərbçilərə göstərilən diqqət və qayğı da xalqımızın həmrəyliyinin parlaq nümunəsinə çevrildi.

       Qələbənin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığı xüsusi yer tutur. Prezident İlham Əliyevin çıxışında da qeyd edildiyi kimi, Azərbaycan xalqı qan tökərək və döyüşərək torpaqlarını azad edib. Şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və hərbçilərimizin qəhrəmanlığı Vətən tariximizin ən şərəfli səhifələrini təşkil edir. Dövlət başçısı şəhidlərimizin xatirəsini ehtiramla yad edərək onların fədakarlığının Azərbaycanın ədalətinin və milli ləyaqətinin bərpasında mühüm rol oynadığını bildirib.

          Azərbaycanın Zəfəri yalnız hərbi nəticə deyil, eyni zamanda beynəlxalq hüququn və tarixi ədalətin bərpası kimi qiymətləndirilir. Uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq sənədlər mövcud olsa da, onların icrası təmin edilməmişdi. Azərbaycan öz gücü və imkanları hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

        Bu baxımdan Prezident İlham Əliyevin “bir yumruq kimi birləşmək” ifadəsi xüsusi məna daşıyır. Birlik dövlətin ən böyük güc mənbələrindən biridir. Xalqın dövlətçilik ideyası ətrafında həmrəyliyi milli maraqların qorunmasına, ölkənin qarşısında duran strateji məqsədlərin həyata keçirilməsinə mühüm zəmin yaradır.

         Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı bərpa və quruculuq işləri də Zəfərin davamı kimi xarakterizə olunur. İşğal zamanı dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Dövlət başçısının çıxışında işğaldan azad edilmiş ərazilərdə gördüyümüz dağıntılar, viran qoyulmuş yaşayış məntəqələri və məscidlər barədə də danışılıb.

         Xüsusilə dini və mədəni irs məsələsi Azərbaycanın ədalət mübarizəsinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev çıxışında işğal dövründə dağıdılmış məscidlərə diqqət çəkib. Bu faktlar Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa prosesinin yalnız sosial-iqtisadi deyil, həm də tarixi-mədəni əhəmiyyət daşıdığını göstərir. Bu gün həmin ərazilərdə məscidlərin, tarixi abidələrin və mədəniyyət nümunələrinin bərpası milli irsə sahib çıxmağın mühüm göstəricisidir.

       15 sentyabr tarixli görüşün digər mühüm məqamı dini liderlərin Bakıda bir araya gəlməsi idi. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısında müxtəlif türk dövlətlərinin dini idarələrinin rəhbərləri ilə yanaşı, Qafqaz və digər ölkələrdən dini nümayəndələr də iştirak edib. Eyni günlərdə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi isə bu tədbirlərə xüsusi mənəvi və mədəni məzmun verib.

      Seyid Yəhya Bakuvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərdən biridir. Prezident İlham Əliyev çıxışında Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin Azərbaycan xalqının zəngin mənəvi və mədəni irsinin formalaşmasındakı rolunu qeyd edib.

     Bu baxımdan Bakıda keçirilən beynəlxalq dini və elmi tədbirlər Azərbaycanın yalnız iqtisadi və siyasi deyil, həm də mədəni və mənəvi potensialının dünyaya təqdim edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan bu gün müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin görüşdüyü, qarşılıqlı hörmət və əməkdaşlıq ideyalarının təşviq edildiyi beynəlxalq platformalardan biri kimi çıxış edir.

        Azərbaycanın əldə etdiyi tarixi Zəfər xalqımızın birlik və həmrəyliyinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Lakin dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyin qorunması yalnız qazanılmış nailiyyətlərin qeyd edilməsi ilə məhdudlaşmır. Bu dəyərlərin gələcək nəsillərə ötürülməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi daim diqqət mərkəzində olmalıdır.

        Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Azərbaycanın gələcək təhlükəsizliyinin və müstəqil inkişafının əsas dayaqları xalqın iradəsi, qətiyyət, hərbi güc, milli dəyərlər və birlikdir.

      Bu gün Azərbaycan xalqının qarşısında yeni quruculuq və inkişaf mərhələsi dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının həyata keçirilməsi, ölkənin iqtisadi və sosial potensialının artırılması ümummilli həmrəyliyin yeni təzahürlərini tələb edir.

        Tarix göstərir ki, milli məqsədlər ətrafında birləşən xalq böyük nəticələr əldə etməyə qadirdir. Azərbaycan xalqının bir yumruq kimi birləşməsi Vətən müharibəsində Zəfərin mühüm amillərindən biri oldu. Bu birlik bu gün də ölkəmizin davamlı inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

       Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası xalqımızın çoxəsrlik tarixinin ən mühüm hadisələrindən biridir. Bu Zəfər şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı, Ordumuzun qəhrəmanlığı və xalqımızın həmrəyliyi ilə qazanılıb. Qarşıdakı illərdə bu tarixi nailiyyətin qorunması və daha da möhkəmləndirilməsi Azərbaycan cəmiyyətinin ümumi məsuliyyətidir.

       Beləliklə, Prezident İlham Əliyevin “Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir” fikri Azərbaycanın son illərdə keçdiyi tarixi yolun mühüm yekunlarından birini ifadə edir. Xalq-dövlət birliyi Azərbaycanın bugünkü gücünün əsas amillərindən biri olmaqla yanaşı, gələcək inkişaf və tərəqqi üçün də mühüm mənəvi-siyasi dayaqlardan biridir.

Ehtibar İsmayılov

YAP Ordubad rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30