Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İnvestisiya və iqtisadi inkişafın yeni mərhələsi

İnvestisiya və iqtisadi inkişafın yeni mərhələsi

28.09.2026 [11:46]

Azərbaycanın son illərdə həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət, formalaşdırdığı əlverişli investisiya mühiti və genişmiqyaslı infrastruktur layihələri ölkənin beynəlxalq iqtisadi əməkdaşlıq imkanlarını genişləndirib. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu investisiya potensialının təqdim edilməsi, yeni tərəfdaşlıqların qurulması və iqtisadi inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma kimi diqqət çəkib. Sentyabrın 26-da Bakıda keçirilən forum çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Dövlət başçısı tədbirdə Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya imkanları, enerji və nəqliyyat-logistika sahələri barədə fikirlərini bölüşüb.

Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın son 20 ildə mühüm iqtisadi nailiyyətlər əldə etdiyini qeyd edib. Bildirilib ki, bu dövrdə ölkəyə 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Formalaşdırılmış sabit iqtisadi və maliyyə sistemi Azərbaycanın yeni investisiya layihələri üçün imkanlarını genişləndirib. Qarşıdakı dövrdə də iqtisadi inkişafın davamlılığının təmin edilməsi və müxtəlif sahələrə investisiyaların artırılması əsas istiqamətlərdən olacaq.

Çıxışda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun inkişafına xüsusi diqqət yetirilib. Dövlət başçısı neft-qaz sektorunun ölkə iqtisadiyyatında mühüm rolunu qoruyacağını, əldə olunan gəlirlərin isə digər sahələrin inkişafına yönəldiləcəyini bildirib. Qeyri-neft sektorunun və ixrac imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasında göstərilib.

Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də Prezidentin çıxışında mühüm yer tutub. Dəmir yollarına, dəniz limanlarına, avtomobil yollarına və hava nəqliyyatına yatırılan investisiyaların ölkənin regional tranzit imkanlarını artırdığı vurğulanıb. Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat bağlantılarından birinə çevrilməsi üçün həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olunub.

Dövlət Başçısı enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və digər sahələrdə yeni investisiya imkanlarının mövcud olduğunu bildirib. Xüsusilə bərpaolunan enerji potensialının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi investorlar üçün yeni imkanlar yaradan istiqamətlər kimi diqqətə çatdırılıb.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində mühüm investisiya sənədlərinin mübadiləsinin aparılması da beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb. Forum Azərbaycanın investisiya potensialının beynəlxalq biznes dairələrinə təqdim edilməsi, yeni layihələrin təşviqi və qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafı üçün mühüm platforma olduğunu bir daha nümayiş etdirib.

Cənab Prezident İlham Əliyevin forum çərçivəsində çıxışı Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərini və qarşıdakı dövr üçün prioritetlərini diqqətə çatdırıb. İnvestisiyaların cəlb edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, enerji və nəqliyyat potensialından səmərəli istifadə Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərini təşkil edir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30