Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan beynəlxalq investisiyalar üçün etibarlı tərəfdaş və regional iqtisadi mərkəzdir

Azərbaycan beynəlxalq investisiyalar üçün etibarlı tərəfdaş və regional iqtisadi mərkəzdir

28.09.2026 [16:18]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, investisiya imkanlarını və gələcək hədəflərini əks etdirən mühüm məqamlarla yadda qalıb. Dövlət başçısı çıxışında Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər, formalaşmış əlverişli investisiya mühiti, maliyyə sabitliyi və qeyri-neft sektorunun inkişaf perspektivləri barədə ətraflı danışıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurların əsasında siyasi sabitlik, müstəqil maliyyə sistemi və məqsədyönlü iqtisadi siyasət dayanır. Ölkəmizin son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi beynəlxalq investorların Azərbaycana etimadının göstəricisidir. Dövlət başçısı vurğulayıb ki, mövcud müsbət dinamikanın qorunması və uzunmüddətli iqtisadi artımın təmin edilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi əsas prioritetlərdəndir.

Çıxışda bərpaolunan enerji sahəsinin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın, xüsusilə Xəzər dənizinin ölkəmizə aid sektorunda 157 giqavatlıq külək enerjisi potensialının olması bu sahədə geniş imkanlar yaradır. Günəş və külək elektrik stansiyalarının yaradılması, enerji istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və əldə olunan əlavə qaz həcmlərinin ixraca yönəldilməsi ölkənin enerji strategiyasının mühüm tərkib hissəsidir. Qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi Azərbaycanın həm daxili tələbatının ödənilməsinə, həm də beynəlxalq enerji bazarlarında mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək.

Dövlət başçısı logistika, nəqliyyat və tranzit imkanlarını da Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərindən biri kimi səciyyələndirib. Son illərdə dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və hava nəqliyyatına yatırılan investisiyalar ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə şərait yaradıb. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində fəal iştirakı, qonşu dövlətlərlə əməkdaşlığın genişləndirilməsi tranzit daşımalarının həcminin artmasına mühüm töhfə verir. Prezident İlham Əliyev bildirib ki, 2030-cu ilədək bu dəhlizlər üzrə daşımaların həcminin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılması qarşıya qoyulan əsas hədəflərdəndir.

İnvestisiya imkanlarından danışarkən mədənçilik, metallurgiya, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyatın inkişafı da diqqətə çatdırılıb. Xüsusilə süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur və enerji sistemlərinin genişləndirilməsi gələcək iqtisadi inkişafın mühüm istiqamətləri kimi müəyyənləşdirilib. Bu sahələrdə beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və ixtisaslı kadrların hazırlanması Azərbaycanın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Prezident İlham Əliyev ölkənin maliyyə dayanıqlılığını və iqtisadi sabitliyini də xüsusi vurğulayıb. Xarici borcun ümumi daxili məhsula nisbətinin aşağı olması, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi və milli valyutanın uzun müddət sabit qalması Azərbaycanın iqtisadi potensialını səciyyələndirən mühüm amillərdir. Dövlət başçısının sözlərinə görə, siyasi və iqtisadi sabitlik, təhlükəsiz mühit, proqnozlaşdırıla bilən vergi sistemi və müqavilə öhdəliklərinə sadiqlik ölkəmizi uzunmüddətli investisiyalar üçün cəlbedici edir.

Çıxışda neft-qaz sektorunun ölkə iqtisadiyyatındakı əhəmiyyətinin qorunub saxlanılması ilə yanaşı, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin vacibliyi də qeyd olunub. “Exxon” və “Total” şirkətləri ilə imzalanan müqavilələr enerji sektorunda yeni imkanlar açmaqla yanaşı, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında iştirakını genişləndirir. Bununla yanaşı, qeyri-neft məhsullarının ixracının artırılması və iqtisadiyyatın daha da şaxələndirilməsi qarşıya qoyulan mühüm vəzifələrdəndir.

Dövlət başçısı insan kapitalının inkişafını da iqtisadi tərəqqinin əsas şərtlərindən biri kimi dəyərləndirib. Gənclərin xaricdə təhsil alması, müasir bilik və bacarıqlara yiyələnməsi, peşəkar kadr potensialının gücləndirilməsi ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müasir texnologiyaların tətbiqi Azərbaycanın rəqəmsal transformasiya prosesini sürətləndirəcək.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın tarixi inkişaf yoluna da toxunulub. Müstəqilliyin ilk illərində qarşıya çıxan iqtisadi və siyasi çətinliklərə, Ermənistanın işğal siyasətinə və ölkəmizin üzləşdiyi humanitar problemlərə baxmayaraq, Azərbaycanın bu gün güclü iqtisadi və siyasi potensiala malik dövlətə çevrilməsi xüsusi vurğulanıb. Ərazi bütövlüyünün və suverenliyin bərpası ölkəmizin müstəqil inkişaf strategiyasının mühüm tarixi nəticələrindəndir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya potensialının beynəlxalq ictimaiyyətə təqdim edilməsi, yeni tərəfdaşlıqların qurulması və uzunmüddətli iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın gələcək inkişaf prioritetlərini və qlobal iqtisadi əlaqələr sistemində iştirakını genişləndirmək niyyətini bir daha ifadə edir.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30