Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Cəbrayil işğaldan azad edilən ilk rayon mərkəzi olub

Cəbrayil işğaldan azad edilən ilk rayon mərkəzi olub

02.10.2026 [15:03]

4 Oktyabr Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyan günlərdən
biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi
xalqımızın yaddaşında xüsusi yer tutur. Cəbrayılın azad edilməsi Azərbaycanın
ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində əldə olunan mühüm
qələbələrdən biri olmuşdur.
Cəbrayıl rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla
zəngin tarixi və mədəni irsi ilə seçilir. Rayon uzun illər ərzində ölkəmizin ictimai,
iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Lakin 1993-cü ildə Ermənistan
silahlı qüvvələrinin işğalı nəticəsində Cəbrayıl rayonu da digər ərazilərimiz kimi
işğala məruz qalıb. İşğal dövründə şəhər və kəndlər dağıdılıb, yaşayış məntəqələri
viran qoyulub, əhalinin doğma torpaqlarından məcburi köçkün düşməsi ilə
nəticələnən ağır humanitar faciə yaşanıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi
bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin başlanğıcı oldu. Azərbaycan
Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan
ərazilərimizin bir hissəsi azad edildi. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin və
rayonun bir sıra kəndlərinin işğaldan azad olunması Vətən müharibəsinin mühüm
hadisələrindən biri kimi tarixə düşdü.
Cəbrayılın azad edilməsi həm hərbi, həm də mənəvi baxımdan böyük
əhəmiyyət daşıyırdı. Bu qələbə uzun illər doğma yurdlarına qayıtmaq arzusu ilə
yaşayan cəbrayıllıların ümidlərini gerçəyə çevirdi. Şəhərin azad olunması
Azərbaycan xalqının milli iradəsinin, ordumuzun döyüş qabiliyyətinin və
dövlətimizin qarşıya qoyduğu məqsədlərə nail olmaq əzminin mühüm göstəricisi
oldu.
Cəbrayıl şəhəri və rayon ərazisi işğaldan azad edildikdən sonra burada
genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Dağıdılmış infrastrukturun
yenidən qurulması, yolların salınması, sosial obyektlərin yaradılması və yaşayış
məntəqələrinin müasir standartlara uyğun bərpası istiqamətində mühüm layihələr
həyata keçirilir. Məqsəd Cəbrayılı yenidən müasir, təhlükəsiz və dayanıqlı yaşayış
məkanına çevirmək, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını
təmin etməkdir.
Bu gün Cəbrayıl yeni inkişaf mərhələsinə qədəm qoyur. Burada aparılan
quruculuq işləri şəhərin və rayonun gələcək simasını müəyyənləşdirir. Cəbrayılın
yenidən dirçəldilməsi həm tarixi torpaqlarımızın bərpasının, həm də Böyük
Qayıdış prosesinin mühüm tərkib hissəsidir.
4 Oktyabr hər il Azərbaycan xalqına Cəbrayılın azadlığı uğrunda canından
keçən şəhidlərin qəhrəmanlığını, əsgər və zabitlərimizin şücaətini xatırladır. Bu
tarix həm də azad edilmiş torpaqlarımızın qorunmasının və gələcək nəsillərə
çatdırılmasının vacibliyini nümayiş etdirir. Cəbrayılın azadlığı Azərbaycanın
dövlətçilik tarixində mühüm səhifələrdən biri olaraq daim ehtiramla xatırlanacaq.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31