Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dövlətinin möhkəmlənməsində tarixi rol oynayan partiya

Azərbaycan dövlətinin möhkəmlənməsində tarixi rol oynayan partiya

02.10.2026 [14:32]

Bu gün Azərbaycan zirvələrdədir. Ölkəmiz ümummilli məqsədlərinə doğru inamlı addımlar atır və hər sahədə böyük uğurlar qazanır. Respublikamızın qısa müstəqillik tarixində dünya üzrə orta güc dövləti səviyyəsinə yüksəlməsi hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında bildirib ki, biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. “Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”, - deyə dövlətimizin başçısı əlavə edib.
Təbii ki, müstəqil Azərbaycan öz inkişafının indiki səviyyəsinə birdən-birə çatmayıb. Yüksəliş yolunun  təməli respublikamızda 21 noyabr 1992-ci ildə  yeni bir siyasi qüvvənin – Yeni Azərbaycan Partiyasının yaranması və cəmi altı aydan sonra bu partiyanın Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə gəlməsi ilə qoyulub. 

YAP çətin  şəraitdə zərurətdən yaranıb


YAP Azərbaycan tarixinin çox çətin dönəmində yaranan partiyadır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə öz müstəqilliyini elan edən Azərbaycan həyatın bütün sahələrində böhran kimi səciyyələndirliən ağır çətinliklərlə üz-üzə qalmışdı. Dövlət idarəçiliyi iflic olmuşdu. İqtisadiyyat tamam çökmüşdü. Sosial sfera, əhalinin gün-güzəranı dözülməz dərəcədə ağır idi. Qeyri-legitim yolla 1992-ci ilin yazında hakimiyyətə gələn AXC – “Müsavat” iqtidarı cəmi bir il ərzində apardığı naşı siyasəti ilə ölkəni xaos, hərc-mərclik girdabına salmışdı. Ermənistanın işğalının genişlənməsi ilə yanaşı, həm də respublikada vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Müstəqilliyimizin itirilməsi tam real idi. Vəziyyət sağlam qüvvələri, ziyalıları narahat edirdi. Onlar çıxış yolunu görkəmli siyasətçi Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsində görürdülər. Beləliklə, 91 nəfər ziyalı siyasi fəaliyyət meydanına atılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə müraciət etdi. Bu sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” – deyə Heydər Əliyev ziyalıların tarixli müraciətinə cavabında vurğulayıb.
Yeni Azərbaycan Partiyasının təsis konfransı yuxarıda qeyd olunan tarixdə Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilib. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edilib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib.

Partiyanın Lideri Heydər Əliyevin xilaskarlıq missiyası

Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük missiya götürən Yeni Azərbaycan Partiyası yarandıqdan sonra Heydər Əliyev qısa zamanda YAP-ı inkişaf etdirdi, Özünün dediyi kimi onu “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Yeni Azərbaycan Partiyasının Heydər Əliyev tərəfindən müəyyənləşdirilən fəaliyyət proqramında Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət quruculuğu, əmin-amanlığa, ictimai-siyasi sabitliyə, milli həmrəyliyə, güclü və sosialyönümlü iqtisadiyyat quruculuğuna nail olunması, respublikanın beynəlxalq nüfuzunun artırılması  kimi mühüm məqamlar yer alırdı. Bu ideyalar bütün cəmiyyət tərəfindən dəstəkləndi və qısa müddətdə ölkənin əksər bölgələrində Yeni Azərbaycan Partiyasının yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasını tələb edirdi. Həmin dövrün çətinliklərinə yuxarıda qısa nəzər saldıq. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durlmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı Ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvənini, inamını qırmağı Özünə rəva görə bilməzdi və bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı. YAP Sədri, Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək dövlət başçısı kimi fəaliyyətə başladı. 
Heydər Əliyev bütün varlığı ilə andına sadiq qaldı.  O, vaxt itirmədən Azərbaycanın sabahı, müstəqilliyimizin əbədiyaşarlığı üçün müstəsna önəm daşıyan böyük işlərin təməlini qoydu. Heydər Əliyev müstəqilliyimizi qorumaqla, ölkəni sabitliyə və inkişafa istiqamətləndirməklə böyük tarixi missiya yerinə yetirmiş oldu.
YAP yarandığı gündən bütün xalqın partiyasına çevrilmişdir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bunu həmin dövrdən indiyədək respublikamızda keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri əyani şəkildə təsdiqləyir. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə fəal şəkildə ştirak edib və həmişə də qalib olub ki, bu da ona ümumxalq inamının ifadəsidir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31