Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / "Aztelekom" MMC-də müşavirə keçirilib

"Aztelekom" MMC-də müşavirə keçirilib

13.10.2026 [13:48]

Oktyabrın 12-də “Tbilisi pr. 187” ünvanı üzrə ("Aztelekom" MMC) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, "Aztelekom" MMC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Həsən Ömərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirədən əvvəl "Aztelekom" MMC-nin inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən "Aztelekom" MMC-nin baş direktorunun müşaviri, “Tbilisi pr. 187” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq müşavirənin əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi ərazi partiya təşkilatının cari fəaliyyətindən qısaca bəhs edərək bildirib ki, cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında verdiyi tapşırıqlar hər bir partiya üzvünün qarşısında yeni öhdəliklər qoyur. E.Allahverdiyev təşkilat sıralarının keyfiyyətcə zənginləşməsi, xüsusən İKT sahəsində çalışan gənc mütəxəssislərin partiya həyatına inteqrasiyası və ərazi partiya təşkilatının fəallığının daha da artırılması istiqamətində məqsədyönlü işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin dərin ideoloji-siyasi mahiyyəti barədə geniş və ətraflı məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı mürəkkəb tarixi dövrdən bəri ölkəmizin xilasının, siyasi sabitliyinin və böyük inkişaf yolunun əsas hərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik irsi və siyasi uzaqgörənliyi bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tam yeni müstəvidə davam etdirilir. Partiyamızın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, dəmir iradəsi və ordumuzun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması yalnız hərbi-siyasi Zəfər deyil, həm də YAP-ın uzun illər ərzində yürütdüyü məqsədyönlü siyasi kursun parlaq təntənəsidir. Bu tarixi nailiyyətlər xalq-dövlət birliyinin, iqtidar-xalq sarsılmazlığının real göstəricisidir. B.Nəbiyev xüsusi olaraq vurğulayıb ki, YAP-ın VIII Qurultayı partiyanın fəaliyyətində keyfiyyətcə tam yeni bir mərhələnin başlanğıcı olmuşdur. Qurultayda cənab Prezident tərəfindən müəyyən edilən tapşırıqlar və prioritet istiqamətlər partiya strukturlarının, xüsusən də yerlərdə fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyətinin modernləşdirilməsini, çevikliyinin və səmərəliliyinin artırılmasını tələb edir. Müasir dövrdə ideoloji işin tərkib hissəsi kimi sosial şəbəkələrdə, rəqəmsal platformalarda fəallığın yüksəldilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin, dövlətçilik prinsiplərinin gənc nəslə düzgün aşılanması hər bir partiya üzvünün mənəvi borcudur. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, təşəbbüskar kadrların partiya həyatına daha yaxından cəlb edilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Yasamal rayon təşkilatının sədri diqqətə çatdırıb ki, strateji əhəmiyyətli İKT və rabitə sahəsində fəaliyyət göstərən "Aztelekom" MMC-nin ərazi partiya təşkilatı öz intellektual potensialı və innovativ imkanları ilə xüsusi fərqlənir. Müasir dünyada informasiya təhlükəsizliyi, rəqəmsallaşma və texnoloji müstəqillik dövlət təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, rabitə və yüksək texnologiyalar sahəsində çalışan partiya fəallarının üzərinə ikiqat məsuliyyət düşür. Onlar həm ölkəmizin rəqəmsal gələcəyini inşa etməli, həm də dövlətin ideoloji dayaqlarının möhkəmləndirilməsində fəal mövqe nümayiş etdirməlidirlər. B.Nəbiyev əminliyini ifadə edib ki, YAP Yasamal rayon təşkilatı və onun tabeliyindəki ərazi partiya təşkilatları cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən strateji hədəflərin reallaşdırılması, partiya ideyalarının geniş kütlələrə çatdırılması, rayonun sosial-siyasi həyatında həmrəyliyin və fəallığın təmin edilməsi istiqamətində öz yorulmaz fəaliyyətini ardıcıl olaraq davam etdirəcəkdir.

“Aztelekom” MMC-nin Baş direktoru vəzifəsini icra edən Həsən Ömərov müşavirədə çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını bildirib. O, çıxışında şirkətin Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində gördüyü işlərdən, ölkənin beynəlxalq səviyyədə tanıdılmasına yönəlmiş təşəbbüslərindən, eləcə də Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə rabitə infrastrukturunun inkişafı üzrə həyata keçirdiyi layihələrdən danışıb. H. Ömərov qeyd edib ki, son illərdə “Aztelekom” MMC genişzolaqlı internet infrastrukturunun inkişafı, xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görüb. Bu istiqamətdə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi nəticəsində ölkə üzrə ev təsərrüfatlarının və biznes subyektlərinin təxminən 100%-i yüksək sürətli internetə çıxış imkanı ilə təmin olunub. Şirkətin əldə etdiyi nəticələr beynəlxalq səviyyədə də qiymətləndirilib və “Aztelekom” MMC beş beynəlxalq mükafata layiq görülüb. “Onlayn Azərbaycan” layihəsinin beynəlxalq auditoriyaya təqdim olunması məqsədilə Huawei şirkəti ilə birgə “Xoş gəlmişsiniz” adlı videolayihə hazırlanıb. Layihə 6 qitədə, 70-dən çox ölkədə və 20-dən artıq dildə təqdim edilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan işlərdən də danışan H. Ömərov bildirib ki, Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına başlanıldığı vaxtdan cari ilin oktyabr ayınadək 11 şəhər, 54 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Ümumilikdə 12 267 yeni abunəçi, o cümlədən 11 596 ev təsərrüfatı və 671 biznes subyekti şəbəkəyə qoşulub. Cari ilin ilk doqquz ayı ərzində isə bu ərazilərdə 17 km şəhərlərarası magistral, 126 km kənd magistralı və paylayıcı şəbəkə kabeli olmaqla, ümumilikdə 143 km kabel xətti çəkilib. Həmçinin 9 kənd və qəsəbədə rabitə infrastrukturunun qurulması üzrə tikinti-quraşdırma işləri aparılıb. Çıxışının sonunda H. Ömərov bildirib ki, “Aztelekom” MMC qarşıdakı dövrdə də rəqəmsal infrastrukturun inkişafı, xidmətlərin əlçatanlığının artırılması və Azərbaycanın rəqəmsal transformasiyası istiqamətində fəaliyyətini davam etdirəcək.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31