Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ermənistan və havadarları boş və zərərli vədlərdən, illüziyalardan əl çəkməlidirlər

Ermənistan və havadarları boş və zərərli vədlərdən, illüziyalardan əl çəkməlidirlər

13.01.2023 [15:16]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziyalara müsahibəsində bir çox məqamlara aydınlıq gətirdi. Müsahibədə son illərdə Azərbaycanda və regionda baş verən proseslər, II Qarabağ müharibəsindən sonra yaranmış geosiyasi reallıqlar geniş təhlil edilməklə yanaşı, mövcud problemlər qeyd edildi. Həm də bu müsahibədə hadisələrin pərdəarxası gedişatı, qazanılan hər bir uğurun hansı çətinliklərlə əldə olunduğu aydın oldu.

 Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu. Ermənistanın regionda sülhə mane olmasına səbəb olan amilləri qeyd edən cənab Prezident bu barədə verilən suallara cavabında qeyd etdi: “Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək. Amma Rusiya-Ukrayna müharibəsindən sonra görün, indi hər kəs bunu edir, hər kəs. Avropanın ən böyük ölkələri, hansılar ki, ordu quruculuğuna ümumiyyətlə fikir vermirdilər, indi ordularını yaradırlar. İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik.”

Dövlətimizin başçısı həm də Ermənistanın Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində təbii sərvətlərimizi qanunsuz istismar etməsinin, ekoloji terror törətməsinin yolverilməz olduğunu diqqətə çatdırdı. Ermənistanın vaxtaşırı olaraq hərbi təxribatlar törətdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və Ermənistanın bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcək.

Sosial məsələlərə dair suallara cavabında cənab Prezident ölkəmizdə aparılan iqtisadi islahatlardan danışaraq bildirdi ki, bu gün Azərbaycan dövlətinin ən mühüm hədəflərindən biri əhalinin rifahının yaxşılaşdırılmasıdır. Dünyada gedən proseslərin doğurduğu çətinliklərə, inflyasiyanın sürətlə davam etməsinə, qiymətlərin kəskin şəkildə qalxmasına baxmayaraq Azərbaycanda büdcənin yenə də sosial yönümlü olması onu göstərir ki, dövlət birmənalı olaraq vətəndaşının yanındadır. Sosial müavinətlərin, pensiyaların və minimum əmək haqqının artırılması ilk növbədə qlobal inflyasiyanın yumşaldılmasına və insanların alıcılıq qabiliyyətlərinin yaxşılaşdırılmasına hesablanmış addımlardan biridir. Şəhid ailələrinə və müharibə əlillərinə dəstək, onların sosial vəziyyətinin yaxşılaşdırılması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Cənab Prezident bu prosesin davam etdiriləcəyini və əhalinin özünüməşğulluq proqramının genişləndiriləcəyini qeyd edərək bildirmişdir: “Yəni, sosial sahə çoxşaxəli sahədir. Məsələn, biz buraya özünüməşğulluq proqramını da əlavə edə bilərik. Bu, həm sosial, həm iqtisadi sahədir. Çünki bu, kiçik biznesi təşviq edən sahədir. Ancaq mən buna daha çox sosial sahə kimi baxıram. Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək.”

Digər bir məsələ isə regionda kommunikasiyaların bərpası məsələsidir. Bugünkü reallıqlar onu göstərir ki, dünyanın siyasi gücləri də Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır. Baxmayaraq ki, Ermənistan, eləcə də onun Fransa kimi tərəfdarları bu məsələdə maneçilik törədir, reallıqlar onların əleyhinə işləyir. Azərbaycan rəhbərliyinin siyasi müstəvidə qazandığı uğurlar və konkret mövqe ortaya qoyması çox şeyi dəyişdirib. İndi ölkəmiz etibarlı tərəfdaş kimi imic qazanıb. Bu ilk növbədə dövlət başçısının şəxsi nüfuzu və sözünə sadiqliyi ilə diqqəti cəlb edir. Avropa ölkələri artıq kimin kim olduğunu çox yaxşı bilirlər. Cənab İlham Əliyev bu mövzuya toxunaraq qeyd etdi: “Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır.”

 Azərbaycanın haqlı davasını yürüdən, bu gün imzası qədər etibarlı sözü olan bir dövlət başçısı kimi cənab İlham Əliyev siyasi reallıqlar müstəvisində bir çox məsələlərin və gələcək addımların anonsunu verdi. Dövlətimizin başçısı tərəfindən verilən bu açıqlamalar Ermənistanda aparılan və əsasən kənardan idarə olunan siyasi manipulyasiyalara, erməni cəmiyyətinə aşılanan boş ümidlərə birmənalı cavab idi. Prezident İlham Əliyev həm Ermənistanın siyasi-hərbi rəhbərliyinə, həm də bu ölkənin himayədarlarına bu mesajı verdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında həqiqətən maraqlı olanlar və bölgəmizdə dayanıqlı sülhü doğrudan da görmək istəyənlər statusla bağlı zərərli və boş ümidləri erməni cəmiyyətinə aşılamaqdan əl çəkməlidirlər. Bu təkcə bizim deyil regionun da inkişafına böyük təkan verəcəkdir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28