Yaxşı olardı ki, Ermənistan ev sahibliyi etdiyi COP17 tədbirində təbiətimizə vurduğu sistematik ziyana görə üzrxahlığını bildirsin və məsuliyyətini açıq şəkildə dilə gətirsin
Bugünlərdə Ermənistan COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclasına ev sahibliyi edir. BMT xətti ilə 19-30 oktyabr 2026-cı il tarixində təşkil olunan COP17 əslində gözəl tədbirdir - təbiət naminə biomüxtəlifliyin itirilməsinin qarşısını almağa yönəlib.
Anlaşlımazlıq isə konfransın Ermənistanda təşkil olunmasından qaynaqlanır. Təbiətin qorunması kimi həssas mövzuya həsr olunan beynəlxalq tədbirə təxminən 11 min kvadratkilometr ərazidə torpaqların deqradasiyasına, transsərhəd çayların çirklənməsinə rəvac vermiş və sistematik şəkildə ekosid törətmiş bir ölkənin ev sahibliyi etməsi suallar doğurur. Məgər beynəlxalq birlik bu ziddiyyətli mənzərənin fərqində deyilmi? Otuz illik işğal dövründə qonşu ölkənin təbiətinə qarşı “yaşıl terror” siyasəti aparmış bir dövlət biomüxtəlifliyin qorunması ilə bağlı qlobal çağırışlara və beynəlxalq həmrəyliyə hansı töhfəni verə bilər, görəsən? Yaxşı olardı ki, Ermənistan elə ev sahibliyi etdiyi tədbirdəcə təbiətimizə vurduğu sistematik ziyana ğörə üzrxahlığını bildirsin və məsuliyyətini açıq şəkildə dilə gətirsin.
Dəhşət saçan faktlar - sərhəd çaylarından siyasi təzyiq aləti kimi istifadə olunması
Ermənistanın Azərbaycan təbiətinə və bütövlükdə regionun ekoloji mühitinə vurduğu ziyanın miqyası çox böyükdür. Bir sıra beynəlxalq hesabatlarda da əksini tapan faktlar dəhşət saçır. Yeri gəlmişkən, “Environmental Protection First” koalisiyası Ermənistanda keçirilən COP17 ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə, beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib və diqqəti bu ölkənin sərhəd tanımayan ekosid siyasətinə yönəldib. Beləliklə, bəzi məqamlara diqqət çəkək.
İşğal illərində Ermənistan tərəfindən Azərbaycan ərazilərində bioloji müxtəlifliyə ciddi ziyan vurulub, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilib. Bütün bunlar bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.
Oxçuçayın düşdüyü vəziyyət regionda ekoloji tarazlığın pozulmasının aydın göstəricisidir. Çaydan götürülən çoxsaylı nümunələr əsasında aparılan fiziki-kimyəvi analizlər nəticəsində məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüflər olsun ki, çirkələnmələr bu gün də davam edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi hazırda 5, 5-7 dəfə çoxdur.
Oxçuçay ilk növbədə mədən sənayesi tullantıları ilə çirkləndirilir. Ermənistan ərazisində fəaliyyət göstərən Qafan mis-molibden və Qacaran filiz saflaşdırma kombinatlarının kimyəvi tullantı suları heç bir təmizlənmə aparılmadan birbaşa Oxçuçaya axıdılır. Kimyəvi çirklənmə səbəbindən çayın suyu vaxtaşırı rəngini dəyişir, kəskin qoxu yayır və bu da çaydakı balıqların və digər canlıların kütləvi məhvinə gətirib çıxarır. Oxçuçay birbaşa Araz çayına töküldüyü üçün bu çirklənmə təkcə lokal xarakter daşımır, həm də Arazın su ehtiyatlarının keyfiyyətini kəskin şəkildə pisləşdirərək transsərhəd ekoloji böhrana səbəb olur.
Bundan başqa, təcavüzkar Ermənistan uzun illər ərzində işğal altında saxladığı ərazilərdəki Sərsəng və Suqovuşan su anbarlarından ölkəmizə qarşı, sözün əsl mənasında, su terroru həyata keçirib. Belə ki, yay aylarınnda sututarların bəndləri məqsədli şəkildə bağlanıb. Bununla da aşağı axındakı Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Kəpəz ətrafı rayonlarda minlərlə hektar ərazi suvarma suyundan məhrum qalıb. Qış aylarında, suya tələbat az olanda isə əksinə, sututarların bəndləri açılıb və nəticədə böyük əraziləri sel basıb. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı ildə qəbul etdiyi 2085 nömrəli qətnamədə Ermənistanın su ehtiyatlarından siyasi təzyiq və “su terroru” vasitəsi kimi istifadə etməsi pislənilib.
Ermənistan hələ də BMT-nin Su Konvensiyasına qoşulmayıb
Diqqətçəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan BMT-nin Su Konvensiyasına hələ də qoşulmayıb. Bu dövlət BMT-nin Sərhəddən Keçən Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi Konvensiyasına (Helsinki Konvensiyası) tərəf olmamaqla yanaşı, qonşu ölkələrlə bu sahədə əməkdaşlıq etməkdən də imtina edir. Uzun müddətdir ki, sərhədyanı ətraf mühitə ziyan vuran, ekosistemi məhv edən bir dövlətin bu beynəlxalq konvensiyaya belə qoşulmadan özü barəsində “ətraf mühitin qayğısına qalan dövlət” imici yaratmağa cəhd etməsi qəbuledilməzdir.
Biomüxtəliflik üçün əsl qlobal əməkdaşlıq dürüstlük, şəffaflıq və təbiətin mühafizəsi üçün birgə səylərin göstərilməsi üzərində qurula bilər. Beynəlxalq ictimaiyyət Ermənistanın ətraf mühitə qarşı törətdiyi çoxsaylı cinayətləri hansısa beynəlxalq tədbir keçirməklə ört-basdır etməyə çalışmasına icazə verməməlidir.
Metsamordan gələn böyük nüvə təhlükəsi
Zaman-zaman müxtəlif ölkələrdəki atom elektrik stansiyalarında baş verən dəhşətli qəzalar fonunda Ermənistanda hələ də fəaliyyət göstərən Metsamorun kritik durumu xatırlanır. Bu gün açıq şəkildə etiraf olunur ki, Metsamor Atom Elektrik Stansiyası region üçün potensial nüvə təhlükəsidir. 1976-cı ildə istismara buraxılan bu stansiyanın istismar müddəti 30 il nəzərdə tutulmuşdu. Aradan 50 il ötür. AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il - 2026-cı ilədək artırılması qərara alınmışdı. Artırılmış müddətin sonu yaxınlaşdıqca, AES-nın gələcək taleyi ilə bağlı müzakirələr də intensivləşib və hökumət stansiyanın ömrünün ikinci 10 il müddətinə uzadılmasına qərar verib.
Bununla belə, Metsamorun istismarının davam etdirilməsi bir sıra vazkeçilməz amillərə görə mümkün sayılmır. Azərbaycanın və beynəlxalq birliyin Metsamorun region üçün təhlükələri bir sıra nöqteyi-nəzərdən dəyərləndirilir. Metsamorun fəaliyyətini mümkünsüz edən ən mühüm amillər heç şübhəsiz ki, təhlükəsizlik və ekoloji amillərlə bağlıdır. Metsamor keçmiş SSRİ-nin köhnə texnologiyası əsasında inşa olunub. Ötən 50 ildə isə avadanlıqlar həm də texniki cəhətdən aşınıb və yararsız hala gəlib. 1986-cı ildə Çernobıl AES-də baş verən qəza keçmiş ittifaqın nüvə sahəsindəki nüfuzuna ciddi zərbə vurdu. Dünyada ilk dəfə AES inşa edən SSRİ nüvə enerjisi sahəsində lider dövlət olmaq iddiasını itirdi. Çernobıl qəzası sovet nüvə enerjisi sənayesində təhlükəsizliklə bağlı narahatlığa səbəb oldu. Metsamor da zamanında eyni texnologiya əsasında qurulub. Kim zəmanət verə bilər ki, ?ernob?lda yaşananlar Ermənistanda təkrarlanmayacaq?
Digər tərəfdən, ehtimal olunur ki, Ermənistan hökuməti maliyyə vəsaitlərinə qənaət etmək üçün AES-də nəzərdə tutulan təmiri səthi şəkildə reallaşdırıacaq. Bu, bir növ beynəlxalq təşkilatların gözündən pərdə asmaq xarakteri daşıyacaq. Belə qənaətə gəlməyə hər cür əsas var. Əgər Ermənistanın vəsaitləri olsa idi, yeni AES-in inşası planından vaz keçilməzdi. Xatırladaq ki, Metsamor AES-də qəzalar tez-tez təkrarlanır. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra böyük çətinliklə söndürülmüşdü.
Bundan başqa, Metsamor 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyanın cəmi 500 metrliyindədir. Ərazinin seysmik aktivliyini nəzərə alan SSRİ rəhbərliyi Spitak bölgəsində baş verən zəlzələdən sonra Metsamor AES-in fəaliyyətini tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan hökuməti 1995-ci ildə ikinci bloku yenidən işə salıb. Mütəxəssislər o qənətdədirlər ki, aşağı bal gücündə zəlzələ AES-də zədələnmələrə və beləliklə də təhlükəli maddələrin sızmasına, ekoloji fəlakətə yol aça bilər.
Başqa bir amilə də diqqət çəkmək yerinə düşər. AES-in idarəçiliyində hesabatlılığa və şəffaflığa əməl olunmur. Ermənistan hökuməti AES-dən çıxan nüvə tullantılarının daşınmasını və utilizasiyasını necə həyata keçirdiyini məxfi saxlamağa üstünlük verir. 44 günlük müharibədən əvvəl Metsamorun nüvə tullantılarının Azərbaycanın işğal altındakı ərazilərində basdırıldığına dair məlumatlar yayılmışdı. Ermənistan hökuməti bu məlumatları təkzib etmədi. İndi isə hökumət nüvə tullantılarının utilizasiya edilməsi barədə suallara cavab verməkdən yayınır. Hətta Ermənistan bir qədər də irəli gedərək radioaktiv tullantıları qeyri-qanuni yollarla satışa çıxarır. Bir müddət əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Kutaisi şəhərində üzə çıxardığı faktlar da bunu sübut edir. Fakta görə, “Americium-241” radioaktiv maddəsini qanunsuz olaraq satmağa cəhd göstərdikləri üçün iki nəfər saxlanılmışdı, onlar 300 min avroya radioaktiv maddə satmağı planlaşdırıbmış. Nüvə dəllallarının təhlükəli maddələri Metsamordan əldə etdikləri məlum olub.
Bəsitçay qoruğunda ağacların soyqırımı
Otuz il ərzində işğal altında qalan ərazilərimizdə erməni vandalizminin növbəti ünvanı Bəsitçay Dövlət Təbiət Qoruğu olub. Bu qoruq 1974-cü ildə yaradılıb. Onun adı dərəsində yerləşdiyi çayın adı ilə bağlıdır. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir və sahəsi 107 hektardır. Meşə ilə örtülü sahənin əsas ağac cinsi Şərq çinarıdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 metrə qədərdir.
Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. İşğaldan əvvəl burada 100 hektar çinar meşələri olub. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşib. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılıb. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və digər ağaclar, yemişan, itburnu, murdarça, qaratikan və sair kollar bitir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri isə 1 metrdir.
Otuz ilə yaxın müddət ərzində erməni təcavüzkarlarının işğal altında saxladığı qoruq ciddi ekosidə məruz qalıb. Mövcud vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunan monitorinq qrupunun araşdırmalarına əsasən məlum olub ki, erməni vandalizmi nəticəsində qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çoxyaşlı Şərq çinarı ağacları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib və ?oruğun inzibati binası dağıdılıb.
Beynəlxalq ictimaiyyət həyəcan təbili çalır
Beynəlxalq təşkilatlar Metsamorun fəaliyyətinin davam etdirilməsi ilə bağlı mütəmadi olaraq həyəcan təbili çalır. Beynəlxalq qurumlar indiyədək hazırladıqları hesabatlarda bir sıra tövsiyələrini və xəbərdarlıqlarını bildiriblər. 2000-ci ildə Avropa İttifaqı (Aİ) AES-in fəaliyyətinin dayandırılmasına çağırış etdi. Hətta bunun müqabilində Aİ Ermənistana 138 milyon avro vəsait ödəməyə hazır olduğunu bildirdi. İrəvan isə bu vəsaitlə razılaşmadı və Avropa İttifaqının təklifindən vaz keçdi.
2002-ci ildə Avropa Şurasının ekspert komissiyası bölgəyə gələrək seysmik zonada yerləşən stansiyanın beynəlxalq standartlara uyğun olmadığı və fəaliyyətinin ətraf mühit üçün çox təhlükəli olduğunu bildirib. Bununla bağlı AŞPA öz narahatlığını ifadə edən müvafiq sənədlər - 27.06.2001-ci ildə 9148 saylı, 31.01.2022-ci ildə 9336 saylı, 07.05.2022-ci ildə 9444 saylı qətnamələr qəbul edib. Eyni zamanda,
Metsamorun ən təhlükəli AES olduğu zaman-zaman dünya mətbuatında yer alan şərhlərdə də vurğulanır.
Mübariz FEYİZLİ