Şahmatçımız Avropa ikincisi oldu

Hindistanın Kəlküttə şəhərində keçirilən açıq beynəlxalq şahmat turnirində artıq 9 tur oynanılıb. Turnirin ən yüksək reytinqinə malik Şəhriyar Məmmədyarov (2721) hazırda 6,5 xalla 3-7-ci yerləri bölüşür. Eltac Səfərli (2587) və Rauf Məmmədov (2626) hərəyə 6 xal, Qadir Hüseynov (2667) 5,5 xal toplayıb. Vyetnam şahmatçısı Le Kuanq Liem (7,5 xal) turnirin yeganə lideridir.
Şahmatçımız Aydan Höcətova isə İtaliyanın Fermo şəhərində 10 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında 2-ci yeri tutub. Həmin yaş qrupunda digər həmyerlimiz Günay Məmmədzadə 8-ci yerə layiq görülüb. Qızlar arasında yüksək nəticə göstərən Nərmin Kazımova (16 yaş) 7-ci, ülviyyə Fətəliyeva (14 yaş) 8-ci, Gülnar Məmmədova (18 yaş) 18-ci yerlə kifayətləniblər. 16 yaşlılar qrupunda çıxış edən oğlanların turnirində Bəhruz Rzayev 31-ci, Elxan Bayramov (12 yaş) isə 15-ci yeri tutub. Xatırladaq ki, ölkəmizi qitə birinciliyində 28 şahmatçı təmsil edib.