Dövlət Film Fondu beynəlxalq əlaqələri genişləndirir

Fondun arxivinə Kanadadan fotoşəkillər göndərilib
Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilib. Bu üzvlüyün Dövlət Film Fondunun son vaxtlardakı çoxşaxəli fəaliyyətinin göstəricisi olduğunu deyən C.Quliyev onu da bildirib ki, buna həm də fondun muzey kimi fəaliyyət göstərməsidə şərait yaradıb. Bundan sonra baş qərargahı Parisdə yerləşən Beynəlxalq Muzeylər Şurasının üzvü olan xarici komitələrlə əməkdaşlıq edəcəklərini deyən C.Quliyev əməkdaşlığın Azərbaycan kino tarixinin dünyaya tanıdılmasında mühüm rol oynayacağını söyləyib. C.Quliyev onu da diqqətə çatdırıb ki, fonda Kanadadan böyük sənətkarlarımız Niyazi, Tofiq Quliyev və Polad Bülbüloğlunun fotoşəkilləri göndərilib. Fond rəhbərinin sözlərinə əsasən, bu şəkillər bakılı fotoqraf Nikolay Qutmanın ailəsi tərəfindən təqdim edilib. N.Qutman bu şəkilləri Bakıda 1960-70-ci illərdə çəkib.