BMT-nin 81 ili: dünya təşkilatı müharibələrin qarşısını almaq üçün niyə yaradıldı və bu missiya necə dəyişdi?

Oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 81-ci ildönümü qeyd olundu. Bu tarix İkinci Dünya müharibəsindən sonra formalaşdırılmış beynəlxalq sistemin əsas sualını yenidən gündəmə gətirdi: dövlətlər arasında müharibələrin qarşısını almaq üçün yaradılan təşkilat böyük güclərin öz aralarında razılığa gələ bilmədiyi bir dövrdə dünya təhlükəsizliyini nə dərəcədə təmin edə bilər?

BMT-nin tarixinə yalnız diplomatik görüşlər, qətnamələr və beynəlxalq konfranslar ardıcıllığı kimi baxmaq düzgün olmazdı. Onun tarixi, əslində, dünya siyasətinin əsas ziddiyyətinin tarixidir: dövlətlərin suveren bərabərliyi prinsipini qorumaqla yanaşı, beynəlxalq sülhü pozan dövlətlərə qarşı kollektiv tədbirlər görmək necə mümkün ola bilər? 1945-ci ildə San-Fransiskoda yaradılmış sistem bu suala hüquqi cavab verməyə çalışırdı. Lakin həmin sistemin işləməsi üçün yalnız beynəlxalq hüquq normaları yox, onları həyata keçirmək iqtidarında olan dövlətlərin siyasi iradəsi də tələb olunurdu.

Bu ziddiyyət 2026-cı ildə xüsusilə aktualdır. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya beynəlxalq təhlükəsizlik üzrə ən mühüm qərarların qəbulunda xüsusi səlahiyyətlərə malikdir. Eyni zamanda, onların öz aralarındakı strateji rəqabət təşkilatın böhranlara cavab vermək imkanlarını məhdudlaşdıra bilir. BMT-nin 81-ci ildönümünü əhəmiyyətli edən də məhz budur: təşkilatın fəaliyyətini qiymətləndirmək üçün yalnız onun hansı qərarları qəbul etdiyinə deyil, hansı hallarda qərar qəbul edə bilmədiyinə də baxmaq lazımdır. BMT-nin özünün 80 illik yubiley materiallarında da beynəlxalq əməkdaşlığın yenilənməsi və təşkilatın dəyişən dünyaya uyğunlaşdırılması əsas məsələlər kimi göstərilmişdi.

Millətlər Liqasından BMT-yə: birinci böyük dərs

BMT-nin yaranmasını anlamaq üçün onun sələfi olan Millətlər Liqasının təcrübəsinə qayıtmaq lazımdır. Birinci Dünya müharibəsindən sonra dövlətlər belə bir nəticəyə gəlmişdi ki, beynəlxalq sülh yalnız ayrı-ayrı ölkələrin hərbi gücüylə qoruna bilməz, münaqişələrin qarşısını almaq üçün kollektiv təhlükəsizlik mexanizmi lazımdır. 1919-cu ildə yaradılan Millətlər Liqası bu ideyanın ilk böyük beynəlxalq təcrübəsi oldu. Lakin təşkilatın quruluşuyla beynəlxalq siyasətin reallıqları arasında ciddi uyğunsuzluq vardı. Birləşmiş Ştatlar prezidenti Vudro Vilson Liqanın yaradılmasını dəstəkləsə də, ABŞ özü təşkilata üzv olmadı. Böyük dövlətlərin dəyişən maraqları, iqtisadi böhranlar, Yaponiyanın 1931-ci ildə Mancuriyaya müdaxiləsi, İtaliyanın 1935-ci ildə Efiopiyaya hücumu və nəhayət, Almaniyanın təcavüzkar siyasəti kollektiv təhlükəsizlik ideyasının imkanlarını üzə çıxardı. Liqa müharibələrin qarşısını almaq üçün siyasi iradə və təsirli icra mexanizmləri formalaşdıra bilmədi. İkinci Dünya müharibəsi bu sistemin iflasını təsdiqlədi. Lakin dövlətlər Millətlər Liqasının uğursuzluğundan beynəlxalq təşkilat ideyasından imtina etmək kimi bir nəticə çıxarmadı, əksinə, yeni təşkilatın daha real güc balansı əsasında qurulmasına qərar verdi. BMT-nin əsas fərqlərindən biri də bu oldu: böyük dövlətlərə Təhlükəsizlik Şurasında daimi üzvlük və veto hüququ verildi. Bu, bir tərəfdən onların yeni sistemə qoşulmasını təmin etmək üçün siyasi kompromis idi, digər tərəfdənsə gələcəkdə təşkilatın fəaliyyətini məhdudlaşdıra biləcək struktur ziddiyyətinin əsasını qoydu.

BMT-nin rəsmi tarixi materialları təşkilatın yaradılmasına hazırlığın 1941-ci il Atlantik Xartiyasına qədər uzandığını, 1944-cü ildə Dumbarton-Oks danışıqlarında institusional təkliflərin hazırlandığını və 1945-ci ildə San-Fransisko konfransında Nizamnamənin işlənib hazırlandığını göstərir. Nizamnamə 26 iyun 1945-ci ildə imzalandı, 24 oktyabrda isə tələb olunan ratifikasiya şərtləri yerinə yetiriləndən sonra qüvvəyə mindi. Həmin gün BMT-nin rəsmi yaranma tarixi kimi qəbul olunur.

Bu xronologiyada diqqətçəkən məqam ondan ibarətdir ki, BMT idealist sülh çağırışının məhsulu olmaqla yanaşı, böyük dövlətlər arasında əldə edilmiş siyasi razılaşmanın da nəticəsiydi. Təşkilatın yaradıcıları başa düşürdülər ki, ABŞ və Sovet İttifaqı kimi güclərin iştirakı olmadan kollektiv təhlükəsizlik sistemi işlək olmayacaq. Buna görə də veto mexanizmi qəbul edildi. Bu kompromis BMT-nin yaşamasına kömək elədi, amma sonrakı onilliklərdə onun ən çox tənqid olunan xüsusiyyətlərindən birinə çevrildi.

“Soyuq müharibə”: dünya təşkilatı iki düşərgənin arasında

BMT yaranandan az sonra ABŞ və Sovet İttifaqı arasındakı rəqabət beynəlxalq münasibətlərin əsas müəyyənedici faktoruna çevrildi. Təşkilat universal əməkdaşlıq üçün nəzərdə tutulsa da, Təhlükəsizlik Şurasında daimi üzvlərin qarşıdurması bir sıra böhranlarda qərar qəbulunu çətinləşdirirdi. Veto hüququnun məqsədi böyük dövlətləri sistemin daxilində saxlamaq idi, lakin həmin hüquq bəzən məhz bu dövlətlərin iştirak etdiyi münaqişələrdə kollektiv tədbirlərin qarşısını alırdı. Bununla belə, BMT-ni yalnız uğursuzluqlar prizmasından qiymətləndirmək də tarixi reallığı təhrif edərdi. Koreya müharibəsi, dekolonizasiya prosesi, humanitar yardım, qaçqınların müdafiəsi, səhiyyə və təhsil sahələrində beynəlxalq əməkdaşlıq təşkilatın fəaliyyətinin müxtəlif istiqamətlərini formalaşdırdı. BMT-nin ixtisaslaşmış qurumları və proqramları milyonlarla insanın həyatına birbaşa təsir göstərdi. Sülhməramlı əməliyyatlar isə bəzi münaqişələrdə atəşkəsin qorunmasına, tərəflər arasında əlaqələrin saxlanmasına və siyasi razılaşmalar üçün şərait yaradılmasına kömək etdi. 1950-ci illərdən başlayaraq dekolonizasiya BMT-nin tarixi rolunu dəyişdirən əsas proseslərdən birinə çevrildi. Asiya və Afrikada yeni müstəqil dövlətlər meydana çıxdıqca təşkilatın üzvlüyü genişləndi, beynəlxalq gündəlikdə siyasi müstəqillik, irqçiliklə mübarizə, iqtisadi inkişaf və suveren bərabərlik məsələləri daha böyük yer tutdu. 1945-ci ildə 51 ilkin üzv dövlətlə formalaşan təşkilat bu gün 193 üzv dövləti bir araya gətirir. Bu genişlənmə BMT-yə qlobal legitimlik qazandırdı, eyni zamanda üzvlərin siyasi maraqlarının və inkişaf səviyyələrinin müxtəlifliyini artırdı.

BMT-nin beynəlxalq münasibətlərə ən mühüm töhfələrindən biri də müstəqillik və suverenlik məsələlərinin beynəlxalq hüququn mərkəzi prinsiplərinə çevrilməsində oynadığı rol oldu. Bu, müstəmləkə idarəçiliyindən çıxan dövlətlər üçün xüsusilə əhəmiyyətliydi. Onlar beynəlxalq təşkilatda öz mövqelərini ifadə etmək, siyasi legitimlik qazanmaq və inkişaf məsələlərini dünya gündəliyinə çıxarmaq imkanı qazandılar.

Lakin üzvlərin sayının artması təşkilatın avtomatik olaraq daha təsirli olması demək deyildi. BMT bütün dövlətlərə çıxış imkanı versə də, onların iqtisadi və hərbi gücü bərabər deyil. Təhlükəsizlik Şurasının daimi üzvləri isə xüsusi hüquqi statusunu qoruyub saxlayır. Beləliklə, BMT daxilində suveren bərabərlik prinsipi ilə gücün qeyri-bərabər bölgüsü arasında davamlı gərginlik yarandı.

1990-cı illərin sınağı: yeni dünya nizamı niyə gözləntiləri doğrultmadı?

“Soyuq müharibə”nin başa çatması BMT üçün yeni imkanlar yaratdı. ABŞ və Sovet İttifaqı arasındakı qarşıdurmanın zəifləməsi Təhlükəsizlik Şurasında razılaşmalar əldə etməyi müəyyən hallarda asanlaşdırdı. Bir çox müşahidəçi beynəlxalq təşkilatların, beynəlxalq hüququn və kollektiv təhlükəsizliyin daha güclü rol oynayacağı yeni dünya nizamının formalaşacağını gözləyirdi. Lakin 1990-cı illərin hadisələri bu gözləntilərin həddindən artıq nikbin olduğunu göstərdi. Ruandada 1994-cü ildə baş vermiş soyqırımı beynəlxalq ictimaiyyətin kütləvi qətllərin qarşısını almaq imkanları və siyasi iradəsi barədə ağır suallar yaratdı. Bosniya müharibəsi və Srebrenitsa qətliamı da beynəlxalq müdafiə mexanizmlərinin ciddi məhdudiyyətlərini nümayiş etdirdi. Bu hadisələr göstərdi ki, lazımi mandat, resurs və siyasi dəstək olmayanda sülhməramlıların mövcudluğu və beynəlxalq qətnamələrin qəbul edilməsi mülki əhalinin təhlükəsizliyinə təminat vermir. Burada məsələ yalnız BMT katibliyinin və ya sülhməramlı qüvvələrin fəaliyyətindəki çatışmazlıqlar deyildi, əsas problem üzv dövlətlərin hansı risklərə görə məsuliyyət götürməyə hazır olmasıyla bağlıydı. Təşkilatın silahlı qüvvələri yoxdur ki, onları istənilən böhrana müstəqil şəkildə göndərsin, sülhməramlı əməliyyatlar üzv dövlətlərin verdiyi şəxsi heyətə, maliyyəyə, texnikaya və siyasi razılığa əsaslanır. Bu səbəbdən BMT-nin real imkanları dövlətlərin kollektiv qərarlarından asılıdır.

1990-cı illərin təcrübəsi beynəlxalq cinayət ədalətinin inkişafına da təkan verdi. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı 1993-cü ildə, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı isə 1994-cü ildə yaradıldı. Bu tribunallar fərdlərin, o cümlədən yüksək vəzifəli şəxslərin beynəlxalq cinayətlərə görə məsuliyyət daşıya biləcəyini təsdiqləyən hüquqi təcrübənin formalaşmasına kömək etdi. Daha sonra 1998-ci ildə Roma Statutunun qəbul edilməsi və Beynəlxalq Cinayət Məhkəməsinin 2002-ci ildə fəaliyyətə başlaması beynəlxalq cinayət hüququnun institusional inkişafında mühüm mərhələlər oldu. Beləliklə, BMT-nin fəaliyyəti təkcə münaqişələrin qarşısını almaq cəhdlərindən ibarət deyil; təşkilat həm də beynəlxalq hüquqi normaların, hesabatlılıq mexanizmlərinin və dövlətlərarası əməkdaşlığın inkişaf etdiyi əsas platformalardan biridir. Ancaq hüquqi normaların mövcudluğu ilə onların bütün hallarda bərabər və effektiv tətbiqi arasında fərq qalır.

XXI əsr: beynəlxalq hüquqla güc siyasəti arasında

2003-cü ildə İraqa hərbi müdaxilə BMT-nin legitimliyi və Təhlükəsizlik Şurasının rolu barədə mübahisələri yenidən kəskinləşdirdi. Sonrakı illərdə Suriya müharibəsi, Liviyadakı böhran, Ukraynaya qarşı Rusiyanın genişmiqyaslı müharibəsi və digər münaqişələr beynəlxalq təhlükəsizlik sisteminin imkanlarını təkrar-təkrar sınağa çəkdi. Hər bir hadisənin hüquqi və siyasi konteksti fərqli olsa da, ortaq sual dəyişməz qaldı: Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri münaqişənin tərəfi olanda və ya onun maraqlarıyla ziddiyyət yarananda kollektiv təhlükəsizlik mexanizmi necə işləyə bilər? BMT Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin beynəlxalq münasibətlərində güc tətbiqindən və güc tətbiqiylə hədələməkdən çəkinməsini tələb edir. Nizamnamədə dövlətlərin suveren bərabərliyi prinsipi də təsbit olunub. Bu normalar beynəlxalq hüququn əsas sütunlarındandır. Lakin beynəlxalq hüququn işləməsi üçün təkcə normanın mövcudluğu kifayət deyil, onun pozulmasına cavab verəcək siyasi iradə, institusional mexanizmlər və üzv dövlətlərin əməkdaşlığı da vacibdir.

Beynəlxalq münasibətlər üzrə analitik mərkəzlər BMT-nin hazırkı böhranını məhz bu kontekstdə araşdırır. Beynəlxalq Münasibətlər üzrə Şuranın 2025-ci ildə dərc etdiyi “The United Nations at Eighty: Reform for a New Geopolitical Era” adlı kollektiv təhlildə müxtəlif ölkələrdən olan ekspertlər təşkilatın yeni geosiyasi rəqabət dövrünə uyğunlaşmalı olduğunu vurğulayırlar. Məqalədə idarəetmənin səmərəliliyi, hesabatlılıq, təkrarlanan funksiyaların azaldılması və Qlobal Cənub ölkələrinin qərarvermədə daha güclü təmsil olunması kimi istiqamətlər müzakirə olunur. Bu yanaşma BMT-nin problemini yalnız maliyyə və bürokratiya məsələsinə endirmir, təşkilatın legitimliyinin üzv dövlətlərin onu nə dərəcədə ədalətli və təmsilçi hesab etməsindən də asılı olduğunu göstərir. Chatham Houseun ABŞ və Şimali Amerika proqramının direktoru Laurel Rapp da 2025-ci ildə BMT-nin 80 illiyi ərəfəsində yazdığı təhlildə ABŞ ilə təşkilat arasındakı münasibətlərin qeyri-müəyyənliyinə diqqət çəkirdi. Onun qiymətləndirməsinə görə, BMT sisteminin gələcəyi təkcə təşkilatın özünü islah etmək qabiliyyətindən yox, əsas üzv dövlətlərin beynəlxalq əməkdaşlığa nə qədər siyasi dəstək verməsindən də asılıdır. Bu, mühüm məqamdır. BMT-nin islahatı onun öz daxilində aparılan inzibati dəyişikliklərlə məhdudlaşa bilməz. Böyük dövlətlərin təşkilatla münasibətləri də həmin islahatın nəticəsinə təsir edir.

2026-cı ilin mayında yayımlanan BMT80 təşəbbüsünün irəliləyiş hesabatında da islahatların zəruriliyi konkret göstəricilərlə əsaslandırılır. Hesabatda 2023-2024-cü illər arasında münaqişələrlə əlaqəli ölüm hallarının 40 faiz artdığı və 2025-ci ildə inkişaf etməkdə olan iqtisadiyyatların dörddə birinin hələ də 2019-cu ildəkindən daha yoxsul olduğu qeyd olunur. Bu rəqəmlər bütün böhranların səbəbini BMT-nin fəaliyyəti ilə əlaqələndirməyə əsas vermir, lakin bunu da göstərir ki, beynəlxalq təşkilatın işlədiyi təhlükəsizlik və inkişaf mühiti getdikcə daha mürəkkəbləşir.

2026-cı ilin əsas sınağı: BMT-yə kim rəhbərlik edəcək?

BMT-nin 81-ci ildönümü yalnız tarixi hesabat dövrüylə üst-üstə düşmür. Təşkilatın gələcək rəhbərliyinin müəyyənləşdirilməsi prosesi də hazırda beynəlxalq gündəmin mühüm məsələlərindəndir. Baş katib Antonio Quterreşin ikinci müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Yeni baş katibin seçilməsi isə BMT sisteminin gələcək istiqaməti, islahatların məzmunu və böyük dövlətlərlə münasibətləri baxımından əhəmiyyət daşıyır. “Associated Press”in 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Təhlükəsizlik Şurasında keçirilən qeyri-rəsmi səsvermədə yeddi namizəddən heç biri beş daimi üzvün hamısının dəstəyini qazanmayıb. Kosta-Rikanın keçmiş vitse-prezidenti və BMT-nin ticarət üzrə rəhbəri Rebeka Qrinspan, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi və Qayana nümayəndəsi Kerolayn Rodriqes-Birkett əsas namizədlər arasında göstərilib. Səsvermə nəticələri prosesin hələ yekunlaşmadığını və daimi üzvlərin mövqelərinin namizədlərin taleyində həlledici rol oynadığını göstərir.

Bu seçim BMT-nin struktur ziddiyyətini bir daha nümayiş etdirir. Baş katib beynəlxalq ictimaiyyətin maraqlarını ifadə etməli, dövlətlər arasında vasitəçilik aparmalı və təşkilatın müstəqilliyini qorumağa çalışmalıdır. Lakin onun seçilməsi Təhlükəsizlik Şurasının tövsiyəsi və Baş Assambleyanın qərarıyla həyata keçirilir. Beləliklə, gələcək baş katib həm geniş beynəlxalq legitimliyə malik, həm də veto hüququ olan dövlətlərin qəbul edə biləcəyi namizəd olmalıdır. Bu, siyasi baxımdan çətin tarazlıqdır. BMT tarixində ilk qadın baş katibin seçilməsi ehtimalı da müzakirə olunur. Lakin gender təmsilçiliyi və regional rotasiya ilə bağlı gözləntilər namizədin diplomatik bacarıq, müstəqillik, böhran idarəçiliyi və beynəlxalq hüquqa sadiqlik kimi əsas keyfiyyətlərini əvəz etməməlidir. Əsas meyar təşkilatın çətin beynəlxalq şəraitdə fəaliyyət qabiliyyətini gücləndirmək olmalıdır.

Yeni baş katibin qarşısında duran vəzifələr təkcə müharibələrə münasibət bildirməkdən ibarət olmayacaq. BMT-nin bürokratik səmərəliliyinin artırılması, maliyyə dayanıqlığının qorunması, humanitar yardımların koordinasiyası, iqlim dəyişikliyi, rəqəmsal texnologiyalar və süni intellektin idarə olunması kimi sahələr də onun gündəliyində yer alacaq. Lakin bütün bu məsələlərin həlli yenə eyni fundamental şərtə bağlıdır: üzv dövlətlər ortaq maraqlar naminə əməkdaşlıq etməyə hazır olmalıdır.

BMT-ni islah etmək mümkündürmü?

BMT ilə bağlı müzakirələrdə Təhlükəsizlik Şurasının genişləndirilməsi, daimi üzvlərin tərkibinin dəyişdirilməsi, veto hüququnun məhdudlaşdırılması və Baş Assambleyanın rolunun gücləndirilməsi kimi təkliflər uzun müddətdən bəri mövcuddur. Bu təkliflərin hər biri müəyyən problemlərə cavab verməyə çalışır. Məsələn, Afrika və Latın Amerikası kimi regionların Təhlükəsizlik Şurasında daimi təmsilçiliyinin olmaması beynəlxalq qərarvermədə təmsilçilik məsələsini gündəmə gətirir. Lakin Nizamnaməyə dəyişiklik etmək üçün mürəkkəb hüquqi prosedurlar tələb olunur və daimi üzvlərin ratifikasiyası vacibdir. Bu isə islahatların siyasi baxımdan çətinliyini göstərir. Veto hüququnun tam ləğvi də sadə həll yolu deyil. Belə bir dəyişiklik böyük dövlətlərin təşkilatda iştirakını və onun qərarlarını qəbul etməsini çətinləşdirə bilər. Digər tərəfdən, veto mexanizmi olduğu kimi qalanda Təhlükəsizlik Şurasının ən ciddi böhranlarda fəaliyyətsiz qalma riski də davam edir. Buna görə islahat məsələsi yalnız hüquqi səlahiyyətlərin dəyişdirilməsiylə yox, böyük dövlətlər arasında etimadın və siyasi məsuliyyətin artırılmasıyla da bağlıdır. BMT80 təşəbbüsünün əhəmiyyəti də bu kontekstdə qiymətləndirilməlidir. Təşkilatın inzibati səmərəliliyini artırmaq, təkrarlanan funksiyaları azaltmaq və resurslardan daha düzgün istifadə etmək vacibdir. Lakin idarəetmənin təkmilləşdirilməsi Təhlükəsizlik Şurasının siyasi ziddiyyətlərini öz-özünə aradan qaldırmayacaq. Bürokratik islahat təşkilatın işini yaxşılaşdıra bilər, amma dövlətlər arasında fundamental fikir ayrılıqlarını həll edə bilməz.

BMT-nin gələcəyi, deməli, iki səviyyədə müəyyənləşəcək: birincisi, təşkilatın özünü nə qədər səmərəli və hesabatlı edə bilməsi, ikincisi, üzv dövlətlərin beynəlxalq hüquq və kollektiv təhlükəsizlik prinsiplərinə nə dərəcədə əməl etməsi. Bu iki istiqamətdən biri olmadan digərinin nəticələri məhdud qalacaq.

Azərbaycan və BMT: suverenlik, beynəlxalq hüquq və çoxtərəfli diplomatiya

Azərbaycan üçün BMT-nin tarixi və fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Azərbaycan 1992-ci il mart ayının 2-də təşkilata üzv qəbul olundu. Müstəqilliyinin ilk illərində BMT-yə üzvlük ölkənin beynəlxalq hüququn subyekti kimi tanınmasının, suverenliyinin möhkəmləndirilməsinin və xarici siyasətinin çoxtərəfli platformalarda həyata keçirilməsinin mühüm mərhələsi idi.  Azərbaycanın BMT ilə münasibətlərinin əsas istiqamətlərindən biri ərazi bütövlüyü, suverenlik və münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli məsələləri olub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr Qarabağ münaqişəsi dövrünün mühüm beynəlxalq sənədləri sırasındadır. Bu qətnamələr münaqişənin müxtəlif mərhələlərinə və hərbi əməliyyatlarla bağlı vəziyyətə münasibət bildirirdi. Onların tarixi əhəmiyyəti yalnız qəbul edildikləri dövrlə məhdudlaşmır, onlar beynəlxalq təşkilatların münaqişələrə dair hüquqi mövqeyinin və həmin mövqelərin icrasıyla bağlı problemlərin öyrənilməsi üçün də mühüm materialdır. Bununla yanaşı, BMT qətnamələrinin qəbul edilməsiylə onların tam icrası arasında fərq olduğunu da nəzərə almaq lazımdır. Bu fərq təkcə Azərbaycanla bağlı məsələyə aid deyil, beynəlxalq təhlükəsizlik sisteminin ümumi problemidir. Təşkilatın qərarlarının real nəticə verməsi üçün üzv dövlətlərin əməkdaşlığı, diplomatik təzyiq, icra mexanizmləri və siyasi iradə tələb olunur. Bu səbəbdən BMT-nin tarixi Azərbaycan üçün həm beynəlxalq hüquqi legitimliyin əhəmiyyətini, həm də beynəlxalq qərarların icrasının mürəkkəbliyini göstərən təcrübədir.

Bu gün Azərbaycanın çoxtərəfli diplomatiyası üçün də əsas məsələ beynəlxalq hüququn prinsiplərinin ardıcıl tətbiqi, dövlətlərin suveren bərabərliyinə hörmət və regional problemlərin siyasi-diplomatik yollarla həlli üçün platformaların qorunmasıdır. BMT-nin səmərəliliyinə dair qlobal müzakirələrdə kiçik və orta dövlətlərin maraqları da nəzərə alınmalıdır. Çünki qaydalara əsaslanan beynəlxalq sistem ən çox o dövlətlər üçün əhəmiyyətlidir ki, onların beynəlxalq münasibətlərdə öz mövqelərini qorumaqdan ötrü böyük güclərlə müqayisəyə gələ biləcək hərbi və iqtisadi imkanları yoxdur.

81 illik təcrübənin əsas nəticəsi

BMT 1945-ci ildə bir məqsədlə yaradılmışdı: gələcək nəsilləri müharibə fəlakətindən qorumaq. Bu məqsəd bu gün də aktuallığını saxlayır. Lakin təşkilatın 81 illik tarixi göstərir ki, beynəlxalq sülh yalnız müqavilələr, qətnamələr və diplomatik bəyanatlarla təmin olunmur. Sülh üçün dövlətlərin öhdəliklərə əməl etməsi, beynəlxalq hüququn seçici tətbiq edilməməsi, münaqişələrin qarşısının alınması üçün vaxtında tədbirlər görülməsi və böyük dövlətlərin ortaq məsuliyyəti qəbullanması lazımdır. BMT-ni bütün problemləri çözə bilmədiyinə görə tənqid etmək mümkündür, lakin alternativ sual da verilməlidir: belə universal təşkilat olmasaydı, dövlətlərarası dialoq, humanitar əməkdaşlıq, beynəlxalq hüquqi normaların formalaşması və qlobal problemlərin müzakirəsi hansı platformada həyata keçirilərdi?

BMT mükəmməl təşkilat deyil, amma dövlətlərin demək olar ki, hamısının iştirak etdiyi, beynəlxalq legitimlik iddialarının müzakirə olunduğu və ortaq problemlərin gündəliyə çıxarıldığı ən geniş qlobal platformadır. 2026-cı il oktyabr ayının 24-ü bu səbəbdən sadəcə ildönümü tarixi deyil, bu gün BMT-nin hansı məqsədlə yaradıldığını, hansı uğurlara nail olduğunu və hansı struktur məhdudiyyətlərlə üzləşdiyini yenidən qiymətləndirmək üçün fürsətdir. Təşkilatın gələcəyi yalnız yeni baş katibin kim olacağından və ya hansı inzibati islahatların aparılacağından asılı deyil. Əsas məsələ dövlətlərin beynəlxalq hüququ siyasi maraqların əlverişli olduğu hallarda yox, çətin və ziddiyyətli vəziyyətlərdə də qəbul edib-etməməsidir.

BMT-nin 81 illik tarixi bir həqiqəti ortaya qoyur: beynəlxalq təşkilatlar dövlətlərin siyasi iradəsini əvəz edə bilməz, lakin həmin iradənin hüquqi çərçivədə ifadə olunması üçün zəruri mexanizmlər yarada bilər. Dünya müharibələrin qarşısını almaq istəyirsə, BMT-ni sadəcə tənqid və ya müdafiə etməklə kifayətlənməməlidir; onun qaydalarının işləməsi, institutlarının səmərəliliyi və üzv dövlətlərin məsuliyyəti üçün real siyasi iradə formalaşdırılmalıdır. Təşkilatın gələcəyini müəyyənləşdirəcək əsas sual da budur: dünya dövlətləri BMT-ni yalnız öz maraqlarını müdafiə etmək üçün tribunaya çevirmək istəyir, yoxsa təşkilatı həqiqətən ortaq təhlükəsizlik sistemi kimi yaşatmağa hazırdır?

Kəramət Qənbərov,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, beynəlxalq hüquq üzrə ekspert