Hörmüz boğazı uğrunda mübarizə

Enerji təhlükəsizliyi, qlobal iqtisadiyyat və yeni geosiyasi reallıqlar

Dünya enerji təhlükəsizliyinin artıq yalnız neft hasilatının həcmi, qaz ehtiyatları və ixrac müqavilələri ilə müəyyənləşmədiyi bir dövrə qədəm qoyub. XXI əsrdə enerji daşıyıcılarının hansı ölkədə hasil edilməsi qədər onların dünya bazarlarına hansı marşrutlarla çatdırılması, dəniz yollarının nə dərəcədə qorunması və böyük dövlətlərin həmin marşrutlar üzərindəki siyasi-hərbi təsir imkanları da mühüm əhəmiyyət kəsb edir. Bu reallığın ən bariz nümunələrindən biri Hörmüz boğazıdır. Fars körfəzini Oman körfəzi və Ərəbistan dəniziylə birləşdirən bu dar su yolu coğrafi baxımdan məhdud ərazi olsa da, onun təhlükəsizliyi Asiyanın sənaye mərkəzlərindən Avropanın enerji bazarlarına, ABŞ-ın xarici siyasətindən körfəz ölkələrinin iqtisadi strategiyalarına qədər geniş bir sahəyə təsir göstərir. Hörmüz boğazı ətrafında baş verənləri yalnız İranla ABŞ arasında qarşıdurma və ya regional hərbi rəqabət çərçivəsində qiymətləndirmək kifayət deyil. Burada daha fundamental məsələ dayanır: qlobal iqtisadiyyatın işləməsi üçün zəruri olan strateji infrastrukturun təhlükəsizliyinə kim təminat verir və bu infrastrukturun fəaliyyətinə qarşı yaranan təhdidlərin iqtisadi nəticələrini kim daşıyır? Bir ölkənin ətrafında baş verən hərbi böhran minlərlə kilometr uzaqda yerləşən dövlətlərdə yanacağın qiymətinə, nəqliyyat xərclərinə, ərzaq məhsullarının maya dəyərinə və inflyasiyaya təsir göstərə bilər. Deməli, Hörmüz boğazı artıq təkcə regional coğrafiyanın elementi deyil, beynəlxalq təhlükəsizlik sisteminin və dünya iqtisadiyyatının həssas nöqtələrindən biridir.

Bu boğazın qlobal əhəmiyyətini rəqəmlər daha aydın göstərir. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 3 mart 2026-cı ildə yenilənmiş məlumatlarına əsasən, 2025-ci ilin birinci yarısında Hörmüz boğazından gündə orta hesabla 20,9 milyon barel neft və neft məhsulları daşınıb. Bu, həmin dövrdə dünya üzrə neft mayeləri istehlakının təxminən beşdə birinə, dəniz yoluyla həyata keçirilən qlobal neft ticarətinin isə təxminən dörddə birinə bərabər idi. Eyni dövrdə boğazdan keçən mayeləşdirilmiş təbii qaz axınlarının həcmi gündə 11,4 milyard kubfut təşkil edirdi. Bu göstəricilər Hörmüzün yalnız neft bazarı üçün yox, qaz təchizatı və enerji qiymətlərinin sabitliyi baxımından da strateji əhəmiyyətini təsdiqləyir. Ən mühüm məqam ondan ibarətdir ki, bu həcmdə daşımaları başqa marşrutlara yönəltmək qısa müddətdə mümkün deyil. EIA-nın hesablamasına görə, Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməriylə Birləşmiş Ərəb Əmirliklərinin boğazdan yan keçən boru kəməri birlikdə gündə təxminən 4,7 milyon barel əlavə ötürmə imkanı təmin edə bilər. Lakin bu imkan Hörmüzdən keçən bütün neft axınını əvəz etmək üçün yetərli deyil. Başqa sözlə, ehtiyat marşrutların mövcudluğu böhranın təsirini azalda bilər, amma onu aradan qaldırmır.

Məhz bu asılılıq İranın geosiyasi mövqeyinin təhlilində mühüm yer tutur. Tehran Hörmüz boğazının coğrafi mövqeyindən istifadə etməklə özündən hərbi və iqtisadi baxımdan daha güclü rəqiblərinə təsir vasitəsi qazanır. Bu, klassik hərbi üstünlükdən fərqli mexanizmdir, rəqibin donanmasını məğlub etmək və ya ərazisini nəzarətə götürmək əvəzinə onun iqtisadi fəaliyyətinin asılı olduğu marşrutun təhlükəsizliyini sual altına qoymaq. Belə strategiya enerji idxalından asılı dövlətlərə, sığorta şirkətlərinə, gəmiçilik operatorlarına və beynəlxalq maliyyə bazarlarına eyni vaxtda təzyiq göstərmək potensialına malikdir.

Lakin bu vasitənin gücüylə onun yaratdığı risklər bir-birindən ayrılmazdır. Hörmüzdə gərginlik artdıqca İranın öz ixracı, körfəz ölkələrinin iqtisadi inkişaf planları və regionun investisiya cəlbediciliyi də təhlükə altına düşür. Dəniz daşımalarının pozulması təkcə rəqiblərə zərər vurmur, bütün regionda ticarətə, istehsala və dövlət gəlirlərinə təsir göstərir. Odur ki, boğaz üzərində təzyiq yaratmaq qısamüddətli siyasi təsir vasitəsi ola bilsə də, uzunmüddətli perspektivdə onu tətbiq edən tərəfin öz iqtisadi və diplomatik manevr imkanlarını da məhdudlaşdıra bilər. 2026-cı ildə ABŞ ilə İran arasında hərbi qarşıdurmanın dərinləşməsi bu nəzəri riskləri konkret böhrana çevirib. Reuters-in 14 oktyabr tarixli məlumatında İranın Hörmüz boğazından keçən gəmilərə hücum taktikasını dəyişdirdiyi, dəniz nəqliyyatına təzyiqi artırdığı və məhdudiyyətlərə tabe olmadığı hesab edilən gəmiləri hədəfə aldığı bildirilirdi. Financial Times qəzetinin 15 oktyabrda dərc etdiyi materialda isə oktyabrın ilk yarısında gəmilərə hücumların intensivləşdiyi, gəmiçilik şirkətlərinin marşrutla bağlı riskləri yenidən qiymətləndirdiyi və neft daşımalarının kəskin azaldığı qeyd olunurdu. Bunlar ayrı-ayrı hərbi insidentlərdən daha geniş bir problemin - beynəlxalq dəniz nəqliyyatına inamın zəifləməsinin göstəriciləridir.

Gəmiçilik bazarında təhlükə yalnız bir tankerin vurulmasıyla ölçülmür. Gəmi sahibi marşrutun təhlükəsizliyinə əmin deyilsə, sığorta şirkəti risk haqqını artırır, yük sahibi çatdırılmanın gecikməsini nəzərə alır, daşıyıcı isə əlavə xərcin bir hissəsini müqavilə qiymətinə daxil edir. Beləliklə, fiziki hücumların yaratdığı zərərdən daha geniş iqtisadi nəticələr meydana çıxır. Hətta bəzi gəmilər hücuma məruz qalmasa belə, risklərin artması onların hərəkətini ləngidə, sığorta və fraxt xərclərini yüksəldə bilər. Nəticədə böhranın təsiri boğazın coğrafi sərhədlərini aşaraq istehsal zəncirlərinə, ticarət müqavilələrinə və istehlakçı qiymətlərinə yayılır. Bu mənzərənin başqa bir mühüm tərəfi beynəlxalq hüquq məsələsidir. Dəniz yollarının təhlükəsizliyi dövlətlərin hərbi maraqlarıyla məhdudlaşmır, burada kommersiya gəmilərinin hərəkət azadlığı, dənizçilərin həyatı və beynəlxalq ticarətin davamlılığı da qorunmalıdır. Mübahisəli siyasi və hərbi şəraitdə belə, mülki gəmilərə qarşı hücumların nəticələri yalnız dövlətlərarası rəqabət kontekstində qiymətləndirilə bilməz. Hər bir insident konkret faktlar, hücumun şəraiti və tətbiq olunan beynəlxalq hüquq normaları əsasında araşdırılmalıdır. Eyni zamanda, dəniz təhlükəsizliyinin müdafiəsi adı altında görülən hərbi tədbirlər də zərurilik və mütənasiblik tələbləri qarışıq tətbiq olunan hüquqi öhdəliklərə uyğun gəlməlidir. Hörmüz böhranının ən ciddi xüsusiyyətlərindən biri budur ki, hərbi üstünlük dəniz nəqliyyatının sabitliyinə avtomatik təminat vermir. ABŞ dünyanın ən güclü hərbi donanmalarından birinə malik olsa da, geniş ərazidə yerləşən kommersiya gəmilərinin hamısını fasiləsiz qorumaq, pilotsuz uçuş aparatları, raketlər, minalar və kiçik sürətli qayıqlardan qaynaqlanan riskləri tam aradan qaldırmaq mürəkkəb və bahalı vəzifədir. Dəniz marşrutunu müvəqqəti açmaqla onun təhlükəsizliyini davamlı təmin etmək eyni məsələ deyil.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) dəniz qüvvələri və dəniz təhlükəsizliyi üzrə baş elmi əməkdaşı Nik Çaylds 15 iyun 2026-cı ildə dərc olunmuş təhlilində Hörmüz boğazının hərbi yolla yenidən açılmasının real və asan həll üsulu olmadığını vurğulayırdı. Bu yanaşma problemin mahiyyətini üzə çıxarır: hərbi güc təzyiqi azalda və müəyyən əməliyyatları təmin edə bilər, lakin gəmiçilik şirkətlərinin uzunmüddətli etimadını bərpa etmək üçün siyasi razılaşma, risklərin idarə edilməsi və davamlı təhlükəsizlik mexanizmləri də tələb olunur. Bu səbəbdən diplomatiyanın rolu hərbi əməliyyatların dayandırılması ilə bitmir. Chatham Houseun Beynəlxalq Təhlükəsizlik Proqramının tədqiqatçısı Nitya Labh 30 sentyabr 2026-cı il tarixli təhlilində boğazın açılmasıyla bağlı hər hansı razılaşmanın təfərrüatlı, qarşılıqlı və yoxlana bilən mexanizmlərə əsaslanmasının vacibliyini vurğulayır. Bu yanaşma praktik baxımdan əhəmiyyətlidir, tərəflər gəmiçiliyin bərpası barədə siyasi bəyanat verməklə kifayətlənməməli, təhlükəsiz keçid qaydalarını, mümkün məhdudiyyətlərin aradan qaldırılmasını, insidentlərin araşdırılmasını və razılaşmaya əməl olunmasına nəzarət üsullarını da müəyyənləşdirməlidirlər.

Əsas sual budur: Hörmüz boğazı üzərində nəzarət uğrunda mübarizə regional güc balansını necə dəyişə bilər? İran üçün boğazın strateji əhəmiyyəti hərbi təzyiq imkanlarından əlavə istənilən gələcək danışıqlarda öz mövqeyini gücləndirmək potensialı ilə bağlıdır. ABŞ üçünsə əsas məsələ dəniz yollarının açıq saxlanmasıyla yanaşı İranın bu marşrutdan siyasi təzyiq vasitəsi kimi istifadə etmək imkanını məhdudlaşdırmaqdır. Körfəz ərəb dövlətləri üçün təhlükəsizlik daha mürəkkəb xarakter daşıyır: onlar həm İranla qarşıdurmanın iqtisadi nəticələrindən yayınmağa, həm də öz ərazilərini, enerji obyektlərini və ixrac infrastrukturunu qorumağa çalışır. Chatham Houseun Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sanam Vakil və digər tədqiqatçıların 2026-cı ilin oktyabrında dərc olunmuş müzakirələri göstərir ki, Hörmüz boğazıyla yanaşı Qırmızı dənizə çıxışı təmin edən Bab əl-Məndəb boğazının təhlükəsizliyi də ümumi regional böhranın bir hissəsinə çevrilib. Bu iki marşrutda eyni vaxtda ciddi pozuntuların baş verməsi dünya ticarəti üçün alternativlərin daha da azalması deməkdir. Belə vəziyyətdə təkcə neft yox, konteyner daşımaları, sənaye komponentləri və digər strateji yüklər də risk altına düşür.

Bu mənzərədə Asiyanın rolu xüsusi diqqət tələb edir. Hörmüzdən keçən neft və qazın mühüm hissəsi Asiya bazarlarına yönəlir. EIA-nın məlumatına görə, 2025-ci ilin birinci yarısında boğazdan keçən mayeləşdirilmiş təbii qazın Çin istiqamətində daşınan hissəsi də əhəmiyyətli olub. Buna görə də Hörmüz böhranı Pekin üçün sadəcə uzaq regionda baş verən münaqişə deyil, Çin sənayesinin enerji təchizatı, istehsal xərcləri və iqtisadi planlaşdırılmasıyla birbaşa əlaqəli məsələdir. Eyni zamanda Hindistan, Yaponiya və Cənubi Koreya kimi enerji idxalından asılı iqtisadiyyatlar da uzunmüddətli pozuntuların təsirinə məruz qala bilər. Çin üçün əsas dilemma diplomatik vasitələrlə sabitliyin bərpasına yardım etmək, enerji təchizatını şaxələndirmək və ABŞ-la rəqabət şəraitində öz strateji maraqlarını qorumaq arasında tarazlıq yaratmaqdır. Pekin regional münaqişənin daha da genişlənməsində maraqlı olmaya bilər, lakin böhran davam etdikcə onun diplomatik təsir imkanlarını artırmaq üçün şərait də yarana bilər. Bununla belə, Çinin və ya başqa bir dövlətin bu vəziyyətdən mütləq geosiyasi üstünlük əldə edəcəyini əvvəlcədən söyləmək düzgün olmaz. Münaqişənin müddəti, enerji bazarlarının reaksiyası və tərəflərin danışıqlara hazır olması yekun nəticəyə birbaşa təsir göstərəcək.

Avropa İttifaqı üçünsə Hörmüz böhranı enerji mənbələrinin şaxələndirilməsi siyasətinin nə qədər zəruri olduğunu yenidən göstərir. Alternativ təchizatçılara çıxış, strateji ehtiyatlar, bərpaolunan enerji, elektrik şəbəkələrinin gücləndirilməsi və enerji səmərəliliyi yalnız iqlim siyasətinin elementləri deyil; bunlar həm də xarici siyasi şokların iqtisadiyyata təsirini azaltmaq üçün təhlükəsizlik vasitələridir. Lakin enerji mənbəyini dəyişmək təchizat zəncirinin bütün risklərini aradan qaldırmır. Neft və qaz başqa ölkədən alınsa belə onların daşınması dəniz yollarından, limanlardan, boru kəmərlərindən və beynəlxalq sığorta sistemindən asılı qala bilər.

Bu hadisələrin bizim üçün də əhəmiyyəti var. Azərbaycanın enerji ixracı marşrutları Hörmüz boğazından fərqli coğrafi istiqamətlərdə yerləşsə də, ölkə dünya bazarlarından təcrid olunmuş iqtisadi sistemdə fəaliyyət göstərmir. Qlobal neft qiymətlərinin dəyişməsi, tanker daşımalarının bahalaşması, sığorta haqlarının yüksəlməsi və beynəlxalq ticarətdə qeyri-müəyyənliyin artması Azərbaycanın enerji gəlirlərinə, idxal xərclərinə və investisiya mühitinə müxtəlif istiqamətlərdə təsir göstərə bilər. Yüksək neft qiymətləri ixracatçı üçün müəyyən üstünlüklər yarada bilər, lakin bu üstünlük avtomatik və birmənalı deyil, qiymət artımıyla yanaşı qlobal iqtisadi artımın zəifləməsi, nəqliyyat xərclərinin yüksəlməsi və ticarət tərəfdaşlarının alıcılıq qabiliyyətinin azalması da mümkündür. Azərbaycanın strateji maraqları baxımından əsas nəticə enerji təhlükəsizliyinin yalnız hasilat həcmiylə ölçülməməsidir. İxrac marşrutlarının etibarlılığı, infrastrukturun qorunması, enerji tərəfdaşlarının müxtəlifliyi və regional nəqliyyat əlaqələrinin dayanıqlılığı uzunmüddətli planlaşdırmanın ayrılmaz hissəsi olmalıdır. Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı, Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi və enerji ilə nəqliyyat infrastrukturunun əlaqələndirilməsi regional sabitliyin iqtisadi əhəmiyyətini artırır. Bununla belə bu marşrutlar Hörmüzdən keçən neft axınını birbaşa əvəz etmir, onların dəyəri Azərbaycanın və bütövlükdə regionun öz əlaqəliliyini gücləndirməsindədir.

Hörmüz böhranı həm də qlobal iqtisadi sistemin sosial tərəfini üzə çıxarır. Enerji qiymətlərindəki artımın nəticələrini hamı eyni dərəcədə hiss etmir. Böyük iqtisadiyyatlar strateji ehtiyatlardan və maliyyə imkanlarından istifadə etməklə zərbəni müəyyən müddət yumşalda bilər. Aşağı gəlirli ailələr isə yanacaq, elektrik enerjisi, ərzaq və ictimai nəqliyyat xərclərinin artımına daha həssasdırlar. İnkişaf etməkdə olan ölkələr üçün enerji idxalının bahalaşması xarici valyutaya tələbatı artırır, büdcə imkanlarını məhdudlaşdırır və sosial müdafiə tədbirlərinin maliyyələşdirilməsini çətinləşdirir. Beləliklə, dəniz yolunun təhlükəsizliyi ilə insan rifahı arasında birbaşa əlaqə yaranır. Mülki gəmilərə hücumlar dənizçilərin həyatını təhlükəyə atır, daşımaların pozulması istehlakçılara əlavə maliyyə yükü gətirir, uzunmüddətli qeyri-sabitlik isə dövlətlərin iqtisadi və sosial siyasətinə təzyiq göstərir. Beynəlxalq təhlükəsizliyin qiymətləndirilməsi zamanı məhz bu nəticələr də nəzərə alınmalıdır. Geosiyasi rəqabətin uğuru yalnız hərbi və diplomatik üstünlüklə yox, onun mülki əhali və dünya iqtisadiyyatı üçün yaratdığı nəticələrlə də ölçülməlidir.

Nəticə etibarilə Hörmüz boğazı ətrafındakı böhran dünya üçün bir neçə mühüm dərs ortaya qoyur. Birincisi, strateji dəniz yollarından həddindən artıq asılılıq qlobal iqtisadiyyatın zəif nöqtəsidir. İkincisi, hərbi güc dəniz nəqliyyatının fasiləsizliyini təmin etmək üçün vacib olsa da, davamlı siyasi razılaşmanı əvəz edə bilməz. Üçüncüsü, enerji təhlükəsizliyi hasilat, nəqliyyat, sığorta, diplomatiya və sosial müdafiə siyasətinin birgə nəzərdən keçirilməsini tələb edir. Dördüncüsü, regional münaqişələrin nəticələri onların coğrafi sərhədlərindən çox-çox kənara çıxır. Dünyanın qarşısında duran əsas sual artıq yalnız Hörmüz boğazının açıq qalıb-qalmayacağı deyil. Əsas məsələ beynəlxalq ictimaiyyətin belə strateji marşrutların təhlükəsizliyini bir dövlətin siyasi iradəsindən və ya ayrı-ayrı hərbi əməliyyatların nəticəsindən daha az asılı edən sistem qurmağa qadir olub-olmamasıdır. Bunun üçün etibarlı diplomatik mexanizmlər, beynəlxalq hüquqa hörmət, alternativ enerji və nəqliyyat marşrutları, risklərin bölüşdürülməsi və mülki gəmiçiliyin qorunması üzrə koordinasiya tələb olunur. Əks halda Hörmüz boğazında yaranan hər yeni gərginlik dünya iqtisadiyyatına eyni sualı yenidən ünvanlayacaq: qlobal ticarət həqiqətən dayanıqlıdır, yoxsa onun sabitliyi bir neçə kilometr enində olan strateji su yolunun təhlükəsizliyindən asılıdır?

Kəramət Qənbərov,

Beynəlxalq hüquq üzrə ekspert