Azərbaycan multikulturalizm və beynəlxalq dialoq məkanına çevrilib

Azərbaycan multikulturalizm və beynəlxalq dialoq məkanına çevrilib

 

 

Prezident İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin, həyata keçirdiyi prinsipial siyasətin və ümumbəşəri dəyərlərə verdiyi önəmin növbəti ifadəsi oldu. Dövlət başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız regional proseslərdə deyil, qlobal miqyasda da dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqində mühüm rol oynayır.

100-dən artıq ölkənin nümayəndələrinin iştirak etdiyi Forum Azərbaycanın beynəlxalq səviyyədə etibarlı tərəfdaş və nüfuzlu dialoq platforması kimi qəbul edildiyini təsdiqləyir. Müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların təmsilçilərini bir araya gətirən bu tədbir dünyada artan qarşıdurmaların, ayrı-seçkiliyin və dini dözümsüzlüyün fonunda xüsusi əhəmiyyət daşıyır. Belə bir mötəbər platformanın Bakıda keçirilməsi ölkəmizin sülh və əməkdaşlıq ideyalarına sadiqliyinin göstəricisidir.

Azərbaycanın multikulturalizm ənənələri xalqımızın çoxəsrlik tarixindən qaynaqlanır. Ölkəmizdə müxtəlif etnik və dini mənsubiyyətə malik insanların qarşılıqlı hörmət və mehribanlıq şəraitində yaşaması cəmiyyətimizin mühüm xüsusiyyətlərindən biridir. Bu ənənələr bu gün dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət milli-mənəvi dəyərlərin qorunmasına, tolerantlıq mühitinin möhkəmləndirilməsinə və Azərbaycanın dünyada multikulturalizm nümunəsi kimi tanınmasına xidmət edir.

Azərbaycan cəmiyyətinin əsas üstünlüklərindən biri milli birlik və həmrəylikdir. Tarixi sınaqlar, xüsusilə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz dövründə xalqımızın nümayiş etdirdiyi birlik dövlətimizin gücünü bir daha ortaya qoydu. Müxtəlif etnik və dini qrupların nümayəndələri Vətən uğrunda vahid mövqedən çıxış edərək ümummilli maraqlar ətrafında birləşdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə bu birliyin, milli iradənin və dövlətçilik əzminin təntənəsi oldu.

Forumda diqqət çəkən mühüm məsələlərdən biri də beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartlarla bağlı problemlər idi. Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüququn norma və prinsiplərinin yalnız bəyanatlarda deyil, praktikada da təmin olunması vacibdir. Uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edən qətnamələrinin icrasız qalması beynəlxalq sistemdəki ciddi ədalətsizlikləri üzə çıxarmışdı. Azərbaycan öz gücünə, siyasi iradəsinə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə söykənərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Bu gün ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səylər regionun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sabitliyin, iqtisadi əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir. Bununla belə, davamlı sülhün əldə edilməsi qarşılıqlı etimadın formalaşdırılmasını, öhdəliklərə əməl olunmasını və konstruktiv yanaşmanı zəruri edir.

Hazırda Azərbaycanın beynəlxalq mövqeləri enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları, regional əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələri vasitəsilə daha da möhkəmlənir. Ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də onun artan nüfuzunun və beynəlxalq ictimaiyyət tərəfindən göstərilən etimadın göstəricisidir.

Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməklə yanaşı, qlobal problemlərin həllində konstruktiv iştirakını da davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz multikulturalizm, tolerantlıq, qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlıq prinsiplərini təşviq edən dövlət kimi mövqeyini daha da gücləndirir.

 

İsa Məmmədov

YAP Babək rayon təşkilatının sədri