Oktyabrın 30-da “A.M.Şərifzadə küç. 196” ünvanı üzrə (akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədən öncə tədbir iştirakçıları Cərrahiyyə Mərkəzinin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, daha sonra mərkəzin ərazisində yaradılmış "Dəmir Yumruq" abidəsini ziyarət ediblər.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin ideoloji-siyasi mahiyyəti, insan kapitalının və əhalinin sağlamlığının qorunmasında tibb elminin strateji rolu, eləcə də ərazi partiya təşkilatlarının qarşısında duran mühüm hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi stabilliyinin, sosial-iqtisadi yüksəlişinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik irsini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional və qlobal miqyasda qüdrətli dövlətə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə qazanılan Zəfərlərdə hərbi qulluqçularımızla yanaşı, cəbhə xəttində və arxa cəbhədə fədakarlıqla çalışan tibb işçilərimizin, cərrahlarımızın da müstəsna payı vardır. Qazanılan bu tarixi qələbələr partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun, dövlətimizin iqtisadi-intellektual gücünün və sarsılmaz xalq-iqtidar birliyinin parlaq təntənəsidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və Prezident cənab İlham Əliyevin irəli sürdüyü prioritetlər elmi-tədqiqat və səhiyyə müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində yeni keyfiyyət mərhələsi açır. Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi zəngin elmi ənənələrə malik flaqman tibb müəssisələrindəndir. Mərkəzin alimləri, həkimləri və tibb heyəti mürəkkəb əməliyyatları uğurla həyata keçirməklə yanaşı, cəmiyyətdə dövlətçilik təfəkkürünün, vətənpərvərlik ruhunun və partiya ideayalarının geniş yayılmasında ön sıralarda olmalıdırlar. Ərazi partiya təşkilatı gənc həkimlərin, rezidentlərin və alimlərin partiya həyatına fəal inteqrasiyası istiqamətində məqsədyönlü tədbirləri ardıcıl sürdürməlidir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işin təsir gücünün artırılması istiqamətində mərkəzin fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.
Çıxış edən akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev respublikamızın aparıcı tibb və cərrahiyyə ocaqlarından birində keçirilən bu görüşün mühüm elmi, mənəvi və ideoloji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. R.Ağayev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin hərtərəfli inkişaf modelini yeni keyfiyyət müstəvisinə yüksəldən mühüm siyasi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı konseptual nitqi səhiyyə sisteminin modernləşdirilməsi, yüksəkixtisaslı cərrahi xidmətin təşkili, müasir elmi-tədqiqatların təcrübəyə tətbiqi və gənc həkim kadrlarının peşəkarlığının artırılması istiqamətində mərkəzin kollektivi qarşısında vacib öhdəliklər qoyur. Direktor qeyd edib ki, Cərrahiyyə Mərkəzinin həkim və elmi heyəti cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğıya cavab olaraq həm peşəkar fəaliyyətlərində, həm də partiyanın ideoloji prinsiplərinin təbliğində fəal mövqe nümayiş etdirməyə davam edəcəkdir.
Çıxış edənlər akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Reanimasiya şöbəsinin müdiri Fuad Həsənov və həkim-rezident Bəyim Rüstəmova mərkəzdə həyata keçirilən müasir cərrahi və reanimasion əməliyyatlar, 44 günlük Vətən müharibəsində və lokal antiterror tədbirləri zamanı tibb heyətinin göstərdiyi fədakarlıqlar, eləcə də gənc mütəxəssislər üçün yaradılan hərtərəfli şəraitdən söz açıblar. Çıxışçılar vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə, şəhid ailələrinə, qazilərə və tibb işçilərinə göstərdiyi yüksək diqqət və qayğı kollektivi daha əzmlə çalışmağa sövq edir. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlik peşəkar və ictimai fəaliyyətlərində rəhbər tutacaqlarını, partiya ideayalarının təbliğində və cəmiyyətin sağlamlığının qorunmasında hər zaman ön sıralarda olacaqlarını bəyan ediblər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.