Etibarlı maliyyə tərəfdaşı

Qara Dəniz Ticarət və İnkişaf Bankı ölkəmizdə yeni layihələri maliyyələşdirəcək

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda maliyyələşmə portfelini genişləndirməkdədir. 2026-cı ilin ötən 9 ayının yekununa əsasən, bankın 42 əməliyyat layihəsi çərçivəsində maliyyələşdirməsi nəzərdə tutulan vəsaitlərinin faktiki həcmi 711 milyon 819 min avro təşkil edir. QDTİB sentyabrın sonuna qədər həmin vəsaitin 453 milyon 802 min avrosunu  təmin edib, digər layihələrin maliyyə təchizatı da yaxın vaxtlarda təmin olunacaq. Bankın hesabatına əsasən, Azərbaycanla imzalanmış layihələr portfelində ən böyük pay maliyyə sektoruna aiddir - 50,28 faiz və ya 169 milyon 670 min avro. Energetika sektoruna aid layihələrin payı 35,23 faiz və ya 118 milyon 89 min avro, daşınmaz əmlak sektorunun payı isə 6,92 faiz və ya 23 milyon 337 min avrodur.

QDTİB-in Azərbaycandakı böyük layihələri sırasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 75 milyon ABŞ dolları məbləğində maliyyələşdirilməsini, “Bank Respublika” ASC üçün 25 milyon manatlıq kredit xətlərini, həmçinin “Unibank” ASC vasitəsilə 7 milyon dollar və “Azər-Türk Bank” ASC vasitəsilə 5 milyon dolları məbləğində maliyyə sektoruna göstərilən dəstəyi vurğulmaq olar.

Regional layihələrdə maliyyə donorluğu

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələrin 27 illik tarixi ərzində mühüm layihələrin icrası həyata keçirilib. 1999-cu ildə Azərbaycanın iştirakı ilə təsis edilmiş bu beynəlxalq maliyyə institutu ölkəmizin iqtisadiyyatına investisiyaların qoyulmasında, xüsusilə özəl sektorun maliyyələşməsində fəal rol oynayıb. Bankın Azərbaycandakı əsas portfeli kiçik və orta sahibkarlığa dəstək, enerji, daşınmaz əmlak, istehlak malları və sənaye sektorlarını təşkil edir.

QDTİB ölkəmizdə müxtəlif sektorları əhatə edən layihələrə uzun illərdir ki, maliyə dəstəyi verir, investisiya fəallığı nümayiş etdirir. Beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatı olan bank iqtisadi inkişaf və regional əməkdaşlığa töhfə verir. Üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

Bank “Şahdəniz” kimi strateji əhəmiyyətli enerji layihələrində iştirak edib, eyni zamanda, kiçik və orta biznesə davamlı dəstəyini artırıb. Ümumilikdə, Qara Dəniz Bankının Azərbaycana yönəltdiyi investisiyaların həcmi ümumi kredit portfelinin təxminən 10 faizlik resursu həcmindədir.

Ortamüddətli Strategiya üzrə əməkdfaşlıq

QDTİB ilə əməkdaşlığın inkişaf etdirilməsi müasir dövrdə də Azərbaycanın iqtisadi prioritetlərinə uyğun layihələrin dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bank heyəti Azərbaycanda potensial layihələrdə iştirakını artırmaq niyyətini ifadə edib. Bankın prezidenti Serhat Köksal Ortamüddətli Strategiya əsasında maliyyələşmənin davam etdiriləcəyi və Biznes planının ikinci mərhələsinə başlanılacağını bildirib. Qara Dəniz Bankının nəqliyyat dəhlizlərinin açılması və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında, nəqliyyat və logistika infrastrukturunun inkişafına sərmayə yatıracağı bəyan olunub.

Qara Dəniz Bankının Rəhbərlər Şurası tərəfindən ortamüddətli strategiya sənədi, 2026-2027-ci illər üzrə biznes planı, cari kredit portfeli və maliyyələşdirmə mənbələri, habelə üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsinə dair anlaşmalar əldə edilib. Strateji plana əsasən, bankın kredit portfelinin artırılmasında aparıcı səhmdarlardan biri kimi Azərbaycanın da rolunun artacağı, eləcə də kredit portfelində əlavə maliyyə resursları alacağı ehtimal edilir.

Əməkdaşlığın yeni gündəliyi - “yaşıl enerji” və “yaşıl maliyyə”...

Qara Dəniz Bankı ilə Azərbaycan arasında əməkdaşlığın müasir gündəliyində KOB-ların inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, “yaşıl iqtisadiyyat”ın təşviqi məqsədilə korporativ və fərdi müştərilərin ehtiyaclarının kreditləşdirilməsi və digər prioritetlər daxildir. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə biznesə dəstək və müasir sənaye-emal zəncirinin qurulmasında bankın donorluğu istisna olunmur. SOCAR-la “yaşıl enerji” üzrə layihələrin həyata keçirilməsi də danışıqlar mövzusundadır. Bir neçə ay əvvəl Bakıda olan bankın vitse-prezidenti Draqoş-Paul Ungureanu işğaldan azad edilmiş ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsində iştirakın mümkünlüyünü vurğulayıb.

QDTİB ölkəmizlə yeni əməkdaşlıq mərhələsində “yaşıl maliyyələşmə” və investisiyaların artırılmasını da əsas istiqamətlərdən biri hesab edir. Bu məqsədlə Azərbaycanın maliyyə institutları, o cümlədən banklarla “yaşıl layihələr” üzrə müqavilə imzalanması nəzərdə tutulur. Bu çərçivəyə əsasən, Azərbaycanın “yaşıl maliyyə” üzrə investisiya prioritetlərinə QDTİB-in maliyyə dəstəyi verəcəyi ehtimal olunur.

E.CƏFƏRLİ