"Milli ideologiya hər bir dövlətin inkişafının təməl prinsipilərindəndir. O cümlədən, cəmiyyətin vahid konsepsiya, ideoloji xətt ətrafında birləşməsi sabitliyin, inkişafın mühüm şərtlərindən sayılır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından xalqı vahid ideologiyanın- Azərbaycançılıq ideologiyasının çətiri altında birləşdirilməsi də Azərbaycan cəmiyyətində milli birliyin formalaşdırılmasına, milli dövlətçiliyin qorunmasına, inkişafına xidmət göstərdi. Azərbaycançılıq ideologiyasının təməlində güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi, vətəndaş birliyi və tolerantlıq ideyası, ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini öz güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. ali dəyərlər dayanır. Bu dəyərlər isə ölkədə dövlət, Vətən, xalq amillərinin vəhdətini formalaşdırır".
Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, 2020-ci ilin Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə Azərbaycan gəncliyi öz torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı. Bu mübarizədə isə Azərbaycançılıq ideologiyasının nəticəsi olaraq meydana çıxmış mühüm bir amil ön plana keçdi. Azərbaycan gəncliyi etnik və dini fərqliliyi nəzərə almadan vahid bir amal uğrunda səfərbər oldu: "Bir neçə gün öncə patytaxtımızda baş tutan VII Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən cənab Prezidentimiz bildirdi ki, bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular. Həqiqətən də bu amil gənc nəslin öz soy-kökünə bağlılığı Vətəninə, dövlətinə bağlılığının əsas şərtidir. Bu dəyərlərin yetişən gənc nəsil arasında təbliği olduqca vacibdir. Fikrimcə, hər bir Azərbaycan gənci bu ideyalarla böyüməli, yaşamalı və fəxr etməlidir. Hər bir vətəndaşın fəaliyyətinin mərkəzində Azərbaycan dövləti, dövlətin maraqları dayanır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir".
Millət vəkili əlavə edib ki, Azərbaycan çoxmillətli dövlətdir və biz hər zaman bununla fəxr etmişik. Azərbaycanda yaşayan xalqlar heç bir zaman diskriminasiyaya uğrumayıb və birgəyaşayış bizim həyat tərzimizə çevrilib: "Bütün vətəndaşlarımız tam bərabərhüquqludur. Bu yüksək fəaliyyətin əsasında da məhz azərbaycançılıq ideologiyası dayanır. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çiyin-çiyinə bu ölkəni, dövləti, torpağı qorudu, onun uğrunda canından keçdi. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür".
Pərviz Sadayoğlu