Moskvada rus və ingilis dillərində çıxan “İRS-Naslediye” beynəlxalq jurnalının aprel nömrəsində ölkəmizin tarixi və mədəniyyəti barədə maraqlı materiallar yer alıb. Nömrədə jurnal tərəfindən elan edilmiş və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə başlanmış “Azərbaycanın yeddi möcüzəsi” müsabiqəsindən ətraflı söhbət açılır. Tarixçi və salnaməçilərin arxiv materiallarına əsaslanan “Türklər ermənilər haqqında” məqaləsi diqqəti xüsusi cəlb edir. “Səfəvilər dövlətində pul tadavülü və sikkə kəsilməsi”, “Azərbaycanlıların ənənələrində qədim inancların izləri”, “Cənubi Qafqazda tolerantlıq problemi”, “Azərbaycan atalar sözü və onların rus dilindəki analoqları” məqalələri də tariximizi və mədəniyyətimizi yaxından öyrənmək istəyən oxucular üçün böyük maraq doğurur.